• cümə axşamı, 25 aprel, 11:09
  • Baku Bakı 14°C

Neftin qiymətləri Trampdan asılı olmayacaq

12.11.16 13:38 1196
Neftin qiymətləri Trampdan asılı olmayacaq
ABŞ-da keçirilən prezident seçkilərində respublikaçıların namizədi Donald Trampın qalib gəlməsi dünya birjalarındakı qiymətlərə də təsirsiz ötüşməyib. Belə ki, dollar ucuzlaşıb, neftin qiyməti aşağı düşüb. Gedişatı ekspertlərlə müzakirə edib bundan sonra neft bazarında vəziyyətin necə olacağı haqda proqnozlarını öyrəndik. Onların fikrincə, ümumən ciddi bir dəyişiklik olmayacaq.

Millət vəkili Vahid Əhmədov "Kaspi”yə açıqlamasında dedi ki, ABŞ-da keçirilən prezident seçkiləri demək olar, hamının marağında idi: "Əksəriyyət seçkini izləyir, onunla maraqlanırdı. Artıq ortada təbriklər, həmçinin müəmmalı çıxışlar var. Məlumdur ki, Tramp bizneslə məşğul olan insandır. O, iki dəfə böhrana düşüb və yenidən dirçəlib. Qabiliyyəti var ki, iki dəfə müflis olduqdan sonra yenidən ayağa qalxa bilib, özünə böyük biznes qurub. Yəni ortada müsbət faktlar var”.

Millət vəkilinin fikrincə, bizneslə məşğul olan insanlar kompromisə getməyi bacarırlar: "Bütün dünyanı maraqlandıran önəmli mövzularda ABŞ-ın yeni seçilən prezidentinin kompromisə gedəcəyini gözləyirəm. Təbii ki, neftin qiymətində müəyyən dəyişikliklər olacaq, amma ciddi fərq gözləmirəm. Çünki bu, yalnız Trampdan asılı olan məsələ deyil. Neftin qiyməti OPEK dövlətlərindən, ümumi razılaşmadan və s. məqamlardan asılıdır. Hesab edirəm ki, neftin qiyməti 45-50 dollar arasında olacaq”.

Millət vəkili Tahir Mirkişili də neftin qiymətində ciddi dəyişiklik gözləmədiyini bildirdi: "Hər hansı siyasi dəyişikliklər neft bazarına müvəqqəti, qısamüddətli təsir edir. Çünki hazırda neft bazarına təsir edən amillər əsasən, iqtisadi və inzibati amillərdir. Hesab edirəm ki, Donald Trampın prezident seçilməsinin indiki mərhələdə neft bazarına elə də böyük, hiss ediləcək təsiri olmayacaq”.

İqtisadçı ekspert İlham Şaban nəzərə çatdırdı ki, ABŞ-dakı seçkilərin neft bazarına qısamüddətli təsiri əvvəlcədən də proqnozlaşdırılırdı: "Ümumiyyətlə, Trampın qələbə çalması şok effekti yaratdı. Qiymətlər, neft bazarı buna əks reaksiya verdi. 2016-ci ilin əvvəlindən aparılan sosioloji sorğular, siyasi təhlillər xanım Klintonun xeyrinə idi. Amma nəticə başqa oldu. Trampın qalib gəlməsi nəticəsində fond birjalarının gözlədiyi olmadı. Ona görə də əks-reaksiya özünü gözlətmədi. Bir neçə saat içərisində fond birjalarında təxminən 1,5, neftin qiymətində isə 3,3 faiz çöküş baş verdi.Hazırda neftin qiyməti stabilləşməkdədir. Neftin bundan sonrakı qiymətinin Trampla əlaqəsi olmayacaq. Neftin qiyməti noyabrın 30-da OPEC-in zirvə toplantısında kvotaların aşağı salınması və yeni kvotaların tətbiq olunmasından asılıdır. Ciddi bir dəyişiklik gözləmirəm. İndi neftin qiyməti 48 dollar civarındadır. Göründüyü kimi, hər şey yolunda gedir”

İqtisadçı ekspert Pərviz Heydərov isə daha ümidli danışdı: "Donald Trampın qalib gələcəyini heç kim gözləmirdi. Lakin seçkiyə az qalmış məndə şübhələr yaranmışdı. Ümumiyyətlə, Respublikaçılar Partiyasının buna qədər 2 dəfə ard arda uduzmaqlarına rəğmən, bu dəfəki seçkilərə məhz Donald Tramp kimi bir adamı namizəd kimi qabağa verməsi təsadüfi deyildi. Bundan əlavə, məhz seçkiyə sayılı günlər qalarkən Hillari Klintonun şəxsi poçtuna aid və o cümlədən, digər mənfi hallara dair faktların üzə çıxardılması da əslində, çox şey deyirdi. Əvvəllər də qeyd etmişdim ki, ABŞ-ı 5 qrup oliqarx idarə edir. Bunlardan biri də neft istehsalı, emalı və satışına nəzarət edən oliqarxlar qrupudur. Neftin dünya bazar qiymətlərinin 2014-cü ilin iyun ayından bəri enməsində isə məlumdur ki, iqtisadi faktorlarla yanaşı, siyasi faktorlar da mühüm rol oynayırdı. Bir çox halda, sonuncu səbəb – yəni siyasi faktor bəlkə də daha çox əhəmiyyət kəsb edirdi.Donald Trampın qalib gəlməsində isə neft istehsalı, emalı və satışına dair oliqarxlar qrupunun dəstəyi də mühüm rol oynadı”.

İqtisadçı ekspertin fikrincə, respublikaçıların bir özəlliyi həmişə ondan ibarət olub ki, onlar ölkənin xarici siyasətinə həmişə daha çox "stavka” ediblər: "Bu isə o deməkdir ki, onlar üçün müttəfiqlər ilə əlaqələr xüsusi önəm daşıyıb. Odur ki, hesab edirəm, neftin qiymətinin enməsində siyasi faktorlar və məqsədlər 2017-də xeyli dərəcədə aradan qalxacaq”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər