• şənbə, 20 Aprel, 13:53
  • Baku Bakı 23°C

“Neftin qiymətində stabilləşmə fevral ayından sonra ola bilər”

01.12.16 16:29 2475
“Neftin qiymətində stabilləşmə fevral ayından sonra ola bilər”
Noyabrın 30-da keçirilən Vyana sammitində OPEC ölkələri nəhayət ki, hasilatın azaldılması barədə qərara gəldilər. Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.
Yekdil qəbul olunan qərar artıq dünəndən başlayaraq bazara öz müsbət təsirini göstərməyə başlayıb. Belə ki, "APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39 dollar artaraq 49,83 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 4,09 dollar artaraq 50,47 dollar olub. Bəs görəsən bundan sonra proseslər hansı məcrada cərəyan edəcək? Mövzu ilə bağlı "Kaspi”nin suallarını Neft Araşdırmaları Mərkəzinin rəhbəriİlham Şaban cavablandırır.

- OPEC ölkələri nəhayət, hasilatın azaldılması haqda bir qərara gələ bildilər. Sizcə, bu o deməkdirmi ki, qiymətlərdə uzunmüddətli stabillik dövrü başlanır?

- Cəmi bir neçə gün sonra, hətta ola bilsin ki, bu günün axırına kimi qiymətlərdə enmə olsun. Çünki qiymətlərin 52 dolları aşması Vyanada qəbul olunan qərarın birjalara göstərdiyi "şok effekti”dir. Çünki sammitdə birdən-birə 1,2 milyon barel həcmində hasilatın azaldılması ilə bağlı qərarın qəbul olunmasını heç kim gözləmirdi. Bundan bir gün öncə neftin qiyməti 3 faiz aşağı düşüb. Çünki gözləntilər çox mürəkkəb idi. Həmçinin yayılan məlumatlar bir-birini təkzib etdiyinə görə, bazar iştirakçıları özləri də ümumiyyətlə bu qərarı gözləmirdilər. Lakin görüşdə qəbul edilən qərar həddən artıq pozitiv oldu. Qiymətlərdə 10 faizlik artım böyük hay-küy və sevinclə qarşılandı. Amma bu qərar sadəcə kağız üzərindədir. Çünki bazarlardan hələ ki heç nə yığışdırılmayıb. Bir qədər sonra artıq bazar özünün reallıqlarına qayıdacaq. 2017-ci ilin yanvarında bazara yenidən müxtəlif siqnallar ötürüləcək. Əgər həqiqətən də kvotalar azaldılacaqsa, bu, öz təsirini göstərəcək. Hesab edirəm ki, qiymətlər həmin vaxtdan sonra normal tempdə 50 dollardan başlayaraq artacaq. Qiymətlərdə dayanıqlıq isə təxminən fevral ayının 11-dən başlaya bilər. Çünki həmin vaxt Beynəlxalq Enerji Agentliyi və digər qurumlar öz hesabatlarını açıqlayacaq. Məhz bu hesabatlarda bilinəcək ki, hansı ölkə nə qədər neft hasil edib və bazara nə qədər neft çıxarıb. Həmin hesabatlar OPEC-in kvotaları ilə müqayisə ediləcək. Rəqəmlər arasında uyğunluq olarsa, qiymətlərdə dəqiqləşmə və stabilləşmə gündəmə gələcək. Əgər rəqəmlər üst-üstə düşməzsə, vəziyyət daha da mürəkkəbləşəcək. Bu həm də bazar iştirakçıları arasında inamsızlıq yarada bilər.

- Vyana sammitindən əvvəl proqnozlarda iqtisadçılar qərarın əksini iddia edirdi. Çünki tərəflər arasında fikir ayrılıqları çox idi. Sizcə, nə baş verdi ki, belə mühüm bir razılşama əldə edildi?

- Təbii ki, hasilatçı ölkələrin öz mövqelərini ortaya qoymağı burada ən mühüm detal idi. Bundan başqa, qeyd edildiyi kimi, son 10 ildə OPEC-in Vyana konqresi kimi gərgin keçən iclası olmamışdı. Məhz bu, tərəflərin bu qərar üçün xeyli əmək sərf etdiyinin bariz göstəricisidir. Bütün bunlarla yanaşı, digər mühüm bir məsələ də İndoneziyanın OPEC üzvlüyündən ayrılması oldu. İndoneziyanın 750 min bareli OPEC ölkələri arasına bölüşdürüləcək. Ona görə də faktiki olaraq üzv ölkələrin kvotaları hələlik açıqlanmayıb.

- Necə düşünürsünüz, hasilatın azaldılması ilə bağlı razılaşmalara tərəflər əməl edəcəkmi?

- Bu, qeyd etdiyim kimi, fevraldakı hesabatlardan sonra aydın olunacaq. Hələlik İran, İraq bu qərara razı olduqlarını bildirsələr də, kimin razılaşmaya nə qədər əməl edəcəyi hələ ki bəlli deyil.

- Bazar iştirakçılarının əsas marağı kvotanın azaldılmasında hansı ölkəyə nə qədər payın düşməsi məsələsi idi. Sizcə, burada hansı tərəfə daha çox "yük” düşəcək?

- Belə görünür ki, kvotanın azaldılmasında ən böyük ağırlıq Səudiyyə Ərəbistanının üzərinə düşür. Günlük 10,5 milyon barel hasilatçısı kimi Səudiyyə Ərəbistanı faktiki olaraq 1,2 milyonluq kvotanın 400 min bareldən çox hissəsini öz üzərinə götürür.

- İlham bəy, sizcə, dekabrın 9-da Dohada keçirilməsi planlaşdırılan qeyri-OPEC ölkələrinin toplantısı nə vəd edir?

- İndidən bu haqda nəyisə proqnoz etmək çox çətindir. Çünki hesab edirəm, Doha toplantısı da Vyana konqresi kimi mürəkkəb keçəcək. Görüşün əsas məqsədi qeyri-OPEC ölkələrinin hasilatı 600 min barelədək azaltmasına nail olmaqdır. Burada əsas məqsədlərdən biri də ən böyük qeyri-OPEC hasilatçısı olan Rusiyanı hasilatın azaltmasına sövq etməkdir. Lakin bütün qarşıya qoyulan bu məqsədlərə nə dərəcədə nail olunacağı hələ ki müəmmalıdır.

- Sammitdən sonra qiymətlər sürətlə artır. Təxminən 9 faizlik artım müşahidə olunur. Sizcə, bu artım maksimum hansı həddə kimi davam edə bilər?

- İki gün ərzində qiymətlərin sözügedən artımına "texniki” artım deyilir. Bu artım cəmi bir neçə gün davam edəcək və daha sonra hər şey yenidən öz məcrasına qayıdacaq. İndi treyderlər bazarda neft həcmlərinin kifayət qədər çox olduğunu bilirlər. Hasilat isə 2017-ci ildən başlayaraq azaldılacaq. Belə olan təqdirdə, çox maraqlı situasiya yaranır. Yəni ola bilsin ki, yanvar ayında gözlənilənlərin əksinə olaraq qiymətlər heç qalxmasın. Treyderlər indi "əllərində olan” nefti satmaqdan imtina edirlər. Onlar həmin nefti yanvar ayında, hasilatın azaldığı bir vaxtda bazara çıxaracaqlar. Çünki treyderlər həmin nefti daha baha qiymətə satmaq və daha çox gəlir əldə etmək istəyirlər. Neftin qiyməti hazırda oktyabr ayında olduğu kimi 52-53 dollar civarında dəyişir. Digər bir tərəfdən, kvotalarına görə yanvar ayında bazara neft çıxarmamalı olan hasilatçı ölkələr indi daha çox satmaq və gəlir əldə etmək istəyirlər. Çünki yanvar ayında həmin ölkələrin kvotaları aşağı düşəcək. Bütün bunlar gözləntilərin əksinə olaraq qiymətləri aşağı salır.

Şəbnəm
banner

Oxşar Xəbərlər