• cümə axşamı, 28 mart, 14:05
  • Baku Bakı 16°C

Neft sahəsində yeni razılıq

02.12.17 11:00 4154
Neft sahəsində yeni razılıq
Vyanada OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı razılıq əldə olunub.Trend-in məlumatına görə, OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. İclasın yekunlarına dair Energetika Nazirliyinin mətbuat xidmətinə açıqlama verən energetika naziri Pərviz Şahbazov deyib ki, iclasda Vyana sazişinin imzalanmasından ötən bir il müddətində dünya neft bazarında vəziyyət təhlil edilib. Dünya iqtisadiyyatının inkişaf templəri, gözləntilər, neft, neft məhsullarına tələbatı əks etdirən təqdimatlar edilib. OPEC rəhbərliyi tərəfindən saziş iştirakçısı olan ölkələrin öhdəliklərin yerinə yetirilmə səviyyəsi dəyərləndirilib. Neftin qiymətində tərəddüdlərin tədricən sabitləşmə ilə əvəz olunması, son dövrdə neftin bir barrelinin qiymətinin 60-63 dollar səviyyəsinə yüksəlməsi, təklifin həcminin aşağı düşməsi, neft ehtiyatlarının nisbətən azalması və neft bazarında tarazlığın qismən bərpası OPEC+ çərçivəsində əməkdaşlığın mütərəqqi nəticələri kimi qeyd olunub.
Bununla belə, Vyana razılaşmasını zəruri edən problemlərin tam aradan qalxmadığı əsas gətirilərək, Monitorinq Komitəsinin 2018-ci ilin martından sonra neft hasilatının azaldılması üzrə sazişin uzadılması təklifi irəli sürülüb və yekdilliklə razılaşdırılıb. Hasilatın əlavə həcmdə azaldılması məqsədəuyğun hesab edilməyib və öhdəliklərin olduğu kimi saxlanması qərara alınıb.
Energetika naziri Pərviz Şahbazov çıxışında bazarda qiymət sabitliyi üçün mühüm faktor olan tələbatın artmasının yaxın perspektivdə proqnozlaşdırılmadığını vurğulayaraq bildirib ki, neftin hazırkı qiymət diapazonunda saxlanılması üçün davamlı dəstək verilməlidir. Nazir tədbirdə yeni ölkələrin iştirakını təqdir edərək, bunu prosesin irəli aparılması üçün mühüm addım hesab edib. Pərviz Şahbazov OPEC çərçivəsində irəli sürülən təşəbbüslərə ilk vaxtdan qoşulan Azərbaycanın gündəlik hasilatı 35 min barel azaltmaqla bağlı üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirdiyini diqqətə çatdırıb: "Azərbaycan dövləti olaraq mövqeyimiz bundan ibarətdir ki, hasilatın azaldılması ilə bağlı sazişin gələn ilin sonuna kimi uzadılması məqsədəuyğundur və belə bir qərar neft bazarında əldə etdiyimiz nailiyyətləri uzunmüddətli etməklə, daha da möhkəmləndirə bilər”.
Görüşün yekununda OPEC və təşkilata daxil olmayan ölkələr "Əməkdaşlıq Bəyannaməsi”nə imza atıblar. Azərbaycan da OPEC və qeyri-OPEC ölkələrinin bu anlaşmasını ölkənin maraqlarına uyğun hesab edərək, öz dəstəyini ifadə edib.
Razılaşma ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şaban"Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycan bu sazişə əslində 2016-cı il dekabrın 10-da qoşularaq, OPEC-in hasilatının azaldılması ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirib: "Beləliklə, Azərbaycan neftin ədalətli qiymətinin bərpa olunmasına öz dəstəyini nümayiş etdirib. Yəni qoşulmanın əsas səbəbi budur. O zaman "biz elə də böyük həcmdə neft ixrac etmirik” deyib, həmin sazişə qoşulduğuna görə, Azərbaycanı ölkə daxilində qınayanlar da vardı. Həmin şəxslərin bunu sadəcə, özünüreklam naminə etdikləri bu gün bəlli olur. Həmin vaxt qeyd etmişdim ki, Azərbaycan bununla hansı cinahda olduğunu nümayiş etdirir. Yəni bir neft ixracatçısı olan ölkə kimi göstərir ki, indiki qiymətlər onu qane edir və ya etmir. Və həqiqətən də ötən bir il ərzində neftin orta qiyməti təqribən 30 faizə yaxın artdı. Azərbaycanın da mövqeyi, yəni düzgün qərar qəbul etməsi özünü doğrultdu. Azərbaycan indi də mövqeyindən çəkilməyərək yenə də həmin ölkələr sırasında olduğunu təsdiqlədi. 2018-ci ilin sonunadək qeyri OPEC ölkəsi olaraq həmin çağırışa səs verdi və neft hasilatının artırılmamağı yönündə addımlar atacağını göstərdi”.
Müsahibimizdən bu addımın neftin qiymətinə necə təsir edəcəyini də soruşduq: "Qiymət bundan sonra bazarda gedən proseslərdən asılı olacaq. 2018-ci il üçün hazırda dünya bankının ilkin olaraq açıqladığı rəqəm mövcuddur. Buna əsasən də cari ilin orta qiyməti ilə müqayisədə, 3 dollar artım müşahidə olunacaq. Yəni orta qiymətin 56 dollar olacağı gözlənilir. Bu o deməkdir ki, Azərbaycan neftinin orta ixrac qiyməti indikindən təqribən 1.5 dollar artıq olar bilər. "Bəs reallıq nədən ibarətdir?” sualına gəlincə isə onu deyə bilərəm ki, neftin qiyməti təkcə OPEC-in atdığı addımlarla şərtlənmir. Neftin qiyməti bir çox parametrlərdən asılıdır. Burada siyasi, klimatik faktorlar var”.
Ekspert bildirdi ki, neftin qiymətinin formalaşması bir sıra mürəkkəb mexanizmlərdən asılıdır: "Məsələn, Meksika körfəzindəki qasırğalar neftin qiymətinin artmasında kifayət qədər rol oynadı. Həmçinin çoxlu sayda neft quyularının dayanması da qiymət artımına təsir edir. Artımda siyasi gərginliklərin də rolunu qeyd etmək lazımdır. Dünyanın aparıcı istehsalçıları olan neft ölkələrində ümumi makroiqtisadi göstəricilər də neftin qiymətinə yetərincə təsir edən amillərdəndir. Neft o xammallara aiddir ki, onun qiymətinin formalaşması mürəkkəb mexanizmlərdən asılıdır. Ancaq bunun sırasında hasilat kifayət qədər xüsusi çəkiyə malikdir. 2017-ci ilin yanvar ayının 1-dən dünya bazarında ümumilikdə təqribən 1.8 milyon barelə qədər gündəlik neft hasilatının azaldılmasına nail olundu ki, bunun hesabına qiymət artımı baş verdi. Əks təqdirdə bu nailiyyət əldə edilməyəcəkdi”.
Günel Azadə
banner

Oxşar Xəbərlər