• cümə axşamı, 18 aprel, 22:43
  • Baku Bakı 21°C

“Nə qədər müasirləşsək də, adət-ənənələrimizi qorumalıyıq” - Fotolar

06.11.19 09:00 7777
“Nə qədər müasirləşsək də, adət-ənənələrimizi qorumalıyıq” - Fotolar
Aşıq Samirə Əliyeva: Gənclər daha çox dəblə uyğunlaşmaq istəyirlər, biz öz keçmişimizi dəbə gətirməliyik
Onunla sazdan-sözdən istədiyin qədər danışa bilərsən. Sonuncu dəfə 5 il bundan öncə görüşüb, gənc aşıqların cəmiyyətdəki yeri haqda söhbətləşmişdik. Bu dəfə isə onunla yeni layihələrindən, sözə, aşıq sənətinə verilən dəyərdən və xanım aşıqların ümumi aşıq yaradıcılığına qatdığı rəngdən danışdıq. Beləliklə, xanım aşıq deyiləndə ilk yada düşən - Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, Aşıq Samirə kimi tanıdığımız Samirə Əliyeva qonağımız oldu.
- Sami Yusufun dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında hazırladığı musiqi kompozisiyası böyük əks-səda doğurdu. Bu kompozisiyada aşıq havasının rolunu necə dəyərləndirirsiniz?
-Yay aylarında Heydər Əliyev Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin43-cü sessiyasınınaçılış mərasimində biz bu kompozisiya ilə çıxış etdik. Bu layihədə UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına düşən Azərbaycanın milli musiqi alətlərinin ifasında möhtəşəm kompozisiyalar vardı. Biz "Nəsimi” layihəsində yer aldıq. Saz ifaçılarına mən rəhbərlik edirdim. Həqiqətən çox möhtəşəm bir layihə idi. Sami Yusuf dünya şöhrətli bir ifaçıdır. Məşq prosesində qeyd olundu ki, muğamla saz xüsusi olaraq vurğulanacaq. Açığı, nə Təyyar Bayramovun, nə də mənim ifam nəzərdə tutulmuşdu. Sami Yusuf dedi ki, yaxşı olar ki, orada fərqli səslər, aşıq havası da olsun.
- Amma nədənsə səsiniz tam aydın şəkildə eşidilmirdi.
- Bu, səslənmədən irəli gəlirdi. Əslində bu, normal haldır, böyük bir layihədə, canlı ifa ilə 57 nəfərlik bir heyətlə çıxış edirdik.Nəsimi haqqında belə gözəl layihənin hazırlanması yerinə düşdü. Son dönəmlər "Nəsimi ili” olduğu üçün dahi şairimizin qəzəllərini ona yaraşmayan tərzdə ifa edirdilər. Bu da Nəsiminin sənətinə, yaradıcılığına yaraşmırdı. Yetişməkdə olan gənclər isə Nəsimini bu cür qəbul etməməli idi. Biz onlara əsil Nəsimini göstərməyə çalışdıq. Nəinki biz, "Nəsimi ili” çərçivəsində bizim dəyərli xanəndələrimiz, gözəl bəstəkarlarımız səviyyəli şəkildə layihələrlə, konsert proqramı ilə çıxış etdilər.
- Ancaq bunların içərisində Sami Yusufun hazırladığı kompozisiya sanki kulminasiya oldu.
- Burda mədəniyyətin içində bir siyasət vardı ki, dünya həm Nəsimini, həm də bizim milli musiqi alətlərimizi tanıdı. Bilirsiniz ki, bizim musiqimiz çox zəngindir. Belə bir layihədə milli musiqi alətlərimizin ifası isə gözəl düşünülmüş bir siyasət oldu. Digər bir maraqlı məqam isə, Nəsimi poeziyasında bu vaxta qədər ilk dəfə aşıq yaradıcılığından istifadə olunması idi. Aşıq havalarında adətən qoşma, gəraylı üslubunda olan şeirlərdən istifadə olunur, qəzəliyyata yer verilmir. Burada sazın olması, aşıq ifa tərzinin göstərilməsi aşıq sənətində də bir yenilik oldu.
- İstərdik, yeni layihələrinizdən danışaq. "Evimizə gəlin gəlir” adlı yeni mahnınız işıq üzü gördü. Bu mahnı necə yarandı?
- Bu mahnı "Orta müxəmməsi” adlı saz havasıdır. Bu havanı bir çox ustadlarımız fərqli sözlərlə ifa ediblər. Aşıq yaradıcılığında belə bir məqam var ki, musiqi qalır, şeirləri isə dəyişmək mümkündür. Burada fərqli şairlərin sözləri ifa oluna bilər. Bu günə qədər kliplərdə, şeirlərdə, mahnılarda toy mövzusuna çox müraciət olunub. Bunu ucuzluğa aparmağın əleyhinəyəm. Azərbaycan toylarında dünyaya nümunə ola biləcək ənənələrimiz, milli dəyərlərimiz var. Oğlanla qızın bir-birini görmə səhnəsindən tutmuş, elçi getmə mərasimi, bayramlıqlar, nişan taxma mərasimlərinə kimi gözəl dəyərlərimiz var. Bu mahnıda onları əks etdirmək istədim. Ən əsası da bunu maddi gəlir əldə etmək üçün deyil, o gözəlliyi, zənginliyi göstərmək üçün etdim. İstəyirəm ki, bu mahnını klip şəklində çəkdirim. Klipdə gəlinin evdən aşıq tərifi ilə çıxması, qədim adət-ənənəmizin hər detalı orda canlandırılsın. Layihəyə başlayanda düşündüm ki, əvvəlcə sözlərini yazım. Söz yazmaq böyük bir məsuliyyətdir. Bu mənim ya ikinci, ya da üçüncü şeirimdir. Şeir yazmağa bir az ehtiyatla yanaşıram.

- Hər aşıqda bu istedad olmur. Bu günün aşıqları söz yazmaq cəhətdən bir qədər axsayırlar.
- Aşıq sənəti sinkretik sənətdir. Aşıq deyiləndə, aktyorluq, şairlik, bəstəkarlıq, rejissorluq istedadları cəmləşən sənətkar göz önünə gətirilir. Aşıq saz tutub, söz qoşmağı bacarmalıdır. Mən demirəm ki, durub ustad aşıqlarımız kimi dahiyanə şeirlər yarada bilərəm. Ancaq bir aşıq olaraq yeni layihədə, düşündüm ki, gəlinimizi öz dilimlə, ürəyimdən keçən sözlərlə vəsf edim. Tariximizə boylananda görürük ki, əvvəllər bəyi, gəlini aşıq tərif edib. Hətta döyüşə gedəndə əsgərlərə aşıq xeyir-dua verərmiş, döyüşdən dönəndə onları aşıq qarşılayarmış. O zamanlar aşıq xeyir-duası valideyn xeyir-duası qədər önəmli idi.
- Sonra necə oldu ki, bu dəyərlərimiz unuduldu?
- Milli-mənəvi dəyərlərimizin məhv olmasında günahkar bizlərik. Biz öz adət-ənənələrimizə sahib çıxmalı və onu qorumalıyıq. Nə qədər inkişaf etsək, müasirləşsək də, gərək bu adətlərimizi qoruyaq. İndi keçirilən el şənliklərimizdə, məclislərimizdə başqa mentalitetlərin hakim olduğunu görürük. Demirəm ki, toylarımız, xınalarımız aşıq havası ilə keçirilsin. Bu günün gəncləri də razı olmaz ki, onların toyunu başdan-ayağa aşıq aparsın. Çünki dövrün insanları əylənmək istəyir, dinamik musiqilərə can atır. Amma bizə tək özümüz baxmırıq. Uşaq vaxtında valideynlərim mənə deyirdi ki, "ayıbdır, sənə qonşu baxır”. İndi valideynlərim demiş, bizə qonşular da baxır. Bizi istəyənlər də var, istəməyənlər də. Bu adətlərimizi gənclərimizə sevdirmək üçün gərək onlar bunu təkcə köhnə filmlərdə deyil, eyni zamanda bu günkü ifaçıların repertuarında da görsünlər. Gənclər daha çox dəblə uyğunlaşmaq istəyirlər. Biz öz keçmişimizi dəbə gətirməliyik.
- Əvvəllər toyda aşıq deyişmələri və dastanlar olardı. Bu gün aşıqlar toylarda nə ifa edirlər?
- Aşıqlar bu gün toylara gələndə deyirlər ki, oynamalı bir hava çal. Hamı oynamaq istəyir. Bu gün istəyirlər ki, daha çox konkret sözlü mövzular olsun. İnsanlar, daha çox da gənclər sətiraltı, düşündürücü sözlərə varmaq istəmirlər.
- Bəzən sazı digər musiqi alətləri ilə birlikdə ifa edirlər. Bəlkə də, bu düzgün deyil, çünki saz özü bir orkestrdir...
- Bu fikirlə razıyam, doğrudan da saz özlüyündə bir orkestrdir. Öz-özünü müşayiət edir və öz ritmini saxlayır. Amma gənclərimizin qulağı daha müasir musiqi alətlərinin səsinə öyrəşib deyə, onların əhatəsində sazı gənclərə sevdirmək üçün burada ana xətti qorumaq şərti ilə bu ritmlərdən də istifadə edilir. Bu, zamanın tələbidir. Saz havalarının bu günə qədər gəlib çıxmasında sazla yanaşı, zurna, balaban, zərb alətlərinin də rolu var. Müasir dövrə uyğunlaşmaq niyyəti ilə digər alətlərdən saz havalarını müşayiəti üçün istifadə etməyə çalışıram. Yeni aranjemanda ifa etdiyim saz havaları buna nümunədir. Bu o demək deyil ki, klassik saz havalarımızı müasir formada ifa edirik. Klassik üslub qorunub saxlanmalıdır, bununla bərabər, müasir tərzdə mütləq yeni ifa tərzləri nümayiş etdirməliyik ki, gənclərə bu sənəti sevdirək.

- Bu gün elektron saz ifa edənlər də az deyil. Elektron sazın səsi sanki fərqlidir. Sizcə, bu yenilik sazın qədimliyinə, onun ağırlığına təsir etmirmi?
- Təəssüf hissi ilə qeyd edim ki, hələ elə bir aparat icad olunmayıb ki, biz ansamblla müşayiət edəndə, sazın səsini olduğu kimi ucalda bilsin.
- Bəzən aşıqlarımız efirdə çıxış zamanı bir-birilərinə sərt atmacalar atırlar. Ümumiyyətlə, efirdə aşıqlarımızın davranışları çox zaman qənaətbəxş olmur...
- Tarixən aşıq deyişmələrində aşıqlar bir-birinə atmacalar atıb, ancaq onlar çərçivələri aşmayıblar. Bəzən efirdə ifa edən aşıqlar ləhcədən bayağı şəkildə istifadə edirlər. Əlbəttə ki, hər bölgənin özünəməxsus şirin ləhcəsi var. Ancaq bunu efirdə təqdim edəndə, elə formada etməlidirlər ki, şirin alınsın. Bunu bayağı formada təqdim edib, insanların gözündən salmağa ehtiyac yoxdur.
- Bir yaşlı aşıq sənətkarı ilə söhbət edəndə demişdi ki, bu gün aşıq sənəti çox urvatdan düşüb. Səbəbini soruşduqda, mənə çayxanalarda aşıq adı ilə fəaliyyət göstərən insanları nümunə göstərmişdi. Bu da gənc nəsildə aşıq sənəti ilə bağlı yanlış fikir formalaşdırır.
- Şükür ki, bu gün çayxanalara gedən, özünü aşıq adlandıranların sayı azalıb. Mən insanları qınamıram. Bəzi insanlar dolanmaq xatirinə bunu etməyə məcbur olub. Sənət dalınca deyil, pul dalınca qaçanlar da var. Düşünürlər ki, sənəti, ifasını nümayiş etdirirlər. Ancaq düşünmürlər ki, aşıq sənətinin kimliyini satırlar. Tariximizi aşıq adı altında ucuzlaşdırırdılar. İnsanlar isə onlara "aşıq” deyə müraciət edirlər...
- Təkcə çayxanalardamı əlinə saz alan hər kəsə aşıq deyə müraciət edirlər? Sizcə, aşıq olmaq üçün hansı bacarığa sahib olmaq lazımdır?
- Bəzən efirlərdə də hər yetənə aşıq deyirlər. Əvvəla, aşıq dediyin şəxs tək sazda ifa etməklə kifayətlənməməlidir. Aşığın oxumağı, dastan bilmə bacarığı olmalıdır. Aşığa məxsus olan nə xüsusiyyətlər varsa, hamısını özündə cəmləməyi bacarmalıdır. Bəzən olur ki, ansamblda saz ifaçısını aşıq kimi təqdim edirlər. Axı bu, aşıq deyil, kimisə müşayiət edir. Aşıq nə vaxtdan kimisə müşayiət edib ki? Aşıqdan müşayiətçi olmaz. Aşıq öz oxumağını göstərməlidir. Axı bizim Aşıqlar Birliyimiz, tarixi araşdırmaçılar, tanınmış nüfuzlu aşıqlarımız var. Ən azından, onları verilişlərə dəvət etdikdə, bir soruşsunlar ki, bu insanlara necə müraciət edək.

- Son zamanlar efirə çıxan aşıq xanımlarımız da çox səliqəsiz və baxımsız olublar. Siz onlardan tamamilə fərqlənirsiniz.
- Səhnə gözəlliyi sevdiyi kimi, aşıq sənəti də gözəlliyi sevir. Bəzən görürsən ki, aşıq səhnəyə çıxır, saçına daraq belə çəkmir. Milli geyimdə olanda nə olar ki? Milli geyim o demək deyil ki, köhnə bir xələti üstünə atıb, efirə çıxmalısan. Bizim o qədər gözəl, möhtəşəm dizayn olunmuş milli geyimlərimiz var ki... Onu niyə köhnə kimi təqdim etməlisən ki? Demirəm, qızıl saplarla geyim tikdirib onu mirvarilərlə bəzətdirməlidirlər. Heç olmasa geyimləri göz oxşasın. Bu elə də çox maddiyyat tələb etmir. Səhnə formada olmağı, gözəlliyi sevir. Aşıqlar ömür boyu məclisə girəndə hər kəsin diqqətini çəkib.
- Kökü aşıq Alıya, aşıq Abbas Tufarqanlıya gedib çıxan aşıq sənətimizin bugünkü məktəbi haqqında nə deyə bilərsiniz?
- Böyük hansı diqqəti göstərərsə, digərləri də ona baxıb addım atarlar. Bu gün dövlət başçımızın, cənab prezidentimiz İlham Əliyevin və eləcə də Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, eyni zamanda aşıq sənətinə göstərdiyi diqqət və qayğı, onun dünya səviyyəsində tanıdılması, UNESCO-nun siyahısına daxil edilməsi bizim üçün böyük bir dəyərdir. Son illər bir çox aşıqlarımıza fəxri adlar verildi. Mən özüm 3 il ard-arda Prezident mükafatına layiq görüldüm. Bu gün aşıqlar elmi müdafiə ilə məşğul olurlar, ali təhsil ocaqlarında pedaqoq kimi çalışırlar. Bunun özü aşıq sənətinə böyük təkandır. Bu gün musiqi məktəblərində aşıq dərsi tədris olunur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənəti kafedrası var. Baxmayaraq ki, biz təhsil alanda belə bir kafedra yox idi. Bu kafedranın Aşıq Əhliman, Məhərrəm Qasımlı və biz gənclər - Nemət Qasımlı, Fəzail Miskinli, Altay Məmmədov kimi pedaqoqları var. Bizim dövlət tədbirlərində iştirakımız, xarici ölkələrdə dövlətimizi təmsil etməyimiz gənclərdə maraq yaradır. Məhz görülən bu işlərin nəzdində gənclər daha da həvəslənir və bizim universitetə çox müraciət edirlər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər