AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nəqliyyatda kart sistemi bu aydan tətbiq ediləcək

Nəqliyyatda kart sistemi bu aydan tətbiq ediləcək

İqtisadiyyat
03 Oktyabr 2013, 10:31 1429
“Nəqliyyat sektorunda vahid ödəniş kartlarının tətbiqinin yubanmasının səbəbi kart yükləmələri üçün avtobus dayanacaqlarında müvafiq aparatların quraşdırılması ilə əlaqədardır. Artıq oktyabr ayının ortalarından nəqliyyatda kart sisteminin müəyyənləşmiş marşrutlar üzrə tətbiqinə başlanılacaq”. Bu barədə mövqe.az-a açıqlamasında "Bakısərnişinnəqliyyat" departamentinin mərkəzi nəzarət dispetçer şöbəsinin aparıcı məsləhətçisi Etibar Əzməmmədov deyib.

Kartları haradan almaq olar?

E.Əzməmmədov bildirib ki, 25 marşrutda, 1000 avtobusda kart sisteminə keçid üçün vladiatorların quraşdırılması işi yekunlaşıb: “Hazırda dayanacaqlarda kart yükləmələr üçün aparatların quraşdırılması işləri gedir. Artıq Neftçilər prospektindəki dayanacaqlarda aparatların quraşdırılmasına start verilib. 25 marşrut xəttini əhatə edən dayanacaqların hamısında kart yükləmələr üçün aparatlar quraşdırıldıqdan sonra, kartların satışına başlanılacaq. Kartları sərnişinlər qəzet köşklərindən əldə edə biləcəklər. Sərnişinlər elə dayanacaqdaca kartlarına həmin aparatlar vasitəsilə gediş yükləyə biləcəklər. Mini bankomatları xatırladan aparatlar avtobusların alınmasına lizinq ayıran bankların sisteminə bağlıdır. İndiyədək proses ona görə gecikirdi ki, avtobuslarda kart sistemi həmin lizinq ayıran bankların sisteminə bağlanırdı ki, həmin banklara borclu xətt sahiblərinin aylıq borcu elə gediş haqlarından çıxılsın. Artıq sistemdə bağlantı yekunlaşıb və oktyabr ayının ortalarından nəqliyyatda kart sisteminin müəyyənləşmiş marşrutlar üzrə tətbiqinə başlanılacaq”.
Artıq uzun müddətdir ictimai nəqliyyatdan istifadə edən insanların maraqla gözlədiyi bu sistemin nəqliyyatın idarə edilməsində, avtobus qəzalarının, tıxacların və əlavə vaxt itkisinin qarşısının alınmasında müsbət nəticələr verəcəyi gözlənilir. Biz də nəqliyyatda tətbiq ediləcək yeni sistemin işi ilə bağlı ekspertlərin fikirlərini öyrəndik. Hər kəs üçün maraqlıdır ki, görəsən yeni sistem işə başladıqdan sonra sürücülərin və sərnişinlərin işinə necə təsir göstərəcək?

Xarici təcrübə

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, kart sistemi vaxta qənaət və nəqliyyat sisteminin bəzi problemlərini aradan qaldırmağa kömək edə biləcək bir addımdır: “Dəfələrlə şahidi olmuşuq ki, vətəndaşlar gediş haqqını ödəyərkən sürücülərlə müəyyən narazılıqlar, hətta münaqişələr baş verir. Kart sistemi dünya praktikasında da mövcuddur. Bu sahədə digər variantlar da var. Məsələn, postsovet məkanında, Ukraynada, Rusiyada hələ də dayanacaqlarda bilet satan insanlar var. Sərnişin hər hansı bir marşrut üzrə birdəfəlik 15 bilet alır və hər bir avtobusdan istifadə edərkən həmin biletlər aparatlar vasitəsilə deşilir, etibarsız sayılır. Beləcə, kifayət qədər vaxt itkisinin qarşısı alınır. Amma bunun tətbiqi Azərbaycanda mümkünsüzdür. Başqa bir məsələ də budur ki, kart sisteminə keçdikdən sonra buna nəzarət necə olacaq? Yəni hər bir vətəndaş bəlli bir marşrutdan istifadə üçün kart alacaqmı, onu hər aydan bir aparatdan keçirəcəkmi? Nazirlik əməkdaşları buna hansı formada nəzarət edəcək və s. Bu, insanların tədricən, zaman-zaman vərdişinə çevriləcək-çevrilməyəcəkmi - burada bir az çətinliklərimiz olacaq. Bunlar həm də öz-özlüyündə bir mədəniyyət məsələsidir”.
İlqar Hüseynli vurğuladı ki, bəlli qiymətə olan həmin vəsiqəni alan şəxs bir ay müddətində əlavə heç bir ödəniş etmədən metrodan başqa bütün ictimai nəqliyyatdan istifadə edə bilirdi. Yəni vəsiqəni sadəcə, sürücüyə göstərməklə avtobusdan istifadə edirdilər: "Hesab edirəm ki, kart sistemində bu formanın tətbiqi də bizim işimizi daha asanlaşdıracaq”.

Kart sisteminin üstünlükləri

Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov bizimlə söhbətində bildirdi ki, ictimai nəqliyyatda kart sistemi əgər bütün Bakı şəhərini və gələcəkdə də ölkəni əhatə edəcəksə, bu, müsbət haldır. Onun sözlərinə görə, nəqliyyatda kart sisteminin tətbiqindən sonra şəffaflıq yaranacaq və hər bir vətəndaş kart sisteminin müsbət tərəflərini görəcək: “Kart sistemi işə düşdükdən sonra sərnişinlər şəffaflığı, sürücü etikasını, mədəniyyətini, sərnişin-sürücü münasibətlərinin yüksəlməsini müşahidə edəcəklər. Gələcəkdə isə sürücünün əmək hüquqlarının qorunması, onların əmək haqqı problemi aradan qaldırılacaq və ən əsası, bu sistemin tətbiqindən sonra sürücü-sərnişin münasibətlərindəki gərginlik aradan qalxacaq”. Nəqliyyat üzrə ekspert vurğuladı ki, kart sisteminin tətbiqi ictimai nəqliyyatda baş verən qəzalara da öz təsirini göstərəcək. Onun sözlərinə görə, baş verən qəzaların əsas səbəbi sürücülərin gündəlik planı vaxtında yerinə yetirmək və çox qazanc əldə etmək istəklərindən irəli gəlir: “Mənim fikrimcə, kart sisteminin tətbiqi sərnişinlərin ictimai nəqliyyatda təhlükəli vəziyyətlərlə qarşılaşması problemini aradan qaldıracaq. Çünki bu gün sürücülər verməli olduqları gündəlik planı ödəmək üçün müxtəlif yollara əla atırlar. Kart sisteminə keçid zamanı bu hal aradan qalxacaq. Çünki artıq sürücü plana yox, əmək haqqına işləyəcək”.
Göründüyü kimi, ekspertlər kart sisteminin müsbət nəticələr verəcəyi fikrindədirlər. Ümid edirik ki, bu sistemin tətbiqindən sonra sərnişinlər ictimai nəqliyyatdan kəlmeyi-şəhadət deməyə ehtiyac qalmadan istifadə edə bilərlər.

Aygün Cəfərli