• çərşənbə axşamı, 19 mart, 06:46
  • Baku Bakı 8°C

NAXÇIVANIN İLK QADIN-TEATR RƏSSAMI

21.09.17 14:24 13145
NAXÇIVANIN  İLK  QADIN-TEATR  RƏSSAMI
Naxçıvan Muxtar Respublikasında peşəkar qadın rəssamların formalaşması, püxtələşməsi bu qədim diyarın müstəqillik dövrünə təsadüf etmişdir. Əslində bu təsadüfi deyil, müstəqilliyin bəxş etdiyi imkan və şəraitdən yerində, lazımi səviyyədə yararlanmağın nəticəsidir. Həmin dövr ərzində burada ictimai-siyasi, elmi və mədəni sahələrdə qadınların fəallığı nəzərəçarpacaq dərəcədə, xeyli fəallaşmış, onlar öz peşə yönümləri ilə qazandıqları nailiyyətlərə görə ölkə miqyasında da məşhurlaşmışlar.
Bütün sahələrdə olduğu kimi rəssamlıqda da öz istedadları ilə uğur qazanan qadınların sayı ilbəil artmışdır. Bununla belə rəssamlığın bir sıra növlərində qadınların imzalarına rast gəlinsə də, teatr rəssamlığı sahəsində qadın imzasına, belə ifadə etmək mümkündürsə, bir növ tamarzı qalmışdır. Naxçıvanda peşəkar teatr sənətinin yaşı 135-ə çatır. Lakin üç əsri əhatə edən bu illər ərzində, daha dəqiqi Naxçıvan Teatrının 130 illik yubileyinə qədər olan müddətdə bu qocaman sənət ocağının heç bir afişasında qadın-rəssam imzasına rast gəlinməmişdir. Bunun başlıca səbəbi Naxçıvanda hətta sovet dövründə belə ümumilikdə peşəkar qadın rəssamların olmaması, müstəqilliyin ilk illərində isə yenicə formalaşan qadın rəssamlar arasında səhnəqrafiyaya –teatr rəssamlığına marağın yaranmaması olmuşdur.
Bu cəhətdən 2015-ci ili Naxçıvan Teatrının səhnəqrafiya tarixində əlamətdar və dönüş ili hesab etmək olar. Belə ki, həmin ildə görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun 145 illiyi münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrı da bu yubileyə öz töhfəsini təqdim etməyə hazırlaşırdı. Teatrda hazırlıq proseslərinə başlanılan "Nadanlıq” tamaşasının quruluşçu rejissoru, bu il Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüş Tofiq Seyidov yeni işinin bədii quruluşunu teatrın baş rəssamı, respublikanın xalq rəssamı Hüseynqulu Əliyevə həvalə etməklə yanaşı, inamlı bir addım ataraq Naxçıvan Rəssamlar Birliyinin üzvü, NDU təsviri incəsənət kafedrasının müəllimi, universitetdə artıq bir səhnə rəssamı kimi də tanınmış Fizzə Quliyevanı ikinci rəssam olaraq hazırlıq prosesinə cəlb etdi.
Quruluşçu rejissorun belə bir yeniliyə təşəbbüs etməsinə - ilk dəfə olaraq qədim sənət ocağına qadın rəssamın dəvət olunmasına səy göstərməsinə səbəb isə NDU Tələbə Teatr Studiyasında hazırlanan Nazim Hikmətin "Qəribə adam” (2012) və Esxilin "Zəncirlənmiş Prometey” (2013) tamaşalarında məhz Fizzə Quliyevanın quruluşçu rəssam olması idi. Fizzə xanım bu tamaşalarda dekorasiyalardan əlavə geyim və qrim eskizlərinin də müəllifi olmuşdur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı, eyni zamanda NDU təsviri incəsənət kafedrasının müdiri Hüseynqulu Əliyev yeni tamaşada istedadlı tələbəsilə bərabər çalışacağından böyük məmnunluq və qürur hissi keçirərək dekorasiya eskizlərini hazırlamağı bütövlüklə ona həvalə etdi. F.Quliyeva bu etimadı yüksək dəyərləndirərək professional səhnədəki ilk təcrübəsinə məsuliyyətlə yanaşaraq gərgin işə başladı. "Nadanlıq” pyesilə bir daha yaxından tanış olduqdan sonra axtarışlara başlayıb hadisələrin baş verdiyi dövrü dərindən öyrəndi. Əsərin əsas ideyası səhnənin ümumi quruluşunda, o illərin geyim, saç-saqqal dəbi, kabinet və ev əşyaları, kənd məişətinin təsviri dekorasiya, geyim və qrim eskizlərində dolğun və mənalı əks olunmalı idi. Nəhayət hazırlanmış eskizlər teatra təqdim olundu. Böyük maraq doğuran eskizlər quruluşçu rejissor və baş rəssam tərəfindən razılıqla qəbul edildi. Həmin eskizlər əsasında teatrın sexlərində gedən hazırlanma proseslərində Fizzə xanım özü də böyük həvəslə, yaxından və fəal iştirak etdi.
İntizarla gözlənilən hadisə – "Nadanlıq” tamaşasının premyera günü gəlib çatdı. Muxtar Respublika Ali Məclisi Sədrinin, dövlət və hökumət rəsmilərinin, həmçinin qabaqcıl ziyalıların və tələbələrin də iştirak etdikləri Nəriman Nərimanovun yubileyinə həsr olunmuş təntənəli gecənin ikinci – bədii hissəsində bu yeni tamaşa qocaman teatrın səhnəsindən ilk dəfə təqdim olundu. Mübaliğəsiz demək olar ki, həmin gecə yaradıcı heyətin ən çox həyəcan keçirən üzvü də elə Fizzə Quliyeva idi.
Tamaşadakı maraqlı aktyor oyunu ilə bərabər, səhnədə əks olunan Moskva Kremlinin şöhrətli Spassk qülləsinin başındakı beşguşəli ulduzdan səhnənin önünə doğru uzanan tor və qüllənin dördgözlü məşhur Kreml saatının hər tərəfində müxtəlif vaxtların göstərilməsi hamıda böyük maraq və dərin təəssürat oyatdı. Dekorasiyadakı belə bir təqdimat Rusiyanın hər bir dövrdə yürütdüyü çoxüzlü siyasətinin ifşasına xidmət edirdi.
Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan ilk tamaşa sürəkli alqışlarla sona çatdı. Bütün aktyorlarla bərabər, quruluşçu rejissor, quruluşçu rəssamlar və musiqi tərtibçisi də təzim üçün səhnəyə çıxdılar. Fizzə xanımın bərk həyəcanını görən T.Seyidov və H.Əliyev onu əllərindən yapışaraq səhnə önünə gətirdilər. Səhnə önünə kövrək addımlarla gələrək tamaşaçılar qarşısında təzim edən Fizzə Quliyevanın bu addımları salondakılara sanki qocaman Naxçıvan Teatrına nəhayət ki, ilk qadın-rəssamın gəlişini müjdələmiş oldu.
2015-ci il F.Quliyevanın həyatında daha bir yaddaqalan əlamətdar hadisə baş verdi. Noyabr ayının 11-də ilk dəfə olaraq MR Rəssamlar Birliyinin B.Kəngərli adına Sərgi Salonunda onun fərdi sərgisinin açılışı oldu. Burada istedadlı rəssamın təsviri sənətin bütün janrlarını əhatə edən 50-yə yaxın əsəri nümayiş etdirildi və tamaşaçılar, eyni zamanda həmkarları tərəfindən rəğbətlə qarşılandı.
Fizzə xanım istedadlı fırçası ilə təsviri sənətin demək olar ki, bütün janrlarında – mənzərə, portret, natürmort, karikatura, qrafikada bu gün də böyük uğurla yeni-yeni əsərlər yaratmaqla bərabər teatr fəaliyyətini də unutmur. Muxtar respublikanın qadın rəssamları arasında Azərbaycan Teatr Xadimləri İttifaqının ilk və hələ ki, yeganə üzvü olan F.Quliyeva səhnə yaradıcılığını Naxçıvan Dövlət Uşaq Teatrının yeni tamaşasına aldığı dəvətlə davam etdirməkdədir. Belə ki, teatrın repertuarında olan C.Məmmədquluzadənin "Çay dəstgahı” mənzum-alleqorik pyesinə quruluş vermək üçün direktorluq tərəfindən dəvət olunan rejissor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, AzTXİ-nin üzvü Ə.Qasımov tamaşanın bədii quruluşunu Fizzə Quliyevaya həvalə etmişdir. İstedadlı rəssam daha bir dövlət teatrında ona göstərilən etimadı layiqincə doğrultmaq naminə əsərin ideya və məzmununa, həmçinin rejissor yozumuna xidmət edən maraqlı səhnə və geyim eskizləri ərsəyə gətirmişdir. İndi həmin eskizlər əsasında teatrın sexlərində hazırlıq prosesi davam etməkdədir. Yeni tamaşanın bu ilin sentyabr ayında, Dövlət Uşaq Teatrının 10-cu – yubiley mövsümünün açılışında təqdim edilməsi nəzərdə tutulmuşdur.
Yaradıcı və pedaqoji fəaliyyətilə yanaşı Fizzə Quliyeva elm sahəsində də özünü sınayaraq AMEA Naxçıvan Bölməsinin dissertantı kimi maraqlı və aktual bir mövzu üzərində də tədqiqatlarını davam etdirməkdədir. O, eyni zamanda Muxtar respublika ərazisində yay aylarında həyata keçirilən arxeoloji qazıntılar üzrə beynəlxalq ekspedisiya qrupunun fəal üzvüdür.
F.Quliyevanın belə bir hərtərəfli fəaliyyəti və çoxşaxəli yaradıcılığı onu deməyə əsas verir ki, onun haqqında kafedra müdiri, xalq rəssamı Hüseynqulu Əliyevin "Fizzə Quliyeva bu gün muxtar respublikanın qadın rəssamları arasında liderdir” ifadəsi təsadüfən deyilməmişdir. Fizzə xanım özü isə indiyədək əldə etdiyi nailiyyətlərə görə kimlərə minnətdar olduğunu hər zaman belə izhar edir: "Qazandığım uğurlara görə – təsviri sənətdə püxtələşməyimdə ustadım, xalq rəssamı Hüseynqulu Əliyevə, elmi fəaliyyətimə görə AMEA-nın müxbir üzvü, elmi rəhbərim Vəli Baxşəliyevə dərin təşəkkürlərimi bildirirəm. Səhnə fəaliyyətimlə tanınmağımda və muxtar respublikanın ilk qadın-teatr rəssamı titulunu qazanmağımda isə tanınmış teatr xadimi Ələkbər Qasımovun məxsusi rolunu qeyd etməklə, onun sayəsində Azərbaycanın görkəmli teatr rəssamlarından olan Məmməd Qasımov irsilə tanışlığıma, ondan yararlanmağıma borcluyam və səhnə fəaliyyətimdə özümü belə bir sənətkarın xələfi hesab edirəm”.
Biz də Fizzə xanıma bol-bol yaradıcılıq uğurları, yeni sənət sevincləri, sürəkli tamaşaçı alqışları diləyirik!
Rauf Əliyev-Kəngərli
banner

Oxşar Xəbərlər