• cümə, 29 Mart, 10:18
  • Baku Bakı 5°C

Nefti Liviya və ABŞ ucuzlaşdırır

22.06.17 10:30 1274
Nefti Liviya və ABŞ ucuzlaşdırır
Dünya birjalarında neft yenə ucuzlaşmaqdadır. Qiymətlər qısa müddət ərzində xeyli ucuzlaşaraq 45 dollar səviyyəsinə qədər enib. Bəs görəsən qiymətlərin birdən-birə sürətlə ucuzlaşmasının səbəbi nədir?
Mövzu ilə bağlı "Kaspi”nin suallarını cavablandıran "Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban deyir ki, qiymətlərin ucuzlaşmasının əsas səbəbi Liviyanın hasilatı artırmasıdır. Ekspert deyir ki, yaxın zaman ərzində qiymətlər təqribən 47 dollar civarında dəyişəcək: "Dünəndən başlayaraq neftin qiyməti 46 dollardan aşağı düşməyə başlayıb. Belə ki, dünən Liviya Almaniyanın İnterşel şirkəti ilə iki yatağın işlənməsinə dair saziş imzalayıb. Qeyd edim ki, bu yataqlar kifayət qədər neft ehtiyatı var və Liviya ötən ildən hasilatı kifayət qədər artırır. Ona görə də bazar iştirakçıları həyəcan təbili çalır. Çünki bu yataqlar işə düşdükdən sonra Liviya son dörd ildə hasilatı maksimum həddə çatdıracaq. Bu proseslərin fonunda isə bazarın vəziyyətinin yaxın zamanda necə dəyişəcəyi hələlik bilinmir. Ona görə də katirovkalar həddən artıq aşağı düşdü. Hesab edirəm ki, qiymətlərin sürətlə aşağı düşməsi məsələsinin kökündə məhz bu amil dayanır. Neftin qiymətlərinə dair proqnozlara gəldikdə isə deyə bilərəm ki, bundan sonra qiymətlərə bazarda baş verən sonrakı hadisələr təsir edəcək. Bununla yanaşı, OPEC ölkələrinin, əsasən Səudiyyə Ərəbistanı və Rusiyanın bu məsələyə necə reaksiya verəcəkləri də mühüm məsələlərdəndir. İndi görünür ki, Vyana sammitində hasilatın 1.8 milyon barrel aşağı salınması ilə bağlı uzadılan qərar artıq bazarda qiymətlərin stabilləşməsi və 55 dollar həddində saxlanması üçün yetərli deyil. Çünki həm Amerikada, həm də OPEC-ə daxil olan Nigeriya və Liviyada hasilat artdığına görə ümumi hasilatı azaltmaq lazımdır. Əgər yaxın gələcəkdə bu istiqamətdə addımlar atılmazsa, qiymətlər aşağı düşməkdə davam edəcək. Onu da qeyd edim ki, belə bir məqamda OPEC-in növbədənkənar iclası da istisna edilmir. Lakin hələlik heç bir ölkənin neft nazirinin bununla bağlı açıqlaması olmayıb. Ümumiyyətlə götürdükdə isə yaxın bir neçə ay ərzində neftin qiymətlərində hər hansı bir artım gözlənilmir. Qiymətlər avqust və sentyabr ayları ərzində təqribən 47 dollar ətrafında olacaq”.
İqtisadçı alim Vüqar Bayramov da mövzunu şərh edib. O bildirib ki, Yaxın Şərq ölkələri arasındakı gərginlik qiymətlərin qalxmasına mane olan əsas faktdır: "2017-ci ildə ilk dəfə olaraq Brent markalı neftin hər barelinin qiyməti 47 dollardan aşağı düşdü. Qətər ətrafındakı gərginlik və eləcə də ABŞ-da neft ehtiyatlarının artması fonunda neftin dünya bazar qiymətində azalmalar müşahidə edilməkdədir. Bu ilin ilk 4 ayında nisbətən stabil qalan neft qiymətlərinə Qətər gərginliyindən sonra OPEC anlaşmasının yerinə yetirilməsi ilə bağlı formalaşan inamsızlıq birbaşa təsir göstərməkdədir. Əslində, son proseslər göstərir ki, nəinki şist neft hasilatının artması və ya alternativ enerjidən istifadə imkanlarının genişləndirilməsi, eyni zamanda Yaxın Şərq ölkələrinin bir-biri ilə gərgin münasibətləri neftin qiymətinin yüksəlməsinə imkan vermir. Azərbaycan dövlət büdcəsində neftin bir barelinin qiymətinin 40 dollar nəzərdə tutulduğundan hələlik mövcud qiymət ölkəmiz üçün məqbul hesab edilə bilər. Bununla belə, əvvəllər də qeyd etdiyimiz kimi, neftin dünya bazar qiymətinin 40 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Bu tədiyyə balansına və xüsusən də ölkəyə daxil olan valyutanın həcminə mənfi təsir göstərəcək. Bu baxımdan, fiskal konsolidasiyanın növbəti mərhələsi struktur islahatlarının sürətləndirilməsi formasında həyata keçirilməlidir. Struktur islahatlarının genişləndirilməsi yalnız büdcə vəsaitlərinə qənaət deyil, eyni zamanda müxtəlif sektorların idarə edilməsində çevikliyin və səmərəliyinin gücləndirilməsi baxımdan da vacibdir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər