• cümə axşamı, 28 mart, 14:31
  • Baku Bakı 16°C

Neft bolluğu yaranan bazar

03.08.17 10:30 1155
Neft bolluğu yaranan bazar
Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan neft hasilatçıları avqustun 7-8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində təcili iclas keçirəcək. Bu barədə OPEC məlumat yayıb. Məlumatda deyilir ki, iclasa Küveyt və Rusiya nümayəndələri sədrlik edəcəklər. Əsas müzakirə obyekti təşkilata üzv ölkələrin öhdəliklərini tam yerinə yetirməməsi məsələsi olacaq. İclasa dəvət olunan ölkələrin hamısı hələ ki, iştirak edəcəklərini təsdiqləməyiblər. OPEC-in monitorinq komitəsinə üzv olan Əlcəzair və Venesuela böyük ehtimalla, iclasa qatılmayacaq. Beynəlxalq Energetika Agentliyinin (İEA) məlumatına görə, bu iki ölkə öz öhdəliklərinə orta hesabla, müvafiq olaraq 70% və 39% əməl edib. Digər problemli ölkələr isə İraq və BƏƏ-dir ki, onlar da öhdəliklərini müvafiq olaraq 29% və 60% yerinə yetiriblər. İEA-dan verilən məlumatda həmçinin bildirilir ki, iyun ayında OPEC+ neft hasilatının azaldılması anlaşması üzrə öhdəlik ümumiyyətlə, 78% yerinə yetirilib. May ayında bu göstərici 95% təşkil edib.
Bəs görəsən nöbəti görüşün nəticələri neft bazarına necə təsir edəcək?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şaban"Kaspi”yə açıqlamasında bildirdi ki,bu görüş monitorinq komitəsinin iclasıdır: "Bu komitə OPEC-in konfransda çıxardığı qərarlara ümumi nəzarət edir. Komitədə Vyana konqresində OPEC-in dəyişilən kvotalarına nəzarət edilir. Çünki sözügedən kvotalar Nigeriya və Liviya kimi ölkələrə şamil edilməyib və 2017-ci ilin ilk 6 ayında onlar öz hasilatlarını kifayət qədər artırdılar. Mayın 25-də keçirilən konfransda da həmin dövlətlərə hər hansı bir limit tətbiq edilmədi. Bu da həmin ölkələrin iqtisadiyyatına dəyən zərərlərlə bağlı idi. Çünki Liviyada münaqişə baş vermişdi, Nigeriyada isə etnik münaqişə nəticəsində hasilat kəskin azalmışdı. Həmin ölkələrin neft şirkətlərinin infrastrukturu dağıdıldığından hasilat dayandırılmışdı və bu işin bərpası gedirdi. Ona görə də təşkilat bu qərara etiraz etmədi”.
İ.Şaban bildirdi ki, qiymətlər cari ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artıb: "Başqa bir məsələ isə bunkerlərdə saxlanılan neftin bazara çıxarılaraq satışıdır. Digər tərəfdən, sazişə razılıq verən ölkələrin özlərinin hasilat həcmi haqqında verdiyi açıqlamalar reallıqdakı satış rəqəmləri ilə uzlaşmır. Ona görə də neft bazarı ümumiyyətlə, şəffaflıq baxımından kifayət qədər qəliz olan xammal bazarına çevrilib. Bu gün bazarda nə qədər neftin realizə olunması, rəsmi və real rəqəmlər bir qədər mürəkkəb məsələyə çevrilib. Düzdür, tələb-təklif məsələsində həmişə müəyyən uyğunsuzluqlar olur. Lakin istənilən halda, OPEC-in monitorinq komitəsi nizam-intizam məsələsini gücləndirməlidir. Çünki hazırda İraqda hasilat artımı məsələsi də gündəmdədir. Vyana konfransının şərtlərinə razılıq verən qeyri-OPEC ölkələri də reallıqda, hasilatı artırıblar. Lakin onlar deyilən kvotaya sadiq olduqlarını bildirirlər. Məsələn, Qazaxıstan böyük Kaşalan yatağını işə saldıqdan sonra hasilatı 100 min barrel artırıb. Amma Qazaxıstana keçən il 20 min barrelə qədər hasilatı azaltmaq kvotası qoyulmuşdu. Yəni kartelə üzv olmayan ölkələr də paktın şərtlərinə heç də tam əməl etmirlər. Həmçinin, ABŞ da ötən illə müqayisədə 800 min barrelədək neft hasilatını artırıb. Bu o deməkdir ki, reallıqda OPEC bu hasilat çərçivəsində qarşısına qoyduğu məqsədlərə yəni, neftin qiymətinin 55-60 dollar civarında dəyişməsinə nail ola bilməyəcək. Çünki bazarda kifayət qədər neft bolluğu var”.
Neft-qaz məsələləri üzrə mütəxəssisZəfər Vəliyev bildirdi ki, Abu-Dabidə planlaşdırılan görüşdə əsas məqsəd Vyana paktının icra vəziyyətinin bir daha müzakirə edilməsidir: "Görüşdə bu pakta imza atan dövlətlərin sazişin müddəalarına və şərtlərinə nə dərəcədə əməl etdikləri bir daha müzakirə ediləcək və lazım gələrsə, bu sahədə əlavə tədbirlər görüləcək. Lakin məsələ burasındadır ki, tədbir ərəfəsində mətbuata kartelin aparıcı üzvlərinin Vyana sazişinin şərtlərinə heç də gözlənilən səviyyədə əməl etmədiyinə dair məlumatlar sızır. Neftin qiymətində nəzərə çarpacaq dəyişikliyin olmamasının əsas səbəblərindən biri də məhz bu amildir. Belə ki, OPEC və qeyri-OPEC ölkələrinin hasilat həcmlərinin azaldılması ilə bağlı imzaladıqları sazişə əməl etməməyi və sazişin effektiv fəaliyyət göstərməməyi qiymətlərin artımına mane olur. Ona görə də nəzarətedici komitə ixrac həcmlərinə nəzarət etməlidir. Əgər həcmlərdə azalmalar olmasa, beynəlxalq enerji bazarlarında tarazlığın bərqərar olmasını təmin etmək olduqca çətin olacaq. Bu baxımdan, keçən il imzalanan və bu ilin yanvar ayından qüvvəyə minən Vyana sazişinin şərtləri ilə ixrac həcmlərində azalmalar olduğu müddətdə, effektiv nəticə əldə etmək olar. Məsələn, tarazlığın bərqərar olmasına ən iddialı dövlətlərdən biri olaraq Səudiyyə Ərəbistanının iyun ayında sutkalıq ixrac həcmləri 7 milyon 800 min barreldən yuxarı olub. İyul ayında isə bu rəqəm 7 milyon 200 min olub. Avqust ayında Səudiyyə Ərəbistanı hasilatı daha bir milyon azaldaraq 6,6 milyon barrel həcmində planlayır. Əslində Səudiyyə Sankt-Peterburq görüşündən daha əvvəl bir milyon barrel azalma nəzərdə tutsa da, nə iyun, nə də iyul ayında buna əməl etməyib. Burada iki əsas məqsəd var. İlk növbədə ABŞ-a yönələn ixrac həcmlərini azaltmaqla onun kommersiya ehtiyatlarının azalmasına nail olmaq və ikinci növbədə, yay mövsümündə neftə olan daxili tələbatı qarşılamaqdır. Çünki yayda Səudiyyə Ərəbistanında xam neftə olan tələbat qış və payızla müqayisədə sutkalıq 300 min barrel artır”.
Ekspert qeyd etdi ki, son dövrlərdə neftin qiymətində müəyyən sıçrayışların olması heç də fundamental amillərlə bağlı deyil: "Burada əsasən ABŞ-ın kommersiya ehtiyatlarının azalması, qazma aktivliyinin zəifləməsi, həmçinin Çinin istehsal sektorunda işgüzar aktivlik indeksinin artması və s. amilləri nəzərə almaq lazımdır. Son dövrlərdə neftin qiymətindəki dəyişikliklər yumşaq mütəhərrik faktorlarla bağlıdır. Məsələn, dövriyyəyə buraxılan spekulyativ bəyanatlar müəyyən vədlər və bazarda möhtəkir addımlar qiymətlərə təsir göstərir. Görüşdə əsas müzakirə olunası məsələlərdən biri də OPEC və qeyri OPEC dövlətlərinin özlərinin ixrac həcmlərində azalmalara getməsidir. Lakin heç kim bu azalmalara getmək fikrində deyil. Çünki heç kim əlində olan real bazarı itirmək istəmir. OPEC və ya qeyri -OPEC ölkələrindən heç biri ixracatın azalması, yeni bazarların fəth edilməsi və ya illərlə əllərində olan bazarın saxlanılması məsələsində heç kim güzəştə getmək istəmir. Ona görə də qarşıdakı aylarda neftin qiymətində ciddi artım müşahidə olunmayacaq. Hazırda neftin qiyməti əsasən ABŞ-dan gələn informasiya ilə bağlıdır. Yəni neft bazarı ABŞ-dan gələn informasiyalara o qədər aludə olub ki, oradan gələn istənilən informasiya bazara ciddi təsir edir. Əgər növbəti aylarda ABŞ bazarlarında hasilat həcmlərində azalma müşahidə edilərsə, neftin qiymətində müəyyən artımlar olacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər