Müvəqqəti sakitlik?
Mərkəzi Asiyanın iki ölkəsi arasında gərginlik səngisə
də, problem qalır
Ötən həftə
postsovet məkanının iki ən narahat ölkəsi - Tacikistan və Qırğızıstanda
yaşananlar diqqəti bir müddət də olsa, bu regiona yönəltdi. Mərkəzi Asiyanın
iki dövləti arasında bir müddətdir yaşanan sərhəd toqquşmaları regionu az qala
yeni bir müharibə təhlükəsi ilə üz-üzə qoydu. Qanlı sərhəd toqquşması 50-dən
atıq insanın ölümünə və yüzə yaxın insanın yaralanmasına gətirib çıxardı. Hər
iki ölkə dəyən maddi və mənəvi ziyanın hesablanmasını başa çatdırıb və indi
hakimiyyət orqanları zərərçəkən ərazilərin bərpası və gələcəkdə belə halların
baş verməməsi üçün əlindən gələni etməyə
çalışır. Bu məqsədlə Qırğızıstanın Batken vilayətini bölmək və xüsusi status
vermək qərarına gəlinib. Hədəf regionun dövlət orqanlarının fəaliyyətini
koordinə etmək, yerli özünüidarə sistemi qurmağa yönəlib. Belə bir vəziyyətdə
isə qırğız kütləvi informasiya vasitələri qırğızların Tacikistandan deportasiya
edilməsinə başlanılması barədə narahat doğuran xəbərlər yayıb.
Qırğızlara
bildirilib ki, əgər yerli vətəndaşlığı qəbul etməyəcəkləri təqdirdə, belə bir qərar
qəbul ediləcək. Artıq Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbayev belə
faktların olduğunu təsdiqləyib. İlk baxışda hadisələrin səngidiyi təəssüratı
yaransa da, proseslərin bundan sonra "hər an partlaya biləcək mina” rolunu
oynadığı göz önündədir. Yəni artıq gərginlik nöqtəsi qoyulub. Bir faktı da qeyd
edək ki, baş verənlər ilk baxışda məişət zəminli problem kimi götürülsə də, gələcəkdə
onun irimiqyaslı münaqişəyə, hətta müharibəyə gətirib çıxaracağı istisna
edilmir. Hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)
üzvdür və bu da təşkilatın əsas söz sahibi olan Rusiyanın bölgəyə asanlqla
müdaxiləsinə gətirib çıxara bilər. Və indi əksəriyyət hesab edir ki, hər iki
ölkə ərazisində hər iki xalqdan olan insanlar yaşayır və onların deportasiyası
çox mənfi nəticələrə gətirib çıxara bilər. Toqquşmaların miqyası artıq Mərkəzi
Asiyanın stabil region olmaqdan uzaqlaşdığını göstərir. Ortada isə suallar
çoxdur. Mərkəzi Asiyanı kim və niyə qarışdırdı, 30 ildir mövcud olan su və
anklav problemi niyə yenidən silahlı toqquşmaya çevrildi? Suallar çoxdur və baş
verən toqquşmanın təkcə su uğrunda olmadığı aydındır.
Ən son məlumata
görə, Qırğızıstan və Tacikistan mayın 9-na kimi 112 kilometr ortaq sərhədin xəritəsini
yaradacaqlar. "Təsvir etmək üçün 112 kilometr yol verdik. Mayın 9-dək
bitirməliyik. Sonra prezidentlər imzalayacaq və biz demarkasiya
aparacağıq"- deyə Qırğızıstan Milli
Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiev bildirib. BMT Baş katibinin çağırışı nəticə verəcəkmi?
Görünən odur ki, problem artıq beynəlxalq aləmdə də rezonans doğurub. Artıq məsələyə BMT də qarışıb. Təşkilatın baş katibi Antoniu Quterriş Qırğızıstanı və Tacikistanı barışığa riayət etməyə çağırıb. Bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib. "Baş katib iki ölkə liderlərinin əlaqələrini və mayın 1-də atəşin dayandırılması haqqında nail olunmuş razılaşmanı alqışlayır. O, hər iki tərəfi barışığa riayət edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır”, - Dyujarrik deyib. "Baş katib həmçinin BMT-nin ehtiyac olduğu halda dəstək göstərməyə hazırlığını təsdiqləyir", - BMT rəsmisi əlavə edib. Quterriş toqquşmanın gedişatında həlak olanların yaxınlarına başsağlığı verib və xəsarət alanların qısa zamanda sağalmasını arzulayıb. Artıq rəsmi Bişkek və Düşənbə hərbi bölmələrin sərhəd zonasından çıxarılması prosesini başa çatdırıb. Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib. "Tərəflər dövlət sərhədi xəttindən əlavə hərbi qüvvələrin və vasitələrin aparılmasını yekunlaşdırıb", - xəbərdə deyilir. Sərhəd xidmətinin məlumatına görə, tərkibində iki ölkənin Müdafiə Nazirliyinin nümayəndələrinin daxil olduğu birgə komissiya işini davam etdirir. Hazırda sərhəddə və ona yaxın rayonlarda sabit vəziyyət hökm sürür, ötən gecə ərzində qarşıdurma hadisələri və atışmalar qeydə alınmayıb.
Buna baxmayaraq Qırğızıstanın Baş Prokurorluğu Tacikistanı iki dövlətin sərhədində silahlı konfliktin gedişatında bir sıra beynəlxalq razılaşmaları pozmaqda ittiham edib. Prokurorluq hücum faktları və digər cinayətlər barədə cinayət işi açıb. Rəsmi Bişkek Tacikstanın aprelin 29-da Batken bölgəsində quldur birləşmələri və nizami qoşunların Qırğızıstan Respublikasının sərhədlərinə xaincəsinə hücum etdiyini bildirib. Hücumun mülki əhaliyə qarşı avtomat, minaatan, döyüş helikopteri, ağır zirehli texnika, artilleriya heyəti və digər silah növlərinin tətbiqi ilə həyata keçirildiyi bildirilir. Prokurorluğun məlumatına görə, Tacikistan BMT-nin 1976-cı il Ümumi İnsan Hüquqları bəyannaməsinin tələblərini pozub. Qırğızıstan, eyni zamanda MDB-nin 1991-ci ildə yaradılması haqqında razılaşmanı, Qırğızıstan və Tacikistan Respublikası arasında 1996-cı ilin dövlətlərarası münasibətlərinin əsasları haqqında müqavilələri, habelə digər razılaşmarı pozmaqda ittiham edib.
Qırğızıstan prezidenti: ölkənin ərazi bütövlüyünə təhlükə
var
Qırğızıstan
prezidenti Sadır Japarov bildirib ki, Tacikistanla sərhəd münaqişəsi ölkənin ərazi
bütövlüyünü təhlükə altına qoyub. "28-30 aprel Qırğızıstanın xalqı üçün ağır
tarixi sınaq və kədər günləri oldu", - deyə Tacikistanla sərhəddə münaqişə
haqqında danışan Japarov deyib. "Müqəddəs Vətənimizin ərazi bütövlüyü və təhlükəsizliyi
təhdidi altında idi, dinc sakinlərimizin asayişi pozulmuşdu", - o deyib.
Dövlət başçısı qeyd edib ki, Qırğızıstan ordusu heç vaxt qonşu dövlətlərin ərazisinə
soxulmayacaq. "Biz heç vaxt silahlı qüvvələrimizə qonşu dövlətin kəndlərinə
soxulmağa, dinc sakinlərə hücüm etməyə və onların evlərini dağıtmağa icazə verməyəcəyik",
- iki dövlətin sərhədində hərbi qulluqçuların toqquşmalarını şərh edən
prezident vurğulayıb. Dövlət başçısı bildirib ki, o, silahlı toqquşmalar zamanı
ölkənin hərbi qulluqçularından Qırğızıstan sərhədini keçməməyi və birinci atəş
açmamağı tələb edib.
Problemin həlli mümkündürmü?
Qırğızıstan və
Tacikistan sərhədində iki ölkənin sərhəd bölmələri arasında 29 aprel tarixində
genişmiqyaslı toqquşma cəmi bir neçə saat sürsə də, nəticəsi uzun müddət hiss
olunacaq. Gərginlik və qarşıdurmaları sabitləşdirmək, iki ölkə arasında vəziyyəti
müzakirə etmək üçün işçi qrupunun yaradılmasına nail olmaq mümkün olsa da, əhali
arasında gərginlik hökm sürür. Münaqişənin səbəbi Tacikistanın öz ərazisi,
Qırğızıstanın isə mübahisəli hesab etdiyi sərhəd bölgələrindən biridir. Baş verən
toqquşma bir neçə cəhətdən əhəmiyyət kəsb edir. Birincisi, hər iki ölkə
KTMT-nin üzvüdür, yəni eyni hərbi-siyasi ittifaqın üzvləridir, hər iki ölkə
Rusiya hərbi bazasına ev sahibliyi edir və Moskva ilə sıx əlaqələr saxlayır.
Döyüşlər başlayanda, Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Tacikistan və
Qırğızıstanın üzv olduğu Rusiya liderliyindəki təhlükəsizlik blokunun iclasında
iştirak edirdilər. Lakin aralarında bir neçə saat da olsa, birbaşa hərbi
qarşıdurma baş verdi. Qırğız xüsusi təyinatlı dəstəsi Tacikistanın sərhəd məntəqəsini
ələ keçirdi. Qırğızıstan tərəfi sərhəd məntəqəsinin ələ keçirilməsini onlar
istiqamətinə atəş açmış tacik güc strukturlarına cavab olduğunu bildirdi.
Tacikistan isə
Qırğızıstanın əsas su qovşağını ələ keçirmək niyyətində olduğunu iddia edərək
daha fərqli bir versiya irəli sürdü. Qırğızıstan Dövlət Milli Təhlükəsizlik
Komitəsi Tacikistan tərəfini mübahisəli su obyektini minaatanlardan atəşə
tutmaqda günahlandırdı. Tacikistan səlahiyyətliləri bu obyektin onlara məxsus
olduğunu və Qırğızıstan qüvvələrini Tacikistan sərhədçilərinə atəş açmaqda
günahlandırdı. Araşdırmalar zamanı məlum olur ki, Tacikistanın şimalında yerləşən
Suğd vilayəti ilə Qırğızıstanın cənub Batken vilayəti arasındakı sərhəd boyunca
toqquşmalar İsfara çayında hər iki tərəfin iddia etdiyi su anbarı və nasos
stansiyası ətrafında yaranan münaqişə səbəbindən baş verib. Bu quraqlıq ərazidə
suvarma suyu çox yüksək qiymətləndirilir və vaxtaşırı yaranan mübahisələr, adətən,
onun ətrafında cərayan edir. Qırğızıstandakı sosial media istifadəçiləri sürətlə
Sovet dövründən Bişkekin su anbarına tamamilə qanuni bir iddiası olduğunu sübut
edən arxiv sənədlərin fotolarını yaymağa başladılar. Rus ekspertlər KTMT-nin
toplanış günü üzv ölkələr arasındakı hərbi toqquşmanın təşkilatın nüfuzdan
salınmasına yönəldiyini səsləndirdi və üçüncü əlin bu blokun lideri Rusiyaya
qarşı sui-qəsdinə eyham vurdular. Lakin nəyin necə baş verməsindən asılı
olmayaraq, bu gün Rusiyanın strateji maraqları zonasında gərginlik xətlərinin
çoxaldığını deyə bilərik.
Beləliklə, görünən odur ki, sovet İmperiyası çöksə də, onun qoyduğu izlər hələ də qalır. Çoxları hesab edir ki, Qırğızıstanla Tacikistan arasında münaqişənin həlli etibarlı xəritədən keçir. Həmin xəritənin ortaya qoyulması, ona əsasən danışıqların aparılması və münaqişənin həlli gələcəkdə mümkün insan itkilərindən, qaçqınlardan yayınmağa imkan verər. Ancaq bu addım çətin atıla.
Azər NURİYEV