AZE | RUS | ENG |


Naxçıvanın ilk ali təhsilli inşaat mühəndisi

Naxçıvanın ilk ali təhsilli inşaat mühəndisi
"Çayda üzüb gedən gəminin sərnişinləriyik. 
Baxırıq və elə düşünürük ki, sahildəki 
Qarğı-qamış harasa gedir. Amma heç 
fərqində deyilik, amma heç düşünmürük, 
gedən bizik, qarğı-qamış kökündən yerə 
bağlanıb”.
 
Mövlana
 
İnsan ömrü coşqun çay kimi kükrədikcə, yaşanmış illərin mənalı anları heç vaxt yaddan çıxıb unudulmur. İllər bir-birini əvəz edir, nəsillər dəyişir, mənalı ömür yaşayan insanların həyatı isə həmişə özünün silinməz izləri ilə yaddaşlara həkk olunur.
 
Yaradıcı əmək insan fəaliyyətinin bütün dövrlərində cəmiyyətin saflaşmasına, onun tərəqqisinə və müasirləşməsinə xidmət etmişdir. Başqa sözlə desək, yaradıcılıq bütün dövrlərdə cəmiyyəti irəli aparan amil olmuşdur və bu indi də belədir.
 
Bir əsrə yaxın yaşanmış ömürün sahibi Kərimzadə Kərim Hacıələsgər oğlunun keçib gəldiyi yollara xəyali qayıdışı ilə dilə gələn xatirələr də onun əbədiyaşarlılığını təsdiqləyir. 
 
1905-ci ilin iyulunda Naxçıvan şəhərinin Sarvanlar məhəlləsində tacir ailəsində anadan olan Kərim Hacıələsgər oğlu yetkinlik yaşlarından dülgərlik sənətinə yiyələnmiş, atasının tövsiyəsi ilə 1920-ci ildə Bakı şəhərinə təhsil almağa getmiş və 1926-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat mühəndisliyi fakültəsini müvəffəqiyyətlə bititrərək Naxçıvana qayıtmışdır. Həmin dövrdə Kərim Kərimzadə eyni zamanda öz üzərində müstəqil şəkildə çalışaraq bir neçə xarici dili - rus, ərəb, fars və türk dillərini mükəmməl öyrənmişdir. Təsadüfi deyildir ki, o, Naxçıvanda ilk ibtidai və orta təhsilini Azərbaycan dilində alsa da, Bakıda ali təhsilini rus dilində almış, "Qurani-Kərim”i isə ərəb dilində orijinaldan sərbəst oxumuşdur. Kərim Hacıələsgər oğlu mütaliəyə geniş marağı olduğuna görə evində şəxsi kitabxanasına dünya klassiklərinin kitablarını toplayar və yeri gəldikcə bir ziyalı kimi təbliğat yolu ilə oxucu kütləsinin sayının artırılmasına çalışardı. 
 
Məlumdur ki, XX əsrin 30-40-cı illərinin ağır siyasi repressiyaları dövründə insanlara "əgər sən şərq xalqlarından birinin dilini bilirsənsə panislamist, Avropa dilini bilirsənsə vətənsiz, kosmopolit, hətta rus türkoloqlarının birinin kitabını evində saxlayırsansa pantürkistsən” və siyasi əqidənə görə "böyük cəza”ya layiqsən, deyə yanaşırdılar. Bu kimi "qanun”ların hökm sürdüyü dövrdə Kərim Kərimzadə kimilərin dövrünə görə vətəndaş mövqeyinin aydınlaşdırılmasına ehtiyac duyulmurdu...
 
Kərim Hacıələsgər oğlu 1924-cü ildə Naxçıvan Muxtar Respublikası yarandıqdan sonra respublikanın ilk inşaat mühəndisi kimi uzun müddət Naxçıvanın İnşaat Trestində, Naxçıvan Arxitektura İdarəsində, Naxçıvan Şosse Yolları İdarəsində, Naxçıvan Su İdarəsində məsul vəzifələrdə işləmiş, bir müddət Naxçıvan Politexnik Texnikumunda dərs demiş və öz torpağına qayğıkeşliklə xidmət etmişdir.
 
Keçən əsrin 30-cu illərində dağılmış şəhər və kəndləri, müəssisələri, yolları, körpüləri bərpa və inkişaf etdirmək üçün tikinti materialları sənayesinin yaradılmasına böyük ehtiyac duyulurdu. Bu məqsədlə Muxtar Respublika sənayesinin inkişafında şosse yollarının böyük əhəmiyyəti olduğu üçün həmin sahəyə diqqət xeyli artırılmışdı. Təkcə 1933-37-ci illərdə dövlət vəsaiti və zəhmətkeşlərin qüvvəsi səfərbər olunmaqla 232 km şosse yolları salınmışdı. Bütövlükdə isə Muxtar Respublikanın şəhər və kəndlərinə çəkilmiş yolların uzunluğu 430 km-dən çox idi. Bunun nəticəsində Muxtar Respublikada ictimai nəqliyyat xidmətləri yaxşılaşmış, Naxçıvan şəhəri ilə rayon mərkəzləri, kənd və qəsəbələr arasında yeni avtobus marşrutları təşkil edilmişdi. 1935-ci ildə Naxçıvan şəhərinə 12 km uzunluğunda içməli su kəməri çəkilmişdi. Sözsüz ki, gənc mühəndis Kərimzadənin də bu işlərdə əvəzsiz xidməti olmuşdur. 
 
İkinci dünya müharibəsinə qədərki dövrdə Muxtar Respublika zəhmətkeşlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün yeni yaşayış binaları, məktəblər, xəstəxanalar, tibb məntəqələri, mədəniyyət ocaqlarının tikintisinə böyük əhəmiyyət verilmişdi. Məhz həmin dövrdə Kərim Hacıələsgər oğlu Naxçıvan şəhərində kanalizasiya xəttinin inşa edilməsində, mehmanxana, çamaşırxana, yanğından mühafizə binası, Naxçıvançay üzərində körpü salınmasında öz xidməti borcunu layiqincə yerinə yetirmişdi. Xüsusilə onun 1941-1945-ci illər müharibəsi dövründə Naxçıvanda "hərbi kazarma”nın yaradılmasındakı əvəzsiz xidməti unudulmazdır.
 
Müharibədən sonrakı ilk illərdə Kərim Hacıələsgər oğlunun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında qədim tarixi abidələrin özüllərinin möhkəmləndirilməsi və bərpası işləri ("Mömünə Xatun” məqbərəsi və s.) geniş miqyasda həyata keçirilmiş və 1947-1955-ci illərdə Sədərək-Batabat şosse yolunun çəkilməsində onun böyük əməyi olmuşdur. 
 
Faşist Almaniyası üzərində çalınan qələbə Naxçıvan Muxtar Respublikasında da yenidən dinc quruculuq işlərinə başlamağa rəvac verərkən Kərimzadə 1950-60-cı illərdə Naxçıvanda mebel fabriki və mərmər zavodunun işə salınmasında, Sirab mineral suları zavodu, avtomobil təmiri zavodu, elektrotexnika məmulatları zavodu, mebel və tikiş fabriklərinin inşa edilməsində və Naxçıvan duz mədəninin yenidən qurulmasının başa çatdırılmasında öz bilik və bacarığını əsirgəməmişdi. 
 
K.Kərimzadə Naxçıvan Su İdarəsində işləyərkən Muxtar Respublikanın su ilə ən az təmin olunmuş region olduğunu bildiyinə görə, suya olan tələbatı ödəmək üçün bir sıra su anbarlarının tikilib istifadəyə verilməsində yaxından iştirak etmişdir. 
 
Ağıl sahibləri yazırlar ki, həyat o vaxt maraqlı olur ki, insan bütün qüvvəsini qarşısına qoyduğu məqsədin reallaşmasına yönəldir. İnsan o vaxt zirvəyə qalxır ki, xalqı yolunda qarşısına qoyduğu məqsədə çatır. Kərim Hacıələsgər oğlu kimi.  
 
Naxçıvanda onu belə xatırlayırlar; səliqə-səhmanlı, mədəniyyətli, savadlı, işgüzar, səriştəli, nəcib, xeyirxah, haqqı-ədaləti qoruyan, el-obaya yanan, halal zəhmətə qatlaşmağı bacaran, gözəl ailə başçısı və bir də "ilk çətir gəzdirən” kişi kimi. Onu Xorasana dini ziyarətə getdiyi üçün Məşə Kərim (Məşədi Kərim) və el-obada, qohum-əqrəba, dost-tanış içərisində "injiner Kərim” kimi tanıyanlar da az deyil.  
 
Maraqlıdır ki, K.Kərimzadənin övladları və iyirmiyə yaxın nəvə-nəticəsinin çoxu onun yolunu davam etdirərək mühəndislik ixtisasına yiyələnmişlər. Böyük oğlu Sənan 50 ildən artıq atasının təhsil aldığı ali məktəbdə dosent işləməklə, informatika, proqramlaşdırma, avtomatika, elektrik ölçmələri və s. fənlərdən dərs demiş, mühəndis kadrların hazırlanması ilə məşğul olmuşdur. Kiçik oğlu Elxan Leninqrad Politexnik İnstitutunda hidrotexniki qurğular üzrə alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş, uzun müddət Muxtar Respublikada müxtəlif vəzifələrdə (Naxçıvan MR su melorasiya naziri və s.) çalışmışdır. Qızları Səidə və Rəfiqə Texniki Universiteti bitirmiş və Naxçıvanda yaşayıb işləmişlər. Hazırda təqaüddədirlər. 
 
K.Kərimzadənin ən böyük arzusu hər bir insanda inam azadlığının olmasını görməsi idi və deyərdi ki, azadlıq o zaman tam sayıla bilər ki, heç kim başqalarının inam sərbəstliyinə mane olmasın. Bunun üçün isə sənin məxsus olduğun xalqın, millətin azad, müstəqil, suveren dövləti olmalıdır. Bir neçə il bundan öncə bir el ağsaqqalının dilindən eşitdiyim sözləri olduğu kimi yazıram: "Hələ keçən əsrin 70-ci illərində "injiner Məşə Kərim” deyərdi ki, vaxt gələcək, Azərbaycan dünyanın tanınmış dövlətlərindən birinə çevriləcək. Bunun üçün dövlətimizin və xalqımızın hər cür imkanı vardır. Çünki Azərbaycan Heydər Əliyev kimi dünya miqyaslı dövlət xadiminə malikdir. Dünya tarixən nəhənglərin çiynində dayandığına görə, Azərbaycan da Heydər Əliyevin çiynində dayanacaqdır”. Bu müdrik ifadələr onun həm də nə qədər uzaqgörən olduğunu sübut edir. 
 
1974-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 50 illiyi təntənə ilə qeyd olunmuşdu. Bu münasibətlə keçirilən təntənəli yığıncaqda Azərbaycan SSR-nin rəhbəri, Azərbaycan KP MK-nın birinci katibi H.Əliyev də iştirak etmişdi. O, öz çıxışında demişdi: "Naxçıvan indi dinamik tərəqqi edən çoxsahəli iqtisadiyyata, yüksək səviyyəli təhsilə, səhiyyə, mədəniyyətə söykənən inkişaf etmiş sosial struktura malik olan muxtar respublikadır”. Sözsüz ki, bütün bu nailiyyətlərin əldə edilməsində Naxçıvanın ilk ali təhsilli inşaat mühəndisi kimi Kərim Kərimzadənin də payı vardır. 
 
Hər bir insan xalqına xidmət etmək üçün, yaşamaq və yaratmaq üçün bir sənət, bir ömür yolu seçir. Seçilən bu yola sadiq olanlar, onu həyatının mənasına çevirənlər sevilir, hörmət-izzət sahibi olur və əbədiyaşarlıq qazanırlar.
 
1985-ci ildə Naxçıvan şəhərində dünyasını dəyişən və bu gün yad etdiyimiz Kərim Hacıələsgər oğlu Kərimzadə də belə insanlardandır. Qoy bu kiçik yazı Sizi unudulması mümkün olmayan insanların kəşf olunmamış dünyasına aparsın.
 
Fizuli İbrahimzadə,
Tarix üzrə fəlsəfə doktoru, dosent
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001