AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müxalifətin vahid ideya və məfkurə ətrafında birləşdirilməsinə nail olmaq qeyri-mümkündür

Müxalifətin vahid ideya və məfkurə ətrafında birləşdirilməsinə nail olmaq qeyri-mümkündür

Müsahibə
21 May 2013, 08:56 1519
Milli Şura ideyası, bu təsisata müxalifət partiyalarının reaksiyası, demokratik qüvvələrin həmin birlik ətrafında birləşmə ehtimalı, kinorejissor Rüstəm İbrahimbəyovun Rusiyadan siyasi dəstək alması və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını siyasi ekspert, keçmiş müsavatçı Qabil Hüseynli cavablandırır.

- Qabil bəy, öncə müəllifi kinorejissor Rüstəm İbrahimbəyov sayılan, hələ yaradılmamış və tam gerçəkləşməyən Milli Şura ideyasına münasibətinizi bilmək istərdik.

- Mən Milli Şura ideyasına o şərtlə müsbət baxardım ki, bu, müxalifətin öz içərisindən və bilavasitə siyasi inteqrasiya proseslərinin nəticəsindən yaranaydı. Amma, bu gün Milli Şura ideyasının müəllifi Rusiyada oturub. Bir növ Rusiyanın direktivlərinə oxşar müsahibələr verməklə, bu məsələni də yerlərdə həyata keçirməyə çalışır. Bəziləri bu prosesə sevinc hissləri ilə yanaşaraq belə güman edirlər ki, Milli Şuraya Rusiyanın dəstəyi, Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq, onlar da hakimiyyətin başına keçəcəklər. Özlərini istiqlalçı adlandıran və istiqlal ideyası uğrunda mübarizə apardıqlarını iddia edən belə adamlar Rusiya faktoruna hələ də ehtiyatla yanaşmırlar. Gözlərinin qabağında Rusiyanın Ermənistanla bağlı nələr etdiyini və bunların hamısının Azərbaycana qarşı çevrildiyini görə-görə, yenə də Rusiya faktoruna söykənərək ölkədə siyasi prosesləri həyata keçirmək istəyirlər. Bütün bunlar məndə müəyyən heyrət və qəzəb hissi doğurur. Çünki, maddi vəsaitdən başqa, bu adamların Rusiyadan alacaqları heç nə yoxdur. Moskva isə bu vəsaitlər müqabilində onlardan çox şeylər tələb edəcək. Həmin adamlar bu istəkləri yerinə yetirə biləcəklər, ya yox, bunu bilmirəm. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, Milli Şura ideyasının yaradılması ideyası hələ o demək deyil ki, xalq bu ideyanı dəstəkləyəcək, onun arxasınca gedəcək. Bütövlükdə bu, çox çətin bir prosesdir. Bunun öhdəsindən gəlmək üçün isə xalqın içərisinə getmək, xalqın əhval-ruhiyyəsini bilmək lazımdır. Güman edirəm ki, həmin adamlar bunu bacarmayacaqlar.

- Özlərini demokratik qüvvələr kimi qələmə verən, müxtəlif siyasi ambisiyalarla çıxış edən bəzi partiya və təşkilatların bu ideya ətrafında birləşməsi nə dərəcədə realdır?

- Milli Şura ideyası ətrafında birləşmə ideyası heç də bütün siyasi təşkilatları, partiyaları əhatə etməyəcək. Yenə də müxalifətin müəyyən bir qismi kənarda qalacaq. Əsas proseslərə ton verən qüvvələr hakimiyyət eşqini gözlərinin önündə görərək, proseslərə nəzarəti əldən verməməyə çalışacaqlar. Nəticə etibarı ilə müəyyən adamları özlərindən diksindirəcəklər. Ona görə də müxalifətin və siyasi partiyaların tam konsolidasiyasına, vahid ideya və məfkurə ətrafında birləşdirilməsinə nail olmaq qeyri-mümkündür. Bu mənada, Milli Şura ideyası yarımçıq və natamam formada həyata keçiriləcək.

- Xatırladım ki, 20-yə yaxın müxalifət partiyası indidən Milli Şurada təmsil olunmayacaqlarını bəyan ediblər. Həm bu faktı, həm də sizin söylədiklərinizi nəzərə alıb belə qənaətə gəlmək olarmı ki, Milli Şura müxalifətin birlik formulu olmayacaq?

- Çox çətin ki, Milli Şura müxalifətin birlik formuluna çevrilsin. Özlərini sadəcə Milli Şura adlandırmaqla iş bitmir. Onlara müxalifətin adından danışmaq səlahiyyəti verilməyib. Çünki müxalifətin böyük hissəsi siyasi prosesləri başqa bir müstəvidə qurmağa başlayıblarsa, fərqli istiqamət götürüblərsə, deməli, reallıqda Milli Şura ilə əks mövqedədirlər. Ona görə də Milli Şura bütün müxalifətin adından danışa bilməz. Belə olan halda bu birlik müxalifətin yaratdığı Milli Şura kimi ictimai rəyə təqdim edilməməlidir.

- İctimai Palatanın son yığıncağında Milli Şura ideyasının dəstəklənməsi barədə bəyanat səsləndirilib. Sizcə, onların bu addımı səmimidirmi?

- Onların bu addımının səmimi olub-olmaması barədə bir şey deyə bilmərəm. Lakin, hər halda onlar Milli Şuranın yaradılması uğrunda bəzi müxalif qüvvələri dilə tuta, yola gətirə bildilər. Halbuki, əvvəllər onlar bu məsələyə çox ehtiyatla yanaşırdılar. Ancaq, Rüstəm İbrahimbəyov müəyyən şirin vədlərlə, xoş xəyallarla onları bu yola gətirə bildi. İndi də bu istiqamətdə iş aparılır.

- İctimai Palata daxilində vahid namizəd müəyyənləşdirə bilməyən, açıq rəqabət aparan AXCP və Müsavatın Milli Şura daxilində müxalifətin birliyi üçün fəaliyyət göstərəcəyi nə dərəcədə realdır?

- Mənim fikrimcə, Milli Şurada vahid namizəd məsələsi ciddi konfliktə səbəb olacaq. Milli Şuranın yaradılması hələ heç işin yarısı da demək, deyil. Əsas məsələ Milli Şuranın vahid namizədinin kim olmasıdır. Bu məsələ ətrafında ortaq fikrə gəlmək, razılıq əldə etmək olduqca çətin olacaq.

- Milli Şura ideyasının müəllifi Rüstəm İbrahimbəyovun Rusiya ilə bağlılığı nəzərə alınaraq, bu yeni birliyin arxasında da Kremlin dayanması barədə fikirlər səsləndirilir. Siz də bayaq buna oxşar rəy bildirdiniz. Sizcə, Milli Şuraya xaricdən dəstək hansı formada verilir?

- Əgər bu gün onlar maliyyə çətinliyi hiss etmirlərsə, baş verən hadisələr zamanı Eldar Namazovun “EL” hərəkatı xüsusilə seçilirsə, özünə təmtəraqlı ofislər kirayələməyi bacarırsa, özünə arxayın şəkildə davranış nümayiş etdirirsə, bu o deməkdir ki, dəstək həqiqətən də var. Bu yaxınlarda Rüstəm İbrahimbəyovun səs yazısı qeydə alınmışdı. Həmin səs yazısında Rüstəm İbrahimbəyovun Azərbaycana 100 min dollar göndərməsi barədə danışıqlar əks olunurdu. Yəni, demək istəyirəm ki, müxalifətin müəyyən qüvvələrinə xaricdən, ilk növbədə isə Rusiyadan həqiqətən dəstək var. Bu dəstək də maliyyə və digər formalarda özünü göstərir.

Rufik İSMAYILOV