AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mövsümlük sənətçi deyiləm

Mövsümlük sənətçi deyiləm

Müsahibə
17 Aprel 2013, 10:25 2302
Bu günlərdə İstanbulda 19-cu dəfə təşkil olunan “Türkiyə Musiqi mükafatları”nın qala gecəsi baş tutub. 200 münsifdən ibarət olan və 4 milyon səslə təyin edilən tədbir Murat Bozun ifası ilə başlayıb. Gecədə müğənni Mustafa Ceceli “Es” adlı musiqi toplusu ilə “Ən yaxşı albom” nominasiyasında qalib olub. “Ən yaxşı qadın ifaçı” Göksəl, “Ən yaxşı kişi ifaçı” mükafatına isə yenə də Mustafa Ceceli layiq görülüb. İlin ən yaxşı sinqlı isə Emre Aydının “Beni bir az böyle hatırla” mahnısı seçilib. Məşhur müğənni Demet Akalın isə “Türkan” kompozisiyasına görə “Ən yaxşı mahnı” kateqoriyasında mükafat qazanıb. Gecənin sonunda isə D.Akalın Türkiyə mediasına müsahibə verib. Müsahibəni təqdim edirik.

- Bu mahnının sizə uğur gətirəcəyinə inanırdınızmı?

- Mahnı Türkiyənin bir nömrəli sənətçisi Türkan Şoraya həsr olunub. Bu da mənə uğur gətirdi. “Türkan” mahnısı üç ildir ki, səslənmirdi. Bu mahnının sözləri və musiqisi Ayla Çelik və Gökan Təpəyə məxsusdur. Mahnı sanki torpağa tapşırılmış kimi, unudulmuşdu. İlk olaraq onu “youtube”da şoumen Bəyaz Öztürkün ifasında dinlədim və dedim ki, çox pis mahnıdır. Amma sonradan mahnını ifa etdim və mənim ifamda bu çox gözəl alındı.

- Mahnı kişilər üçün yazılıb. Buna fikir vermisinizmi?

- Bilirəm. Mahnı o qədər gözəl alındı ki, heç kimin dilindən düşmədi. Bəyaz Öztürk bu mahnını albomuna daxil etməyi düşünürdü. Bəyazın albo çıxmayınca da, şükürlər olsun ki, bu mahnı mənə qaldı. Əvvəllər Bəyaz bir problem çıxararsa əziyyətim boşa gedər, deyə düşünürdüm. Amma mənə dedilər ki, bu mahnını ifa etməyimin heç bir problemi yoxdur.

- Bəyaz Öztürk sizdən incimədi ki?

- Xeyr. İndi o mənə zəng vuranda “Türkan” mahnısını söyləyərək açıram telefonu. Biz onunla yaxın dostuq. Yəqin ki, Bəyaz özü də mənim ifamda bu mahnını sevdi ki, mənə heç nə demədi.

- Hər il yay fəsli başlayanda ilk albomu siz hazırlayırsınız. Disklərinizin üzərində cəsarətli şəkillərlə “Alt paltarında pop” deyilən bir tərzmi yaratmısınız?

- İnsanların nə danışdıqları vecimə də deyil. Albomlarımın əksəriyyətinin təqdimatı yaya təsadüf edir. Mahnılarım həmin il də çox sevilir və səslənir. İfam haqqında gəzən söz-söhbətlərdən heç nə anlamıram. Mən mövsümlük sənətçi deyiləm. Elə olsaydı, konsertlərimdə 10 il bundan öncə oxuduğum mahnıları məndən tələb etməzdilər.

- İçinizdə sanki arabesk üslubda başqa bir Demet var. Bu, nədən qaynaqlanır?

- Deyəsən, o mənə doğuşdan gəlib. İçimdə doğurdan da arabesk bir damar var və bundan heç də şikayətçi deyiləm. Zaman-zaman bu damarın ruhumu bəslədiyini hiss edirəm. Son zamanlar hamı mənə bu sualı verir. Axırda zorla arabesk albom hazırlatdıracaqsınız. Onsuz da bu günə qədər hər albomumda ya İbrahim Tatlısəsdən, ya da Yıldız Tilbedən bir mahnı söyləmişəm. Amma arabesk albom hazırlamağı düşünmürəm.

- Uşaqlığınız necə keçib?

- Uşaq vaxtı ürkək və qorxaq bir qız idim. Yaxşı ki bu işlərlə məşğul oldum. Yoxsa hələ də qorxaq, sakit Demet olaraq qalacaqdım. Podiuma bir çıxdım, çıxış o çıxış. Mahnılarımın hamısı hit olan zaman hər kəs deyirdi ki, o, çox şanslı qızdır. 16 il boyunca mahnılarımın dillər əzbəri olmasının şansa nə aidiyyatı var ki? Bunu şansla necə əldə edə bilərəm? Mən bu yolla gedərkən uzun illər yanımda heç kim olmadı. Həmişə tək idim. İşimə namusuma sarıldığım kimi sarıldım. Biri mənim haqqımda pis bir şey söylərsə, çox əsəbiləşərəm.

- Mahnılarınızda daha çox tərk edilmiş qadın rolunu oynayırsınız.

- Bəli. Mahnılarımdakı sözlər çox zaman xarakterimə uyğun gəlir. Onun üçün mahnılarımı yaşayaraq oxuyuram. O sözlərin hamısını da normal həyatımda istifadə edirəm. Bir az çoxdanışan olduğumu qəbul edirəm. Hərdən əsəbiləşirəm, istəmədən də olsa qalmaqallara girirəm. Buna görə də qəlbim qırılır və hətta qəlb də qırıram. Saman alovu kimidir hirsim, tez gəlib, tez də keçir.

- Sosial şəbəkələrdə aktivsiniz. Hər dəqiqənizi görüntüləyirsiniz. Özünüzü çoxmu sevirsiniz?

- Başqa neyləyim? Bağda oturub özümü insanlardan soyudum? Başqaları kimi şou-proqramlardan gizlənmək kimi bir problemim yoxdur. Hər şeyim ortadadır. Belə yaşamaqdan da məmnunam. Həm də illərdir özlərini zirvədə tutan aktyorlara nə oldu, indi hamısı “İnstagram”da özlərini reklam edirlər. Artıq gecə həyatından əl çəkmişəm. Əvvəllər hər axşam gecə əyləncələrinə gedirdim. İndi hava qaralmadan evə gedirəm. Buna səbəb isə ərim Okan deyil. Çox yorğun oluram və buna zamanım da olmur.

- Mahnınızda “Çəkəməyənlər aramızdan ayrılsın” deyirsiniz. Hər kəs sizi sevməlidirmi?

- Hər kəs məni sevmək məcburiyyətində deyil. Ancaq mən belə olmasını istəyirəm. Bəlkə də atasız böyüdüyüm üçün sevgiyə doymuram. Sevgiyə çox ehtiyacım var. Yəqin ki, bu qədər çalışmağım məni yanlış başa düşənlərə özümü izah etmək və sevdirmək üçündür.

- Həyat yoldaşınız Okanla münasibətiniz necədir?

- Bəzən ondan çox çəkinirəm. Əvvəllər mənə çox qadağalar qoyurdu. Sonra yavaş-yavaş qəlbini ələ aldım. Qayınanam və qayınatam məndən çox razıdırlar. Keçən həftə qayınatama yemək hazırladım. O, çox təəccübləndi. Mən səhnədə Beonsam, evdə isə Eminə Bedər. İlk dəfədir ki, doğru insanla evləndiyimə inanıram. Alt paltarların reklamı üçün bir dəfə jurnalın üz qabığına şəkillər çəkdirdim. Hətta reklamın xüsusi bir sayı mənim o geyimlərdə şəkillərimdən ibarət olacaq idi. Okan onu aldatdığımı və yola verdiyimi deyib əsəbləşdi. Bu şəkilləri yəqin ki, jurnala verməyə risk etməyəcəyimi bildirdi. Dedim ki, “mən müğənniyəm, bu, mənim işimdir”. O şəkil mediada yayımlandı. Bütün qadağalar onları aşmaq üçündür və aşdım da. Qanunları aşdım dedimsə, o qədər də həyat yoldaşımın sözünü yerə salmıram. Neçə ildən sonra bir ər tapmışam, heç onu qaçırdaram? Bundan sonra nə qısa ətək, nə də açıq-aşkar şəkil çəkdirmək üçün həyat yoldaşımın sözünü yerə salmaram. Okanla münasibətlərim onun danışıq tərzindən asılı olur. Məsələn, “Canım, bax bu suyu içmə, başqasını içərsən daha gözəl olar” deyəndə onun sözünə əməl edirəm. Ancaq əmrlə “bunu içməyəcəksən” desə, ona inad olsun deyə edərəm. Bundan sonra qiyamət başlayır. Onu çox istəyirəm.

- “Popstar” verilişində Bülənd Ərsoyun sizə “maneken qız” deməsinə əsəbiləşmədiniz ki?

- Bəli, elə bir söz dedi. Efir zamanı ona heç nə demədim, amma reklam arasında bu sözü sevmədiyimi və çox əsəbiləşdiyimi Bülənd xanıma bildirdim. Əslində maneken deməyinə əsəbiləşmədim, keçmişdə məşğul olduğum bir sənətdir. Sənətdə olan hər bir qadın maneken kimi olmaq istəyir. Mən atıq maneken deyiləm, üstəlik, maneken olmaqdan da utanmıram. Bəlkə Bülənd xanım məni qürurlandırmaq istədi, ola bilər ki, yanlış anladım. Amma canlı yayında mənə elə müraciət etməsi xoş olmadı. Yenə də yaxşı niyyətlə dediyinə inanıram, çünki o, pis qadın deyil.

- Kənardan şən insana bənzəyirsiniz. Mahnılarınızda isə “Göz yaşlarım bitdimi, sandın?” deyirsiniz.

- Düzünü bilmək istəyirsinizsə, göz yaşlarımın tükəndiyi günlər heç olmadı. Amma o günlərə də şükür edirəm. Məni Demet Akalın edən bütün acılara təşəkkür edirəm. Mənə yaraşan, özümə uyğun olan mahnılara pul verirəm həmişə.

- Məktəbdə necə bir şagird idiniz?

- Bildiyiniz qoyun şagirdlərdən biri idim. Məktəblə bərabər, quran kurslarına gedirdim. Çox saf bir qız idim. Anam həmişə deyirdi ki, heç kiminlə görüşmə, səni aldadarlar. Amma mən o saf və səfeh tərəfimi çox sevirəm. Bunları itirərsəm, bu qədər açıq ürəkli insan ola bilmərəm.

- Sənətçilərdən sənə dost olarmı?

- Olmadığını gördük. Bütün “bu dostumdur, o düşmənimdir” söhbəti doğurdan da bir hekayədir. Mənim dostluq etdiyim bir sıra sənətçilər var. Amma bundan sonra daxilimə heç kimi buraxmayacağam. Çünki onlarla dost olmağın heç bir mənası yoxdur.

- Türkiyədə sizdən başqa səhnədə şou göstərə biləcək müğənni yoxdurmu?

- Mədən başqa səhnədə şou göstərən ifaçı Tarkandır. 7-8 il bundan əvvəl səhnədə sehrbaz kimi yox oldu. Bir göz qırpımında səhnədən yox oldu və başqa yerdə peyda oldu. Tarkan onsuz da insan deyil. Onun inanılmaz bir aurası var. Məncə, o, başqa planetdən gəlib.


Hazırladı: Xəyalə Rəis