• cümə, 29 Mart, 11:55
  • Baku Bakı 5°C

Nereye böylə?

30.11.14 13:13 2100
Nereye böylə?
Nereye böyle?- məşhur türk musiqilərindən, şarkılarından biridir. Məhz seyr etdiyim tamaşa müddətində bu musiqi içimdən bir saniyə olsun belə ayrılmadı.
23-27 noyabr tarixlərində keçirilən Türkiyə Mədəniyyət Günləri çərçivəsində noyabr ayının 26 və 27-i tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı için Öyle Bir Hikaye" tamaşaları təqdim olundu.
Dünyanın fərqli yerlərində yaşanan aclıqdan, səfalətdən, daxili savaşlardan, əzabdan və ölümdən qaçan insanların dramı türk teatrının “Nereye” adlı tamaşasında öz əksini tapdı. Müxtəlif səbəblərlə ölkələrindən qaçmaq, başqa ölkələrə sığınmaq məcburiyyətində qalan insanların yaşamını, çəkdikləri sıxıntıları Ankara Dövlət Teatrının aktyorları seyricilərə mühacir dilində-ən sadə formada çatdırmaq niyyətində bulundular. Hüseyin Alp Təhməzin qələmə aldığı, Volkan Özgömeçin rejissoru olduğu tamaşada İraq və Suriyadakı daxili savaşdan, Afrikadakı aclıq və yoxsulluqdan, Myamadakı etnik və dini davalardan qaçaraq Avropadakı ölkələrə sığınmağa, həyatlarını yenidən qurmağa çalışan insanların hekayəsi yükdaşınan maşında başlayıb-sonucda ölümlə bitir.
Qara səhnədə, türklərin dili ilə desək, kamyon, yəni yük maşınının arxa hissəsi quraşdırılmışdır. Görüntüsü sadə, mahiyyət etibarilə kamyonu, eləcə də televizor ekranını xatırladan səhnə dekorasiyası (dekorçu rəssam-Murat Gülmez) qüsursuz işlənmişdir. Diqqəti dağıtmır, aktyorların oyununa mane olmur, hərəkəti də avtomatlaşdırılmış dəzgahı xatırladır. İçərisində 8 nəfərdən ibarət mühacir-aktyor müxtəlif pozalarda əyləşib, uzun və nəticəsi heç kəsə məlum olmayan bir yol gedirlər. Fərqli talelərin sahibləri olan bu insanlar qaçaq statusunda olsalar da, namuslu keçmişləri, dəyərli ailələri olmuş insanlardır.
İki hissəli tamaşanın, olaylı kamyonun “ulduzu” İsmail (Bülent Çiftçi) 45-50 yaşlarında olan keçmiş parça müəssisəsinin müdiridir. Həyat dolu, sevgi dolu ürəyi olan İsmail maddi sıxıntıdan əziyyət çəkən, çıxış yolunu ölkədən kənarda axtaran, müflis olmuş tacirdir. Borclu olduğu insanlardan, doğma ölkəsində onu sıxışdıran qanunlardan, vergilərdən, dövlət qurumlarından qaçan İsmail səmimi davranışı, hər kəs üçün açıq olan ünsiyyəti ilə saatlarla davam edən söhbətin canı-qanı olur. Lakin İsmail bu müflisliyi tək yaşamayıb, özünə bu əzablı yolda bir yoldaş da qazanıb.
Cemal (Şevki Cepa) çox gənc olan, arzularla, xəyallarla yaşayan daha bir mühacir. Gənc insan, cavan oğlan nə arzulaya bilər? Komfort həyat, bahalı maşın, brend geyimlər və yaraşıqlı qızlar... Elə zahirən də bəsit görünən Cemalın həyat məzmunu da sadə və bəsitdir.
Kamyonda ən faciəli dram - Ahmed və onun ailəsinə məxsusdur. Ahmed (Sedat Keçeci), həyat yoldaşı Zahra (Esma Çankaya) və dörd aylıq oğulları Hüseyin İraqdan didərgin düşüblər. Həqiqətən çox aktual və həssas olan bu mövzu nəinki orada yaşayan yerli insanları, bütün müsəlman aləmini ilgiləndirir. Tamaşada da deyildiyi kimi, futbol matçına baxdığımız kimi maraqla və həvəslə seyr etdiyimiz İraq və Suriya hadisələri bizim əsrimizin ən böyük faciəsidir. Zatən bu insanlar nədən qaçırlar? Ölməkdən, öldürülməkdən... Niyə doğma torpaqlarından didərgin düşürlər? Səhər bomba səsinə ayılan ailə digər otağın qapısını açanda yerlə-yeksan olmuş boşluq görür. Gül kimi iki qız övladını itirən ailə yeganə ümidləri olan Hüseyni əmin-amanlıq içərisində böyütmək istəyir.
Qlobal bir hadisə olan və ya bu hadisəni yaradıb qloballaşdıran təcavüzkar insanların sayəsində hər gün eşitdiyimiz bu ölüm faktları, terror qurbanları artıq hər kəs üçün adiləşib. Bəli, qorxunc fakt burdur... Qana boğulmuş insanların adiləşməsi, təcavüzün adi qərarlardan ibarət olması, qanı-canı bizdən olan insanların kütləvi ölümünün heç hesab olunması. Bəlkə də, ona görə bu mühacirlər içərisində ən çox haqq qazandırılan Ahmeddir. Ahmed aktyorun ifasında bombaların səsindən, qadın və uşaqların hönkürtüsündən qaçan-bu üzdən də hər bir səsdən qorxan, hürkən bir oyun palitrası yaratmış olur. Zehra isə bələkdəki uşağı qucağına sıxıb, sadəcə yoldaşına qısılıb-acısını yaşayan müsəlman qadınının bir görüntüsünü yaradır.
Komediya ünsürlərinin də yer aldığı bu tamaşada ən komik oyunçu Hüseyin (Cebrail Esen) idi. Həqiqi yaşı 28 olsa da, 40 yaşlarında görünən, bununla da digər mühacirlərin gülüş nöqtəsinə çevrilən Hüseyin fəqir, yoxsul ailənin üzvüdür. Ucqar bir kənddə yaşayan, nə az, nə çox 10 övladın biri olan Hüseyinin həyat hekayəsi bacısının uğradığı təcavüzdən və onun silinməz izlərindən ibarətdir. Öldürmək kimi dəhşətli missiya tapşırılan Hüseyin bacısına qıymır, onun varlığı, sağlığı üçün mühacir həyatına məhkum olur.
Mühacir həyatı yaşamağa qərar verən bu insanların konflikti, faciə nöqtələri demək olar ki, eynidir. Onların hər biri normal düzəni olan, məcburən bu qaydalarla yaşamağa məhkum olunan insanlardır. Rejissor bu məqamları - onların tualet yerini, yemək yerini dəqiq mizanlarla göstərib, sonra da onları Şoferin (Turqut Alkaçır) dili ilə italyan inəkləri adlandırır. Nə üçün isə xarici olmaq hər zaman qiymətli olur? Özünün işsizləri ola-ola xarici işçi axtaran qurumlar, səfalət içərisində yaşayan əhalisi olan, lakin xoşbəxt xalqdan danışan rəhbərlər sən deməmiş, hər yerdə eynidir. Yaşanan qorxu, hər an tutulmaq qorxusu onları o məkanda da ölü edir. Onlar hər bir polis maşınının siqnalına ölürlər, onlar hər an vertolyot səsinə ölürlər.
Rejissorun (Volkan Özgömeç) fikirlərinin yazıldığı bukleti oxuyuram... Yaşamak mı, yoksa ölmek mi? Baxdığımız tamaşanında seyrici zalına ötürdüyü enerji ancaq bu sualı yaradırdı. Bu şərtlərlə oynamağa dəyərmi? Ünvansız olmağa, hər an əzilməyə, biri-birinin iyində boğulmağa dəyərmi? Lakin rejissorun qəzəbi çox aydın şəkildə öz mənzilinə ulaşır. İnşallah deyərək, yaşayan məsum insanlara bu taleni yazanlar mütləq və mütləq cəzalanmalıdır. Terror bitməlidir. Ağzımızı açıb, sadəcə izlədiyimiz İraq məsələsi bitməlidir. Torpağa görə deyil, orada yaşayan milyonlarla insana görə...
“Hər kəs insan kimi yaşamağı doğuluşdan haqq etmişdir. Bu gerçəyi dəyişdirənlər və ya dəyişdirməyə çalışanlar əlbəttə bir gün hesab verməli olacaqlar”.
Aygün Süleymanova
teatrşünas
banner

Oxşar Xəbərlər