AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Mutasiyaya uğrayan koronavirus

Mutasiyaya uğrayan koronavirus

Cəmiyyət
26 Dekabr 2020, 13:00 316

İndiki durumda ən önəmlisi, qorunmaq və vaksinin yolunu gözləməkdir


2020-ci ilin mart ayından dünya pandemiya ilə mübarizə aparır. 2019-cu ilin sonlarında meydana çıxan  infeksiya dünyanın hər yerində sürətlə yayılmaqda davam edir. Bu gün Yer üzünə bu virusa gündəlik yoluxma sayı yüz minlərlə ölçülür. Hər ötən gün xəstəlikdən dünyasını dəyişənlərin sayı sürətlə artır. Hər kəsin ətrafından doğmalarını koronavirus alıb aparır… Bütün dünya virusdan xilas olmağın yollarını axtarır. 2020-ni mübarizə apara-apara yola salırıq. 2021 qapıdadır… Növbəti ildə mübarizədən qalib çıxacağımıza ümid edirdik ki, Britaniyadan gələn xəbərlə sarsıldıq. Sözügedən ölkənin Səhiyyə naziri Mətt Henkok bildirdi ki,  Milad dövrü və 2021-ci ilin başlanğıcı çətin olacaq: "Koronavirusun yeni variantı daha sürətlə yayılır və bu da COVID-19 ilə mübarizəni daha da çətinləşdirir. Bununla birlikdə, təslim olmamalıyıq, bu virusa nəzarət edə bilərik”.
Təəssüflə qeyd edək ki, dünya hələ COVID-19 pandemiyasından tam yaxa qurtarmamış, koronavirusun yeni mutasiyaya uğramış forması ilə üz-üzə qalıb. Belə ki, tibb elminə bu ilin sentyabr ayından məlum olan koronavirusun mutasiya olunmuş yeni növünün son həftə ərzində sürətlə yayılması müşahidə edilib. Bunu Böyük Britaniya alimləri müəyyən ediblər. Böyük Britaniya Səhiyyə Nazirliyi "SARS-CoV-2” adlandırılan yeni növ koronavirus mutasiyasının virusun əvvəlki növündən daha tez yayıldığını və artıq Londonda çoxsaylı yoluxmanın olduğunu bildirib. Ölkənin Baş naziri Boris Consonun sözlərinə görə, virus əvvəlki növündən 70 faiz daha çox yoluxucudur.
Bu səbəbdən Avropa İttifaqına üzv olan 14 ölkə daxil olmaqla, dünyanın, demək olar ki, 20 ölkəsi Böyük Britaniya ilə nəqliyyat əlaqəsini dayandırmaq və ya məhdudlaşdırmaq qərarına gəlib.

Mutasiya necə və hansı səbəbdən baş verir?

Türkiyənin Hacəttəpə Universiteti xəstəxanasının anesteziya və reanimasiya şöbəsinin araşdırmaçı həkimi Turanə Rəsulova deyir ki, virusların genetikası asanlıqla dəyişə bilir: "Viruslar canlı və cansız arasında keçid forma olub, çox bəsit quruluşa malikdir. Belə olduğu üçün genetik dəyişikliyə uğraması asandır. Məsələn, insan orqanizminin hüceyrələrində də mutasiyalar olur, amma o mutasiyaları bəsit dildə desək, çıxdaş edib, artıb çoxalmasına izn verməyən mexanizm də mövcuddur. Viruslarda isə belə bir mexanizm yoxdur, xüsusilə də koronavirus, QİÇS, qripin törədicisi influenza kimi RNT tərkibli virusların genetikası asanlıqla dəyişə bilir. Lakin koronaviruslar daha dayanıqlı virus ailəsi olduğu üçün sözün düzü, daha ciddi mutasiyanı kütləvi vaksinasiya başlanandan sonra gözləyirdik. Çünki vaksinasiyadan sonra toplum immuniteti inkişaf etdikcə, virus ona qarşı immunitet qazanılmış mühitdə yaşaya bilmək üçün dəyişikliyə uğrayır, bir növ təzyiqə məruz qalır və dəyişir ki, ölməsin, yoxa çıxmasın. B1.1.7 variantının ortaya çıxmasına dair elm mühitində qəbul olunan belə bir iddia var ki, immuniteti zəif - immunsupressiv xəstədə xroniki formaya keçmiş virusun müalicəsi üçün konvalessent plazma dediyimiz xəstəliyi keçirmiş şəxslərin qan plazması köçürülməsi sonrası həmin qandakı anticisimlərə, yəni immun cisimlərə qarşı dayanıqlılıq qazanan viruslar inkişaf edib və bu mutasiyalar həmin o bir nəfər xəstədən qısa müddətdə yayılıb. Virusun spike proteinində bir neçə mutasiyanı birləşdirən B 1.1.7 variantı yaranıb və yayılıb”.

"Yoluxuculuğun artması çox təhlükəlidir”

Həkimin sözlərinə görə, təkamül nöqteyi-nəzərindən baxsaq yoluxuculuğun artması öldürücülüyün azalması deməkdir: "Virusun yoluxuculuq xüsusiyyəti 70 faiz artıb. Təkamül nöqteyi-nəzərindən baxsaq, yoluxuculuğun artması öldürücülüyün azalması demək olmalıdır. Çünki yoluxduğu orqanizmi tez öldürsə, yoluxa bilməyəcək. Amma bu variantın öldürücülüyü haqqında hələ dəqiq bilgimiz yoxdur. İstənilən halda, mən belə düşünürəm ki, bu gün yoluxuculuğun artması həm də ağırlaşma və ölüm hallarında artıma səbəb ola bilər. Çünki səhiyyə sisteminin yükü artdığı, xəstəxanalarda sıxlıq yarandığı üçün, orta ağır və ağır xəstələrin xəstəxanalara yerləşdirilməsində, tibbi yardım almasında ciddi sıxıntılar ortaya çıxa bilər. Tibbi yardımla həyatda qala biləcək insanlar xəstəxanalarda yer olmadığı üçün ölə bilərlər. Odur ki, yoluxuculuğun artması çox təhlükəlidir. Ümid edək ki görülən tədbirlər sayəsində bu mutasiya ölkəmizə gəlib çıxmayacaq”.
Həkim deyir ki, ölkəmizdə buna bənzər mutasiyalar baş versə, biz onu aşkarlaya bilməyəcəyik: "Digər bir nüans da var ki, İngiltərə dünyada virusun genom analizinin ən yaxşı aparıldığı ölkələrdən biridir. Ona görə də, bu mutasiyanı aşkarlayıb. Bu və ya bu kimi mutasiyalar Türkiyədə, Azərbaycanda və bir çox digər ölkələrdə də baş vermiş ola bilər. Biz genom analizi aparmadığımız, bunun üçün uyğun laborator infrastruktur və sərmayəmiz olmadığı üçün oxşar mutasiyalar ölkəmizdə baş verib gənc ölümlərə səbəb olsa da, bunu aşkarlaya bilməyəcəyik. Odur ki, vaksinasiya başlanıb, cəmiyyətin ən az 70 faizi vaksinasiya olunana qədər sosial məsafə, əl gigiyenası və maska qaydalarına əməl etməliyik”.

Peyvənd, mutasiyaya uğramış virusa təsirli olacaqmı?

Araşdırmaçı həkim vurğulayır ki, mövcud mutasiyalar peyvəndin effektivliyini azaltmayacaq: "Daha ciddi mutasiya olsa belə, m-RNT vaksinlərinin möhtəşəm özəlliyi odur ki, 3 həftə ərzində mutasiyaya uğramış proteinin m-RNT-i alıb vaksini yeniləyə bilərlər. Mutasiya spike proteinin yalnız bir hissəsində baş verib, vaksinlə yaranan immunitet isə bütöv proteinə qarşı yaranır. Beləliklə, bu proteinin bir hissəsi dəyişmiş olsa belə, digər hisslərini orqanizmimiz vaksin sayəsində tanıyıb dərhal məhv etmək gücündə olacaq”.
COVİD-19-u keçirən şəxslər yeni virusa yoluxa bilərmi? 
Həkim təəssüflə bildirir ki, təkrar yoluxma halları müşahidə olunur. Amma buna səbəb mutasiya deyil: "Koronavirusda eyni zamanda indiyədək çox az virusda görülən bir fenomenə rast gəldik – "antibody induced enhancement” deyirlər buna. Bu nədir? Əgər xəstəlik yüngül keçirilib və ona qarşı az titrdə, az miqdarda anticisim yaranıbsa, yaranan bu immun cisimlər nəinki qoruyucu olmur, hətta təkrar yoluxmanı asanlaşdıra bilir. Odur ki, "xəstəliyi yüngül keçirmiş şəxslər də oldu, bitdi, qurtardı” deyə düşünməməli, özlərini qorumağa davam etməli və daha da ciddi qorunmalıdır. Təkrar yoluxma xəstəliyin daha ağır gedişinə səbəb ola bilir. İndiki durumda, ən önəmlisi qorunmaq və vaksinin yolunu gözləməkdir. Ümid edirəm Azərbaycan tezliklə kütləvi vaksinasiyaya başlayacaq”.

"BioNTech"-"Pfizer" peyvəndinin yaradıcısı Uğur Şahin peyvəndin İngiltərədə aşkarlanan koronavirusun mutasiyaya uğramış variantına qarşı da effektiv olacağına əmin olduğunu deyib. U.Şahin peyvəndin, mutasiyaya uğramış virusa qarşı uyğunlaşdırılması lazım olarsa, şirkətin, bunu təxminən altı həftə ərzində edə biləcəyini qeyd edib. O, peyvəndləməyə başlamazdan əvvəl yeni dəyişikliklərin qiymətləndirmə agentlikləri tərəfindən təsdiqlənməli olduğunu vurğulayıb: "Hazırda peyvəndimizin bu yeni varianta qarşı qorumanı təmin edə biləcəyini bilmirik, lakin yeni virusun xaricində olan və onu əhatə edən zülalların mövcud virusdakı zülallarla 99 faiz eynilik təşkil etdiyi üçün "BioNTech” peyvəndinin effektiv olacağına dair elmi güvəni var. Elmi olaraq bu peyvəndlə immunitet reaksiyasının yeni virus variantlarına qarşı da cavab verəcəyi ehtimalı çoxdur. İndi biz bunu təcrübə yolu ilə yoxlamalıyıq. Bunun üçün təxminən iki həftə vaxt lazım olacaq. Ancaq bunun hərəkət mexanizminə əhəmiyyətli dərəcədə təsir etməyəcəyinə əminik”.

"İnsanları qorxuya salmaq düzgün deyil”

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyir ki,  koronavirusun nisbətən dəyişikliyə uğramış növü ilə bağlı xarici mətbuatda yayılmış məlumatları tirajlayıb insanları qorxuya salmaq düzgün deyil: "Koronavirusun yeni növünün yayılması ilə bağlı məlumatları bu qədər həyəcanla tirajlamaq hələ tezdir. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda insanlar arasında "B.1.1.7 SARS-CoV-2”-ni mutasiyaya uğramış yeni virus adı kimi səsləndirmək yanlışdır. Ümumiyyətlə, insanlara virusla bağlı hər hansı bir yeni xəbəri təqdim edərkən orada mütləq elmə əsaslanan fikirlər yer almalıdır. Çünki biz, bir ölkə olaraq çox həssas bir dönəmdən keçirik, hər hansı yanlış fikir ciddi psixoloji sarsıntılara səbəb olur. Məsələn, Çində ilk yaranan vaxtdakı virusla bir müddət keçdikdən sonra ölüm halları çoxalan zamandakı virus arasında fərq var idi. Eləcə də, yanvar ayında Almaniyada yayılan ilk virusla İtaliyada yayılan virus arasında fərqlilik var idi. Elə məhz bu fərqliliyə görə, hələ o zaman Almaniya İtaliyanın "virus bizə sizdən keçdi” iddiasının yalan olduğunu elmi cəhətdən sübut etdi. Bu dəfə isə İngiltərədə virusun B.1.1.7 qolunda və ya soyunda (english: lineage B.1.1.7) müəyyən dəyişikliklər aşkarlanıb. Bu dəyişikliklər son 4 həftədə çoxalıb və İngiltərənin fərqli yerlərində yoluxmalar zamanı virusda aşkarlanıb. Bu da İngiltərə alimlərini haqlı narahat edib. Çünki virusda olan bu dəyişikliklərin çoxalması ilə İngiltərədə yoluxmaların sayının artması eyni vaxtda baş verib. Bu zamanlamanın, sadəcə, bir təsadüf olma ehtimalı da var, olmaması da mümkündür. Ona görə də elm adamları virusun bu növ dəyişikliyini nəzərə alaraq onu bütün dünyada genomik və epidemioloji olaraq ciddi nəzarətdə saxlamalıdırlar. Bu cür dəyişmiş virusun antigen yaratma qabiliyyəti və virulentliyi haqqında dəqiq nəsə demək hələ tezdir, çünki bu mutant viruslarla əvvəlki virusları laboratoriyada hələ ciddi müqayisə edən olmayıb”.

"Şübhələr doğru olarsa...”

Tibb elmləri doktoru bildirib ki, Azərbaycan da təhlükəsizlik tədbirlərini güclü təşkil etməlidir: "Şübhələr doğru olarsa, bu, virusun indikindən sürətlə yayılması və istər-istəməz, ölüm sayının artması deməkdir. Bunlar olmasın deyə, indiki mərhələdə həmin mutant virusların Azərbaycana gəlməsinin (əgər gec deyilsə), eləcə də yayılmasının qarşısı maksimum alınmalıdır və həmin viruslarla əvvəlki virusların laborator  müqayisələrinin nəticəsi diqqətdə saxlanılmalıdır. Təəssüf hissi ilə qeyd edirəm ki, bu günə qədər bizim ölkədə virusların hansı mutant variantlarının olduğu haqda dəqiq elmi məlumatlar yoxdur. Bu da hazırkı vəziyyətimizi bir az qəlizləşdirir”.  
N. Abdullayev bildirib ki, bu cür mutant virusların ilkin mərhələdə tətbiq ediləcək birinci nəsil peyvəndlərin funksiyasına, xüsusilə də gen texnologiyası ilə hazırlanan peyvəndlərin funksiyasına təsiri o qədər də ehtimal olunan deyil: "Çünki gen texnologiyasında bu cür dəyişikliklərə uyğun peyvənd hazırlamaq çətin olmamalıdır”.
Aygün ƏZİZ