• cümə, 29 Mart, 16:59
  • Baku Bakı 14°C

Müxalifət liderləri xalqa yuxarıdan aşağı baxırlar

07.09.13 09:15 2385
Müxalifət liderləri xalqa yuxarıdan aşağı baxırlar
İyirimi ildə ilk dəfə olaraq bir qrup müxalif partiya sədrləri ortaq mövqedən çıxış etmək, seçkiyə pərakəndə halda deyil, vahid namizədlə getmək üçün Milli Şura adlı təşkilatda birləşdilər. Amma elə ilk vaxtlardan bu təşkilat daxilində baş verən hadisələr diqqət çəkdi. Əvvəlcə uğursuz vahid namizəd seçimi, ardınca AXC-Müsavat partiyalarının və “EL” Hərəkatının narazılığı, Milli Şura üzvlərinin bu qurumun toplantılarına qatılmaması, müxalifət liderlərinin Bakıda və ətraf rayonlarda iğtişaşlar törətmək istəyi, KXCP-nin etirazı, ACP liderinin ittiham dolu bəyanatları müxalif düşərgənin əsl mənzərəsini ortaya qoydu. Sadalanan proseslərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə cavablandırır.
- Milli Şuranın yaranmasını, bu günə qədər olan fəaliyyətini necə qiymətləndirirsiniz?
- Milli Şura yaranarkən demişdim ki, bu qurum ölü doğulmuş uşağı xatırladır. Bu “uşaq” ayaq açıb gəzə bilməyəcəkdi. Çünki ölünün qıdığı gəlmir. Milli Şurada vaxtilə Xalq Cəbhəsinin üzvü olmuş və əqidəsinə görə deyil, şəxsi ambisiyalarına görə sonradan oradan ayrılmış insanlar toplanmışdı. Onların birləşməsinin isə səbəbi var idi. Bu insanları xaricdən müəyyən qüvvələr idarə edirdi. Həmin qüvvələr müxalifət liderləri qarşısında şərt qoymuşdu ki, əgər birləşməsəniz, bundan sonra sizlərə sponsorluq edilməyəcək. Ona görə bu şəxslər birləşmək qərarına gəldilər. Birləşərkən də düşünürdülər ki, kifayət qədər ictimai-siyasi nüfuzu olmayan, namizədliyi təsdiqlənməyəcək bir adamı seçib vahid namizəd etsinlər. Məhz bu səbəbdən kinorejissor Rüstəm İbrahimbəyov üzərində dayandılar. Halbuki müxalifət liderləri əvvəlcədən də gözəl bilirdilər ki, Rüstəm İbrahimbəyovun ikili, hətta üçlü vətəndaşlığı, başqa ölkələr qarşısında öhdəliyi var. Belə adam Azərbaycan Respublikasının Prezidentliyinə namizəd ola bilməz. Məlum olanda ki, Rüstəm İbrahimbəyovun namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmayacaq, axtarıb “Yusif Sərracı” tapdılar. Beləliklə də “Aldanmış kəvakib” tarixçi-alim, professor Cəmil Həsənli oldu. Hazırda isə Milli Şura daxilində “qırğın” gedir. Məsələ burasındadır ki, qurum yarananda Rüstəm İbrahimbəyov lider idi. O, özünün sağ əli kimi Eldar Namazovu nəzərdə tutmuşdu. Əsl reallıqda Eldar Namazov Rüstəm İbrahimbəyovu idarə edirdi. Özlərini müxalifətin aparıcı qüvvəsi hesab edən AXCP, Müsavat isə ikinci dərəcəli qüvvə funksiyasını yerinə yetirirdilər. Bayaq dediyim kimi, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayandan sonra, onlar öz adamlarını “soxuşdurdular” araya və indi də ona imza toplayırlar.
- Cəmil Həsənlinin müxalifətin vahid namizədi seçilməsi nə dərəcədə düzgün qərardır? O, müxalifəti düşdüyü vəziyyətdən xilas edə biləcəkmi?
- Cəmil Həsənlinin prezident seçkilərində qalib gəlmək şansı olmadığını, onu vahid namizəd edənlər də yaxşı başa düşürlər. Bilərəkdən buna getmələrinin isə səbəbi gələcəkdə sponsorlarına cavab tapmaqdır. Onlara maliyyə ayıranlara deyəcəklər ki, baxın, siz dediniz biz birləşdik, vahid namizəd istədiniz seçdik, nəticədə müxalifət mat vəziyyətinə düşdü. Yəni Cəmil Həsənlinin namizəd olması müxalifətə heç bir uğur qazandırmayacaq.
- Milli Şura üzvlərinin sentyabrın 4-də Londona gedəcəyi bəyan edilsə də, sonradan bu səfərin başqa vaxt gerçəkləşəcəyi bildirildi. Sizcə, belə qeyri-dəqiqlik, qeyri-ciddilik, eyni zamanda xalqdan deyil, daha çox xarici qüvvələrdən dəstək almaq cəhdi müxalifətə nə üçün lazımdır?
- Sovet hakimiyyəti dağılanda kimin ki Qərblə əlaqələri daha yaxşı idi, o, özünü daha şanslı hesab edirdi. Belə bir vəziyyətdə 1992-ci ildə Xalq Cəbhəsi dövlət çevrilişi etdi və hakimiyyətə gəldi. O zaman Ali Sovetin deputatı Arif Hacıyev bəyanatla çıxış etdi. İctimaiyyətə müraciətində dedi ki, “Siz başa düşmürsünüz. Biz 8 dövlətin razılığı ilə hakimiyyətə gəlmişik”. Həmin vaxtdan bunların beynində qalıb ki, Azərbaycan xalqının sözü, iradəsi, seçimi bunlara lazım deyil. Bunlara lazımdır ki, Qərbə səfərə getsinlər, onlar da müxalifət liderlərinə “malades” deyib hakimiyyətə gətirsin. Təəssüflər olsun ki, müxalifət liderləri Azərbaycana yuxarıdan aşağı baxırlar. Onlar hakimiyyətə gəlmək üçün xalqdan başqa hamıdan dəstək gözləyirlər. Təsəvvür edin ki, Azərbaycan prezidentinin oğlu ali təhsil almaq üçün xarici deyil, öz ölkəsini seçdi. Bununla Azərbaycana bağlılığını bir daha ortaya qoydu, burada verilən ali təhsilin heç də xaricdəkindən aşağı səviyyədə olmadığını sübutladı. Amma müxalifət liderlərinin övladları ABŞ-da, İngiltərədə və sair xarici ölkələrdə təhsil alır. Düşünürlər ki, onların səviyyəsi ümumilikdə Azərbaycan xalqının səviyyəsindən yüksəkdir. Fikirləşmirəm ki, atalarının pulları ilə xaricdə təhsil almış adamlar bütövlükdə Azərbaycan xalqından yüksəkdə dayanırlar.
- Son zamanlar Milli Şurada AXCP-Müsavatla “EL” Hərəkatı arasında narazılıqlar müşahidə edilir. Siz bunu nə ilə əlaqələndirərdiniz?
- AXCP-Müsavat tədricən Eldar Namazovun nüfuzunu Milli Şurada aşağı salıb. Hər iki partiyanın təsiri isə Şurada daha da artıb. Eldəniz Quliyev də buna görə öz etirazını bildirir. Üstəlik, Milli Şura daxilindəki bəzi proseslər Rəsul Quliyevi də yaman qıcıqlandırır. Ona görə də ehtimal edirəm ki, seçkidən sonra Milli Şura dağılacaq. Belə demək olarsa, artıq Milli Şuranın fatihəsi verilib.
- Milli Şuradakı kiçik partiyaları Cəmil Həsənliyə imza toplamaqdan məhrum ediblər. Sizcə, belə bir qərarın verilməsi həmin partiyalara olan inamsızlıqla, yoxsa onların gücsüzlüyü ilə bağlıdır?
- İmza toplama kampaniyasında əsas partiyaların hərəsinə 21 min imza yığmaq tapşırılıb. KXCP-yə min imza həvalə olunub, bəzilərinə isə heç bir imza da toplamaq tapşırılmayıb. Təbii ki, bu, Milli Şurada təmsil olunan partiyaları qıcıqlandırmaya bilməzdi. Az-çox prinsipial adam kimi tanınan Mirmahmud Mirəlioğlu da buna etiraz etdi. Hamımız Azərbaycan siyasi həyatını 20 ildən artıqdır ki, müşahidə edirik. Hansı partiyanın kağızda mövcud olmasını, hansı partiyanın isə real gücünün olmasını yaxşı bilirik. Mən heç vaxt bəyan etməmişəm ki, Azərbaycan Sosial Demokrat Partiyası böyük siyasi təşkilatdır. Amma partiyamızın üzvlərinin ağlının və zəkasının yerində olmasına heç zaman şübhə etməmişəm. Lakin bəziləri yalandan öz partiyası haqqında şişirdilmiş məlumatlar yayırlar.
- Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev mətbuata açıqlamasında Milli Şuranın seçkilərdə qalib gələ bilməyəcəyini, onun vahid namizədi Cəmil Həsənlinin isə prezident olmayacağını bildirib. Milli Şura üzvlərinin özündə belə inamsızlıq olduğu təqdirdə, onlar hansı üzlə seçkiyə gedirlər?
- Yaxşı xatırlayıram ki, Rəsul Quliyev əsas və şanslı namizədin özü olacağı barədə fikir bildirmişdi. Gərək insan real həyatdan uzaqlaşmasın. Bunlar yaxşı bilirdilər ki, Milli Şura gözdən pərdə asmağa xidmət edir. Milli Şuranın namizədi kim olursa-olsun, hətta İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və sair olsa da, bu qurumun seçkilərdə qalib gəlmə şansı sıfra bərabərdir. Əgər Rəsul Quliyev bu qədər vaxt keçəndən sonra belə bir fikrə gəlibsə, deməli o, çox “uzaqgörən”, “yaxşı” analitik qabiliyyətə malikdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər