• çərşənbə, 24 Aprel, 18:36
  • Baku Bakı 23°C

Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq?

06.02.20 19:03 4505
Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq?
"Əgər OPEC+ ölkələri təcili qərar qəbul etməzsə və Çindəki vəziyyət daha da dərinləşərsə...”

OPEC yeni tədbirlər görmədən Brent markalı neftin qiymətinin 60 dollar/barel-dən yuxarı qalxma ehtimalı yoxdur. Məlumata görə, Çində koronavirusun yayılması fonunda bayram tətillərinin uzadılması və hava nəqliyyatları vasitələri ilə daşımalarının azalması səbəblərindən, 2020-ci ildə ölkədə neftə tələbat 2009-cu ildən sonra ilk dəfə düşəcək. Britaniyanın "Wood Mackenzie" konsaltinq şirkəti hesab edir ki, ən böyük idxalçı tərəfindən neft istehlakının azaldılması, OPEK-i neftin qiymətinin bir barrel üçün 50 dollardan yuxarı qalması üçün hasilatın azaldılmasına vadar edəcək.
"Wood Mackenzie"ə görə, epidemiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər, o cümlədən hava daşımalarında məhdudiyyətlər, 2020-ci ilin birinci rübündə dünyada neftə olan tələbatın sutkalıq 98.8 milyon barrelə qədər azaldılmasına səbəb olacaq. Eyni zamanda, Çinin özündə də neftə olan tələbat stkalıq 13 milyon barrelə düşəcək ki, bu da 2009-cu ildən indiyədək ilk dəfədir.
OPEC ölkələri bu günlərdə vəziyyətlə əlaqədar təcili iclas keçirirlər. Fövqəladə vəziyyətin nə qədər davam edəcəyinin bəlli olmaması OPEC-in yeni məhdudiyyətlərə dair qərar qəbul etməsini çətinləşdirir.
Bəs görəsən neftin qiymətinə dair proqnozla nə vəd edir? Qara qızılın qiyməti hansı həddə kimi düşə bilər?
İqtisadçı-ekspert Ramin Rəhimov söylədi ki, neftin qiymətinin birdən-birə kəskin şəkildə aşağı düşməsinin səbəbi Çində yayılan koronavirusla bağlıdır: "Əslində bütün bunlar siyasi rıçaqlardır. Eyni zamanda ilin əvvəlində İranla ABŞ arasındakı siyasi münasibətlərin gərginləşməsi də qiymətlərə bu və ya digər dərəcədə təsir göstərdi. Qiymətlərin aşağı düşməsi ABŞ üçün çox sərfəli bir haldır. Qiymətlər aşağı düşdükcə, dolların məzənnəsi qalxır. ABŞ zaman-zaman bu addımları atmaqla öz büdcəsindəki böyük həcmli kəsrləri bağlamağa çalışır. Neftin qiyməti hələlik psixoloji həddə çatmayıb. Bir müddət əvvəl qiymətləri tənzimləmək məqsədilə OPEC hasilatın azaldılmasına dair qərar qəbul etmişdi. Hasilat azaldıqca, neftə olan tələb yüksəlir ki, bu da qiymətlərin artımına gətirib çıxarır. Hazırda OPEC-in belə bir qərar qəbul edəcəyini düşünmürəm. Çünki qiymətlərin aşağı düşməsinə iqtisadi amillərdən daha çox, siyasi səbəblər təsir edir. Qiymətləri azaldan ən əsas səbəblər İran-ABŞ münasibətləri, Yaxın Şərqdəki vəziyyətdir. Hələlik Çində yayılan virus bu ölkənin iqtisadiyyatına gündəlik olaraq böyük həcmdə zərər vurur. Ən böyük neft idxalçılarından biri olan Çinin neft idxalında ciddi azalmalar var. Buna görə də, qiymətlər bir müddət aşağı düşməyə davam edəcək. Çində vəziyyət stabilləşdikdən sonra qiymətlərdə yenidən artım müşahidə olunacaq. Mart ayına qədər OPEC bazardakı ümumi situasiyanı müşahidə edəcək. Həmin vaxta qədər qiymət aralığının necə dəyişməyindən asılı olaraq OPEC hasilatın azaldılmasına dair qərar qəbul edəcək. Əsas məsələ bu qərarın qəbul edilməsi ilə bağlıdır”.
İqtisadçı ekspert Pərviz Heydərov da neftin qiymətinin aşağı düşmə səbəbinin Çindəki vəziyyətlə birbaşa olaraq bağlı olduğunu söylədi: "Koronavirusun Çində yaratdığı ajiotaj ölkə iqtisadiyyatının artım tempinə ciddi təsir edir. Ölkənin idxal və ixrac əməliyyatlarının azalması ümumi ticarət dövriyyəsini aşağı salmaqdadır. Çin iqtisadiyyatının neftə olan tələbatı aşağı düşür. Nəzərə almalıyıq ki, adıçəkilən ölkə ən böyük neft idxalçılarından biridir. Təbii ki, bu ölkənin iqtisadiyyatının zəifləməsi uzun müddətdir müşahidə olun qiymət sabitliyinə ciddi zərbə vurur. Hesab edirəm ki, OPEC bu prosesin daha da dərinləşməsinə imkan verməyəcək. Neftin qiymətinə dair təşkilatın qəbul etdiyi qərarlar bir müddət idi ki, onun bazar qiymətini sabit saxlayırdı. Çinin neft idxalının azalması ilə əlaqədar olaraq neftin qiymətinin aşağı düşmə tempi vaxtında alınmalıdır. Vəziyyətin daha da dərinləşməsinə imkan vermək olmaz. Düşünürəm ki, OPEC + ölkələri növbəti dəfə hasilatın azaldılmasına dair qərar qəbul edərək, bu azalmaların qarşısını alacaq. Qiymətlər hələlik 50 dollar həddinə qədər düşməyib. Artıq neft ölkələri bundan narahatlıq keçirir. Yayılan məlumatlar görə, təşkilat üzvləri təcili toplantı keçirmək niyyətindədir. Əgər bu toplantı baş tutarsa, hasilat həcmləri azalacaq. Bu isə qiymətlərin 50 dollara düşməsinin qarşısını alacaq. Əgər OPEC+ ölkələri təcili qərar qəbul etməzsə və Çindəki vəziyyət daha da dərinləşərsə, neftin qiymətinin 50 dollardan aşağı düşməsi qaçılmaz olacaq”.
Ən son məlumatlara görə, OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsi (JTC) neft hasilatını daha 600 min barrel azaltmağı tövsiyə edib.
Fevralın 4-5-də Vyanada toplaşan "OPEC+” Birgə Texniki Komitəsinin mütəxəssisləri koronavirusun yayılmasının qlobal neft tələbatına və iqtisadi artıma təsirini müzakirə edib.
Mənbələrə görə, məsləhətləşmələr nəticəsində neft hasilatının daha 600 min barrel azaldılması tövsiyə olunub. Lakin Rusiya məsləhətləşmələr üçün daha çox vaxt tələb edib. "OPEC+” üzrə növbəti iclasın martdan fevral ayına keçirilməsi barədə hələ qərar verilməyib.
Xatırladaq ki, OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib. Lakin iclasın fevralda təşkili istisna edilmir. Belə ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir.
2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə "OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər