• cümə, 29 Mart, 11:26
  • Baku Bakı 5°C

“Nə Əli Kərimli, nə də Cəmil Həsənli mətbuatın testindən keçə bildi”

19.06.15 12:15 2861
“Nə Əli Kərimli, nə də Cəmil Həsənli mətbuatın testindən keçə bildi”
Azər Ayxan: “Bir siyasi lider ki cırtqoz oldu, onun perspektivi ola bilməz”
Bir neçə gündür ki, müxalif düşərgədə yenidən başlayan narazılıqlar davam edir. “Yeni Müsavat” qəzeti ilə Milli Şura arasında səngiməyən söz savaşında tərəflər bir-birini müxtəlif məsələlərdə ittiham edirlər. Bu gedişat haqda “Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxanın fikirlərini öyrəndik.
- Azər bəy, “Azadlıq” qəzeti son günlər sizə aid silsilə yazılarla çıxış edir. “Yeni Müsavat” və baş redaktor Rauf Arifoğluna olan bu münasibətin səbəbi nədir?

- Bu, Əli Kərimlinin bizə qarşı apardığı mənasız bir mübarizədir. O, düşünür ki, belə yollarla bizi siyasi arenadan silə biləcək və yeganə müxalif partiya olacaq. Amma gördüyünüz kimi, istəyinə nail ola bilmir. Çünki bu, mümkünsüz məsələdir. Əli Kərimli “Yeni Müsavat”a və müsavatçılara qarşı ideoloji mübarizə aparır. Onun bütün siyasi fəaliyyəti antimüsavatçılıq üzərində qurulub. Düşünürəm ki, belə uğursuz siyasətin müəyyən mənfi nəticəsi ola bilər. AXCP sədri istəyir ki, biz də eyni onlar kimi davranaq, onlar kimi yazaq, düşmənləri ilə düşmən, dostları ilə dost olaq. Bu, orta əsrlərdə mövcud olmuş feodal-təhkimli kəndli münasibətinə bənzəyir. Əli Kərimli üçün bərabərhüquqlu tərəfdaş yoxdur. Ətrafındakılarla, ona etimad göstərənlərlə qarşı da bu cür davranır. Bu isə çox axmaq, yaramaz xarakterdir və insanlara belə münasibət heç bir uğurlu gələcək vəd etmir. Bizimlə bu cür edə bilməzlər. Dərk etməlidirlər ki, mənim fərqli düşüncəm ola bilər. Hətta fikirlərimdə yanlışlıq olsa belə, bu, mənim haqqımdır. Öz düşüncəm, hazırkı və gələcək proseslərə öz baxışım var. Kiməsə yanaşmasına görə olmazın sözlər demək, təhqir etmək, Facebook-dakı zombi dəstəni ona qarşı qaldırmaq çox mənəviyyatsız işdir və sözün əsl mənasında, tərbiyəsizlikdir. Onların bizə qarşı belə münasibət sərgiləmələrinin kökündə avtoritar düşüncə dayanır. Belə davranışları qəzetin səhifələrindən də dərhal görünür. Hamımız bilirik ki, mətbuatın işi hər hansı bir siyasi təşkilatı və ya hökuməti təftiş etməkdir. Analiz və təhlillər zamanı səhvlərə də yol verilə bilər. Vicdanlı və ya vicdansız yanılmalar da mümkündür. Amma media əhlini, konkret bir qəzeti, onun rəhbərliyini və kollektivini səni təftiş etdiyinə görə, haqqında məqalə yazdığına görə mənəvi və psixoloji təzyiqə məruz qoymaq yolverilməzdir. Bu, sənin əsl avtoritar olduğunu və demokratiya haqda bixəbərliyini ortaya qoyur. Sözügedən qəzet tez-tez Qərb mətbuatından tərcümələr verir və ölkəmizi aşağılamağa çalışır. Yaxşı olar ki, onlar Qərbdən başqa şey öyrənsinlər. Heç bir Qərb siyasətçisi, hökumət üzvü medianın təhlilinə bunlar kimi yanaşmır. Mətbuatın, jurnalistin işi araşdırmaq, yazmaqdırsa, hətta burada yanlışlıqlar olsa belə, siyasətçinin də işi ona normal cavab vermək, baş verənlərə dözümlü yanaşmaqdır. Sən tənqidə dözməyəcəksənsə, hər yazılana bu cür reaksiya verəcəksənsə, ümumiyyətlə, sənin siyasətdə nə işin var? Özünə nə cür demokrat deyirsən? Məncə, nə Əli Kərimli, nə də Cəmil Həsənli mətbuatın testindən keçə bilmədilər və imtahandan kəsildilər. Mətbuatın yazdığını başqa yerlərə yozmaqlarını bir az anlamaq da olar. Çünki özləri ömrü boyu siyasi sifariş həyata keçiriblər. Ona görə də hamının onlar kimi olduğunu düşünürlər. Biz yaradıcı adamlarıq. Özümüzə məxsus düşüncəmiz və təxəyyülümüz var, kiminsə sifarişini gözləmirik. Siyasəti də yetərincə bilirik.
- Bəs Müsavat Partiyasının bu söz-söhbətlərə münasibəti necədir? Qəzeti müdafiə edirmi?

- Bizim heç kimin dəstəyinə və müdafiəsinə ehtiyacımız yoxdur. Baş redaktorumuz Rauf Arifoğlu da dəfələrlə deyib ki, Müsavat Partiyası da daxil olmaqla, digər müxalif təşkilatların bizim dəstəyimizə ehtiyacı var, bizim kiməsə yox. Bu məsələ ilə bağlı sona qədər öz mövqeyimizdə qalacağıq. Özümüzü haqlı sayırıq və kimin bizi kimin müdafiə edib-etməməsi ilə maraqlanmırıq. Kimsə bizi bu haqq işimizdə dəstəkləyəcəksə, sağ olsun. Əks fikirdə olanlara da təşəkkür edirik.
- Əvvəllər də Əli Kərimli və dəstəsi ilə aranızda bu cür narazılıqlar olub. Belə suallar var ki, bu iki təşkilat nəyi bölə bilmir?

- Bizim Əli Kərimli ilə bölünəsi heç nəyimiz yoxdur. Amma görünür, onun bizimlə bölə bilmədiyi nələrsə var. Bunun da səbəbləri məlumdur. Məqsədləri bizi gözdən salmaqdır və niyyətlərini həyata keçirmək üçün çox primitiv planlar qururlar. Adlarını müxalif partiya qoyublar, amma mübarizəni yalnız bizimlə aparırlar. Hədəfləri bir qəzet – “Yeni Müsavat”, onun rəhbərliyi və kollektividir. Mənim mövqeyim, proseslərə baxışım, yanaşmam fərqlidirsə, bundan sənə nə? Özün ürəyin istəyən kimi düşünə, davrana bilərsən, amma heç kimi buna məcbur edə bilməzsən. Faktiki olaraq, sənin apardığın siyasət insanların həbsinə, ölkədən getməsinə səbəb olur. Dəstəndə normal düşüncəli, yaxşı təhsilli biri yoxdur ki, belə gedişatın yanlış olduğunu sənə başa salsın. Oraya heç bir perspektivi, istedadı, normal təfəkkürü olmayan adamlar yığışıblar və bir çox ailələrin taleləri ilə oynayırlar. Fikir verin, siyasi proseslərdə öz ailəsindən bir nəfər də yoxdur, ola da bilməz. Bu amil o insanın iç üzünü ortaya qoyur.
- Bu cür deyişmələrin ümumilikdə müxalif düşərgəni gözdən saldığı deyilir. Belə fikirlərlə razılaşırsınızmı?
- O, qərəzli insanların yanaşmasıdır. Çünki biz heç kimlə deyişmirik. Sadəcə, Əli Kərimlinin heç bir mənəvi ölçüyə sığmayan hücumlarına cavab veririk. Yenə də deyirəm, qəzetin işi yazmaq, təftiş və tənqid etməkdir. Bilərəkdən və ya bilməyərəkdən yanılmalar ola bilər və bunu təbii qarşılamaq lazımdır. Siyasətçi belə hallara hazır olmalı, dözümlü və səbirli davranmalıdır. Bir siyasi lider ki, cırtqoz oldu, mətbuata bu şəkildə təpki göstərdi, onun heç bir nüfuzu və perspektivi ola bilməz. Çünki o, artıq demokrat olmadığını sübut edib və avtoritarlığını çəkinmədən nümayiş etdirib. Söz azadlığına qarşı düşmən mövqedə olan şəxsdən yaxşı nə gözləmək olar?
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər