• şənbə, 20 Aprel, 15:25
  • Baku Bakı 23°C

Neftin qiyməti psixoloji həddi keçdi, yoxsa...

07.05.20 20:09 797
Neftin qiyməti psixoloji həddi keçdi, yoxsa...
Ekspertlərin fikrincə, iqtisadiyyatın bərpası prosesi sürətlənərsə, qısamüddətli dövr ərzində daha ciddi bahalaşma ola bilər

Dünya bazarında xam neftin qiymətləri günə azalma ilə başladıqdan sonra günorta saatlarına doğru sürətlə artmaqdadır. Dünən Bakı vaxtı ilə saat 13:55-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,34% artaraq 31,01 ABŞ dolları təşkil edib. Nyu-Yorkun "Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 5,92% artaraq 25,41 ABŞ dolları olub.
Belə demək olarsa, dünən neftin qiyməti 30 dollardan yüksək olmaqla, psixoloji həddi aşdı. Bəs görəsən yaxın müddət üçün neftin taleyini nə gözləyir? Bu artım tendensiyası realdırmı?
Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, əslində qiymətlərdə müşahidə olunan artım vəziyyətin stabilləşməsi demək deyil. Bazardakı yüksək amplitudalı dalğalanmalar hasilatçı ölkələrə sərf etmir: "İki gün əvvəl Brent markalı neftin qiyməti 31,95 dollar idi. Ancaq dünən qiymətlər 28 dollaradək ucuzlaşdı. Bu gün (dünən) isə qiymətlər yenidən psixoloji hədd olan 30 dolları keçib. Hazırda bazarda yüksək dalğalanma müşahidə olunur. Bazar iştirkaçıları bunun spekulyativ təsirlərlə əlaqəli olduğunu düşünürlər. Yəni mart ayının sonu, aprelin əvvəlində neft yığımı var idi. Möhtəkirlərin bazara təsiri nəticəsində artımlar oldu. Amma onlara neftin qiymətinin gün ərzində dəyişməsi lazımdır ki, öz həcmlərini kiçik partiyalarla daha sərfəli şərtlər əsasında sata bilsinlər. Biz bunu müşahidə edirik. Ona görə də, hazırda qiymətlərin 30 dollar ətrafında olması yaxşı haldır. Aprelin ortalarında qiymətlər bundan iki dəfə ucuz idi. İndiki halda vəziyyət o qədər də pis deyil. Amma bunun nə qədər davam edəcəyi bəlli deyil. Ola bilsin ki, günün sonunda, yaxud növbəti gün qiymətlərdə yenidən kəskin enmələr müşahidə olunsun. Yaxud da güclü sıçrayışlarla ksəkin artımlar ola bilər. Bunu heç kim inkar edə bilməz. Amma belə sürətli dalğalanmalar bazar üçün şok effekti verir. Çünki hasilatçı ölkələr hasil etdikləri nefti hansı qiymətə satacaqlarını və nə qədər gəlir ədə edəcəklərini bilmir. Ona görə də hələlik yaxın müddət ərzində bazarda vəziyyətin necə dəyişəcəyinə dair konkret proqnoz vermək mümkün deyil”.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, qiymət artımına bir neçə əsas faktor təsir göstərir: "Son aylarda neftin qiyməti həddən artıq ucuzlaşmışdı. Vəziyyət bu şəkildə uzun müddət davam edə bilməzdi. Çünki istehsal olunan neft maya dəyərindən qat-qat ucuz qiymətə satılırdı. Bu isə nöbəti dövrlər üçün neft sektoruna marağın azalmasına və investisiya qoyuluşlarına mənfi təsir edə bilərdi. Yəni ümumilikdə, bu situasiya uzun müddət davam edə bilməyəcək bir iqtisadi mühit idi. Digər bir səbəb isə mayın 1-dən etibarən OPEC+ formatında əldə olunan razılaşma çərçivəsində neft hasilatı azalmağa başlayıb. Müəyyən qiymətləndirmələrə əsasən, gündəlik olaraq bazara 10 milyon barrel həcmində artıq neft təklifi var. Amma indiki halda bazarlar qəbul edilən qərarın icarsına ciddi reaksiya verir. Nəticədə qiymətlər artmaqda davam edir. Artım tendensiyasının üçüncü bir səbəbi isə artıq dünyanın pandemiya ilə birgə yaşamağı qəbul etməsi ilə bağlıdır. Bu istqiamətdə görülən tədbirlər nəticəsində iqtisadiyyatın mərhələli şəkildə açılması istiqamətində mövqelər ortaya qoyulur. Dünya artıq pandemiya ilə barışır. Bu istiqamətdə məcburi qərarlar qəbul edilir. Bu isə təbii ki, bazarda neftə olan tələbi az da olsa artırır. Baxmayaraq ki, hava nəqliyyatı sahəsində ciddi durğunluq müşahidə edilir. Digər sahələrdə, ailə təsərrüfatlarının istehlakında artım dinamikası müşahidə olunmaqdadır. Bu da bazarlarda qiymətlərə təsir edən əsas səbəblər sırasındadır. Digər tərəfdən son 6 həftə ərzində ABŞ-da neft quyularının sayında azalma müşahidə olunur. Bu da bazar iştirkaçıları və investorlar üçün növbəti dövrlər ərzində proqnoz edilən hasilat azalmasının ciddi səviyyədə olacağına dair qənaət formalaşdırır. Bütün bunların fonunda neftin qiyməti artır. Amma qiymətlər uzun müddət davamlı şəkildə arta bilməz. Çünki bazarda təklif bolluğu qalmaqdadır. Amma qiymətlərin təqribən 40 dollaradək bahalaşma ehtimalı yüksəkdir. Bu günlərdə Avropa Birliyi 2020-ci il üçün neftin orta qiymətinin 38 ABŞ dolları ətrafında olacağı ilə bağlı proqnozlarını ictimailəşdirdi. Beynəlxalq təşkilatların neftin qiyməti ilə bağlı proqnozları 30 dollardan 45 dollardək dəyişir. Yəni bu istiqamətdə fərqli yanaşmalar mövcuddur. Görünən odur ki, qiymətlərdəki artım bir müddət davam edəcək”.
Ekspert bildirdi ki, iqtisadi dinamika bərpa olarsa, qiymətlər yenidən stabilləşə bilər: "Hasilatın azaldılmasına dair razılaşma və təbii olaraq bəzi ölkələrdə hasilatın davam etdirilməsi mümkün olmadığına görə, bu bahalaşma davam edə bilər. Digər tərəfdən, Çinlə bağlı müəyyən iqtisadi göstəricilər açıqlandı. Çinin ixracında gözlənilməz artım baş verib. Çin dünyada ən böyük neft istehlak edən ölkələrdən biridir. Bütün bu faktorlar qiymətlərin müəyyən qədər daha optimal səviyyəyə qalxmasına zəmin yarada bilir. Amma bazar iştirakçılarında təklifin artıq olmasına dair ciddi narahatlıqlar qalmaqdadır. Amma iqtisadiyyatın açılması prosesi sürətlənərsə, qısamüddətli dövr ərzində daha ciddi bahalaşma müşahidə edə bilərik. Sonrakı mərhələdə isə qiymətlərdə stabilləşmə ola bilər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər