“Naxçıvan: tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı olub
AMEA Naxçıvan Bölməsində Azərbaycan
Respublikasının Əməkdar müəllimi, Naxçıvan Dövlət Universitetinin Azərbaycan
tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyevin "Naxçıvan:
tarixi yaddaş və müasir yüksəliş” kitabının təqdimatı keçirilib.
AMEA Naxçıvan Bölməsi, Naxçıvan
Dövlət Universiteti və "Naxçıvan” Universiteti tərəfindən birgə təşkil olunan tədbiri
giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Naxçıvanın tarixi
inkişafı və müasir yüksəlişinin təbliği baxımından fundamental nəşrin əhəmiyyətini
qeyd edən alim bildirib ki, əsər iki bölmədən ibarətdir. Birinci bölmədə alimin
müxtəlif illərdə yazdığı, respublikamızda və onun hüdudlarından kənarda nəşr
etdirdiyi çoxsaylı məqalələrindən seçmələr toplanılıb. Məqalələrin böyük əksəriyyəti
müstəqil Azərbaycanın xilaskarı və qurucusu ümummilli lider Heydər Əliyevin
yorulmaz fəaliyyəti, müstəqillik dövründə ulu öndərin siyasi kursu və bu kursun
uğurla davam etdirilməsi sayəsində sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində
qazanılan uğurların əhatəli şəkildə araşdırmasına həsr olunub.
Nəşrin ikinci bölməsində isə müəllifin
"Naxçıvan tarixi” üçcildliyinin 2-ci cildi üçün "Naxçıvan Rusiya tərəfindən
işğalı” və "Naxçıvan XIX əsrdə” adlı irihəcmli bölmələrə yazdığı fəsillər yer
alıb.
Qeyd olunub ki, kitabda qədim
türk-oğuz yurdu olan Naxçıvanın dünya eposunun nadir incilərindən olan "Kitabi
Dədə Qorqud” dünyası ilə bağlılığı məsələlərinə nəzər salınır, bu bölgənin ulu
keçmişi bir daha diqqət mərkəzinə çəkilir. Əsərdə Rusiya işğalından sonra bölgəyə
köçürülmüş ermənilərin əməlləri, müxtəlif vaxtlarda xalqımıza qarşı törətdikləri
qanlı qırğınlar fakt və sənədlərin dili ilə verilib.
Daha sonra tədbirdə bölmənin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin
Səfərlinin "Naxçıvanın tarixi inkişafına və müasir yüksəlişinə həsr edilmiş
qiymətli əsər” mövzusunda məruzəsi dinlənilib.
Mərasimdə Naxçıvan Dövlət
Universitetinin professoru, əməkdar elm xadimi Hüseyn Həşimli, "Naxçıvan”
Universitetinin fakültə dekanı, tarix
üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev və Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə
doktoru, dosent Emin Şıxəliyev çıxış edərək yeni nəşri milli tariximizin
araşdırılması üçün dəyərli əsər kimi qiymətləndiriblər.
Sonda çıxış edən kitabın müəllifi
Zəhmət Şahverdiyev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini
bildirib.