• cümə, 19 Aprel, 01:38
  • Baku Bakı 18°C

“Müxtəlif ölkələrdə təhsil almağımın səbəbi fərqlilik axtarışıdır” - Xaricdə təhsil

05.10.19 09:30 3068
“Müxtəlif ölkələrdə təhsil almağımın səbəbi fərqlilik axtarışıdır” - Xaricdə təhsil
Onun haqqında təhsil fədaisidir desək, yanılmarıq. Uşaq yaşlarından tək xəyalı yüksək səviyyədə təhsil almaq və ölkəyə yararlı vətəndaş olmaqdır. Təhsil onun üçün məcburiyyət deyil, xüsusi zövqdür. Üstəlik, çox oxuyan deyil, çox gəzən çox bilər prinsipi ilə də hərəkət edir. Özünü daim öyrənməyə həsr edən həmsöhbətimizi tanıyaq...

Xaricdə təhsil rubrikamızın qonağı Fidan Əlizadədir.

Fidan Bakı Türk Anadolu liseyini bitirib. Deyir ki, məqsədi ali təhsilini də Türkiyədə davam etdirmək olsa da, sonradan fikrini dəyişib: "Türkiyədə arzuladığım universitetlərə qəbul almışdım. Hacettepe, Ankara Universiteti, Yıldız Teknik Universiteti kimi tanınmış təhsil ocaqlarından yararlanmaq şansım var idi. Lakin son anda təhsilimi Avropada almağa qərar verdim. 2 ay İELTS imtahanına hazırlaşdım. Lazım olan keçid balını yığdıqdan sonra Avropa universitetlərinə müraciət etdim. Təqaüdlə təhsil almağı hədəflədiyim üçün ən uyğun variant İtaliyada idi. Çünki sözügedən ölkədə təqaüd imkanı daha üstün idi. Polşadakı bəzi universitetlərdən, Estoniyadan, Almaniyadan da qəbul almışdım. Lakin hərəsində ya 30, ya da 50 faizlik təqaüd imkanı vardı. Ona görə də 100 faizlik təqaüdü seçib, İtaliyada Roma şəhərində Tor Vergata Universitetində iqtisadiyyat fakültəsində 3 illik bakalavr təhsilinə başladım. Orada təhsil aldığım müddətdə Erasmus proqramı ilə Malta Universitetində təhsilimi davam etdirdim. Maltada olduğum müddətdə cavablar açıqlandı ki, Amerikada təqaüdlə West Virginia Universitetinə qəbul olmuşam. Hazırda bu universitetdə təhsil alıram. Sonra yenidən Erasmusa müraciət etdim və hazırda İngiltərədə Sheffield Universitetində təhsilimə davam etmək imkanı əldə etmişəm.

- Fidan xanım, təhsil sizin üçün nədir?
- Məncə, təhsilə marağı insana uşaqlıqdan valideynləri aşılayır. Mən uşaq olanda, anam mənə artıq əlifbanı və hərfləri öyrətmişdi. O, məni oxumağa məcbur etmirdi. Mən sevə-sevə anamla dərs oxuyurdum. Yazmağı, hesablamağı anamdan öyrənmişəm. Nənəm və anam fizika müəllimi olub. Mənə hər zaman deyərdilər ki, sənin damarlarında fizik qanı axır. Mən də uşaqlıqdan texniki fənləri sevirdim və bu sahədə təhsil alacağımı bilirdim. 3-4-cü sinifdə 6-cı sinfin tənliyini edirdim. Artıq 4-cü sinifdən məktəbi bitirib universitetə qəbul olmağı xəyal edirdim. Əlimdə TQDK broşürları ilə ixtisas seçirdim. Təhsilə marağım uşaqlıqdan var. Mənim üçün zaman çox önəmlidir və bu vaxta qədər tək məqsədim yaxşı karyera qurmaq olub. Məsələn, müəllimlərimiz universitetlərdən danışırdı. Onlar danışdıqca mən özümü oralarda xəyal edirdim. Hər zaman məqsədyönlü və çalışqan biri olaraq tanınmışam. Həmişə istəyirəm ki, maksimum dərəcədə bilik alım. Eyni mühitdə qalmağı sevmirəm. Hər dəfə müxtəlif mühitlərə keçməyimin səbəbi odur ki, biliklərimi təkmilləşdirim və gələcəkdə öz ölkəmdə tətbiq edim. Xaricdə müxtəlif ölkələrdə təhsil almağımın səbəbi fərqlilik axtarışıdır. Artıq istəyirdim ki qabığımdan çıxım və əsl Fidanı kəşf edim. Bunun da yolu təhsildən keçir.


- Nə üçün qəbul olduğunuz universitetlə kifayətlənmirsiniz, daim növbəti ölkə və universitet axtarışındasınız?
- Həyatda tək prinsipim heç vaxt dayanmamaqdır. Bütün ətrafım mənə deyir ki, biz səni nə vaxt görsək, qaçırsan. Mən həyatda hər zaman qabağa getməyə, nələrisə tez bitirməyə tələsirəm. Həyatın digər mərhələsinə atlamağa tələsirəm. Bu vaxta kimi də universitetlərə qəbul zamanı bütün sənəd prosedurlarını özüm etmişəm. Heç vaxt dayanmaq istəməmişəm. Düşünürəm ki, insan bir yerdə dayandığı zaman inkişaf etmir. İnkişaf etmək üçün fərqlilik lazımdır. Əgər daha üstün imkan varsa, niyə onu sınamayım? Təhsildə mənim üçün risk yoxdur. Valideynlərim mənə deyirdi ki, bir mühitdə oxuduğun zaman digər mühitə keçmək çətindir, risk etmə. Mən təhsildə risk etməyi sevirəm. Hər universitet mənə fərqli dünyagörüşü verdi, hər ölkədən fərqli mədəniyyətlər tanıdım. Erasmus proqramının müsbət cəhətlərindən biri odur ki, Maltada olarkən müxtəlif ölkələrdən insanlarla tanış oldum, hətta 7 amerikalı qızla çox yaxşı dostluq münasibətlərim başladı. Onlar daha sonra mənə Amerikada universitet seçməyə dəstək oldular. Etdiyim bütün risklərin müsbət nəticəsini görmüşəm. Amerikada təhsil mənim üçün uşaqlıqda əlçatmaz görünürdü. Amma xəyalıma çatdım. Bundan əlavə, 1-ci kursda Çexiyada stajor kimi işləyirdim. Bir çox dostlarım mənə deyirdi ki, 1-ci kursda olan tələbə Avropada iş tapa bilməz. Bütün ölkələrə staj üçün müraciətə başladım. 3 ay Çexiyada işlədim. Gəzdiyim ölkələrdə o qədər insan var ki, hər rastlaşdığım insana Azərbaycanı tanıdıram. Bacardığım qədər ölkəmiz haqqında məlumat verir, xəritədə göstərirəm. Səyahət mənə təhsillə yanaşı ölkəmi tanıtmaq imkanı da verir.

- Təhsil aldığınız məktəblərin və ölkələrin hansı xüsusiyyətlərinin bizim ölkədə olmasını istərdiniz?
- Hər ölkənin pis tərəfləri də var. Amma yaxşılarından danışmaq istəyirəm. Məsələn, İtaliyaya gedəndə mənim qibtə etdiyim nüans insanların komplekssiz olmasıdır. İnsan komplekssiz olanda bu, onun yaşam stilinə, yeni dostlar qurmasına təsir edir. Daha sonra türk liseyində gördüklərimin məktəblərimizdə tətbiq olunmasını çox istərdim. Liseydə oxuduğum müddətdə sinifdə ancaq daha çox türklər təhsil alırdı. Orda "kaş Azərbacan məktəblərində də bu olardı” dediyim nüans şagirdlərin kitab oxumağa həvəsinin olması idi. Bədii kitaba o qədər böyük maraq var idi ki... Bir imtahan bədii kitaba həsr olunurdu. Müzakirələr belə kitabla bağlı olurdu. Məsələn, təzə kitab çıxan kimi hamı ondan danışırdı. Kitab oxumasan, o söhbətlərə qoşula bilməzsən. Mən Azərbaycan məktəblərində belə hallar görmədim. Amerikada isə məni təəccübləndirən təhsil aldığım universitetdə olan karyera mərkəzləridir. Hər bir tələbənin öz karyera məsləhətçisi var. İşə düzələndə, CV hazırlayanda kömək edirlər. Burada 408 tələbə cəmiyyəti var. Həftəsonu tələbələr pulsuz şəkildə bu cəmiyyətlərə qoşulub sosial əyləncələrdən istifadə edirlər. Hər şeyi tələbənin öhdəsinə buraxmaq olmaz. Tələbəyə dəstək olmaq lazımdır. Yetəri qədər rayonlardan tələbələr Bakıya gəlirlər. Onların daha yaxşı mühitə düşməsi üçün universitetlər də çalışmalıdır.


- Bir tələbə xaricdə təhsil almaq istəyirsə, əsas nələrə diqqət etməlidir?
- Bir tələbə xaricdə təhsil almağı hədəfləyibsə bunun maddi tərəfini hesablamalıdır. Düzdür, mən ancaq təqaüdlə davam etmişəm. Təqaüdlə təhsil alsan belə, gecikmə ehtimalını nəzərə almalısan. İş imkanına gəldikdə İtaliyada tələbənin işləmək imkanı azdır, Amerikada isə çoxdur. Amerikada müəyyən limitlə işləyib xərclərini qarşılaya bilərsən. Bundan əlavə, universitet seçəndə hamı daha çox reytinq sıralamasına baxır. Bununla yanaşı, universitetin İdarə Heyətini də araşdırmaq lazımdır. Əgər İdarə Heyəti sənə yardımçı olmağa can atırsa, o zaman daha güvənli olursan. Tələbə universitet seçərkən də mütləq sosial mühitə önəm verməlidir. Məqsədin ancaq təhsil olduqda yad ölkədə çox sıxılırsan. Mən İtaliyada belə oldum. Tələbələrin ən böyük səhvlərindən biri getdiyi ölkələrdə ancaq öz millətindən olan insanları tapıb münasibət qurmalarıdır. Bu, tək bizdə belə deyil. İtaliyanlar da belədir. Bu, asana qaçmaqdır. Məndə də xarici ölkə vətəndaşı ilə ünsiyyətə girə bilməmək qorxusu var idi. Əlbəttə ki, harada olursan ol azərbaycanlılarla tanış olmaq yaxşıdır. Amma sadəcə onlarla birlikdə gəzmək, asana qaçmaqdır. Belə olan halda, mühitdən əldə etdiyin bir şey olmayacaq. Həyatında avantaj yaratmaq, dünyagörüşünü inkişaf etdirmək üçün xarici tələbələrlə ünsiyyətdə olmağa başlamaq lazımdır.

Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər