• cümə, 29 Mart, 11:12
  • Baku Bakı 5°C

Müxalifətin “Facebook” inqilabı

09.07.13 09:30 1614
Müxalifətin “Facebook” inqilabı
Özlərini demokratik qüvvələr kimi təqdim edən şəxslər tərəfindən Milli Şura adlı yeni bir qurum yaranandan sonra müxalifət düşərgəsində təmsil olunanlar birlik görüntüsü yaratmaq üçün dəridən-qabıqdan çıxmağa başladılar. Siyasi mübarizədə bir-birinə güzəştə getməyən AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər də yeni şurada eyni masa arxasında əyləşib ortaq mövqedən çıxış etmək məcburiyyətində qaldılar. Lakin Milli Şuranın sessiyasında Müsavat başqanının Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməklə bərabər, öz namizədliyinin də qüvvədə qalması barədə xatırlatma etməsi, Əli Kərimli tərəfdarlarında qıcıq yaratdı. Beləliklə də müxalifətin “birliyi” az keçməmiş çat verdi. AXCP sədri üzdə sussa da, daxildə tərəfdarlarını təlimatlandırmağa, onlar vasitəsilə cəmiyyətə mesajlar verməyə başladı. Bu hər iki partiya təmsilçilərinin bir-birini xəyanətdə ittiham etməsi ilə də müşayiət olundu. Qarşılıqlı narazılıqlar sosial şəbəkələrdə tam çılpaqlığı ilə hiss olunur. Virtual aləmdə xeyli aktiv olan bəzi müxalifət funksionerləri hətta öz “Facebook” səhifələrində açıq-aşkar təhqirlərə də yol açıblar.
Məsələn, “Bizim yol” qəzetinin redaktoru, AXCP üzvü Elçin Rüstəmli yazdığı facebook-da yazdığı statusların birində İsa Qəmbərin son hərəkətini lazımsız addım kimi qiymətləndirib, onu dolayısı ilə hakimiyyətə işləməkdə günahlandırıb: “İsa Qəmbər namizədliyini saxladı, bu gözlənilən idi. Müsavat Partiyasının Milli Şuraya qoşulandan bəri apardığı siyasət məntiqi sonluqla yekunlaşdı. Bu qərara nə ehtiyac vardı, bu addımı İsa Qəmbərdən daha şanslı olan müxalifət liderləri ata bilməzdilərmi? Ata bilərdilər, amma atmadılar. Çünki Milli Şuraya belə sığorta lazım deyil. Çünki bunun perspektivi yoxdur, lazımsız qərardır, müxalifətdə ikitirəliyi göstərir. Əgər hakimiyyət Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almasa, bu, alternativsiz seçki deməkdir. Hakimiyyəti bu addımdan çəkindirmək lazımdır, nəinki ona həvəsləndirmək. İsa Qəmbər hakimiyyəti həvəsləndirmək yolunu seçdi ki, Rüstəmi qeydiyyata almaya bilərsiniz, mən varam və sizi vəziyyətdən çıxaracağam”.
“Musavat.com” saytının redaktoru Xalid Kazımlı dərhal Elçin Rüstəmliyə cavab olaraq, - “Elçin, belə baxıram ki, İsa Qəmbərin sizi razı salmaq üçün bircə yolu var - qəfildən vəfat etmək. Hətta mühacirəti və pensiyaya çıxmağı da qəbul etməyəcəksiniz” – deyə, şərh yazıb. X.Kazımlıya Müsavat funksioneri Vurğun Əyyub da dəstək olub. Onun sözlərinə görə, əgər İsa Qəmbər yıxılıb ölsə belə, bəziləri yenə danışacaqlar ki, bu niyə öldü, nə hoqqadır çıxarır?
Müsavat Partiyasına yaxınlığı ilə seçilən “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan da yazdığı şərhlərin birində konkret ad çəkməsə də AXCP sədri Əli Kərimlini hədəfə alıb, onu Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun arxasında gizlənməkdə, başqana qara yaxmaqda ittiham edib: “Bu cür situasiyaları çox yaşamışıq. İsa Qəmbərə qalib gəlib qabağa düşmək, müxalifətin şəriksiz lideri olmaq istəyənlər hər dəfə biabırçı durumla üzləşiblər. 2003 seçkisindən sonra birilərinə elə gəldi ki, daha hər şey bitdi, yeni dönəmin lideri odur. Hıqqandı, gücəndi, düşərgənin tək lideri ola bilmədi. 2005-də meydan təxribatı edib sonra hərəkatı məğlubiyyətə uğradanlar Əli Əliyevin davasını aparıb İsa bəyi “ne prav” çıxarmaq istədilər. Axırda məlum oldu ki, hökumət Əli Əliyevin ƏLİ ilə nə işlər çevirirmiş “Azadlıq” blokunda. İndi də İbrahimbəyovun arxasında gizlənib İsa Qəmbəri bitirmək istəyir bəzi gerizəkalılar öz aləmlərində. Bu sürəcin necə böyük bir biabırçılıqla yekunlaşacağı zatən indidən görünür. Prezidentliyə namizəd kimi bu hakimiyyətlə döyüşməyə cəsarəti çatmayan bir siyasətçi necə müxalifət lideri ola bilər, bax bunu ağlım kəsmir. Biriləri 2003-də bir milli xəyanətkarın namizədliyini müdafiə edib baş girlədi, daha doğrusu, özünü növbəti mərhələnin lideri kimi qorumağa çalışdı, axırda quru yurdda qaldı, indi də bir kosmopolitin, qorxağın arxasından bizə dil uzadırlar”.
AXCP sədrinə yaxınlığı ilə seçilən “Azadlıq” qəzetinin redaktoru Alı Rza Azər Ayxanın bu şərhini “Yeni Müsavat”ın rəhbər qardaşlarının yenidən Əli Kərimliyə nifrət və qəzəb mərəzinin baş qaldırması kimi qələmə verib. Bildirib ki, müxalifət bir yerə cəm olanda hər zaman A.Ayxan və R.Arifoğlu qardaşları Ə.Kərimlini hədəf seçir, ona ittihamlar yağdırırlar: “Nə sirdirsə, hər dəfə işlər müxalifətin xeyrinə gedəndə belə olur - bu adamların Əli Kərimli problemi başlayır. Daşımadığı hisslərdən, qayğısı olmayan məsələlərdən Əli Kərimliyə ittiham uyduran Azər Ayxana bircə deyəcəyim var: 2003-cü il seçkisindən sonrakı aylarda Əli Kərimlinin “Yeni Müsavat” və şəxsən onun qardaşı üçün etdiklərini yadına salsın. Bu nəyisə başa qaxınc etmək deyil. Başa salmaq cəhdidir”.
Azər Ayxan söylənilənlərə cavab olaraq, cəbhəçiləri alternativ fikrə dözümsüzlükdə günahlandırıb. Qeyd edib ki, onlar demokrat libası altında demokratik dəyərləri qətl edirlər: “Məni “Facebook” statusu yazdığım üçün az qala daş-qalaq edən, ən müxtəlif söyüş və təhqirlərə məruz qoyan, barəmdə ən ağır ittihamlar səsləndirən bu adamlar sabah hakimiyyətə gəlsələr və biz də bunların liderlərini, prezidentlərini qəzetdə tənqid etsək, halımız-günümüz, taleyimiz necə olar, bir Allah bilir. Mənim üstümə düşən, ağzına gələni barəmdə yazan bu adamlar demokratiyaya, söz azadlığına, düşüncə müxtəlifliyinə necə qatı düşmənçilik etdiklərinin fərqindədirlərmi görəsən? Adamı fikrinə görə terror etməzlər, bəylər! Hətta o fikir qərəzli, yanlış olsa belə bunu yapmazlar. Özünü demokrat sayan adam bu davranışı özünə yaraşdırmaz. Mən bu statusumla bir müsavatçı kimi mövqe bildirmişəm, İsa Qəmbərə olan haqsız hücumlara fikir bildirmişəm. Buna görə məni ittiham edin, söyün, daha “Yeni Müsavat”ın, Rauf Arifoğlunun və qəzetin kollektivinin burda nə suçu? Demokrat “mən demokratam” deməklə olmur. Demokrat olmaq üçün bu cür testdən keçmək lazım. Fərqli fikir müəllifini mənəvi terrora məruz qoymaqla demokratlıq arasında fərqin nə qədər böyük olduğunu sizə mənmi izah etməliyəm, ya da başa salmalıyam? Nəzərə alın ki, cəbhəçilərin bu cür yazışmaları, statusları Qərb ölkələrinin Bakıdakı nümayəndəlikləri tərəfindən izlənir. Sizin bu cavablarınız, hay-küyünüz, fərqli fikrə reaksiyanız onlar tərəfindən mütləq nəzərə alınır. Həm də bu baxımdan şansızınızı zorlamayın. Sözlə düşmənçilik etməyin, demokrat libası altında demokratik dəyərləri qətl etməyin”.
Getdikcə qızışan polemikaya AXCP sədrinin müavini Nurəddin Məmmədli də qoşularaq, “Yeni Müsavat”ın zaman-zaman Əli Kərimli başda olmaqla, AXCP-yə yönəlik iftira və böhtanlar yazdığını qeyd edib. O, bütün bunları hakimiyyətdən gələn sifarişin nəticəsi kimi qələmə verib və təsadüfi xarakter daşımadığını yazıb: “Uzun illər idi ki, AXCP funksionerləri “Yeni Müsavat” qəzetinə hər hansısa bir açıqlama verməkdən imtina edirdilər. Bizim partiya bu boykot qərarını aradan qaldırsa da, mən onlarla razılaşmadım və bu qəzetə açıqlama verməkdən hər zaman imtina etmişəm. Mənim “Yeni Müsavat” qəzetinə qarşı bu cür davranışım təsadüfi deyil”.
Bu dəfə cəbhəçinin cavabı A.Ayxanı özündən çıxararaq, onu da təhqirə-təhqirlə cavab vermək məcburiyyətində qoyub. “Yeni Müsavat”ın baş redaktor müavini N.Məmmədlini əqidəsiz, ədalətsiz, 500 dollarlıq siyasətmuzd adlandırıb: “Nurəddin Məmmədli kimi bir adamın müxalifətçilikdən, əqidədən, haqdan, ədalətdən danışmağa haqqı yoxdur. Bu adam öz liderini, partiya sədrini 500 dollarlıq maaşa satıb aradan çıxan birisidr. 2003-cü ildə Sərdar Cəlaloğlu türmədə ola-ola, N.Məmmədli bütün mənəvi hədləri aşaraq ADP-dən AXCP-yə gəldi. Bu gəlişin də bircə səbəbi vardı: seçkidən sonra Rəsul Quliyev buna verdiyi aylıq məvacibi dayandırmışdı. Bu 500 dollarlıq siyasətçimiz də ilk fürsətdəcə silahdaşını, partiyadaşını çətin ayaqda qoyub aradan çıxdı. Bu cür əxlaq sahibi indi gəlib bizə mənəviyyat dərsi keçmək istəyir. Sabah Əli Kərimli bunun maaşını kəssin, görün nə biabırçılıqlar edir. Bu adama heç Cəbhədə də hörmət qoymurlar bildiyim qədər. Lağ-lağı, “prikol” hədəfidir partiyada. Kim kefini durultmaq istəsə, onu ələ salıb əylənir. Ulan, ayıbına kor ol, barı sən danışma, ay 500 dollarlıq...”.
Göründüyü kimi müxalifət təmsilçiləri Milli Şura adlı bir təşkilatda birləşsələr də öz aralarındakı kin-küdurəti, düşmənçiliyi gizlədə bilmirlər. Bu cür qeyri-səmimiliyin, düşmənçiliyin müxalifət liderlərinə yaxınlığı ilə seçilən KİV-lərdə işıqlandırılması məhdudlaşdırıldığından sosial şəbəkələr əsas mübarizə statusuna çevrilirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər