• cümə axşamı, 28 mart, 16:03
  • Baku Bakı 16°C

“National Book Awards”-un qalibi

11.12.17 10:42 13794
“National Book Awards”-un qalibi
Amerikanın cənubundan ədəbi çəkisi baxımından alternativsiz hekayələri romanlarına gətirən amerikalı yazar Cesmin Vord son "National Book Awards”-a ikinci dəfə sahib olmaqla, bu mükafatı iki dəfə alan ilk qadın yazar kimi tarixə düşdü. "New-York Times”-ın xəbərinə görə, ilk dəfə 2011-ci ildə "Qalanların xilası” ("Salvage the bones”) adlı romanı ilə mükafatın qalibi olmuş Cesminə bu dəfə anadan olduğu Missisipidə yaşayan bir ailənin hekayəsi uğur qazandırıb. "Oxuyun, sağ qalanlar, oxuyun” ("Sing, unburied, sing”) adlı romanı ilə rəqiblərini geridə qoyan yazar "68th National Book Awards” mükafatlandırma mərasimində təqdim olunub.
Ümumilikdə dörd nominasiya – Bədii, qeyri-bədii ədəbiyyat, poeziya və gənclər və azyaşlılar üçün ən yaxşı nümunələr – üzrə verilən müsabiqənin son mərhələsində 20 yazar mübarizə aparıb. Təqdimetmə mərasimində mükafatın builki fəxri qalibi Bil Klinton elan edildi. Klinton "Amerika Ədəbi İcması”-nın nüfuzlu alimi Riçard Robinsonun fəaliyyəti haqqında yazdığı kitabla bu mükafata layiq görülüb: "Cənab Robinsona əvvəlcə "Harry Potter”-in son hissəsinin iki imzalı nüsxəsini mənə və Hillariyə göndərərək, bizi sıra gözləməkdən xilas etdiyi üçün minnətdaram. Sonra isə mənə mükafat qazandıran bir həyat yaşadığı üçün”.
Missisipidə yoxsulluqdan, ayrılıqdan, itkinlikdən, irqi və ailə bağlarından əziyyət çəkən bir ailənin hekayəsinə həyat verən, sadəcə Amerikada yox, beynəlxalq arenada da işləri fəxrlə təqdim olunan Cesmin Vord "Ən yaxşı roman müəllifi” nominasiyası üzrə mükafatın qalibi elan edilib. Mükafatlandırma mərasimində çıxış edən 40 yaşlı yazar əsərindən danışıb: "Karyeram boyunca dəfələrlə rədd almışam. Hər dəfə mənə göstərilən səbəblərin sətiraltı mənasında bir fikir yatırdı "bu hekayələr oxunmaz, bunlar bəşəri hekayələr deyil”. İnsanların niyə belə düşündüyünü bilmirəm. Mən yoxsullar və irqi ayrı-seçkilikdən əziyyət çəkən insanlardan yazıram. Bir insanın faciəsi mənim nəzərimdə bəşəridir”.
"Ən yaxşı qeyri-bədii ədəbiyyat nümunəsi” nominasiyası üzrə mükafatın builki qalibi "Gələcək tarixdir” ("The future is history”) əsəri ilə jurnalist Maşa Gessen olub. Frank Bidartın "Yarı-işıqlı: Seçilmiş şeirlər 1965-2016” ("Half-light: Collected Poems 1965-2016”) şeirlər toplusu "Ən yaxşı poeziya nümunəsi” mükafatının qalibi elan edilib. Gənclərin sevimlisi Robin Benvey isə "Ağaclardan uzaqda” ("Far from the tree”) əsəri ilə ədəbi istedadını bir daha sübut edib və "Gənclər üçün ən yaxşı bədii nümunə” mükafatını sahiblənib.
banner

Oxşar Xəbərlər