• şənbə, 20 Aprel, 12:46
  • Baku Bakı 23°C

NATO Rusiya sərhədlərinə yaxınlaşır

12.07.16 11:01 1358
NATO Rusiya sərhədlərinə yaxınlaşır
Ötən həftə Varşavada baş tutan NATO sammiti Alyans tarixinə tarixi sammit kimi düşəcək. 27 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən sammit Alyansın tarixində həm də ən geniş toplantılardan biri kimi qalacaq. Bu görüşdə ən əsas məsələ o olub ki, NATO qüvvələrinin ilk dəfə olaraq Baltikyanı ölkələr və Polşada yerləşdiriləcəyi barədə qərar qəbul edilib. Əsas məsələlərdən biri də odur ki, NATO-nun Varşava sammiti Rusiyanın maraqlarına ciddi zərbələr vurub. Doğrudan da, NATO qüvvələrinin Şərqi Avropada və Baltikyanı ölkələrdə yerləşdirilməsi və müttəfiq ölkələrin qorunması ilə bağlı konkret siyasi qərarların qəbulu ciddi məsələdir.
"Bizim kollektiv müdafiə və təhlükəsizlik sisteminin daha da müasirləşdirilməsində yeni, olduqca mühüm addımlar atıldı. Bu addımlara Polşa, Estoniya, Latviya və Litvada hərbi mövcudiyyət də daxildir”, - deyə NATO-nun baş katibi Jens Stoltenberq deyib. O bildirib ki, bu mövcudluq çoxmillətli olacaq və alyansın bir üzvünə qarşı hücumun bütün üzvlərə qarşı hücum sayılacağı barədə aydın siqnal göndərəcək. Gələn ildən etibarən Rusiya ilə həmsərhəd olan 4 ölkədən hər birində NATO-nun bir batalyonu yerləşdirilməlidir. Ölkələrdə daimi əsasda qalan batalyonların şəxsi heyəti mütəmadi şəkildə əvəzlənəcək. İlkin məlumata görə, NATO Rusiya ilə həmsərhəd ölkələrə 4 minə yaxın əsgər göndərməlidir. Lakin bu qüvvələrin dəqiq sayı və yerləşəcəyi dəqiq yer hələ ki rəsmi şəkildə təsdiqlənməyib. Rusiya sərhədləri yaxınlığındakı hərbi kontingentə əsgər göndərəcəyini Britaniya, Almaniya, ABŞ və Kanada elan edib. Britaniya əsgərlərinin Estoniya, amerikalıların Polşa, kanadalıların Latviya, almanların isə Litvada qalacağı qeyd olunur. Polşa NATO üzvlüyünü Çexiya və Macarıstanla yanaşı 1999-cu ildə qazanıb. Bundan 5 il sonra Şimali Alyansa Baltikyanı ölkələr daxil olub. Lakin onların ərazisində NATO qüvvələri "yarımdaimi” əsaslarla ilk dəfə yerləşdiriləcək. Bundan əvvəl Alyansın əsgərləri bu ölkələrin ərazisinə yalnız hərbi təlimlər müddətində gətirilib. Baltikyanı ölkələr və Polşa Krımın ilhaqı və Ukraynanın şərqində baş verən münaqişədən sonra NATO-nu daha qərarlı addımlara səsləyib. 4 batalyonun yerləşdirilməsi rəmzi səciyyə daşıyır. Hərçənd ki, münaqişənin baş verdiyi təqdirdə təhlükə ilə aparıcı NATO ölkələrinin hərbçiləri də üzləşəcək. Qərb bildirir ki, batalyonların yerləşdirilməsində əsas məqsəd müttəfiqlərin təhlükə qarşısında tək qalmayacağını göstərməkdir.
Öz növbəsində Rusiya NATO-nun addımının cavabsız qalmayacağı barədə xəbərdarlıqla çıxış edib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilin sonunadək ölkənin şimal-qərb bölgəsinə tərkibində 20 min hərbçi olacaq iki yeni diviziyanın göndəriləcəyini deyib.
Rusiya NATO-nun genişlənməsi ilə bağlı izahat istəyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova öz şərhində bildirib. M.Zaxarova bildirib ki, Rusiya NATO-nun iyulun 13-də Brüsseldə keçiriləcək iclasında buna cavab axtaracaq. Yeri gəlmişkən, Rusiya ilə sərhəd bölgədə yeni qüvvələrin yerləşdirilməsi ilə yanaşı, NATO sammitində NATO-Aİ əməkdaşlığı, Yaxın Şərqdəki böhran və miqrasiya məsələləri də müzakirə olunub. Sammit çərçivəsində Gürcüstan-NATO və Ukrayna-NATO komissiyasının iclası da keçirilib.
Bir məsələni də qeyd edək ki, Varşava sammitinin müzakirəyə çıxardığı əsas məsələlərdən biri də İŞİD-ə və Əl-Qaidəyə qarşı mübarizə strategiyası idi. Sammitin qəbul etdiyi qərarlara görə, bu çərçivədə atılacaq addımlardan biri "AWACS” təyyarələrinin Suriya və İraq sərhədlərinə nəzarət etməsi, digəri isə bölgə ölkələrinin təhlükəsizlik qüvvələrinin hazırlanması olacaq. Yeni strategiyaya uyğun olaraq, bir növ uçan radar xarakteri daşıyan "AWACS”-lar türk və beynəlxalq hava sahəsində xidmət göstərəcək, Suriya və İraqdakı İŞİD hədəfləri ilə əlaqədar məlumatlar toplayıb lazımi hərbi qurumlara ötürəcək. Yerli təhlükəsizlik qüvvələri də bu məlumatlar üzrə hərəkət edəcək və hədəfləri zərərsizləşdirəcəklər. Onların təlimi isə yalnız İordaniyada deyil, həm də İraqda həyata keçiriləcək. Həmçinin Liviya və Tunisdə də hərbi təhlükəsizlik strukturlarının qurulması və inkişaf etdirilməsi üçün əməkdaşlıqların gücləndirilməsi nəzərdə tutulur. Varşava sammitinin bu qərarından anlaşılan odur ki, dini radikalizmə qarşı mübarizəni NATO hərbçiləri özləri birbaşa yox, yerli qüvvələr vasitəsilə aparacaqlar.
Beləliklə, sammitdə dörd əsas məsələ gündəmdə olub. Birincisi, qeyd etdiyimiz kimi Rusiya, ikincisi, İŞİD-lə mübarizə. Üçüncü məsələ Qara dəniz məsələsi idi. Artıq Alyans Qara dənizin "rus gölü”nə çevrilməsinin qarşısını almaq və özünün şərq cinahını müdafiə etmək üçün bu bölgədə qüdrətini artırmağı qərarlaşdırıb. Dördüncü məsələ isə NATO-nun maliyyələşdirilməsi idi. Qeyd edək ki, dünyanın ən böyük hərbi alyansının maliyyə yükünün böyük hissəsi ABŞ-ın çiyinlərinə düşür.
Nizamnaməyə görə, üzvlər öz ÜDM-nin 2%-ni hərbi güclərini artırmağa yönəltməli olsalar da, bu şərtə ABŞ və Şərqi Avropa dövlətlərindən başqa heç bir NATO ölkəsi əməl etmək istəmirdi. Xüsusilə Fransa və Almaniyanın daha xəsis davrandığı müşahidə olunurdu. Bu isə istər-istəməz hər il 900 milyardlıq NATO büdcəsinə 650 milyard dollar ayıran ABŞ-da ciddi narazılıqlara səbəb olur, hətta ölkənin bir çox siyasiləri Alyansdan ayrılmağı gündəmə gətirirdilər.
Bütün bunlara baxmayaraq, NATO yetkililəri Rusiyaya qarşı sanksiya qəbul etməyib. Alyansın baş katibi Jens Stoltenberq də Rusiyaya qarşı heç bir qərarın alınmadığını etiraf edərək, atılacaq addımların oktyabr ayında müəyyənləşəcəyini bildirib. Oktyabr ayına qədər isə NATO-nun Rusiya ilə dialoq qurmağa çalışacağı qeyd olunur. Bu çərçivədə ilk görüş isə bir neçə gündən sonra, yəni ayın 13-də keçiriləcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər