• cümə axşamı, 25 aprel, 07:56
  • Baku Bakı 14°C

Neofaşist düşüncə - FOTOLAR

23.04.21 15:00 1588
Neofaşist düşüncə - FOTOLAR
Erməni faşizmi təkcə Azərbaycan və bölgənin digər xalqları üçün deyil, bütün bəşəriyyət üçün təhlükəlidir
Ermənilər imperialist dövlətlərin himayəsi altında müxtəlif terror təşkilatları yaradaraq, son 200 il ərzində müsəlman türklərə qarşı çoxsaylı soyqırımlar törədiblər. Çar Rusiyasında 1905-1907 və 1917-ci il inqilablarından sonra ermənilərin Cənubi Qafqazda müsəlman türklərə qarşı törətdiyi qətliamlar buna əyani misaldır. Osmanlı Türkiyəsində "sadiq millət” statusu almış ermənilərin 1915-ci ildə - Birinci Dünya Müharibəsinin gedişində türklərə arxadan zərbə vurmaları, minlərlə günahsız insanı amansız işgəncələrə məruz qoymaları, öldürmələri də faktdır. 1988-ci ildə Dağlıq Qarabağ ərazisində erməni separatçılığının baş qaldırması, mülki azərbaycanlıların öldürülməsi, Rusiyanın hərbi-siyasi dəstəyi ilə Ermənistanın 1994-cü ilə qədər Azərbaycanın 20 faiz ərazisini işğal etməsi hadisəsi də dünyaya məlumdur. 1992-ci ildə Xocalı şəhərində rus hərbçiləri ilə birlikdə ermənilərin əsrin soyqırımını törətməsi, uşaq, qadın, qoca demədən bütün şəhər sakinlərini amansızlıqla qətlə yetirmələri də tarixin utanc səhifəsidir. Birinci Qarabağ Müharibəsinin nəticəsi olaraq Azərbaycan xalqı ümumilikdə 30 mindən çox şəhid verib, 50 minə yaxın vətəndaşımız əlillik dərəcəsi alıb. Bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib ki, onların fəryadını dünya birliyi eşitməyib, işğalçı Ermənistana "dur” deyən tapılmayıb, beynəlxalq hüququn pozulmasına, ədalətsizliyə, haqsızlığa, günahsız insanların kütləvi qətlinə bəşəriyyət seyriçi qalıb.

Azərbaycana təzyiq göstərməyə çalışıblar
Lakin ötən ilin 27 sentyabr -10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən Müharibəsində Azərbaycan işğalçıları hərbi yolla öz ərazilərindən təmizlədikdən sonra bu susqun, laqeyd dünya hərəkətə gəlib. Qərbdəki müəyyən dairələr, Avropanın reallıq hissini itirmiş ayrı-ayrı rəsmi şəxsləri, erməni diasporu tərəfindən satın alınmış siyasətçilər Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv, heç bir əsası olmayan rəy formalaşdırmağa başlayıb. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin icrasız qalmasına 30 il göz yuman dövlətlər Azərbaycanın öz Ordusunun gücü hesabına ərazi bütövlüyünü təmin etməsinə, işğalçı Ermənistanın belini qırmasına səssiz qala bilməyiblər. Bütün imkanlardan istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışıblar. Ali Baş Komandan, Prezident İlham Əliyevin aprelin 12-də Bakı şəhərində Hərbi Qənimətlər Parkının açılışında iştirak etməsindən sonra dünya erməniliyinin, onların havadarlarının qara-qışqırığı bir qədər də artıb.
Erməni hərbçilərinin boş qalmış dəbilqələri
İlk növbədə qeyd edək ki, Hərbi Qənimətlər Parkı Azərbaycan Silahlı Qüvvələrinin gücünün, xalqımızın iradəsinin, birliyinin təcəssümü olmaqla yanaşı, İkinci Qarabağ Savaşının miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Bu park həm də Qələbənin əbədiləşdirilməsinə xidmət edən, tarixi gerçəkliyi gələcək nəsillərə daşıyan möhtəşəm təşəbbüs, düşmənə və onun havadarlarına verilən növbəti dərsdir. Burada nümayiş olunan eksponatlar – Ermənistan ordusunun arsenalında olan və müharibə dövründə cəsur hərbçilərimiz tərəfindən sıradan çıxarılan, qənimət kimi ələ keçirilən çoxsaylı zirehli texnika, silah-sursat, nəqliyyat vasitələri, həmçinin onların dövlət nömrə nişanları üzərində yaradılmış "Qarabağ Azərbaycandır!” tablosu, məhv edilmiş erməni hərbçilərinin boş qalmış dəbilqələri, döyüş mövqeyini tərk etməsin deyə zəncirlənmiş düşmən əsgərlərinin maketləri yalnız erməni cəmiyyətini deyil, dünya ermənilərini növbəti dəfə sarsıdıb. Məhz buna görə də, onlar Azərbaycanı millətçi, radikal, terrorçu, xristian ermənilərə qarşı dini zəmində müharibə aparan, qətliamlar törədən ölkə kimi təqdim etməyə çalışır, bu yöndə beynəlxalq səviyyədə təbliğat aparırlar. Təəssüf ki, ermənilərin bu sərsəmləmələrinə bəzi hallarda Amerikadan, Fransadan, Almaniyadan, Rusiyadan, cırtdan dövlət Lüksemburqdan dəstək olanlar da tapılır.

Azərbaycanlıları alçaltmağa çalışıblar
Azərbaycana qarşı səsləndirilən ittihamlardan biri Vətən Müharibəsində əsgərlərimizin məhv etdiyi və qənimət kimi ələ keçirdiyi düşmən hərbi nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının nümayiş etdirilməsidir. Görünür, həmin dövlət nömrə nişanlarının üzərində "Qarabağ Azərbaycandır!” şüarının yer alması ermənilərə daha böyük utanc gətirib, onları rüsvay edib. Xatırladaq ki, Birinci Qarabağ Savaşı dövründə Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini işğal edərkən yalnız mülki əhalini qətlə yetirməklə kifayətlənməyib, onların daşınar və daşınmaz əmlakını da talan ediblər. Mülki əhaliyə məxsus nəqliyyat vasitələrinin dövlət nömrə nişanları sonradan toplanaraq Xankəndində, İrəvanda ictimai tualetin divarına vurulub. Onlar bu yolla azərbaycanlıları alçaltmağa çalışıblar. Məhv edilən erməni hərbçilərinin boş qalmış dəbilqələrinin Hərbi Qənimətlər Parkında nümayişinə faşizm donu geyindirənlər isə unutmasınlar ki, Xocalıda əsrin soyqırımını, Kəlbəcərin Başlıbel, Xocavəndin Qaradağlı kəndlərində kütləvi qətliamları törədənlər ermənilərdir. Ermənistanın sabiq prezidentləri Robert Köçəryan, Serj Sarkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağda separatçılığın körüklənməsində, azərbaycanlılara qarşı qətliamlarda bilavasitə iştirak ediblər. Hansı ki S.Sarkisyan xarici mediaya müsahibəsində bunu özü etiraf edib və Xocalı soyqırımının planlı şəkildə törədildiyini bildirib. Erməni yazıçısı Zori Balayan isə Xocalıda azyaşlı uşaqların qətlindən zövq aldığını "əsərlərində” qəhrəmanlıq kimi qələmə verib. Əsl faşizm budur. Ən nəhayət, Azərbaycanı faşizmdə günahlandıran erməni havadarları Ermənistanın paytaxtında, ayrı-ayrı yaşayış məntəqələrində faşist Qaragen Nijdeyə heykəllər ucaldılmasını unutmamalıdırlar.

"Budur, onlara verilən cavab. Qarabağ Azərbaycandır!”
Prezident İlham Əliyev də Hərbi Qənimətlər Parkının açılışında bu məqama diqqət çəkib. Məhv edilən və qənimət kimi ələ keçirilən erməni hərbi nəqliyyat vasitələrinin nömrə nişanlarından hazırlanan lövhə önündə çıxış edən Azərbaycan rəhbəri deyib ki, ermənilərin bəd əməlləri cavabsız qalmayıb: "Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb. Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdular. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək öz ordusunun gücünü göstərməyə, mif yaratmağa çalışırdılar ki, guya, Ermənistanın məğlubedilməz ordusu var. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülmüşdür. Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik. Dekabrın 10-da keçirilmiş hərbi paradda bu lövhə nümayiş etdirildi. Azadlıq meydanında, bütün xalqımızın gözü qarşısında Ermənistanın məğlubiyyəti, erməni fərariliyi bir daha göstərildi. Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Buraya gələn hər bir insan - Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur, onlara verilən cavab. Qarabağ Azərbaycandır!”

"Erməni faşizminin bəşər tarixində bənzəri yoxdur”
Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Azər Kərimlimövzu ilə bağlı bildirib ki, bəşər tarixində baş vermiş müharibə cinayətlərinin, vandalizm aktlarının ən amansızları Azərbaycan ərazilərində həyata keçirilib. Onun sözlərinə görə, Ermənistanın, bütövlükdə isə erməniliyin nə qədər dəhşətli, təhlükəli bir faşizm xəstəliyinə yoluxduğunu görmək üçün Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrindən birinə səfər etmək yetərlidir. Deputat deyib ki, nifrət və kin üzərində formalaşan neofaşist erməni düşüncəsi təkcə Azərbaycan və bölgəni n digər xalqları üçün deyil, bütün bəşəriyyət üçün təhlükəlidir: "Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində haqlı olaraq, erməni faşizminin bütün ölkələrdə mövcud olmuş faşizmlərin ən eybəcəri, ən qəddarı olduğunu bildirib. Sözün bütün mənalarında, erməni faşizminin bəşər tarixində bənzəri yoxdur. Çünki başqa bir xalqın, yaxud xalqların torpaqlarını işğal edən, ultramillətçi, faşist ideyalarla "silahlanmış” dövlətlər ən azından işğal etdikləri ərazilərdəki yaşayış üçün yararlı olan tikililəri, infrastrukturu məhv etməyiblər. Tarixi, yaxud dini abidələrin təyinatını dəyişsələr də, onları Yer üzündən silməyiblər”.

""Dəmir Yumruq” yenidən faşizmin başını əzəcək”
Millət vəkilinin fikrincə, Azərbaycan Ordusu erməni faşizmini məhv etməklə Azərbaycan xalqı ilə yanaşı, bütün bəşəriyyət qarşısında mühüm bir tarixi missiyanı yerinə yetirib: "Məhz bu səbəbdən, Azərbaycan heç zaman erməni faşizminin yenidən dirçəldilməsinə və bölgə xalqları üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. Əgər belə bir təhlükə yaranarsa, o zaman "Dəmir Yumruq” yenidən faşizmin başını əzərək öz tarixi missiyasını davam etdirəcək. Elə Hərbi Qənimətlər Parkının yaradılmasında da əsas məqsəd faşizmin aqibətinin bütün dünyaya nümayiş etdirilməsi, Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin unudulmamasıdır. Biz gələcəyə baxacağıq, çünki böyük bir mədəniyyətin daşıyıcılarıyıq, dünyanın sivil, yüksək humanizm dəyərlərinə sahib olan bir xalqının nümayəndələriyik. Amma ermənilərin törətdiyi bəşəri cinayətləri, soyqırımı aktlarını, vəhşilikləri heç zaman bağışlamayacağıq”.

"Bu vəhşiliklər adi müharibə fəlakəti deyil”
AMEA Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlidə vurğulayıb ki, iki yüz ildən çox müddətdə ermənilərin Cənubi Qafqazda xalqımıza qarşı etmədiyi vəhşilik, törətmədiyi yaramazlıq qalmayıb. Onun sözlərinə görə, həm ermənilər, həm də onların himayədarları bu əməlləri həmişə görməzlikdən gəliblər və bir müddət sonra eyni əməllər azərbaycanlılara qarşı yenidən davam etdirilib: "Prezident İlham Əliyev aprelin 13-də ADA Universitetindəki beynəlxalq konfransda çıxışı zamanı bildirdi ki, artıq biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma "Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Həm də bu tarixi biz ona görə unutmayacağıq ki, bütün bu vəhşiliklər adi müharibə fəlakəti deyil. Torpaqlarımız 30 illik işğaldan azad edildikdən sonra gördük ki, işğal dövründə ərazilərimizdə daş üstündə daş qalmayıb, tarixi abidələrimiz məhv edilib, maddi mədəniyyət nümunələrimiz talanıb, hətta qəbirlər sökülərək mərhumlarımızın ruhları təhqir olunub, sümükləri haralarasa daşınıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər. Bu, vandalizm, faşizm və sistemli terrordur”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər