• cümə axşamı, 18 aprel, 17:12
  • Baku Bakı 22°C

NARAZI ŞƏXSİN NƏĞMƏSİ

24.10.16 11:15 5628
NARAZI ŞƏXSİN NƏĞMƏSİ
Şair, nasir, esseist Branko Velimiroviç Radiçeviç 1925-ci il 14 mayda Serbiyada anadan olmuşdur. Belqrad universitetinin hüquq fakültəsini bitirmişdir. Qaraçı poeziyasını serbiya dilinə tərcümə etmişdir.
O, 1941-45-ci illər Xalq-azadlıq müharibəsinin iştirakçısı olmuş, əsir düşərək konslagerdə saxlanmışdır. Müharibədən sonra "Borba" qəzetinin uşaq ədəbiyyatı şöbəsinin redaktoru kimi fəaliyyət göstərmişdir.
B.Radiçeviç 2001-ci il 11 yanvarda Belqradda vəfat etmişdir.

1
HƏLƏ Kİ DÜNYA FIRLANIR
Hələ ki, ölümdən ölümə doğru
fırlanır dünya.

Mənsə dəmir üçün daş qırıram,
gümüş üçün işıq yandırıram,
haray salıram mis üçün...

Gözümü yandırır
içindəki duz
və bütün dünyanın qadınları ağlayır halıma.

Mən öz günəşimi yandırıram
sənin qaranlığında.
Ölümdən-ölümə doğru fırlanıram
dünya ilə birgə.

Elə dünya ilə birgə
düşürəm yola
gözlərimi bağlayana,
günəşimi söndürənə kimi.

2
MƏN BOĞULANDA

Çiyinlərimə qədər suda boğulub
başımda daşla ayılanda
daş danışacaq.

Çiyinlərimə qədər suda boğulub
köklü budaqla birgə çıxanda üzə
kök danışacaq.

Çiyinlərimə qədər suda boğulub,
bəbəyimdə xalla açanda gözümü
çay danışacaq.

Çiyinlərimə qədər suda boğulub
daşla,
köklə,
gözümdəki xalla ayılanda
məndən sonra dünya danışacaq.
ADSIZ SEVGİ ŞEİRLƏRİ

Bircə gecə var. Bircə.
Bircə yol var. Bircə.
Bircə qadın var. Bircə.

Və bütün bunlar bizik-özümüz...

Və biz hamımız həmin gecə
həmin o yolda
həmin yolla gələcək qadını gözləyirdik.

Və hamımıza elə gəlirdi ki,
bu tam təsadüfdür.
Məhz həmin gecə,
yol ayrıcında,
məhz həmin qadını gördük.
Hər birimiz gözləyirdik -
tale barmağıyla göstərəcək: budur o!

Və məhz bunun sayəsində
oldu olacaqlar.

Ölümsə yaxındadır.

İndi nə edək, necə edək.
Deyin mənə: nə edək?
ANAM ÜÇÜN LAYLA

Uyu, ana... uyu...

Üfüqlər gecəni oğurladı.
Kədər görməyən oğlun
dənizə qərq olub.

Uyu, ana... uyu...

Topçular da yatıb.
Nə savaş var, nə acı.
Günəş minib atına
çapır düzləri.

Uyu, ana... uyu...

Dəryazlar kütləşib
taxıl biçməkdən.
Qablar yeməklə dolu,
uşaqların qarnı tox.

Uyu, ana... uyu...

Gecə sükutla keçir -
nəvazişli əl qonub
dünyanın çiyninə.

Uyu, ana... uyu...

ŞAİR

Əllərini müharibə aldı,
gözlərini tüstü qaraltdı,
ürəyini alov yandırdı.

Əllərin nəğmə oldu
gözlərin nəğmə.

Nəğmə əllərlə gəzirsən
nəğmə baxışlarla baxırsan.

Təpədə məzarını qazıblar artıq...
Sakitcə dəfn edəcək
adını da çəkəcəklər hətta.

Nəğmə qalxacaq məzardan,
hücuma keçəcək,
məğlub olacaq ikiqat.
Yeni nəğmə doğulacaq axan qandan.

Yenə əllərini savaş alacaq,
tüstü qaraldacaq gözlərini,
alov yandıracaq ürəyini.

Sənsə nəğməsiz dünyada gəzirsən...
Sən, ey müqəddəs nəğmə.
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
banner

Oxşar Xəbərlər