• cümə, 29 Mart, 14:53
  • Baku Bakı 14°C

Neftin yaxın gələcəkdəki qiymətini müəyyən edəcək görüş

24.05.17 10:00 1162
Neftin yaxın gələcəkdəki qiymətini müəyyən edəcək görüş
May ayının 25-də OPEC-in hasilatın azaldılmasına dair növbəti görüşü baş tutacaq. Görüşdən bir müddət öncə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, razılaşmaya qoşulan ölkələr ciddi intizam nümayiş etdirir. Novak bildirib ki, hasilatçılar sutkalıq hasilatı 1,8 mln. barel azaltmaqla bağlı öhdəlik götürüb. Görüş öncəsi həmçinin, Səudiyyə Ərəbistanının neft naziri Calid Əl Falih də öz açıqlamasında qeyd edib ki, hasilatçı ölkələr müqavilənin 9 ay müddətinə uzadılmasında maraqlıdırlar. Qeyd edək ki, Azərbaycanın Energetika naziri Natiq Əliyev də Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclasında Azərbaycanı təmsil edəcək. O, öz açıqlamasında bildirib ki, Azərbaycan bundan sonra da neft bazarında qiymət sabitliyinin davamlı olması üçün növbəti addımları atmağa hazırdır. Bəs görəsən Vyana konqresi ərəfəsində bazarda vəziyyət nə yerdədir? İkinci Vyana paktında razılıq əldə olunacaqmı? Ümumiyyətlə, görüşün nəticələri bazara necə təsir edəcək?
"Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, hazırda qiymətlər 53-54 dollar arasında dəyişir: "Görüş öncəsi pozitiv siqnallar kifayət qədər yüksəkdir. Təqribən 10 gün öncə neftin qiyməti 50 dollardan aşağı idisə, indi qiymətlərdə 10 faizə yaxın artım müşahidə olunur. Bu artım Səudiyyə Ərəbistanı, Rusiya kimi ölkələrin energetika nazirlərinin verdiyi müsbət açıqlamalarla bağlıdır. Həmçinin, OPEC-in birinci Vyana konfransında hasilatın 6 aylıq müddət üçün azaldılmasına dair qərar qəbul edilmişdisə, indi bu müddətin 9 ayadək uzadılmasına dair fikirlər səsləndirilir. Digər tərəfdən, ötən görüşdə qeyri-OPEC ölkələrindən cəmi 11 ölkə bu razılığa qoşulmuşdusa, bu dəfə bu ölkələrin sayının daha artacağı ilə bağlı xəbərlər yayılıb. Bütün bunlarla yanaşı, OPEC daxilindəki Nigeriya, Liviya kimi ölkələrdə artıq hasilat stabilləşib və onlar üçün limit tətbiq ediləcək . Hesab edirəm ki, bundan sonra OPEC-də hasilatın nizamlanması daha tarazlı bir şəkil alacaq. Təbii ki, bütün bu proseslər öz növbəsində bazara pozitiv siqnallar ötürür və qiymətlərin daha uzun müddətli dövr üçün 50 dollardan yuxarı olmasının təmin edilməsinə nail olunacağına inam yaradır. Düzdür, ABŞ-ın bazara təsiri hələlik çox yüksəkdir. Şist neftinin hasilatı getdikcə artır və buruqların sayı daha da çoxalır. Təbii ki, OPEC ölkələri artan neft həcmlərinin qarşısını almaq üçün bu kimi addımlar atmaqda maraqlıdırlar. Hal-hazırda görüşlə bağlı dünya mətbuatında antoqonik fikirlər o qədər də səslənmir. Əvvəlki görüşdən fərqli olaraq, bu dəfə Səudiyyə Ərəbistanı, Rusiya və digər neft nəhəngləri arasında fikir ayrılıqları yoxdur. Bu baxımdan, faktiki olaraq razılığın əldə olunacağını demək olar”.
Ekspert bildirdi ki, hələlik hasilatın hansı səviyyədə azaldılacağı məlum deyil: "Ümumilikdə götürsək, 1,8 milyon barrelədək azalma səviyyəsinin saxlanılacağına dair fikirlər səsləndirilir. Biz bundan öncə razılaşma əldə olunmadıqda, nələrin baş verdiyini gördük. Bu ilin aprel ayında Brent markalı neftin qiyməti 43 dollaradək azaldı. Düzdür, azalma uzun müddət dayanıqlı olmadı, amma yenə də təsirsiz ötüşmədi. Düşünürəm ki, Vyana görüşündə razılıq əldə olunmazsa qiymətlər yenidən 45 dollaradək azala bilər”.
İqtisadçı-alim Vüqar Bayramov bildirdi ki, görüşdən əvvəl verilən bütün açıqlamalar neftin bazar qiymətinə müəyyən təsir göstərir: "Bildiyimiz kimi, Vyana konqresində müqavilənin 9 ay müddətinə uzadılması nəzərdə tutulub. Amma dünən İraqın Energetika Nazirliyindən anlaşmanın 9 ay deyil, 6 ay müddətinə uzadılacağı ilə bağlı açıqlamalar verilib. Bu açıqlamalar neftin qiymətinə birbaşa təsir göstərdi və qiymətlərdə dərhal azalmalar müşahidə olundu. Təbii ki, hələlik azalmalar cüzidir. Ona görə də Vyanada qəbul ediləcək qərar neftin yaxın gələcəkdəki qiyməti baxımından çox vacibdir. Əgər tərəflər hasilatın 9 ay müddətində azaldılması ilə bağlı qərar qəbul edərsə, bu, neftin qiymətinin 50-60 dollar arasında stabilləşməsinə səbəb ola bilər. OPEC üçün də indiki məqamda əsas məqsəd neftin qiymətinin 55 dollar ətrafında stabilləşməsinə nail olmaqdır. Əgər 9 ay deyil, 6 ay müddətinə razılıq əldə edilərsə, bu, bazarda qiymət azalmasına səbəb ola bilər. Həm də OPEC və qeyri-OPEC ölkələri arasında anlaşmanın əldə edilməsində problemin olması təəssüratı yaranacaq ki, bu nüans da öz növbəsində qiymətlərə mənfi təsir göstərəcək. Ona görə də Vyana konqresində qərarın qəbul edilməsi ilə yanaşı həmin qərarın hansı müddətdə qüvvədə olacağı da bir o qədər önəmlidir. 9 aylıq müddət bazar üçün stabillik vəd edir. Lakin 6 aylıq razılaşma stabilliyi xeyli dərəcədə zəiflədəcək. OPEC-in qərarı ilə yanaşı, burada şist sənayesinin digər ölkələrinin, o cümlədən Liviya və Nigeriyanın hasilatı ilə bağlı rəqəmlər qiymətə birbaşa təsir göstərəcək. Əgər OPEC ölkələri qiymətlərin stabilləşməsini istəyirsə, hasilatın azaldılması ilə bağlı qərarı qəbul etmək məcburiyyətindədirlər. Düzdür, İraqın verdiyi bu açıqlamalar gözlənilən deyildi. Ona görə də indidən dəqiq proqnoz vermək bir qədər çətindir. Lakin güman olunur ki, qərarın müddəti uzadılacaq. İstənilən halda, konqres öncəsi verilən açıqlamalarda tərəflərin müddətin uzadılmasına meylli olduğu müşahidə edilir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər