AZE | RUS | ENG |


Neft Fondunun 7,5 milyardlıq dəstəyi manatın məzənnəsini sabitləşdirəcək

Neft Fondunun 7,5 milyardlıq dəstəyi manatın məzənnəsini sabitləşdirəcək
İqtisadçılar hesab edirlər ki, öhdəliklər icra olunarsa, neftin qiymətində kəskin azalmalar və digər fors-major halları baş verməzsə, manatın mövcud məzənnəsini qoruyub saxlamaq mümkün olacaq 
 
 

Məlum olub ki, 2017-ci ildə Neft Fondu "Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə”  Mərkəzi Banka 7,5 milyard manat (təxminən 4,2 milyard dollar) transfert etməsi nəzərdə tutulur. Bundan başqa, Fondun dövlət büdcəsinə 6,1 milyard manat (təxminən 3,5 milyard dollar) köçürməsi nəzərdə tutulub. Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 milyard 370 milyon  589,8 min manat, xərcləri isə 14 milyard  483 min 856,0 min manat məbləğində təsdiq edilib. Qeyd edək ki, Neft Fondunun 2016-cı il büdcəsinin xərcləri  cəmi 8 milyard 181 milyon 399,7 manat təsdiq edilmişdi. Ötən il Fondun xərclərində "Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert” nəzərdə tutulmamışdı. Baş verən proseslərin fonunda həmçinin,  ötən gün Mərkəzi Bankın sədri Elman Rüstəmovun imzası ilə banklara məktub daxil olub. Toplantıda müzakirə olunacaq məsələlərlə bağlı hələ ki, ictimaiyyətə məlumat verilmir.  Ancaq iclasda ölkə başçısının Nazirlər Kabinetinin iclasında banklarla bağlı səsləndirdiyi tənqidi fikirlərin, dolların alış qiymətinin aşağı salınması, Dövlət Neft Fondu tərəfindən Mərkəzi Banka ilk dəfə ediləcək transfert və s kimi aktual məsələlərin müzakirə olunacağı gözlənilir. Bəs görəsən bütün bunlar manatın məzənnəsinin tənzimlənməsinə necə təsir edəcək? 

İqtisadçı alim Vüqar  Bayramov mövzunu şərh edərək  bəzi vacib məqamları vurğulayıb: "Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri 14 milyard 483 milyon manat təsdiq edilib. Bunun təxminən 700 milyon manata yaxın hissəsi birbaşa valyuta formasında ödəniləcək xərclərdir. Bu isə o deməkdir ki, əgər fond öhdəliklərinə əməl edərsə, o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə milli valyutaya çevrilərsə, o zaman 13.8 milyard manata yaxın pulu il ərzində hərraclar vasitəsi ilə almalıdır. Bu isə indiki rəsmi və ya hərrac məzənnəsi ilə 7 milyard 750 milyon dollar satış deməkdir. Nəticədə, fond öz öhdəliklərinə əməl edə bilərsə, o zaman 2017-ci ildə hər ay orta hesabla 645 milyon dolları hərraca çıxaracaq. Qeyd edim ki, 2016-cı ildə fondun hərraclarda satdığı valyutanın aylıq orta məbləği 408 milyon dollar olub. Deməli, əgər fond öhdəliklərinə tam əməl edərsə və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə manata çevrilərsə, o zaman aylıq olaraq 2017-ci ildə əvvəlki il ilə müqayisədə 237 milyon dollar daha çox valyuta hərracda satıla bilər. 2016-cı ilin yanvarında pul bazasının 5,786 milyard manatdan ötən ilin noyabrında 7,448 milyon manata yüksəlib. 30 faizə yaxın artan pul bazası özünü eyni zamanda milli valyutanın rəsmi kursunda 15 faizlik azalma ilə müşahidə edilib. Deməli, pul bazasının artması fonunda ötən il manatın məzənnəsində də azalmalar qeydə alınıb. Bu isə o deməkdir ki, indi 1 dollara ilə hətta 2016-cı il illə müqayisədə daha çox manatı dövriyyədən çıxarmaq mümkündür”.
 
 

İqtisadçı deyir ki, eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin xərcləmələri, xaricdə və xüsusən də Rusiyada yaşayan həmyerlilərimizin remitensilərini və eləcə də qeyri-neft ixracatının həcmini nəzərə alsaq, Neft Fondunun öhdəliklərinə tam əməl edəcəyi halda bu il valyuta bazarına daha çox dolların daxil olacağı şübhəsizdir: " Başqa tərəfdən, dollarlaşma səviyyəsi 90 faizə yaxınlaşıb və bazarda tarazlıq əldə edilərsə, əks-dollarlaşma prosesinə başlanılarsa, o zaman bazarın da dollar təklifi hiss edilən dərəcədə arta bilər. Qeyd edim ki, Neft Fondunun Mərkəzi Banka transferləri indiki məzənnə ilə təxminən 4 milyard dollardan bir az artıqdır. Ümumilikdə Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manatlıq transfer doğru addımdır”. Ekspert hesab edir ki, bununla belə, Mərkəzi Bankın pul-kredit siyasətinin də dəyişdirilməsinə ehtiyac var. Valyuta bazarında cari tələbi ödəyib çevik siyasətlə əks-dollarlaşma prosesinə başlamaq baş bankın əsas hədəfi olmalıdır: "Əgər Neft Fondunun öhdəliklərinə tam əməl edərək makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də daxil olmaqla 7.7 milyard dolları hərraclarda satarsa və neftin dünya bazar qiymətində kəskin azalmalar və eləcə də digər fors-major halları baş verməzsə (məsələn, əmanət portfeli böyük olan bankın və ya bankların bağlanması) o zaman Mərkəzi Bank manatın dollara mövcud məzənnəsini müəyyən kənarlaşmalar ilə qoruyub saxlamağa çalışacaq. Təbii ki, qeyd etdiyimiz faktorlardan hər hansı proqnozlaşdırıldığı kimi olmazsa, o zaman yenə də dolların manata nisbətən möhkəmlənməsi qaçılmaz olacaq”.

V.Bayramov qeyd edib ki, digər tərəfdən, nəzər almaq lazımdır ki, valyuta bazarında Mərkəzi Bankın inzibati müdaxiləsi yenə də qalmaqdadır və bu da bazardakı vəziyyətə əsasən proqnoz verməyi, praktik olaraq, mümkünsüz edir: "Bu baxımdan, manatın mövcud məzənnəsinin qorunub saxlamaq Mərkəzi Bankın hədəfi kimi görünsə də, hətta ötən il ilə müqayisədə daha çox valyuta təklifi fonunda belə, bu, heç də asan vəzifə olmayacaq. Liberal üzən məzənnəyə gəlincə isə, mən hələ ötən ilin əvvəllərində 2017-ci ildə liberal üzən məzənnəyə keçidin mümkünlüyünü qeyd edirdim. Bu artıq strateji milli yol xəritəsinə daxil edilib. Bu isə o deməkdir ki, əgər 2017-ci ildə liberal üzən məzənnəyə keçilməsə, o zaman yol xəritəsinin əsas fəaliyyətlərindən biri həyata keçirilməyəcək və bu da digər fəaliyyətlərin reallaşmasına təsir edəcək. Bu baxımdan, xüsusi fors-majorla baş verməzsə, liberal üzən məzənnə siyasətinə keçid gözləniləndir. Əslində, valyuta bazarında daha çox dolların çıxarılmasının planlaşdırılması və bunu nəticəsində manatın bazasının məhdudlaşdırılmasına nail olunması liberal məzənnəyə keçidə gətirib çıxara bilər. Liberal məzənnə siyasətinə keçid olmada real sektora "isti pulların” daxil olmasını reallaşdırmaq çətin olduğundan, bu fəaliyyətin yol xəritəsində daxil olması anlaşılandır. Əvvəllər də təklif etdiyim kimi, Mərkəzi Bank cari tələb ödəməklə, əks-dollarlaşma prosesinə başlamaqla liberal məzənnə siyasətinə keçid edən zaman da manata pisxoloji təzyiqləri minimumlaşdıra bilər. Hər halda, hansı qərarın veriləcəyini proqnozlaşdırmaq asan olmasa belə, liberal məzənnə siyasətinə keçid istisna edilmir”.
 
 

İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, sənəddə xərclərə dair bir istiqamət - makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka transfertin yuxarı həddinə dair müddəa çoxlarını təəccübləndirib. Bu da təbiidir. Çünki indiyədək ARDNF-ın heç vaxt belə transferti nəzərdə tutulmamışdı. ARDNF-dan hər il yalnız dövlət büdcəsinə transfert həyata keçirilirdi ki, bu da dövlətin əsas maliyyə sənədində gəlirlərin 50 %-dən yuxarı təşkil edirdi. Son illər ərzində isə bunun azaldılması siyasəti həyata keçirilməkdədir. 2017-ci ildə Fonddan dövlət büdcəsinə 6 milyard 100 milyon manat transfert nəzərdə tutulub. Bu da indiki kursla 3 milyard 400 milyona yaxın ABŞ dolları edir. Yəni, ARDNF məhz bu məbləğdə valyutanı AMB-nin cari il ərzində keçirəcəyi valyuta hərraclarına çıxararaq satacaq ki, dövlət büdcəsinə nəzərdə tutulan 6 milyard 100 milyon manat transferti həyata keçirdə bilsin. AMB-nin özünün isə rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard dollara yaxına qədər endiyindən keçirəcəyi hərraclara dollar çıxartmaq imkanı yoxdur. SOCAR-a gəldikdə isə, bir sıra ölkə layihələrin icrası üçün onun hələ özünə xarici valyuta lazımdır. Çünki bunlar ölkə iqtisadiyyatı üçün əhəmiyyətlidir. Ölkədə isə adları çəkilən bu 3 qurumdan savayı dollar təklif edə bilən subyekt yoxdur. Üstəlik, valyuta bazarımızda vəziyyət isə məlumdur”.

Ekspert bildirdi ki, cari il üçün hökumətin nail olmaq istəyəcəyi əsas hədəf məhz inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq: "Və bu, 2017-ci ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq. 2017-ci il üçün inflyasiya rəsmi olaraq 7,3 % səviyyəsində nəzərdə tutulub. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev də bəyan etdi ki, inflyasiya birrəqəmli səviyyəyə salınmalıdır. Sözügedən sahədə isə vəziyyət belədir ki, manat əgər, yenə keçən ilki tempdə ucuzlaşmaqda davam edərsə, inflyasiya yüksək olacaq, yəni onu birrəqəmli səviyyədə cilovlamaq mümkün olmayacaq. Əksinə, manatın dəyərsizləşməsi prosesinin qarşısını almaq, başqa sözlə desəm, maksimum məhdudlaşdırmaq mümkün olarsa, inflyasiya enəcək. Çünki bizdə inflyasiyanı alovlandıran manatın dəyərsizləşməsi prosesidir. Bununla əlaqədar olaraq, idxal malları bahalaşır. İstehlak bazarımız isə təəssüf ki, idxaldan hələ ki asılı vəziyyətdədir. Düzdür, neftin dünya bazar qiymətləri qalxmaqda davam edərsə, manatın dəyəri sabitləşəcək. Başqa sözlə, inflyasiya cilovlanacaq. Ancaq təkcə, buna bel bağlamaq olmaz axı. Odur ki, olduqca təqdirəlayiq hal olaraq, Neft Fondunun 2017-ci il üçün büdcəsindən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka 7 milyard 500 milyon manat transfert planlaşdırılmışdır. Ancaq burada bir nüans var. Həm dövlət büdcəsinə və həm də AMB-ə ediləcək transfertlər ilə bağlı müddəalarda "transfertin yuxarı həddi " sözləri nəzərdə qaçırılmamalıdır. Yəni, hər şey bazardakı vəziyyətdən asılı olacaq. Hesab edirəm ki, daxili valyuta bazarında "alovu yatdırmaq" üçün il ərzində 5-6 milyard dollar təklifi ilə kifayət edəcək. Yaddan çıxarmaq olmaz ki, manatın dəyəri həm də istehsaldan asılıdır”.
 
Şəbnəm Mehdizadə
 
 
 

 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6567
GBP 1 İngilis funt sterlinqi 2.1552
TRY 1 Türk lirəsi 0.4788
KWD 1 Küveyt dinarı 5.6845
SEK 1 İsveç kronu 0.1949
EUR 1 Avro 1.8425
CHF 1 İsveçrə frankı 1.7304
USD 1 ABŞ dolları 1.7352