• cümə axşamı, 25 aprel, 02:13
  • Baku Bakı 19°C

Nağdsız ödənişə bonus

30.06.16 13:49 2321
Nağdsız ödənişə bonus
Vergi ölkənin maliyyə təhlükəsizliyində rol oynayan başlıca sistemdir. Amma təəssüf ki, bəzən bu anlayışa vətəndaşlar birmənalı münasibət bəsləmirlər. Ona başqa "don” geyindirirlər. Nəticədə, vergilər barədə mənfi fikir formalaşır. Çoxları elə düşünür ki, vergilərdən toplanan pullar kiminsə şəxsi büdcəsinə və ya cibinə gedir. Əslində isə həqiqət başqadır. Həmin vəsait ölkə və vətəndaşların bir çox problemlərinin həllinə yönəldilir. Bu pullar qəpiyinə kimi hesab-kitab olunur.
Təbii ki, vergi sisteminə qarşı bu cür biganəlik təkcə Azərbaycanda deyil, demək olar ki, dünyanın bir çox ölkələrində müşahidə edilir. Amma inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda bu sahədə daha ciddi problemlərə rast gəlinir. Buna səbəb kimi ölkəmizdə sözügedən sistemin formalaşmasına yeni başlanması göstərilir.
"Prosesi daha da sürətləndirmək lazımdır”
İqtisadçı Vüqar Bayramov deyir ki, zaman keçdikcə problem həllini tapacaq, insanlar verginin tam mahiyyətini anlaya biləcək. Amma bunun üçün aidiyyəti qurumların üzərinə böyük vəzifə düşür: "Əslində, bu istiqamətdə Vergilər Nazirliyi konkret işlər görür. Tez-tez respublikanın ayrı-ayrı yerlərində dəyirmi masalar keçirilir, "qaynar xətt” fəaliyyət göstərir, KİV-lərdə daim geniş məlumatlar yer alır. Bu işdə Vergi Ödəyicilərinə Xidmət Mərkəzləri də mühüm rol oynayır. Amma prosesi daha da sürətləndirmək lazımdır”. Ekspert deyir ki, ölkədə vergi sistemində son illər əhəmiyyətli islahatlar həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan bu sahədə keçmiş sovet məkanında lider ölkə sayılır.
"Vergi sistemində yeni metodlar tətbiq edilir”
Deyilənləri, vergi üzrə ekspert Tanrıverdi Paşa da təsdiqləyir: "İndi Azərbaycanda vergi sistemində yeni metodlar tətbiq edilir. Görülən işlərdən ən vacibi isə elektronlaşma ilə bağlı atılan addımlardır. Ölkə iqtisadiyyatı üçün son dərəcə vacib olan sahədə - vergilər sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklər, " bir pəncərə” təşəbbüsü , bütün bunlar müasir Azərbaycanın inkişafına xidmət göstərir”.
Məlumat üçün deyək ki, Nazirliyin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə "2005-2007-ci illərdə Azərbaycanda vergi idarəçiliyinin təkmilləşdirilməsi haqqında Dövlət Proqramı” təsdiq edilib. Bu proqrama əsasən vergi hesabatlarının elektron təqdimatına start verilib. 2006-cı ildən Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vergi sisteminin tam şəkildə elektronlaşdırılmasına, operativ informasiya mübadiləsinə, vergi ödəyicilərinə hərtərəfli elektron xidmət göstərilməsinə və vergi bəyannamələrinin qəbulu prosesinin sadələşdirilməsinə təkan verib.
İndi Vergilər Nazirliyinə məxsus 60 xidmət elektronlaşıb. Bu isə o deməkdir ki, bununla bağlı qarşıya qoyulan məqsədə tam nail olunub. Ən əsası, elektron xidmətlərin nəticəsində vətəndaş məmnunluğu artıb. Hazırda Vergilər Nazirliyi dövlət qurumu olaraq sistemlilik, operativlik, koordinasiya və güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirir.
Tam əminliklə demək olar ki, Vergilər Nazirliyi müasir əsaslarla idarə olunur. Sevindirici məqam odur ki, sistem durmadan inkişaf edir, yenilənir. Bunun üçün daima dünyanın mütərəqqi təcrübəsi öyrənilir. Ekspertlər də bildirirlər ki, vergi sistemi müasir çağırışlara cavab verməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklər də elə buna görədir.
Təkcə bu ilin əvvəlindən məcəllədə 6 dəyişiklik edilib. Dəyişikliklərdə əsas məqsəd biznes mühitinin yaxşılaşması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi, büdcə gəlirlərinin həcminin artırılmasına töhfə verməkdir. Yeni qanunların qəbul edilməsində daha bir hədəf sabit iqtisadi artıma nail olmaq, əmtəə və xidmətlərin qiymət sabitliyinin qorunması, əhalinin yüksək məşğulluğunun təmini və gəlirlərin yenidən bölgüsündə sosial ədalətin maksimum səviyyəyə çatdırılması, o cümlədən, vətəndaşların sosial müdafiə sisteminin təkmilləşdirilməsidir.
Vergi ödəyiciləri qorunur
Bütün bunlarla yanaşı, vergi ödəyicilərinin hüquqlarının müdafiəsi ölkə başçısının tapşırığına uyğun olaraq daim qorunur. Vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, onların şikayətlərinə (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması və məhkəməyə qədər sadələşdirilmiş prosedurlara əməl edilməklə mübahisələrin obyektiv şəkildə həll edilməsi məqsədilə Vergilər Nazirliyində Vergi Apellyasiya Şurası fəaliyyət göstərir. Belə ki, vergi ödəyicisi vergi orqanının qəbul etdiyi qərarla razılaşmayaraq Vergilər Nazirliyinə müraciət etdikdə və onun müraciətinə nazirliyin funksional idarəsi tərəfindən bildirilmiş münasibət qaneedici olmadıqda o, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etmədən Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasına müraciət edə bilər. Fəaliyyətində qüsura yol verən vergi əməkdaşı ciddi şəkildə cəzalandırılır. Amma bəzən vətəndaşlarla bağlı da ciddi problemlər ortaya çıxır. Söhbət vergidən yayınanlardan gedir. Əksər sahibkarlar və fiziki şəxslər bilərəkdən və ya bilməyərəkdən öz dövriyyələrini gizlədirlər. Təbii ki, bununla bağlı Vergilər Nazirliyi xüsusi işlər həyata keçirir. Tətbiq edilən cərimə və cəzaları buna misal göstərmək olar. Bundan başqa, nazirlik dövriyyədən yayınma hallarının qarşısını almaq məqsədi ilə nəzarət kassa aparatlarına məsafədən ötürmə qurğuları quraşdırır. Bu qurğular nazirliyin vəsaiti hesabına təchiz edilir və dövriyyənin dəqiq, istənilən anda öyrənilməsinə imkan yaradır. Nəticədə nəzarət kassa aparatlarına kənar müdaxilələrin qarşısı alınır. Ölkəmizdə qarşılıqlı ödənişlərdə daha çox nağd puldan istifadə edilməsi vergi ödəyicilərinə vergidən yayınmaqda münbit şərait yaradır. Nağdsız hesablaşmaların təşviqi məqsədilə Vergilər Nazirliyi tərəfindən bütün növ ticarət və iaşə obyektlərinə məcburi qaydada post terminallar quraşdırılır. Məlumat üçün bildirək ki, 2006-cı ildə Azərbaycanda POS-terminalların sayı 2070 ədəd olub, bu il isə POS-terminalların sayı artıq 73 mini keçib. Bu hal faktiki dövriyyənin gizlədilməsi hallarının qarşısının alınmasına müsbət təsir göstərir.
"Bonus sistemi geniş tətbiq edilməlidir”
Söhbət nağdsız ödənişdən düşmüşkən, nazirlik bununla bağlı da mühüm işlər görür. İqtisadçı Samir Əliyev nağdsız ödənişlərin həcminin artması üçün inzibati metodlarla yanaşı, təşviqedici metod kimi bonus sisteminin tətbiqini zəruri sayır. O bonus sisteminin geniş tətbiqinin ölkədə nağdsız ödənişlərin artmasına əhəmiyyətli təsir göstərəcəyi qənaətindədir: "Türkiyə daxil olmaqla, bir sıra ölkələrdə bu sistemdən istifadə olunur. Geniş yayılmasa da, Azərbaycanda da bəzi ticarət obyektlərində bonus sistemi var. Müştəri alqı-satqı apardıqca, kartında bonus yığılır. Nə qədər çox alqı-satqı aparılsa, o qədər çox bonus toplanır və o bonus pul şəklində qaytarılır. Bu, əhalini stimullaşdırıcı tədbirdir”.
V.Bayramov isə təklif edir ki, vətəndaşın nağdsız ödədiyi vəsaitin 3 faizi dövlət tərəfindən onun hesabına qaytarılsın: "Tutaq ki, vətəndaş rüb ərzində 1000 manat alış-veriş edibsə, rübün sonunda onun plastik kartında 1000 manat alış-veriş etdiyi görünür və həmin 1000 manatın 3 faizi, yəni 30 manat bonus şəklində vətəndaşın plastik kartına yüklənsin. Nağdsız ödənişə görə bonus sistemi tətbiq edilsə də, dövlət bütün hallarda bundan qazanır, çünki dövriyyəyə cəlb edilən vəsaitin həcmi daha böyük olur”.
Bəli, müasir bazar münasibətləri şəraitində vergi siyasəti dövlətin iqtisadiyyata müdaxiləetmə imkanı sayılır və bu siyasət iqtisadi artımın təmin edilməsi, işsizliyin azaldılması, potensial imkanlardan maksimum yararlanma, dövlətin maliyyə dayanıqlığının təmin edilməsi və qlobal iqtisadiyyata inteqrasiya imkanlarının genişləndirilməsinə xidmət göstərir. Bu baxımdan, sözügedən istiqamətdə uğurlar əldə edən Azərbaycanın vergi sistemi qeyri-neft sektorunun inkişafına gələcəkdə də töhfəsini verəcək.
Aygün ƏZİZ
Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir.
banner

Oxşar Xəbərlər