• cümə axşamı, 18 aprel, 23:27
  • Baku Bakı 21°C

Naxçıvanın 10 kəndi 1929-cu ildə Ermənistana verilib - Fəxrəddin Səfərli

18.02.21 19:30 1204
Naxçıvanın 10 kəndi 1929-cu ildə Ermənistana verilib - Fəxrəddin Səfərli
Tarixboyu Azərbaycana qarşı torpaq iddiaları irəli sürən ermənilər hər fürsətdə ərazilərimizi ələ keçirməyə cəhd göstəriblər. Vaxtilə Azərbaycanın da daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Mərkəzi İcraiyyə Komitəsinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının 10 kəndi Ermənistana verilib. Həmin vaxt muxtar respublikanın 657 kvadratkilometr ərazisinin Ermənistana verilməsi ilə 1921-ci il 16 mart tarixli Moskva və 1921-ci il 13 oktyabr tarixli Qars müqavilələrinin şərtləri kobud şəkildə pozulub.
Kaspi.az xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli deyib.
O qeyd edib ki, Ermənistana verilən kəndlər Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilit kəndinin bir hissəsidir.
AMEA-nın müxbir üzvü bildirib ki, ermənilər 1929-cu il fevralın 18-dən etibarən bu kəndlərdə yaşayan müsəlman-türk əhaliyə qarşı deportasiya siyasəti həyata keçiriblər. Nəticədə həmin kəndlərin əhalisinin əksəriyyəti dədə-baba torpaqlarını tərk edərək Azərbaycana və keçmiş ittifaqın digər yerlərinə köçüblər. Erməni təqiblərinə, hədə-qorxularına baxmayaraq, bu kəndləri tərk etməyərək orada qalan sonuncu azərbaycanlılar isə 1988-ci ildə Dağlıq Qarabağ problemi ilə başlayan hadisələr zamanı yurd-yuvalarından çıxmağa məcbur ediliblər.
"1930-cu ildən sonra bütün müttəfiq respublikalarda olduğu kimi, Ermənistan SSR-də də yeni inzibati ərazi bölgüsü – rayonlar yaradılarkən həmin yaşayış məskənləri yerləşdiyi coğrafi mövqeyə görə yeni təşkil olunan rayonların tərkibinə verilib. Ancaq ermənilər bununla kifayətlənməyib, həmin kəndlərin adlarının dəyişdirilməsi sahəsində də işlər apardılar. Tarixi Qərbi Azərbaycan torpaqlarında, yəni indiki Ermənistan ərazisində ilk addəyişmə əməliyyatları İrəvan xanlığının 1828-ci ildə Rusiyaya birləşdirilməsindən sonra çar hökuməti tərəfindən aparılıb. 1828-ci ildə İrəvanın adı Erivanla, 1837-ci ildə Kəvər Nor-Bayazidlə, 1840-cı ildə Gümrü Aleksandropolla əvəz olunub”, - deyən Fəxrəddin Səfərli qeyd edib ki, Ermənistan SSR Ali Soveti rəyasət heyətinin 1935-ci il 3 yanvar tarixli qərarı ilə Naxçıvanın zəbt olunmuş Sultanbəy kəndinin adı Bartsruni, Qurdqulağın adı Boloraberd qoyulub. Bu iş sonralar da davam etdirilib, Ali Sovetin 1946-cı il 12 noyabr tarixli qərarı ilə Almalının adı Xndzorut, 1968-ci il 3 iyul tarixli qərarla Horadizin adı Oradis kimi dəyişdirilib. 1935-ci ilin yanvarından 1988-ci ilin avqustunadək Ermənistan ərazisində 521 Azərbaycan mənşəli yaşayış məskəninin adı rəsmən dəyişdirilib.
Bütövlükdə, İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində mövcud olan və adları XIX-XX əsrlərdə müxtəlif ölkələrdə yayımlanmış xəritələrdə, tarixi-coğrafi ədəbiyyatlarda, rəsmi sənədlərdə saxlanmış 15 min Azərbaycan mənşəli coğrafi adın "toponim soyqırımına” məruz qaldığını vurğulayan Fəxrəddin Səfərli bildirib ki, ermənilər keçmiş sovet dövründə Azərbaycan torpaqlarını əldə etmək üçün çalışıb, hətta bir sıra ərazilərin Ermənistana verilməsi sahəsində ən yüksək səviyyədə qərarlar qəbul olunub. Ancaq xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə həmin ərazilərin Ermənistana verilməsinin qarşısı alınıb.
Fəxrəddin Səfərli deyib ki, 2021-ci il oktyabrın 13-də mühüm tarixi-siyasi əhəmiyyətə malik Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 8-də "Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Tədbirlər Planı da təsdiq olunub. Bu dövlət sənəd Naxçıvanın zəngin dövlətçilik tarixinin, muxtariyyətin baniləri olan görkəmli tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, ümummilli liderimiz Heydər Əliyevin muxtariyyətin qorunmasındakı müstəsna xidmətlərinin öyrənilməsi və təbliği baxımından mühüm tarixi-siyasi əhəmiyyət kəsb etməklə bərabər, həm də Naxçıvanın 10 kəndinin Ermənistana verilməsinin beynəlxalq müqavilənin şərtlərinin kobud şəkildə pozulması məsələsinin gündəmə gətirilməsi baxımından əhəmiyyətlidir. Unutmaq olmaz ki, 20 maddə və 3 əlavədən ibarət olan müqavilə müddətsiz imzalanıb. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Üçüncü əlavədə isə Naxçıvanın ərazisinin dəqiq sərhədləri verilib. Həmin sərhədlərin pozulması isə Qars müqaviləsinin şərtlərinin pozulması deməkdir. Bu isə yolverilməzdir.
Qars müqaviləsinin nəticəsi olaraq Naxçıvanın 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü ilin fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-də isə Naxçıvan Muxtar Respublikası adlandırıldığını vurğulayan AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli ümummilli lider Heydər Əliyevin çox qiymətli fikirlərini xatırladıb. Ulu Öndərimiz deyib: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”. (Azərtac)
banner

Oxşar Xəbərlər