• cümə axşamı, 28 mart, 14:22
  • Baku Bakı 16°C

Müvəqqəti narahatlığa görə üzr istəməklə iş bitmir

02.11.13 11:16 1474
Müvəqqəti narahatlığa görə üzr istəməklə iş bitmir
Son illər ölkəmizin hər yerində, xüsusilə də Bakıda biri-birindən gözəl binalar tikilir, yollar çəkilir, təmir işlər aparılır. Bu cür tikililərin əksəriyyətinin üzərində isə yalnız “müvəqqəti narahatlığa görə üzr istəyirik” cümləsinin yazıldığı lövhə görürük. Amma ətrafdakılara verdiyi narahatçılığa görə bu üzrü kimin nəyə görə istədiyini və müvəqqəti halın nə vaxtacan davam edəcəyini heç kim bilmir. Çünki lövhənin üzərində yalnız üzr istənildiyi barədə məlumat verilir. Buna görə də bəzən balaca bir tikilinin araya-ərsəyə gəlməsi üçün 2-3 il vaxt sərf edilir. Bu isə müvəqqəti narahatlıq olmur. Amma xarici ölkələrdə, heç uzağa getməyək, qonşu Türkiyədə, Rusiyada tikilən, təmir edilən binaların yaxınlığında uzaqdan belə oxunacaq ölçüdə üzərində tikintinin, təmirin kim tərəfindən nə vaxt başlandığı və nə zamana kimi davam edəcəyi, həmçinin işi aparan şirkətin adı və telefon nömrələrinin yer aldığı böyük lövhələr qoyulur. Həmin ərazidən keçən insanlar da həmin məkanda nəyin tikildiyini bilir, narahatlığın da müvəqqəti olduğunu nəzərə alıb heç narahat da olmurlar.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, şəhərsalmada hansısa obyekt tikilməsi nəzərdə tutulursa, öncə açıq və şəffaf şəkildə tender elan olunur: “Tenderin şərtləri də öncədən şirkət tərəfindən razılaşdırılır. Tenderə müraciət edən şirkətlərin qarşısında hansı önəmli şərtlərə əməl edilməli olduqları tələb kimi qoyulur. Şərtlər sırasına tikintinin vaxtı-vaxtında təhvil verilməsi, şirkətin ictimaiyyətə açıq olması, tikintinin başlanma və sona çatma müddəti, kim tərəfindən aparıldığının açıq şəkildə lövhədə yazılaraq ictimaiyyətin məlumatlandırılması da daxildir. Amma Azərbaycanda təəssüflər olsun ki, bu şərtlərə əksər hallarda əməl edilmir. Elə şirkətlər var ki, özlərini dünya standartlarına uyğunlaşdırır, tikinti, təmir zamanı məlumatları lövhədə yerləşdirirlər. Amma təəssüflər olsun ki, istər regionlarda, istərsə də Bakıda tikintiləri həyata keçirən şirkətlərin çoxu tenderin şərtlərinə əməl etmirlər”.
İ.Hüseynllinin fikrincə, bunu ölkədə tikinti sektorunda baş verən və davamlı olaraq eyni ərazidəki tikintilərin tenderdə bu və ya digər vasitələrlə qalibi olmuş şirkətlərin özlərini gizlətməsi kimi də, şirkətin hüquq və normativ qaydaları pozması kimi də qəbul etmək olar: “Düşünürəm ki, ictimaiyyətin məlumatlandırılması qalib şirkətin götürdüyü öhdəliklər sırasına daxil edilməli və bu, şirkətin qarşısına tələb kimi qoyulmalıdır. Yəni ərazidə abadlıq, təmir, tikinti işlərini aparan şirkət özünün rekvizitlərini, təmir-tikintinin hansı müddətdən hansı müddətədək aparılacağı, tikinti işlərində öhdəçiliyinin nədən ibarət olacağı barədə məlumatları lövhədə yerləşdirməlidir. Tikili barədə ictimaiyyətə geniş, şəffaf şəkildə informasiyalar ötürülməlidir”.
Müsahibimiz deyir ki, beynəlxalq təcrübəyə əsasən, hətta təmir işi aparılarkən, yol çəkilərkən də, bu barədə müfəssəl məlumat lövhədə ictimaiyyətə çatdırılır: “Çünki hər gün həmin yerdən keçən, yaxud orada yaşayan vətəndaşın haqqıdır ki, yaşadığı, işlədiyi ərazinin yaxınlığında nəyin tikildiyini və bunun nə zamana qədər davam edəcəyi barədə məlumatlandırılsın. Təəssüflər olsun ki, biz ancaq tikinti barədə məlumatın yerinə “müvəqqəti narahatlığa görə üzr istəyirik” sözlərinin yazıldığı lövhəni görürük”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər