• cümə, 29 Mart, 16:01
  • Baku Bakı 14°C

Mütaliə mədəniyyətini necə bərpa etməli?

14.10.19 10:13 1006
Mütaliə mədəniyyətini necə bərpa etməli?
Araşdırmalara görə, sovet dövründə 60 yaşdan yuxarı insanlar, orta hesabla, 3 aya 7 kitab oxuyurdular. 1950-ci ildə aparılan beynəlxalq araşdırmalar sübut edib ki, SSRİ vətəndaşları həftədə, orta hesabla, kitab oxumağa 11 saatdan çox – amerikalı, ingilis və fransızlardan ikiqat çox vaxt sərf ediblər. O zaman bu, hətta, Qərbdə narahatçılıq üçün bəhanə yaratmışdı. Onlar bunu müharibədən sonra "sovet iqtisadi möcüzəsi” ilə əlaqələndirirdilər. «Əgər kitab oxumayacaqsansa, tezliklə savadını və biliyini unudacaqsan» kimi şüarlar yaranmışdı. Sovet İttifaqının ən çox kitab oxuyan ölkə olması ilə bağlı daha bir maraqlı fakt isə 1942-ci ilin Leninqrad blokadasının ən sərt qışında şəhər əhalisinin təşəbbüsü ilə Nikolay Ostrovskinin «Polad necə bərkidi» kitabının çap olunması idi. Kitabın mətni yarımdağılmış binada yığılır. Elektrikin olmadığı vaxtda əl maşınında çap edirlər. 2 saat müddətində kitabın 20 min nüsxəsi satılır.
Sovet İttifaqı dağılandan, dəyişən zamanın yeniliklərindən sonra bir çox ənənələr kimi, kitab oxuma ənənəsi də xeyli dəyişib.
"Müzakirə”mizdə hazırda Azərbaycanın kitab oxuyan ölkələr sırasında hansı sırada olduğunu öyrənməyə çalışdıq.

Əyləncələr meydana gələn kimi
Yazıçı Natiq Rəsulzadənin fikrincə, Sovet dövründə Azərbaycan ittifaqın tərkibində ən çox kitab oxuyan ölkələrdən biri olub: " 250 milyonluq ölkə olaraq qapalı bir məkanda yaşayırdıq. Amerikaya, Avropaya nisbətən SSRİ-də əyləncə az idi. Təkcə bir televiziya kanalı, 5-6 jurnal və qəzetlər var idi. Buna görə, kitab oxuyanlar çox idi. Amerikaya da, Avropa ölkələrinə də internet bizdən tez ayaq açıb. Bundan əlavə, o ölkələrdə əyləncələr də çox idi. O zaman Hollivudun filmləri dünyaya çox yayılsa da, SSRİ-yə az gəlib çatırdı. Çünki ciddi senzura vardı. Ümumiyyətlə, SSRİ-də nə xoşlarına gəlmirdisə, qadağa qoyurdular. Ona görə, müəyyən filmlər, nəşrlər, rəsm əsərləri və s. SSRİ-nin sərhədlərini keçə bilmirdi. SSRİ-dən xaricə gedənlər də az idi. Yadımdadır, o zaman bəstəkar Qara Qarayev Amerikaya gedib qayıdandan sonra ona heyrətlə baxırdılar. İnsanların çoxu kitaba da əyləncə kimi yanaşırdı. Ona görə, kitab oxuyanlar da çox idi. Mən Moskvada olanda metro ilə hərəkət edərkən 10 nəfərdən 8 nəfərin əlində kitab, qəzet olduğunu görürdüm. O cümlədən Azərbaycanda da oxucuların sayı çox idi. Mənim və həmkarlarımın kitabları 40-70 min tirajla nəşr olunurdu. Bir həftənin içərisində həmin kitablar satılıb qurtarırdı”.
Yazıçının fikrincə, internet, telekanallar, Hollivud filmləri, əyləncələr meydana gələn kimi həm Azərbaycanda, həm də keçmiş SSRİ məkanında oxucular birə yüz azalıb: "Sovet dövründə «Azərbaycan» jurnalının tirajı 60 min idi. İndi 500-400 nüsxəyə düşüb. Ona görə, vaxtilə Sovet İttifaqının ən çox kitab oxuyan ölkə olması ilə bağlı fikirlərdə həqiqət var. Təəssüf ki, bu gün bütün keçmiş respublikalarda vəziyyət dəyişib”.
Ədəbiyyatın parlaq dövrü
Yazıçı Elçin Hüseynbəylinın fikrincə, bu gün Azərbaycan ən az kitab oxuyan ölkələr sırasındadır: "Amma təbii ki, elə ölkələr var ki, orada heç kitab oxumurlar. Sovet dövründə isə Azərbaycan əhalisi həqiqətən çox kitab oxuyurdu. Hər ölkənin mental dəyərləri var. Biz bu gün daha çox ticarətlə məşğul olmağı xoşlayırıq, nəinki kitab oxumağı”. Yazıçı deyir ki, sovet dövründə kitaba münasibət tamamilə fərqli olub. Belə ki, ö dövrün özünəməxsus üstünlükləri olub: "Qeyri-ictimai əməklə məşğul olmaqla bağlı qadağalar vardı. Kitabı dəbə mindirmişdilər. Kitab təbliğ olunurdu. Yazıçı və şairlərin şöhrəti çox yüksək idi. O vaxt ədəbiyyat daha çox ideologiyaya xidmət edirdi. Həmçinin sosial şəbəkələr yox idi, bir televiziya kanalı var idi, internet yaranmamışdı. Adamlar istirahətlərini daha çox kitabda axtarıb tapırdılar. Bu gün isə sosial şəbəkələr get-gedə inkişaf edir. İnsanlar bütün gün kompüterin qarşısında internetlə məşğuldurlar, kitaba o qədər də maraq göstərmirlər”.
E.Hüseynbəyli texnoloji yeniliklərin hökmranlığına baxmayaraq, kitab oxuyan ölkələrin də olduğunu istisna etmir: "Eşitdiyimə görə, ən çox kitab oxuyan ölkələrdən biri Amerikadır. Orada kitab kultu var. Almaniya da kitab oxuyan ölkələr sırasındadır. Çinin əhalisi çox olduğuna görə, yəqin ki, kitab oxumaq baxımından birinci yerdədir. Hətta eşitdiyimə görə, orada elə kitab var ki, 10 milyon tirajla çap olunur. Orada əhali də çoxdur. Təbii ki, bizdən də çox oxuyurlar. Mən artıq ədəbiyyatla oxucunun gələcəyinə çox inanmıram. Ədəbiyyatın parlaq dövrü geridə qalıb”.
Müsbət tendensiya
Tənqidçi Tehran Alışanoğlu hesab edir ki, ən çox kitab oxuyan ölkənin müəyyənləşməsi sosioloji araşdırma tələb edən mövzudur: "İnanmıram ki, ədəbi proseslə, ədəbi tənqidlə və ya ədəbiyyatşünaslıqla məşğul olan alimlər bu suala cavab verə bilsinlər. Bununla belə, deyə bilərəm ki, kitabın oxunmaması ilə bağlı bu gün çox da bədbin olmazdım. Sosial şəbəkələrdə də görünür ki, gənclik kitaba qayıdıb. Nə qədər qane edib-etməməsi də sosioloji araşdırmadır. Amma ümumən kitab oxunur”.
Tənqidçi hesab edir ki, post-sovet məkanı dağılandan sonra, müstəqilliyin ab-havası, dünyada gedən proseslər yeni texnologiyaların gəlməsi, bir qədər ənənəvi mədəniyyətlə yeni mədəniyyət arasında proseslərin getməsi, kitaba nə dərəcədə maraq olması məsələsini arxa plana atdı: "Bununla belə, yeni texnologiyalar yerində qalmaqla, internet öz yerini tapmaqla kitab oxuma mədəniyyəti də yeni mühitdə öz yerini tapır. Bizim gənclik çox fəal şəkildə yenidən kitaba qayıdır. Əslində indi internet də kömək edir ki, gənclik kitaba qayıtsın. Bu baxımdan mən kitab oxumağa həvəsin artması ilə bağlı müsbət tendensiya görürəm».
Sosioloji araşdırmalar aparılmalıdır
Sosioloq Əhməd Mansurovun fikrincə, hazırda Azərbaycanı kitab oxuyan ölkələr siyahısında hesab etmək bir qədər çətin məsələdir: "Bunu bir neçə faktor təsdiqləyir. İlk növbədə əsas tendensiya onunla bağlıdır ki, hazırda bütün dünyada informasiya almaq məsələsini kitablar yox, multimedia vasitələri əvəz edir. Kompüterlər, planşetlər, mobil cihazlar, telefonlar bir növ kitabları geridə qoyub. Azərbaycan cəmiyyətində də bunu müşahidə etmək olur. Əvvəllər daha çox insanlar kitablar oxuyur, qəzetlər vasitəsilə informasiya almağa çalışırdı. Hazırda isə yeni texnologiyalar vasitəsilə bunu edirlər. Təsəvvür edin, 400-500 səhifəlik bir kitabın internet versiyasını tapıb oxumaq və yaxud onun haqqında qısa bir film axtarıb tapmaq və ya məlumat almağa üstünlük verirlər”.
Sosioloq hesab edir ki, digər bir məsələ vaxtla bağlıdır: "Sovet dövründən fərqli olaraq hazırda insanların iş prosesi gərgindir. İşdən gec gəlirlər, ailə qayğıları artıb, müxtəlif çətinlikləri var. Sovet dövründə isə insanlar daha konkret iş vaxtı ilə işlədiklərindən, asudə vaxtlarından da lazımınca istifadə edirdilər. Məsələn, həmin saatlarda onlar kitab oxuya bilirdilər. Hazırda insanlar vaxtın idarə edilməsi məsələsini düzgün qura bilmədiklərindən, kitab oxumağa da zaman ayırmağa çətinlik çəkirlər. Bu da ümumilikdə sosial-iqtisadi problemlərlə bağlıdır. Yəni insanlara daha çox öz iqtisadi məsələlərinə vaxt ayırmaq maraqlıdır, nəinki kitab oxumaq”.
Sosioloq orta məktəb şagirdlərinin kitab oxumağa marağının azalmasının da səbəbindən danışdı: "Məlumdur ki, kitab oxumaqla bağlı vərdişlər uşaqlıq dövründə yaranır. Orta məktəblərdə bu vərdişin aşılanmasında çətinliklər var. Onlar sinifdənxaric oxu zamanı daha çox multimedia vasitələrinə üstünlük verirlər. Bir çox uşaqlar da tətillərini məhz planşet və ya mobil telefonla oynayaraq keçirirlər. Xüsusən hazırkı uşaqların gələcəkdə kitab oxumaqla bağlı daha böyük çətinlikləri olacaq. Artıq informasiyanın daha asan əldə edilmə üsulları var. İntellekti daha asan zənginləşdirmək üsulu ortaya çıxdığı halda, bu cür məsələlər geridə qalır. Kitab oxumaq vərdişini formalaşdırmaq hər bir valideynin və təhsil müəssisəsinin üzərinə düşür. Çünki multimedia vasitələrinin uşaqların emosional inkişafına da mənfi təsirləri var. Həmçinin insanların özlərinin kitab oxumaq maraqlarının olmaması da problemlərdən biridir. İnsanlar kitab oxumağa həvəsləndirilməlidirlər”.
Ə.Mansurov hesab edir ki, bu məsələdə Azərbaycanın müasir ədəbiyyatının üzərinə də yük düşür: "Günümüzün problemləri ilə ayaqlaşan əsərlər yazılmalıdır. Düzdür, indi gənc yazarlar da müxtəlif əsərlər yazırlar, ancaq bu, kitab oxumaqla bağlı kütləviliyi artıra bilmir. Bu baxımdan ədəbiyyatçıların üzərinə yük düşür. Bununla belə, «Azərbaycanda kitab oxumağa həvəs azdır» sözlərini də demək olmaz. Bu, hansısa bir tədqiqat nəticəsində özünü göstərə bilər. Əgər kitab oxumağın daha çox kütləviləşməsini istəyiriksə, əhalinin kitab oxumaqla bağlı marağının aşağı səviyyədə olması ilə bağlı sosioloji araşdırmalar aparılmalıdır. Hər bir səbəbi konkretləşdirib üzə çıxarmaq və problemi aradan qaldırmaq üçün proqramlar hazırlamaq olar».

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər