• şənbə, 20 Aprel, 07:30
  • Baku Bakı 14°C

Ön cəbhədəki informasiya savaşçısı

17.10.20 12:03 1652
Ön cəbhədəki informasiya savaşçısı
İlkin Muradov: "15-20 il hərbi xidmətdə olan şəxslər deyirlər ki, biz, məhz bu günü, torpaqlarımız, Qarabağ üçün döyüşəcəyimiz günü gözləyirdik”
Sentyabrın 27-si döyüşlər başlayandan cəbhəyə üz tutan müxbirlərdən biri də odur. 20 gündür ki, prosesləri izləyir, cəbhədən materiallar hazırlayır, canlı yayımlar edir. Yəni informasiya savaşının iştirakçısıdır. Ancaq özünü informasiya cəbhəsindən çox, əlində silah döyüşdə görmək istəyir. Bunun üçün artıq könüllü olaraq müraciət də edib. "Ümid edirəm ki növbəti çağırışlar olan zaman mənə də ehtiyac olacaq və çağırılacağam” deyən müsahibimiz, "Yeni Müsavat” qəzetinin müxbiri İlkin Muradovdur.

- Cəbhə bölgəsinə sizi çalışdığınız media qurumu göndərib, yoxsa bu ezamiyyət öz istəyiniz əsasında olub?
- Cəbhə bölgəsinə "Yeni Müsavat” qəzetinin reportyorları olaraq göndərilmişik. Yəni çalışdığımız müəssisədən buraya ezam olunmuşuq. Cəbhə bölgəsində fəaliyyət göstərmək üçün jurnalistlər akkreditasiyadan keçməlidirlər. Akkreditasiyadan keçməyən media nümayəndəsinin həmin ərazidə çəkiliş aparması və ya işləməsi mümkün deyil.

İstək məsələsinə gəlincə, Tovuz hadisələrində özüm könüllü olaraq cəbhə bölgəsinə getməyi təklif etmişdim. O zaman bu istəyim qəbul edildi. Son cəbhə hadisələrində isə sadəcə hansı istiqamətə getmək istədiyimi soruşdular. Çünki qəzetimizin redaktoru mənim cəbhəyə getmək istədiyimi bilirdi. Mən də Füzuli istiqamətini seçdim.

- Niyə Füzuli?
- Çünki ən gərgin bölgənin bura olacağını ehtimal edirdim. Yanılmamışam.

- Gərgin bölgələrdə həyati risklər də çox olur. Bu riski nə dərəcədə hiss edirsiniz?
- Təbii ki, döyüş gedən və cəbhəyə yaxın ərazilərdə çalışmaq riskdir. Mən və burda çalışan həmkarlarım dəfələrlə bu risklə üzləşmişik. Reportaj hazırladığımız, canlı yayım etdiyimiz əraziyə top mərmiləri, yaxud digər ağır artilleriyadan açılan atəşlər nəticəsində mərmi düşür. İndi cəbhə bölgəsində olan jurnalistlərin fəaliyyətinin böyük hissəsi Ermənistan tərəfindən vurulan kəndlərdə və fərdi yaşayış evlərində çəkiliş aparmaqdır. Mərmi düşən ərazini gedib çəkmək özü də riskdir, çünki heç kim təminat vermir ki, həmin əraziyə növbəti mərmi düşməyəcək. Bir az alışqanlıq da var, çünki 2014-cü ildən bəri həmişə cəbhədə baş verən hadisələr zamanı biz ezam olunmuşuq. Amma riski həmişə hiss edirik. Digər tərəfdən, ermənilər yalnız Azərbaycan ordusunun mövqelərini deyil, kəndləri və insanların yaşadığı evləri atəşə tutur. Bu, belə desək, qismət məsələsidir. Mərmi hansısa kəndə və ya yaşayış məntəqəsinə atılanda, orada fəaliyyət göstərən jurnalistə də nəsə ola bilər. Risk olsa da, işimiz budur.


- İş prosesində yerli insanlarla çox ünsiyyətdə olursunuz. Nəyi müşahidə edirsiniz?
- Biz əvvəlki vaxtlarda fərqli mövzularla bağlı müxtəlif bölgələrə ezam olunmuşuq. Amma cəbhə hadisələrində bir az fərqli olur. Məsələn, biz bir neçə ay bundan əvvəl Tovuzda olduq, bu gün də burda Füzulidəyik. Müharibə dövründə həmişə Azərbaycan xalqının birliyini görmüşəm. Necə ki, indi hamımız ordumuzun, əsgərimizin yanındayıq, onlara möhtəşəm dəstəyimizi göstəririk. Cəbhə bölgəsinə toplaşan polis, əsgər, yerli sakin, jurnalist arasında möhtəşəm birlik və bərabərlik var. Hər kəs başqa birisi üçün nəyindənsə keçməyə çalışır. Məsələn, əsgər öz suyunu polisə verir, yerli sakin əsgər, polis üçün samovarını gətirib çay qaynadır. Həmçinin, biz bu qayğını da görmüşük: həyətinə mərmi düşən və evinin bir hissəsi dağılmış sakinin evindən reportaj hazırlayırıq, yaşlı qadındır, deyir ki, bala, hara gedirsiniz, qalmağa yeriniz var? Evimizin belə dağılmağına baxmayın, gedək sizi qardaşımgildə qonaq edim. Yerli sakinlərin belə isti münasibətini görmək, bizi həqiqətən sevindirir.

- Jurnalist olaraq informasiya savaşının iştirakçısısınız. Bəs cəbhədə çalışdığınız dönəmdə əlinizə silah alıb əsgərlərə qoşulmaq könlünüzdən keçirmi?
- Tam səmimi deyirəm ki, mənim istəyim bu dəqiqə cəbhədə jurnalist olmaq yox, ön cəbhədə əsgər kimi vuruşmaqdır. Mən bunun üçün yaşadığım Sabunçu rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişəm, adım siyahıda var. Amma ilk çağırılan könüllülərin siyahısında mən olmadım. Yəqin ki, ehtiyac olsa, ümid edirəm ki, növbəti çağırışlar olan zaman mənə də ehtiyac olacaq və çağırılacağam. Amma çox könüllü müraciət edib. Sabunçuda yaşayan dostlarım səfərbərlik xidmətinə gedəndə deyiblər ki, adam çox olduğu üçün gözləyək. Mən və mənim dostlarım növbədə neçənci olduğumuzu bilməsək də, gözləyirik. Mən də onlardan tez-tez xəbər alıram ki, bizə növbə çatıb, ya yox. Çünki onların bəziləri ilə eyni gündə qeydiyyatdan keçmişdim. Fikirləşirəm ki, onlara növbə çatan gün mənə də çatacaq.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər