• şənbə, 20 Aprel, 12:20
  • Baku Bakı 23°C

Mütərəqqi dəyərləri əks etdirən Ana Qanun

12.12.17 09:45 3032
Mütərəqqi dəyərləri əks etdirən Ana Qanun
Müasir dünyada hər hansı cəmiyyətin, dövlətin üstünlüyü ölkədə konstitusiya yolu ilə təsbit edilmiş hüquq və azadlıqlar sisteminin mövcudluğu ilə müəyyən edilir. Başqa sözlə, bütün demokratik prinsiplərin - siyasi plüralizm, söz azadlığı, sahibkarlıq azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqi bərabərliyini təmin edən ölkələr ideal sayılır.
Azərbaycanda ölkənin demokratik inkişafı Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra diqqət mərkəzində saxlanılan əsas məsələ olub. Məhz, onun hakimiyyətinin ilk illərində hüquqi dövlət quruculuğu istiqamətində ciddi addımlar atılıb. Əslində, bu o qədər asan olmayıb.
1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya aktında hüquqi dövlət quruculuğu ideyasını həqiqətə çevirmək məqsədini qarşısına qoydu. Belə ki, Konstitusiya aktının 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması təsbit olunub.
Həmin sənədin III fəslinin 19-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"yə, Helsinki Assambleyasının Yekun aktına və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən, milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqları qanunda nəzərdə tutulmuş xüsusi hallardan başqa, hər hansı formada məhdudlaşdırıla bilməz.
Lakin, ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz təhlükə altına düşmüşdü. Demək olar ki, 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərinə təcavüzü və işğalçı siyasəti nəticəsində torpaqlarımız işğal olunurdu. Bu proseslər gənc müstəqil ölkənin sabitliyi üçün böyük təhlükə və çətin sınaq idi.
1993-cü il ölkədə sabitlik və inkişaf ilinin başlanğıcı kimi tarixə düşməklə, strateji islahatların, qanunvericiliyin, iqtisadi, sosial sistemlərin sürətlə dəyişən şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün istiqamətlərdə, o cümlədən hüquq sahəsində dinamik inkişaf mərhələsi açdı. Belə ki, 1994-cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı məhz ümummilli lider Heydər Əliyev oldu. Onun sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, beynəlxalq hüquq normalarının və insan hüquqlarının ümumtanınmış prinsipləri əsasında, demokratik tərzdə və xalqın rəyi nəzərə alınaraq geniş müzakirə edilməsi, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin əsas qanununun qəbul olunması Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan oldu. Zaman gedişində 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasını, vətəndaşların layiqli həyat səviyyəsini, demokratiyanın inkişafının təmin olunmasında yeni bir mərhələyə təkan verdi.
Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev deyir ki, Konstitusiyamız öz fundamental mahiyyətinə görə, dövlət idarəetmə mexanizmləri ilə cəmiyyət arasındakı münasibətləri müəyyən edən başlıca hüquqi bazadır. Millət vəkilinin sözlərinə görə, dövlətin dayağını təşkil edən hüquqi sistemlə sosial sistemin qarşılıqlı harmonik münasibətlərinin təmin edilməsi Konstitusiyanın və onun təsbit etdiyi qanunların işləkliyindən, daim təkmilləşən funksionallığından əhəmiyyətli dərəcədə asılıdır: "Yeni inkişaf tendensiyası ilə ayaqlaşmayan qanunvericilik aktları çoxşaxəli münasibətləri səmərəli şəkildə qaydalandırmaq funksiyasını yerinə yetirə bilmir. Adekvat hüquqi tənzimləmənin mövcud olmadığı halda, əlbəttə ki, dinamik inkişafdan, davamlı sabitlikdən də söhbət gedə bilməz. Ölkə başçısı İlham Əliyevin məhz bu zərurətdən çıxış edərək irəli sürdüyü "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi mahiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş dövlətimizin yeni siyasi, iqtisadi, sosial, hüquqi gerçəkliklərlə tam uyğunlaşdırılması iradəsini nümayiş etdirirdi”.
"İnsan ləyaqəti konstitusion müstəvidə yüksək hüquqi dəyər əldə edir”
Konstitusiyaya edilən dəyişikliklərdən danışan deputat deyir ki, ölkənin ana qanununda insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizmi daha mükəmməl qeyd olunub: "İrəli sürülən Referendum Aktı layihəsinin əhəmiyyətli qismi vətəndaşların hüquq və azadlıqlarının effektiv təminatına yönəlib. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları” fəslinə nəzərdə tutulan dəyişikliklərə diqqət yetirdikdə, insan ləyaqətinin qorunması və ona hörmət edilməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsiplərindən biri kimi müəyyən edilir. Bununla, insan ləyaqəti konstitusion müstəvidə yüksək hüquqi dəyər əldə edir. Eyni zamanda, Konstitusiyanın qeyd olunan fəslinə təklif olunan dəyişikliyə müvafiq olaraq, cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin – fiziki və əqli qüsurları olan insanların da Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlardan istifadə etmək hüququ tanınır. Beləliklə, Azərbaycan xalqının insanpərvərlik keyfiyyətləri, heç bir ayrı-seçkiliyə yol verilmədən bütün şəxslərə bərabər imkanlar yaradılması ənənəsi Konstitusiyamızda birbaşa əksini taparaq insan hüquq və azadlıqlarının təminatına mənəvi dəyər qazandırır. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət təminatının gücləndirilməsini nəzərdə tutan digər təklif həmin hüquq və azadlıqların müdafiə mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə təklif edilən dəyişikliyə müvafiq olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı ilə yanaşı, inzibati qaydada müdafiəsinə də hüquqi əsas formalaşdırılır. Eyni zamanda, hüquq və azadlıqları pozulmuş şəxslərin işlərinə qərəzsiz yanaşma, həmin işlərə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılma konstitusion norma kimi müəyyən edilir. Bununla, Konstitusiyada əks olunmuş hüquq və azadlıqların sadəcə, deklarativ xarakter daşımadığı, bu hüquq və azadlıqların müdafiəsinə dövlət təminatının verildiyi açıq şəkildə ifadə olunur”.
"Tarixi əhəmiyyətə malik sənəd”
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlıbizimlə söhbətində bildirdi ki, ölkədə insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində real mexanizmlər yaradılıb və uğurla fəaliyyət göstərir: "Demokratik hüquqi quruculuq yolunu tutmuş dövlət daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə yönələn siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır. Bu prinsip xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsini inamla davam etdirən və daha da möhkəmləndirən prezident İlham Əliyevin fəaliyyətinin başlıca qayəsini təşkil edir. İlk gündən hakimiyyəti xalqa xidmət vasitəsi kimi təqdim edən və hər bir dövlət məmurunun xalqın xidmətçisi olduğunu dilə gətirən dövlət başçısının siyasi iradəsi nəticəsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində real mexanizmlər yaradılmış və uğurla fəaliyyət göstərməkdədir. Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində-referendumda qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapıb. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunub, insan hüquq və azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilib. Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılıb”.
Həmsöhbətimiz deyir ki, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında, bu sahədəki tədbirlərin daha mütəşəkkil həyata keçirilməsində dövlət proqramları, strategiyalar və Milli Fəaliyyət planları böyük əhəmiyyət kəsb edir: "Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycanın dayanıqlı və dinamik inkişafının əsasını demokratik, hüquqi, sosial dövlət ideyası təşkil edib, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı fəaliyyət aparılıb. Azərbaycanın müxtəlif inkişaf mərhələsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində müvafiq dövrün prioritetlərinə uyğun belə sənədlər qəbul olunub. İnsan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş mühüm əhəmiyyətə malik olan sənədlər sırasında Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı, 28 dekabr 2006-cı il tarixli Sərəncamla təsdiq olunmuş Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planını və 27 dekabr 2011-ci il tarixli Sərəncamla təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını qeyd etmək istərdim. Qeyd olunan sənədlərdə normativ-hüquqi bazanın insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, institutsional islahatların həyata keçirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin görülməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi sahəsində önəmli vəzifələr nəzərdə tutulmuş və uğurla icra olunmaqdadır”.
Aygün ƏZİZ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün təqdim edilir.
banner

Oxşar Xəbərlər