Naqif Həmzəyev: Azərbaycan terrora qarşı mübarizədə daim Türkiyəni dəstəkləyib
"Bu günlər dünya siyasətçilərinin, kütləvi informasiya vasitələrinin diqqəti Türkiyənin
Suriyanın şimalında, Fərat çayından
şərqdə başlatdığı hərbi əməliyyatlara
yönəlib. Hər gün qarşılaşdığı terror
aktları, qonşu ölkələrdəki münaqişələrin təsiri, sonu hələ də görünməyən Suriya
böhranının yaratdığı fəsadlar, qaçqın axını kimi vacib məsələlərin birdəfəlik həll
edilməsi üçün qardaş Türkiyə bu dəfə
terrorçulara qarşı daha genişmiqyaslı əməliyyata start verib”.
Bu
barədə "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü
Naqif Həmzəyev bildirib.
Onun
sözlərinə görə, Türkiyənin
üstünə kabus kimi çökən terrordan azad olmaq üçün prezident Rəcəb Tayib
Ərdoğan öz ölkəsinin ərazi bütövlüyünü və təhlükəsizliyini
qorumaq naminə Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması məsələsini
ortaya qoyub: "Rəcəb Tayyib Ərdoğan açıq-aşkar ifadə etdi ki, Türkiyəni
müharibəyə cəlb etmək, terrorçu qruplaşmalarla üz-üzə qoymaq, ölkə
iqtisadiyyatını çökdürmək istəyirlər. Aydın məsələdir ki, belə olan halda
antiterror əməliyyatları aparmaq qaçılmazdır. Türkiyə ya erməni əsilli PKK terror təşkilatının təxminən
qırx il ərzində ölkədə yaratdığı kabusa, təhdidlərə dözməli, ya da bu problemi
kökündən həll etməli idi. Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərat
çayının şərqində başladığı "Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı Türkiyə
Suriyada başladığı sayca üçüncü hərbi əməliyyatdır. Məqsəd isə heç bir milli və
dini ayrı-seçkiliyə yol vermədən sərhədboyu ərazidə təhlükəsizlik bölgəsi
yaratmaq üçün ərazini terrorçulardan təmizləməkdir. Bununla bağlı Türkiyənin
Prezidenti Suriyanın şimalında sonuncu terrorçu məhv edilənə qədər hərbi əməliyyatlar
davam etdirəcəyini bildirib”.
Millət
vəkili N.Həmzəyev qeyd edib ki, yaxşı gündə də, çətin gündə də Türkiyənin yanında olan
Azərbaycan terrora qarşı mübarizələrdə daim qardaş ölkəni dəstəkləyib: "Türkiyə
dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış edərək, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün
səyləri həmişə müdafiə edib. Tarix boyu hər iki ölkə arasında davam
edən qardaşlıq, dostluq münasibətlər o səviyyyə çatıb ki, bunun əksini düşünmək
belə mümkün deyil. Türkiyə kimi Azərbaycan da terrordan ən çox zərər çəkən ölkələrdən biridir. 1980-ci illərin sonundan etibarən, işğalçı Ermənistan əsassız
və qanunsuz ərazi iddialarını həyata keçirmək üçün Azərbaycana qarşı dəfələrlə,
minlərlə vətəndaşın ölümünə səbəb olan terror aktları törədib. Ermənistanın güc strukturlarının bilavasitə iştirakı ilə hazırlanan həmin terror
aktları beynəlxalq
terror qruplarından istifadə edilərək törədilib. Əsas hədəfləri Türkiyə və Azərbaycan olan dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən çoxsaylı ermənilərin terrorçu təşkilatları bilməlidir ki, tarixin ağır
sınaqlarından alnıaçıq çıxan bu iki qardaş ölkə bir birinə dəstək və arxadır”.
Deputat
N.Həmzəyev deyib ki, hər zaman olduğu
kimi, bu dəfə də Azərbaycan qardaş ölkənin atdığı addımları və siyasəti birmənalı
olaraq dəstəkləyir. Onun
qənaətincə, Türkiyənin və Dağlıq Qarabağın erməni
əsilli terrorçulardan təmizlənəcəyi, zəfər müjdəsinin bayram ediləcəyi gün
uzaqda deyil.
Alpər TURAN