• cümə axşamı, 18 aprel, 13:39
  • Baku Bakı 22°C

Necə olur ki, Ştrasser Leyla Yunusdan başqa heç kimi dinləməyə maraq göstərmir? Müsahibə

31.05.13 09:08 2162
Necə olur ki, Ştrasser Leyla Yunusdan başqa heç kimi dinləməyə maraq göstərmir? Müsahibə
“İnsan Haqları Uğrunda” İctimai Birlik bu günlərdə “Qızıl balıq diplomatiyası” adlı hesabatını açıqlayıb. Hesabatda 2010-cu ildə bir sıra beynəlxalq və yerli təşkilatların iştirakı ilə formalaşan qrupunun antiAzərbaycan fəaliyyəti ilə bağlı ciddi müzakirələrə yol açacaq mülahizələr yer alıb. Hesabatda əks olunan bəzi məqamlarla bağlı “Kaspi”nin suallarını Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, deputat Çingiz Qənizadə cavablandırır.
- Çingiz müəllim, adıçəkilən sənədlə tanış olduqda məlum olur ki, 2010-cu ildə 10-dan artıq beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanda ifadə azadlığının müdafiəsi məqsədilə ölkəmiz üzrə Beynəlxalq tərəfdaşlıq qrupu yaradıblar. Lakin sonradan bu qrup fəaliyyətini siyasi lobbiçilik müstəvisində dəyişib. Sizcə, buna səbəb nə idi?
- Azərbaycanda ifadə azadlığı kifayət qədər təmin olunub və çoxsaylı mətbuat, elektron informasiya portalları, özəl telekanallar var. Amma görünür, bu adamlar başa düşmək istəmirlər ki, qanunu pozmaq, mətbuatdan özləri üçün gəlir mənbəyi kimi istifadə etmək, şantaj, hədə-qorxu ilə ayrı-ayrı adamlara qarşı təzyiqlər edib pul almaq, insanların şərəf-ləyaqətini alçaltmaq, onların şəxsi həyatlarına müdaxilə etmək ifadə azadlığı deyil, qanun pozuntusudur. Bu Konstitusiya ilə qorunan hüququdur, istər məmur olsun, istərsə də adi vətəndaş olsun, hər bir kəsin hüququdur, onun qorunmasıdır. Bu istiqamətdə fəaliyyət göstərərək, kimlərsə bunun kimi ayrı-ayrı ifadə azadlığının pozulması faktlarını ortaya qoyurlarsa, guya, kimsə tutuldu, həbs olundu və sair, o adamlar çox yaxşı olar ki, Azərbaycan qanunvericiliyini, Cinayət Məcəlləsini, Mülkü Məcəlləni oxusunlar. Oxuyub öyrənsinlər ki, qanunla qadağan olunan hallara yol vermək hamı üçün qadağandır. Belə hallarda qanun hər şeydən üstün olaraq o adamları cəzalandıracaq. Amma 10-dan artıq beynəlxalq qeyri-hökumət təşkilatı var, hansı ki, adları hesabatda da yer alıb, onlar konkret olaraq lobbiçilik fəaliyyəti göstərirlər. Təəssüflər olsun ki, bəzi hallarda bir sıra yerli QHT-lər də onlara qoşulur. İfadə azadlığı adı altında beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər.
- Bu qrupun siyasi məqsədlərə xidmət etdiyini sübut edən amillərdən biri alman deputat Kristofer Ştrasserin “Azərbaycanda siyasi məhbuslar” adı məşhur məruzəsinə verilən dəstəkdir. Hesabatda qeyd olunur ki, məruzənin AŞ PA-da qəbul olunması məqsədilə bu beynəlxalq QHT-lər tərəfindən lobbiçilik fəaliyyəti ortaya qoyulub. Söylənilənlər nə dərəcədə həqiqəti əks etdirir?
- Beynəlxalq QHT-lərin hamısının burada bu və ya digər formada əlaqə saxladığı müəyyən adamlar var. Amma bayaq qrant məsələsi deyəndə elə belə demirdim. Yəni bu elə bil ki, əlaqələrin qurulması üçün addımlar atılır, onların vasitəsi ilə hərəkətə keçirilir və sonda yenə də onlarla ölkə daxilindəki QHT-lər arasında yaxın əməkdaşlıq yaradılacaq və fəaliyyəti üçün də pul, hansısa qrantların verilməsi nəzərdə tutulacaq. Amma söhbət Ştrasserdən gedirsə, dəfələrlə açıqlama vermişik ki, almaniyalı məruzəçi qanı ilə, canı ilə Azərbaycana qarşı qərəzli mövqedə olan avropalı deputatdır. O, ölkəmizdəki reallığını bilmədən, məruzəçi təyin edildiyi gündən Azərbaycana qarşı öz mövqeyini ortaya qoymaqla sübut etdi ki, o heç də ədalətli araşdırma aparmır. Ştrasser Azərbaycanla bağlı ayrı-ayrı adamlardan əldə etdiyi informasiyaları həqiqət kimi Avropa Şurasına və beynəlxalq təşkilatlara sırımaq məqsədi güdür. Mən Avropa Şurasında dəfələrlə olmuşam və monitorinq qrupunun digər üzvləri, həmkarlarımla birlikdə dəfələrlə onunla görüşə cəhd etmişik. Dəfələrlə onu görüşə dəvət etmişik. Ştrasserin hazırladığı siyahılar üzərində mən bir hüquqşünas olaraq, onunla polemika açmağa, diskussiya aparmağa hazır olduğumu bəyan etmişəm. Hər il bizdə olan sənədlərlə, onda olan sənədlər arasındakı fərqi Ştrasserə göstərməyə çalışmışam. Lakin çox təəssüf ki, o, həmişə dialoqdan qaçmağa çalışıb. Cəmisi bir və ya iki dəfə özünün katibliyinin əməkdaşını görüşə göndərib, bir dəfə isə zaldan çıxarkən qarşısını kəsib 5-3 dəqiqəlik çayxanaya dəvət etdik ki, söhbətləşək, növbəti görüşün vaxtını müəyyənləşdirək. Amma o, yenə də qaçdı. Bunu niyə xatırladım? Bütün bunların hamısının kökündə, canında yenə də həmin o qərəzli siyahı və bunun Avropa Parlamentariləri tərəfindən qəbul olunmasına cəhd göstərmək, yaxud da müəyyən təzyiq vasitəsi ilə buna nail olmaqdır.
- Sizcə, Ştrasserin məlum siyahısının qəbul edilməsi, bu sənədə tərəfdar çıxan yerli QHT-lərə nə verəcəkdi?
- Əlbəttə ki, heç nə. Onsuz da bu gün heç bir beynəlxalq təşkilat və onun nümayəndəsi Azərbaycanla zor gücünə, kəskin bəyanatlarla nəyisə həll etməyə qadir deyil. Azərbaycan bu məsələni özü həll edə bilər. Ştrasserin məlum siyahısından əvvəl və sonra amnistiya da olub, əfv fərmanları imzalanıb, çoxsaylı adamlar azadlığa buraxılıb. Lakin buna baxmayaraq, Ştrasserin siyahısından hazırda azadlıqda olan adamların adı çıxarılmayıb. Digər tərəfdən, o siyahıda olan adamların çoxu Azərbaycanda ictimai-siyasi proseslərlə bağlı həbs olunmayıb. Onlar arasında heç bir ictimai-siyasi fəaliyyəti olmayan, müəyyən cinayət işlərində adı keçən, ayrı-ayrı terrorçu və radikal dini qrupların üzvləri olan adamların adı var. Bizim qrup hüquq müdafiəçiləri məqsədli və qərəzli şəkildə heç bir araşdırma aparmadan onların adlarını Ştrasserə ötürüblər. Görünür bütün bunları Ştrasser də yaxşı bildiyindən, bizimlə dialoqdan hər zaman qaçıb. Beynəlxalq əməkdaşlıq qrupunda təmsil olunan təşkilatlar ona kökləniblər ki, onlar burada özlərinin həmfikir təşkilatları ilə əlaqə yaradaraq o sənədləri bir də təkrarən Avropa Şurasında müzakirəyə çıxarılmasına, sənədin qəbul edilməsinə nail olsunlar. Elə hesab edirəm ki, bu absurddur, mümkün olan məsələ deyil. Çünki biz o vaxt öz fikirlərimizi bildirdik. Avropa Şurasının nümayəndələri, komissiya rəhbərləri ilə görüşlərdə bildirdik ki, bu siyahılar havadan alınıb, fərziyyələr əsasında tərtib edib, bununla ölkədəki vəziyyəti nümayiş etdirmək qeyri-mümkündür. Reallıq isə ölkədə fəaliyyət göstərən 5-3 qeyri-hökumət təşkilatı, hüquq-müdafiə təşkilatlarıdır ki, onlarla oturub dialoq aparılmalıdır. Əgər mənim fikrim Ştrasserə xoş gəməsə də o, mənimlə oturmağa, söhbət aparmağa, dinləməyə məcburdur. Çünki mən də ölkədə az-çox tanınmış hüquq-müdafiəçilərindən biriyəm və həmçinin Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və digərlərinin də fikirləri dinlənilməlidir. Necə olur ki, Ştrasser Leyla Yunus kimilərin hansısa yolla əldə etdiyi sənədi ortaya qoya bilir, lakin başqa tərəfi dinləməyə maraq göstərmir? Həqiqət o zaman ortaya çıxır ki, sən həmməruzəçi kimi hər iki tərəfi dinləyirsən və hansının haqlı olduğu qənaətinə özün gəlirsən. Bu təşkilatların fəaliyyətləri ancaq bu yöndədir. Xüsusən ölkəmizdə bu il prezident seçkiləri keçirildiyindən, onlar Azərbaycanda olan proseslərə təsir etmək, müəyyən beynəlxalq təşkilatların bəyanatlarını əldə etmək, Azərbaycan əleyhinə müxtəlif siyahıların hansısa bir formada təsdiqinə nail olmaq üçün canfəşanlıq edirlər. Hesab edirəm ki, bu adamlar dövlət və dövlətçilikdən daha çox özlərinin şəxsi maraqlarını güdürlər.
- Siz özünüz Avropa parlamentarilərinə beynəlxalq QHT-lər tərəfindən hər hansı təzyiq göstərilməsi hadisəsinin şahidi olmusunuzmu?
- Orada avropalı deputatlara təzyiq bu cür olur ki, buradan müəyyən bəyanatlar yazılır, ayrı-ayrı QHT-lər guya ölkənin daha çox ictimai-siyasi təşkilatlarının mövqeyini ortaya qoyur və sair. Təzyiq formaları bundan ibarətdir. Yaxud, onların nümayəndələri bura gəlib, guya ki, kimlərsə görüşməkdən imtina edib. Həmin qurumlar da bunu etiraz kimi ortaya qoyurlar ki, sizin deputatlar nəyə görə bu siyahını təsdiq etmir və sair. Bütün bunlar hamısı cığal uşaq oyununa oxşayan bir şeydir. Hesab edirəm ki, Avropa Şurası Parlamenti üzvlərinə təsir etmək yox, onları inandırmaq, onlara həqiqəti başa salmaq, həqiqəti ortaya qoymaq və bununla da onların obyektiv mövqeyinə nail olmaq mümkündür. Bunun üçün isə xüsusi dialoq lazımdır.
- Avropa Şurasına üzv ölkələrdə yüzlərlə siyasi məhbus ola-ola Beynəlxalq tərəfdaşlıq qrupunun hədəf kimi yalnız Azərbaycandakı vəziyyəti seçməsi nə ilə əlaqədardır?
- Biz o vaxt da qeyd etmişdik ki, əgər Ştrasser məruzəçidirsə, qoy Cənubi Qafqaz üzrə olsun. Bu gün Gürcüstanda insan haqlarının pozulması Azərbaycandan qat-qat çoxdur. Ermənistanda və Rusiyadakı vəziyyətlər göz qabağındadır. O zaman niyə məhz Azərbaycan? Üstündən bir neçə il keçəndən sonra onun da artıq mandatı, statusu dəyişdirildi və biz deyənə gəldilər. Amma yenə də Ştrasser bütün gücü ilə Azərbaycanda hansısa neqativ halların olduğunu sübut etməyə çalışırdı. Bunun da səbəbini dəfələrlə demişəm. Ştrasser kimi adamlar öz müstəqil fikirlərini ortaya qoymurlar. Onlar mənsub olduğu ölkələrin Azərbaycan dövlətinə qarşı hansı zamanda hansı siyasi mövqedə olduqlarını dilə gətirirlər, vasitəçi rolunu oynayırlar. Fikir versəniz görərsiniz ki, son vaxtlar Almaniya-Azərbaycan münasibətlərində hansı problemlər yaşandı. Bu yolla bir sıra dövlətlər öz adamları, yaxud da ayrı-ayrı beynəlxalq QHT-lər vasitəsilə Azərbaycana təzyiqlər göstərməyə çalışırlar. Buna da başlıca səbəb Azərbaycan prezidentinin müstəqil daxili və xarici siyasət yürütməsi, ABŞ-ın və Rusiyanın qoltuğu altına sığınmamağımız, ölkəmizin regionda getdikcə gücünün artması, Dağlıq Qarabağ probleminin həllində milli maraqlardan bir addım da olsun geri çəkilməməyimizdir.
- Belə siyasi məqsədlərə xidmət edən fəaliyyəti Azərbaycanda qurmaq üçün yerli QHT-lərdən, o cümlədən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, İnsan Haqları Klubu və Media Hüququ İnstitutundan istifadə edildiyi bildirilir. Sizcə bu QHT-ləri ölkəmizi qərəzli tənqid edən beynəlxalq şəbəkəyə xidmət etmək üçün təhrik edən nədir?
- Ancaq maddi maraq. Mən sizə tam səmimi olaraq deyirəm ki, bütün bu fəaliyyətin kökündə xaricdən daha çox qrant əldə etmək, onları öz aralarında paylaşdırmaq, yalançı, görüntü xatirinə, müəyyən bir neçə tədbir keçirməklə, pulları mənimsəmək məqsədi dayanır. Hətta bəziləri düşünür ki, bu yolla hakimiyyətin devrilməsi mümkün olacaq və onlar da müəyyən vəzifə sahibi olacaqlar. Mən təəssüf edirəm ki, bəzi QHT-lər siyasi bəyanatlarla çıxış edirlər, siyasi proseslərdə tərəf kimi görünürlər. Halbuki QHT-lər fərqli davranış ortaya qoymalıdırlar. Onlar öz nizamnamələrindən və fəaliyyət istiqamətlərindən kənara çıxmamalı, dövlət və cəmiyyət üçün açıq olmalıdırlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər