• cümə, 29 Mart, 14:20
  • Baku Bakı 14°C

«My name is İntiqam» - Şou-biznes

24.11.14 10:26 7176
«My name is İntiqam» - Şou-biznes
Gülüş insanı cavanlaşdırır deyirlər. Doğurdan da elədir. Di gəl ki, bu gün insanları doyunca güldürə biləcək kinolarımız, gülüş ustalarımız azlıq təşkil edir. Sovet dövründə çəkilən filmlər isə müasir gənclərin tələblərinə cavab vermir demişdik ki, kinoteatrlarımızdan yeni bir xəbər gəldi. Noyabrın 28-də «Nizami» Kinoteatrında Müşviq Şahverdiyevin baş rol aldığı “My name is İntiqam” filmi sizi bol-bol gülüşə qərq edəcək dedilər.
Biz də filmin prodüseri, baş qəhrəmanı Müşviq Şahverdiyevi axtarıb tapdıq. Sual etdik ki, bu nə məsələdir? Eşitdik ki, zamanın nəbzini tutan, gənclərin dili ilə onları güldürməyi qarşına məqsəd qoyub, bizi gülməkdən “öldürmək” niyyətindəssiniz. Aktyorun cavabları isə həm məzəli, həm də maraqlı oldu.
Özümüzün filmidir
- “My name is İntiqam” bizim filmimizdir. Yəni layihənin prodüseri də, baş qəhrəmanı da özüməm. Filmin maliyyə dəstəyindən tutmuş, hər bir xırdalığına qədər özüm iştirak etmişəm. Film rəhbərlik etdiyim “Cinema Company”-nin istehsalıdır. Filmin ideyasını bir neçə il bundan qabaq düşünmüşdük. Kənd uşağının şəhərə gəlib düşməsi, mədəniyyət sivilizasiyası ilə qarşılaşması və s. filmdə əks olunub. Yəni film müasir dövrün standartlarına cavab verən mövzunu əhatə edib. Bu gün sosial şəbəkələr çox gündəmdədir. “Youtube”-dan daha çox şəhər camaatı deyil, rayon uşaqları istifadə edir, çünki onların boş vaxtları daha çox olur. Rayonda yaşayan uşaqlar məşhur olmaq üçün hansısa bir şeyi çəkib, “Youtube”da yerləşdirirlər. Məşhur olmaq hissi onlarda daha çoxdur. Biz də bu ideyanı gerçəkləşdirmək istəyirdik. Düşünürdük ki, onu hansı bölgədə çəkək. Çox fikirləşsək də, gəlib yenə də Lənkəranda durduq. Lənkəranı seçməyimizin digər səbəbi Lənkəran teatrında peşəkar aktyorlarla münasibətimizin olmasıdır. 15 il bundan qabaq mən onlarla birlikdə işləmişəm. Beləliklə, filmi Lənkəranda çəkdik.
- Filmdə tamaşaçılara hansı mesajı ötürürsünüz?
- Filmin mesajı odur ki, rayondan gələn insan şəhər mühitinə çətin öyrəşir. Bu şəxsən mənim həyatımda da baş verib. Rayonda böyümüş insan paytaxta gələndə bəzən o mühitlə uyğunlaşmır. Hər şeyi unudur, beyni çönür, lazım olmayan hərəkətləri edir. Filmdə də biz onu ətraflı şəkildə göstərmişik. İntiqam şəhərə gəlir, öz nişanlısını, doğulub-böyüdüyü torpağı unudur. Yaşadığımız cəmiyyətdə də bu tip insanlar çoxdur. Bu tip insanlar filmimizi izlədikdə orada özlərini mütləq görəcəklər. Biz onlara göstərməyə çalışacağıq ki, mühit dəyişdikdə hansı hərəkətləri etmək lazımdır. Filmdə vermək istədiyimiz mesajlar məhz bunlardır.
Onlar ancaq danışmağı bilirlər
- Qeyd etdiniz ki, bu sizin də başınıza gəlib. İntiqam Müşfiqin özüdürmü?
- (gülürük) Mən də kənddə doğulub, boya –başa çatmışam. 19 yaşına kimi rayonda yaşamışam. Gələndən sonra oxuduğum universitetdə problemlərim olub. Başım o qədər dolu olub ki, dərslərə də girməmişəm. Yəqin ki, nə dediyimi başa düşürsünüz (gülümsünür). Cavan bir kənd uşağının şəhərə gəlməsi, ətrafdakıları gördükdən sonra özünü itirir. Bu hadisələr mənim də başıma gəlib, hətta mənə böyük problemlər də yaradıb. Yaxşı ki, bu baş gicəllənmə sona kimi davam etmədi və mən öz həyatımı bərpa etdim.
- Biz adət etmişik ki, yeni bir layihə və film olan kimi onu qınaq obyektinə çevirək. Bəs siz necə edilən qınaqlara hazırsınızmı?
- Filmin iki dəqiqəlik anonsu çıxıb. Şükür edirəm ki, bizə hələ ki, irad bildirən yoxdur. Fikrinizlə tamamilə razıyam. Hər zaman yeni layihə ortalığa qoyulan kimi müəyyən tipli insanlar tərəfindən qınaq obyektinə çevrilir. Ona görə də Azərbaycanda film sektoru inkişaf etmir. Məhz bu səbəbdən yenilik etmək istəyən aktyorlarımız hər şeydən küsürlər. Heç nəyi bəyənməyən, qınaq edən insanlar özləri ortalığa bir şey çıxara bilməyənlərdir. Onlar ancaq danışmağı bilirlər. Mən də ona görə heç kimə fikir vermirəm, yalnız öz işimi görürəm. Düşünürəm ki, bugünkü cəmiyyətin tələbatı nəyədirsə onu ərsəyə gətirib, nümayiş etdirək.
- Filmin çəkilişlərini davam etdirməyi düşünürsünüzmü?
- Tamaşaçılar filmi izlədikdən sonra bəyənəcəklərsə, təbii ki, biz bunu davam etdirəcəyik. Komanda ilə məqsədimiz Azərbaycan filmini ayağa qaldırmaqdır. Sovet hakimiyyəti dağıldıqdan sonra filmlərimiz yoxa çıxmağa başladı. Film sektoru indi-indi ayağa qalxmağa başlayıb. Gənclərlə yığışıb bir komanda düzəltmişik. Film çəkməyə çalışırıq. Bizimlə bərabər bir sıra gənclər var ki, onlar da komediya üslubunda film çəkmək istəyirlər. Allah onların da işlərini xeyirli etsin. İstəyirik ki, film sahəsini bərpa edək və bu yöndə uğur qazanaq. Artıq növbəti filmin ideyası bizim beynimizdə hazırdır ki, tamaşaçı bu filmi bəyənsə, özünü doğrultsa davamlı olaraq film çəkəcəyik. Hazırkı vəziyyətdə biz qazanc güdmürük. İstəyirik ki, filmə çəkilən xərc özünü təmin etsin və biz yenidən işə başlayaq. Bu gün çəkilən hər hansı filmdən qazanc güdmək Azərbaycan kinosu üçün real bir mənzərə deyil. İstəyirik ki, tamaşaçı gəlib bizim əziyyətimizi qiymətləndirsin.
“Heç kimdən normal təklif görməmişəm”
- Hazırladığınız “Bu da bu” verilişində də gənclərin damarını tutmağı bacarırsınız. Buna necə nail olursunuz?
- Hər şeydən öncə özüm də gəncəm. Onun üçün də gənclərin arasında daha çox oluram. “Bu da bu” verilişində gopçu Mübü (Mübariz) cavan oğlan yalandan danışır. Kimsə nəsə sual verən kimi danışdığı yalan onun yadından çıxırdı. O da başlayırdı başqa yalanlar danışmağa. Bu tip obrazları həyatdan götürmüşəm. Elə olub ki, o tip insanları görmüşəm, ona yaxınlaşıb ətraflı məlumat toplayandan sonra bu obrazını yaratmışam. Molla obrazı da gənclər tərəfindən sevilir. Hazırda o da aktual bir mövzudur. Bu günün Azərbaycan gəncləri ləhcəli sözləri daha çox sevir. Ona görə də biz verilişdə ləhcəyə daha çox yer ayırdıq. Özüm də gənc olduğum üçün gənclərin nə istədiyini tuta bilirəm. Biz filmdə də məhz gənclərin marağına səbəb ola biləcək ssenarilərə yer vermişik.
- Həmin verilişdə siz mollaları daha çox qınaq obyektinə çevirirsiniz. Sizin bu qınağınız dindarların xətrinə dəymirmi?
- Hərdən irad bildiriblər. Mən özüm dindar olub namaz qılmasam da, Allaha inanan adamam. Əsl din adamları - mollalar məni görəndə bu obrazı tərifləyirlər. Deyirlər ki, dinimizə ləkə yaxan adamlar bu obrazı izləyib, xəcalət çəkməlidirlər. Bu obraz dindar qardaşlarımıza aid deyil. Molla obrazı ilə yalandan dindən istifadə edib, xuliqanlıqla məşğul olan insanlara ismarıc göstəririk.
- Müşfiq bəy, eşitdik ki, “Tək səbir”in kollektivi yenidən bir araya toplaşacaq.
- Bir sıra təşkilatçıların “Tək səbir”-in kollektivini bir araya gətirib konsert təşkil etmək fikri olub. Bizə kollektiv olaraq film təklifi gəlsə də, ancaq bu müəyyən səbəblərdən alınmayıb.
“Bu da bir xəstəlikdir”
- Ötən həftə bu rubrikamızda Fərda Xudaverdiyev komandanın yenidən birləşəcəyini və yeni film çəkəcəyini bildirmişdi.
- O layihə reallaşmayıb. Bu günə qədər bir neçə filmlər çəkilib. Seriallara təklif gəlib, amma heç kimdən normal təklif görməmişəm. Büdcə ayrılıb hansısa bir layihəyə başlayanda istedadlı insanlara müraciət etmirlər. Bəlkə də istedadlı insanlara paxıllıq edirlər, onu deyə bilmərəm. Bu da bir xəstəlikdir. Şükürlər olsun ki, bu gün bizim özümüzü realizə etmək üçün əlverişli imkan yaranıb. Filmi biz özümüz çəkirik. Kiminsə filminə çəkilməyi mən Müşfiq ehtiyac bilmirəm. Özümüz yaratdığımız şirkətin vasitəsi ilə həm çəkəcəyik, həm də çəkiləcəyik.
- Bugünkü komediya filmlərini necə xarakterizə edərdiniz?
- Bu gün komediya filmlərinin vəziyyəti məni bir aktyor kimi qane etmir. Çünki iş təkcə yumorla bitmir. İş, büdcə, texnologiya əsas məsələdir. Əlimizdə 15-20 min pulumuz varsa bir kamera götürüb, gedib film çəkə bilmərik. Təbii ki, həmin film uğur qazanmaz və tamaşaçılar tərəfindən qəbul olunmaz. Misal üçün Azərbaycanda bu günə qədər yumor filmlərinin içərisində “My name İntiqam” filminin posteri qədər keyfiyyətli poster olmayıb. Bunu sizə tam əminliklə deyirəm, necə ki, türk filmləri bizim xalqda maraq oyadır, qoy biz də maraq oyadaq. Azərbaycan filmlərinin posterlərini kinoteatrların qabağında izlədikdə bizdə elə bir təəssürat yaradır ki, sanki partanın üstünə şəkil çəkib yapışdırmısan divara. Ancaq biz posterin üstündə 15 gün işləmişik. Hər kəs söyləyir ki, nəhayət ki, biz də normal bir poster gördük.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər