• cümə, 29 Mart, 04:43
  • Baku Bakı 7°C

“Nə üçün sizin saçlarınız qaradır?” – Təhsil

21.04.14 09:48 2240
“Nə üçün sizin saçlarınız qaradır?” – Təhsil
“Alman uşaqları dilimizi çox sevir. Orada 4-cü sinif şagirdlərinə dərs keçərkən mənimlə həvəslə Azərbaycan dilində salamlaşır, Azərbaycan dilində sağollaşırdılar”.
Bu sözləri «Gənclik qəzeti»nə açıqlamasında, Almaniyada özünü təkmilləşdirmək üçün dil kursuna gedən və orada alman uşaqlarına Azərbaycan dilindən dərs deyən Orxan Yusifov dedi. 24 yaşlı gənc müsahibimiz Almaniyada yaşadığı müddətdə ölkəmizi tanıtmaq və təbliğ etmək üçün əlindən gələni edib. Onun sözlərinə görə, uşaqlıqdan sözügedən ölkəyə və bu dilə vurğun olduğu üçün oraya gedib: “Hər insanın həyatında favorit ölkə olur. Almaniya da mənim sevimli ölkəmdir. Bu ölkə mənim üçün hər yerdən fərqlənirdi. Almaniyanın tarixi zənginliyi, mədəniyyəti məni özünə çəkirdi”.
Orxan Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra Almaniyaya yollanıb: “Universitetdə oxuyarkən alman dili ilə maraqlanmağa başlamışdım və alman dili kurslarına gedirdim. Daha sonra dilimi təkmilləşdirmək üçün Almaniyaya yollandım. Burada mən həm alman dilini öyrənirdim, həm də alman uşaqlara Azərbaycan dilini tədris edirdim”.
Almaniyada Azərbaycan günləri

Həmsöhbətimiz deyir ki, Almaniyada bir müddət yaşadıqdan sonra, orada Azərbaycan günləri keçirmək qərarına gəlib. O, könüllü şəkildə məktəbləri ziyarət edərək, məktəb direktorlarından icazə alır və bir saat azərbaycan dilini və azərbaycan mədəniyyətini tədris edirmiş: “Dərslərə başladığım ilk günlər alman şagirdlərinin bizim ölkəmiz haqqında heç bir məlumatları yox idi. Mən ölkəmiz, mədəniyyətimiz, insanlarımız haqqında danışarkən onlar bizimlə çox maraqlanırdılar. “Nə üçün sizin saçlarınız qara, bizim saçlarımız sarıdır?”, “Bakı necə şəhərdir?”, “Almaniyadan Bakıya məsafə nə qədərdir?” kimi suallar verirdilər”.
Alman dili ilə yanaşı, ingilis və rus dillərini də mükəmməl bilən müsahibimiz uşaqlıqdan xarici dillərə maraq göstərib: “Hələ orta məktəbdə xarici dilləri öyrənmək istəyirdim. İngilis dilini məhz o vaxtlar öyrəndim. Daha sonra 1 il Bakıda İngiltərənin təşkilatlarına qatıldım və dilimi təkmilləşdirdim. İngilislərlə söhbətim mənə bu dili öyrənməyimdə çox yardımçı oldu”.
Almanlar ölkəmizi necə tanıyır?

Həmsöhəbitimizin sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsində Azərbaycan birinci yerə çıxdıqdan sonra alman dostları Azərbaycan haqqında daha çox maraqlanmağa başlayıblar: “Onlar əvvəllər Azərbaycan deyəndə, ilk olaraq müsəlmanlıqla, islam dini ilə bağlı suallar verirdilər. Ölkəmizdə nəyin haram, nəyin halal olduğunu soruşurdular. Mənim ətrafımda olan almanlar ölkəmizi qatı müsəlman ölkəsi kimi tanıyırdılar. Mən də orada yaşadığım müddətdə, ölkəmizi Almaniyada yaşatmağa və təbliğ etməyə çalışırdım. Azərbaycanın mətbəxi, milli, mənəvi dəyərləri, insanların yaşayış tərzi, hətta toy adətlərinə qədər almanlara danışırdım. Bu, onlara çox maraqlı gəlirdi. Daha sonra orada olan dostlarım ölkəmizə gəldilər və mən onlara Bakını demək olar ki, qarış-qarış gəzdirdim.”. Uzun müddət Almaniyada yaşayan həmsöhbətimiz azərbaycanlı tələbələrlə Xocalı soyqırımı ilə bağlı tədbirlər də həyata keçirdiyini bildirdi.
“Alman gəncləri vaxtlarını səmərəli keçirir”

Alman gəncləri ilə azərbaycanlı gəncləri müqayisə edən müsahibimiz deyir ki, bizim ölkədə dostluq münasibətləri, qonaqpərvərlik, insanlıq hissi daha güclüdür: “Alman gənclərinin bizim gənclərdən əsas fərqi vaxtlarını səmərəli istifadə etmələridir. Onlar boş vaxtlarını çayxanalarda çay içməklə deyil, hansısa bir parkda skamyada uzanıb musiqi dinləməklə keçirirlər. Ən pis cəhətləri ondan ibarətdir ki, alman gəncləri spirtli içkilərə çox meyillidir. Həftə sonları sözügedən ölkədə əlində pivə şüşəsi olmayan gənc tapmaq mümkün deyil. Bundan əlavə, Almaniyada iki gəncin münasibəti bizdə olduğu qədər sıx deyil. Məsələn, dostunu küçədə döyürlərsə, o biri dost “öz günahıdı, özü çəksin” deyib oranı tərk edir, yaxud iki sevgili restoranda yemək yeyirsə, mütləq hesab iki yerə bölünür və hərə öz yemək pulunu ödəyir”. Azərbaycan millətinin hər ölkədə qonqpərvərliyi və insanlara qarşı isti münasibətləri ilə seçildiyini vurğulayan müsahibimiz deyir ki, almanlarda bu hiss o qədər də inkişaf etməyib: “Azərbaycanda təzə tanış olduğun adamın evinə getdikdə belə, səni süfrənin başında oturdur və yeməklərin ən yaxşısını məcburi qabına çəkirlər. Almanlar isə nə yemək istədiyini sual verir, daha sonra süfrəni ona uyğun bəzəyirlər. Onların evlərinə gedərkən ilk verdikləri sual “yemək yeyəcəksən?” olur. Almaniyada qonaq gedərkən onların sənə yemək verib verməməsi sənin cavabından asılıdır”.
Sonda gələcək planlarından danışan müsahibimiz deyir ki, əsas məqsədi və hədəfi Amerikaya gedib orada da, Azərbaycan günləri keçirməkdir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər