AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Naxçıvan Ombudsmanı məlumat yayıb

Naxçıvan Ombudsmanı məlumat yayıb

Təfsilat
27 Dekabr 2012, 15:32 1819
Naxçıvan Muxtar Respublikasının (NMR) İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Preventiv mexanizm qrupunun üzvləri tərtib olunmuş qrafik əsasında NMR Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Təcridxanasına, Naxçıvan Qarnizonunun Hauptvaxtına və NMR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinə, İstintaq Təcridxanasına baş çəkiblər. Bu barədə “Kaspi”yə NMR Ombudsman Aparatının mətbuat xidmətindən daxil olan məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, Qrupun üzvləri başçəkmələr zamanı adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olub, onların şəxsi işlərinə və saxlanılanların qeydiyyatı kitablarına baxış keçiriblər. Həmçinin işçi heyətin onlarla rəftarı, tibbi xidmətin vəziyyəti, qida rasionu, qidanın keyfiyyəti vəziyyətini diqqət mərkəzində saxlanılıb.
Həyata keçirilən başçəkmələr zamanı saxlanılan şəxslərlə qrup şəklində və təkbətək çoxsaylı söhbətlər aparılıb. Söhbətlər zamanı həmin şəxslər bu müəssisələrdə saxlanma şəraitindən, qidanın keyfiyyətindən və onlara qarşı rəftardan narazılıq etməyiblər. Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları müşahidə edilməyib, bəzi kütləvi informasiya vasitələrində Məmməd Qurbanov və Nadir Məmmədovun incidilməsi ilə bağlı yazılan məlumatlar da öz təsdiqini tapmayıb. İstintaq Təcridxanasında saxlanılan Məmməd Qurbanov və Nadir Məmmədov saxlanma şəraitindən, o cümlədən onlara qarşı rəftardan narazılıq etməyiblər. Aydın olub ki, bəzi “hüquq müdafiəçilərinin” əsassız məlumatları boş hay-küydən başqa bir şey deyilmiş. Saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onlara hüquq və vəzifələri, həmçinin “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” NMR Qanununun müddəaları haqqında ətraflı məlumat verilib.
Rufik İSMAYILOV