• çərşənbə axşamı, 16 aprel, 08:06
  • Baku Bakı 14°C

“NASA Space Apps Azerbaijan” hakatonunun qalibləri müəyyənləşib

20.10.19 19:40 685
“NASA Space Apps Azerbaijan” hakatonunun qalibləri müəyyənləşib
"Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, ADA Universiteti və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı, "Lenovo” şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyinin baş sponsorluğu ilə oktyabrın 18-dən start götürən "NASA Space Apps Azerbaijan” hakatonunun (proqramçıların birləşərək müxtəlif problemləri həll etməsi) final mərhələsi keçirilib.
"Azərkosmos” –danAZƏRTAC-a bildirilib ki, yarış zamanı 25 komandadan ibarət 100 nəfər iştirakçı 48 saat ərzində fasiləsiz olaraq NASA tərəfindən verilən tapşırıqların həll yollarını tapmağa çalışıb. Həmin komandalardan üç ən yaxşı həll yolu hazırlayan komanda "NASA Space Apps Azerbaijan” hakatonunun qalibi elan edilib. Beləliklə, birinci yerin qalibi "ICARUS”, ikinci yerin qalibi "SpaceSetup”, üçüncü yerin qalibi isə "Ulduz Station” komandası olub.
Qalib komandalar pul mükafatları ilə təltif ediliblər.
Hakatonun qalibləri beynəxalq "NASA Space Apps” hakatonunun tapşırıqlarına uyğun olaraq Yer kürəsində meşə yanğınlarının, dəniz və okean sularının çirklənməsini və plastik tullantıların qarşısının alınması istiqamətində həllər təqdim etdilər. Azərbaycanda ilk dəfə keçirilən "NASA Space Apps Azerbaijan” hakatonu gənclər üçün kosmik sahədə sürətlə dəyişən trendlərlə tanış olmaq fürsəti yaratdı. Bununla yanaşı, hakaton iştirakçılara əslində kosmosun gələcəyini daha yaxşı təsəvvür etməyə və aktual olan ekoloji problemlərin həllinə birbaşa yol göstərir.
Hazırda planetimizin orta temperaturu ilbəil artır və su ehtiyatları tükənməkdədir. Bunların hamısı planetimizi olduqca narahat edən məsələlərdəndir. Bu kimi mühüm məsələlərə biganə qalmamaq üçün dünyada 200-dən çox şəhərdə eyni vaxtda keçirilən "NASA Space Apps” hakatonu innovativ ideyaları dəstəkləyir.
Qeyd edək ki, hakaton müddətində yarış iştirakçılarına NASA-nın "Saturn planetinin tədqiqatı üzrə Kassini proqramı”nın baş tədqiqatçısı Anna Verbisker tərəfindən ustad dərsləri keçirilib, kosmosun öyrənilməsində NASA-nın apardığı işlərdən bəhs edilib. Azərbaycanda gənclər arasında kosmosa və kosmik infrastruktura böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycanın kosmik proqramının uğurlu inkişafını göstərir.
banner

Oxşar Xəbərlər