• şənbə, 20 Aprel, 16:23
  • Baku Bakı 23°C

Mütəxəssis xəbərdarlıq edir: Sosial şəbəkələrdə mənfi xəbərlər oxumağı minimuma endirin

09.04.20 13:15 554
Mütəxəssis xəbərdarlıq edir: Sosial şəbəkələrdə mənfi xəbərlər oxumağı minimuma endirin
Koronavirusa pandemiyası bəzi insanlarda həyəcan və təlaşın artmasına səbəb olub.
Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, həyəcan və təlaş immun sistemini çox zəiflədir. Bu isə öz növbəsində insanda virus və digər infeksion xəstəliklərə qarşı müdafiə sisteminin zəifləməsinə səbəb olur:
"COVID 19- a qarşı mübarizədə sağ qalmaq üçün əsas şərtlərdən biri özünüzü stresə, panikaya salmamaqdır. Ona görə də xarici amillərin, o cümlədən COVİD 19-un sağlamlığınıza təsir etməsinə icazə verməyin, xarici proseslərdə emosional olmağa çalışmayın və sosial şəbəkələrdə mənfi xəbərlər oxumağı minimuma endirin”.
Stresin sağlamlığımıza mənfi təsir göstərdiyini vurğulayan alim buna stres zamanı sərbəst buraxılan hormonların səbəb olduğunu söyləyib. O əlavə edib ki, uzun müddət stresdə olmaq qanda adrenalin və kortizolun ifrazını artırır. Bu da bir çox xəstəliklərin (şəkərli diabet, hipertoniya və s.) yaranmasına səbəb olur:
"Alimlər sübut etdilər ki, çox güclü olmayan streslər tez-tez bütün ehtiyatlarımızı səfərbər edir və nəticə əldə etməyə, problemi tez bir zamanda həll etməyə kömək edir. Ancaq stres çox güclü olursa və zaman keçdikcə davam edirsə, bədən aşınma üçün işləməyə başlayır, sinir sistemi bundan əziyyət çəkir. Stres nəticəsində yaranan ümumi xəstəliklər ürək və tiroid xəstəlikləri, şəkərli diabet, mədə xorası, hipertoniya, bronxial astma, revmatoid artrit, piylənmə, ekzema, depressiya və başqalarıdır”.
Stresin təsirlərindən danışan Y.Abdiyeva bildirib ki, uzun müddət adrenalinə məruz qalma maddələr mübadiləsinin artmasına kömək edir və bu da kilo itkisinə səbəb olur:
"Adrenalin hərəkəti beş dəqiqə ərzində keçir. Bəzi insanlar adrenalini oyandırmaq üçün ekstremal idman növləri ilə məşğul olurlar. Ancaq bədəninizi bu hormona tez-tez məruz qoysanız, ürək-damar sistemi, hipertoniya ilə əlaqəli problemlər yarana bilər. Eyni zamanda, adrenalin çatışmazlığı da depressiyaya səbəb olur. Stres zamanı kortizol da lazım olduğundan çox ifraz olunur. Kortizolun həddindən artıq istehsalı yuxululuq, şirin və yüksək kalorili bir şey yemək istəyi, zəifləmiş yaddaş və diqqət ilə özünü göstərir. Tez-tez baş verən streslər zamanı kortizol estrogen istehsalına maneə törətməklə bədənin yaşlanma prosesini sürətləndirir və yağların çökməsinə kömək edir. Bundan əlavə, kortizolun çox olması depressiyaya səbəb olur, çünki onun istehsalı serotonin və dopamin - zövq hormonlarının təsirini azaldır. Həddindən artıq kortizol istehsalının nəticələri həssaslığın azalması, artan təzyiq, hipoqlikemiya, əzələ toxumasının azalması və qarında yağ yığılmadır. Nəticədə bu, xolesterolun, diabetin, ürəyin işemik xəstəliyinə səbəb ola bilər”.
Y.Abdiyeva deyib ki, insanlar stresin bədənə təsirini minimuma endirmək üçün sağlam həyat tərzi keçirməlidir:
"İstirahət edin, gecə yaxşı yatın. Çünki gecə ifraz olunan melatonin hormonu sizin immun sisteminiz və orqanizminiz üçün vacibdir. Yatmazdan 3-4 saat əvvəl yemək yeməmək, təbii qidalara üstünlük vermək lazımdır. Qızardılmış, duzlu qidalar, turşu, "fast food” və s. yemək olmaz. Gündəlik cədvəlinizə fiziki fəaliyyət daxil edin. Səhər məşqləri etmək xüsusilə vacibdir, çünki səhər kortizol istehsalı yüksəlir. Təmiz havada daha çox gəzmək lazımdır. İndiki karantin şəraitində açıq eyvanda da təmiz hava almaq olar. Musiqi dinləmək, gün ərzində 1 dəfə oynaq musiqidə rəqs etmək, yoqa, pilates ilə məşğul olmaq əsəbləri sakitləşdirən vasitələrdəndir”.
banner

Oxşar Xəbərlər