• cümə, 29 Mart, 09:45
  • Baku Bakı 5°C

Neft bazarında yaranan pozitiv ab-hava

08.01.21 17:30 935
Neft bazarında yaranan pozitiv ab-hava
Ekspertlərin fikrincə, tənzimləmə prosesi həssas yanaşma tələb edir
Dünya Bankının 2021-ci ilin ilk "Qlobal İqtisadi Perspektivləri” hesabatında il ərzində dünya üzrə neft qiymətlərinin 8,1 faiz artacağı proqnozlaşdırılıb. Hesabata əsasən, 2022-ci ildə dünya bazarında neft qiymətlərinin 13,6 faiz artması 2021-ci ildə isə neftin orta qiymətinin 44 ABŞ dolları civarında olması gözlənilir. Eləcə də, 2022-ci il proqnozuna görə, neftin bir barrel üçün orta qiyməti 50 ABŞ dollarına yaxın olacaq. Bəs neft bazarındakı bu dəyişiklik dünya və Azərbaycan bazarına necə təsir edəcək?
İlin razılaşması...
2020-ci il pandemiya ili ilə yanaşı, neft bazarı üçün həqiqi bir şok oldu. Neft sənayesi OPEC+ sazişi sayəsində özünə gəlməyə başladı. Ancaq bu razılaşma qalmaqalla başladı. Rusiya və OPEC + alyansı 2017-ci ildən bəri qüvvədə olan qiymətləri dəstəklədi, müqavilənin müddəti 1 aprel tarixində bitsə də iştirakçılar Vyanadakı görüşdə yeni azalmalar barədə razılığa gələ bilmədilər. Çünki Səudiyyə Ərəbistanı kartel istehsalının gündə 1,5 milyon barel azalmasını istəyirdi . Bu, 2008-ci ildən bəri ən böyük göstərici olacaqdır.
Neft qiymətləri 9 mart tarixində 30 faiz azaldı. Nəticədə brent markalı neftin barreli 31 dollara düşdü, 1 apreldə isə qiymət bir barrel üçün artıq 25 dollara bərabər idi. Ancaq 10 aprel tarixindəki ikinci cəhddə Moskva və Riyad, təxminən on saatlıq danışıqlardan sonra, neft hasilatının azaltmasına dair razılığa gəldilər . Kartel gündə 9.7 milyon barrel az istehsal edəcəyinə qərar verdi.
Aprel ayının sonundan etibarən neftin qiymətləri bərpa olunmağa başladı və iyunun ortalarında barrel qiyməti 40 dollara çatdı. Qiymətlər dekabr ayının sonunda ən yüksək həddə çatdı və bir barrel üçün 52,26 dollar təşkil edirdi, lakin yeni koronavirus növü və yeni hava trafiki məhdudiyyətləri xəbərləri səbəbindən enməyə başladı. Bundan sonra neft bazarında yenidən hərəkətlilik başlandı. Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barrel artırılması, "OPEC +” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırıldı.
"OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edildi. Yeni razılaşmaya əsasən, "OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel təşkil edəcək.
"Bu qərar bazarda çox pozitiv ab-hava yaratdı”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "OPEC +” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərarın hazırkı qiymətlərə müsbət təsir etdiyini təsdiqləyib. Həmsöhbətimiz əlavə edib ki, bu tendensiyanın bazarda nə qədər davam edəcəyi hələlik məlum deyil: " 13-cü iclasda baş tutan hərraclarda neft qiymətləri 53,84 dollara qədər bahalaşdı. Bir gün ərzində bu, kifayət qədər yüksək göstəricidir. Bazar iştirakçıları "OPEC+” çərçivəsində nazirlərin görüşünü və qəbul edilən qərarları böyük ruh yüksəkliyi ilə qəbul etdilər. Nəticədə, neftin qiymətlərində gün ərzində dörd faizdən çox bahalaşma qeydə alındı. Qərar isə məlum olduğu kimi, ondan ibarətdir ki, 2021-ci ilin fevral-mart aylarında neft hasilatı artmayacaq və yanvar səviyyəsində qalacaq. O cümlədən, Azərbaycan gündəlik neft hasilatını 595 min barel səviyyəsində nəzərdə tutub və bura kondensat daxil deyil”.
İ.Şaban xüsusilə qeyd edib ki, Səudiyyə Ərəbistanının hasilatı bir milyon barrelə qədər azaltması centlmen addım hesab edilə bilər: "Nəticə etibarilə bu, bazarda çox pozitiv ab-hava yaratdı. İndi isə mövcud tendensiyanın nə qədər davam edəcəyini gözləmək qalır. Bazarın özündə müsbət enerjinin neft qiymətlərini hansı səviyyəyə qədər yüksəltməyə kifayət edəcəyi sual altındadır”.
Kəskin artma gözlənilmir
"Forbes”in araşdırmasına əsasən, neft və qaz analitikləri 2021-ci ildə kotirovkaların sürətli artacağını gözləmirlər və neftin orta hesabla bir barrel üçün 50-55 dollar arasında dəyişəcəyini qəbul edirlər. Araşdırmaya görə, neft qiymətləri bir sıra amillərlə məhdudlaşacaq. Ekspertlər bir barrelin orta qiymətinin təxminən 50 dollar olacağını gözləyərkən, yığılmış ehtiyatların hələ də yüksək səviyyədə olduğunu, Liviyada və potensial olaraq İranda istehsalın artması və "lokdaunların” riskini qeyd edir. "Forbes” agentliyinin sorğu keçirdiyi analitiklər kotirovkaların partlayış şəklində böyüməsini düşünmürlər, lakin yanacağa tələbin artması fonunda tədricən böyümə gözləyirlər: "Neft sənayesi bütün dünyada koronavirusdan ən çox təsirlənən sahələrdən birinə çevrildi. "Lokdaun” zamanı yükdaşımanın böyük bir hissəsi dayandırıldı və bu səbəbdən yanacağa tələb azaldı. Yanacağa tələbin artması fonunda, tədricən böyümə ola bilər. Koronavirus peyvəndi geniş miqyasda tətbiq olunarsa, ilin sonunadək neft qiymətlərini 55 dollar səviyyəsinə çıxara bilər. OPEC + tədbirləri və alyansın hasilatı daha yavaş sürətlə artırmaq qərarı, həmçinin qlobal iqtisadiyyatın bərpası və neftə tələbin artması qiymətləri artıra biləcək”.
Beynəlxalq Enerji Agentliyi (BEA) neft məhsullarının istehlakının gələn il 2019-ci il səviyyəsinin 97-99 faizə çatacağını gözləyir. Bu da öz növbəsində qiymətlərə müsbət təsir edəcək. Neft bazarı üçün əsas dəstəkləyici faktor rolunu iqtisadiyyatı daha sürətlə bərpa olunan Asiya ölkələrində tələbin artması oynaya bilər.
"Hasilatın kəskin azaldılmasından artırılmasına keçid tədricən və ehtiyatlı olmalıdır”
Energetika Nazirliyindən verilən məlumata görə, Azərbaycanın bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. "Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayacaq. "OPEC +” ölkələri arasında bu anlaşmanın əldə edilməsində, neft bazarında sabitliyin bərqərar olması məqsədilə dialoqun davam etdirilməsində və tərəflərin razılığa gəlməsində Azərbaycanın bu töhfəsi yüksək qiymətləndirilib.
Azərbaycanın Energetika naziri Pərviz Şahbazov pandemiyadan irəli gələn qeyri-müəyyənliklərin neft bazarına təzyiqinin davam etdiyini və tələbatın gözlənildiyindən zəif bərpa olunduğunu əsas gətirərək bildirib ki, tənzimləmə prosesinə həssas yanaşma zəruridir: "Bizim üçün əsas məqsəd bazarda tələb-təklif balansının təmin olunması və onun qorunub saxlanılmasıdır. Ona görə də hesab edirəm ki, hasilatın kəskin azaldılmasından artırılmasına keçid tədricən və ehtiyatlı olmalıdır.”
"Azərbaycanda iqtisadi fəaliyyət genişlənəcək”
Məlumat üçün bildirək ki, Dünya Bankı Azərbaycanda iqtisadi artımı proqnozlaşdırır. Dünya Bankının Qlobal İqtisadi Perspektivləri yanvar hesabatına əsasən, Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) artımı 2021-ci ildə 1,9 faiz, 2022-ci ildə isə iqtisadi artım 4,5 faizə çatacaq. Dünya Bankının hesablamalarına görə, 2020-ci ildə COVID-19 səbəbindən Azərbaycanın ÜDM-də azalma 5 faiz təşkil edəcək: "2021-ci ildə Pandemiya və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli sarsıntılar tədricən arxa plana keçdikcə Cənubi Qafqaz alt bölgəsində böyümənin 2.5 faiz səviyyəsində olması proqnozlaşdırılır. Bundan əlavə, turizmin bərpası və istehlakçı və işgüzar inamın artması bölgədə böyüməyə təkan verəcək”.
Dünya Bankının təxminlərinə görə, neft qiymətləri sabitləşdikcə, 2021-ci ildə Azərbaycanda iqtisadi fəaliyyət genişlənəcək. Bundan əlavə, ölkə iqtisadiyyatı investisiyalardan və Qarabağın bərpasına xərclənən vəsaitlərdən faydalanacaq. Azərbaycan və Ermənistan arasında sülhün elan edilməsi, öz növbəsində, bölgədəki geosiyasi gərginliyi azaldacaq.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə isə 2020-ci ilin sonuna qədər Azərbaycanın ÜDM-də azalması 4 faiz təşkil edəcək və bu, 2021-ci ildə 3,4 faizlik iqtisadi artımla əvəz olunacaq.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər