• cümə, 29 Mart, 14:47
  • Baku Bakı 14°C

“Müştəri itirməkdən qorxmaq lazım deyil” - Biznes

15.05.20 10:30 2045
“Müştəri itirməkdən qorxmaq lazım deyil” - Biznes
Həsən Cabbarov: "Bir çox qapını döyməli və "yox” cavabından məyus olmamalısınız”
Deyir ki, ideya nə qədər uğurlu olsa da, investor, komandanın bu ideyanı doğruldacağına əmin olmaq istəyir. Bu səbəbdən, yola çıxarkən düzgün komanda seçməyin vacib olduğunu vurğulayır. Hələ tələbəlik illərindən özünü biznesin müxtəlif sahələrində sınadığı üçün bir çox uğurlu və uğursuz layihələri olub. Düşünür ki, uğur qazanmaq üçün bir çox qapını döyməliyik. Önəmli olan, məyus olub motivasiyadan düşməməkdir.
Müsahibim "Paym.es” startap layihəsinin rəhbəri Həsən Cabbarovdur.
Hələ orta məktəbdə oxuduğu müddətdə bir neçə dəfə yerli olimpiadalarda qalib gələn müsahibim, daha sonra Azərbaycanı xarici ölkələrdə beynəlxalq yarışlarda təmsil edib. Məktəbi bitirdikdə xaricdə təhsil almaq istəyən Həsən Rusiya, Almaniya, Türkiyə universitetlərindən qəbul alır: "Hər ehtimala qarşı Azərbaycandakı universitetlərdən birinə də qəbul oldum, ancaq sonda seçimim Türkiyə oldu. Beləliklə, Dokuz Eylül Universitetində biznesin idarə olunması üzrə təhsil aldım. Tədris ingilis dilində aparılırdı”.
Bir müddət könüllülər assosiasiyasında çalışan müsahibim deyir ki, Türkiyəyə gedər-getməz, tələbə klubları və assosiasiyaları ilə maraqlanmağa başlayıb: "Məqsədim və maraqlarıma uyğun olan klublarla əlaqə yaradıb fəaliyyətə başladım. Fakültəmizin işlətmə klubunda üzvlükdən klub rəhbərliyinə qədər yüksəlmişdim. Klubumuzun daxilində Avropa Birliyi gənclik layihələri ilə maraqlanan bir bölmə yaratmışdıq. Bunun bir xətti də Avropa Könüllü Xidməti idi. Elə oldu ki, bir müddətlik təhsilimi dayandırıb könüllü xidmət üçün Portuqaliyaya getdim. Bir ilə yaxın orada qaldım. Orada olduğum müddətdə "Universidade Do Minho” Universitetində qonaq tələbə kimi qeydiyyatdan keçib informatika dərslərinə qatıldım. Belə deyim ki, orada mən indiki gəldiyim yerin ilk təməlini atmış oldum. Türkiyəyə qayıtdıqdan sonra bu proqramın orada da yayılması üçün əlimdən gələni etməyə çalışdım. Çünki proqram mənim həyatımı pozitiv istiqamətdə dəyişdi. Avropa Könüllülük Xidmətinin gənclərə çatması üçün işlər görməyə başladım. Türkiyədən Avropaya gedən ilk gənclərdən biri idim. O dövrün komandası ilə birlikdə könüllülər dərnəyini qurduq. Bu dərnək hələ də fəaliyyət göstərir”.

Müsahibimin fikrincə, investisiya cəlb etmək vaxt alır və bunun üçün yüksək motivasiya lazımdır: "Xüsusilə ilk vaxtlarda onların diqqətini cəlb etmək və inandırmaq çox çətin olur. Bunun üçün siz yüzlərlə investorla ünsiyyətdə ola bilərsiniz. Bir çoxları da rədd cavabı verir. Bu, sizin motivasiyanızı öldürməməlidir. Siz, sizə inanan doğru investoru tapmaq üçün cəhd etməlisiniz. Ona görə də, bir çox qapını döyməli və "yox” cavabından məyus olmamalısınız. Yaxşı olar ki, investorlara öz inkişafınız haqda davamlı olaraq email vasitəsilə məlumat göndərəsiniz. Çünki bu, davamlı prosesdir. Hazırda layihənizlə maraqlanmayan investor, böyüyən qrafikinizi gördüyü zaman sizə yatırım edə bilər. Ona görə də, rədd cavabı alan kimi əlaqələri kəsmək lazım deyil. Düzdür, Türkiyə və Azərbaycan eksositemi bir çox məsələdə geridə qalır, amma ümidverici məqamlar da var. Tövsiyə edərdim ki, daim özünüzü inkişaf etdirin və təcrübənizi artırın. Uğursuzluqdan qorxmaq lazım deyil. Xüsusilə universitet tələblərinə tövsiyə edərdim ki, əgər bu sahəyə marağınız varsa, erkən vaxtda başlayın. Çünki tələbə vaxtı itirəcəyiniz və risk alacağınız çox şey yoxdur”.
H.Cabbarov sonda gələcək hədəfləri haqqında da danışdı: "Gələcək planlarımız Azərbaycan və Türkiyədə olan fəaliyyətimizi genişləndirib Ərəb ölkələrinə açılmaqdır. Yaxın müddətdə bunu reallaşdıracağıq. Bundan əlavə, layihəmizə yeni innovasiyalar gətirmək planlarımız var. İnnovasiya və ödəmə sistemi deyildikdə ağıla "Paym.es”in gəlməsini istəyirik. Fərdi olaraq isə özümü daimi olaraq inkişaf etdirməyi və bu sahəyə əlimdən gəldiyi qədər dəstək verməyi düşünürəm. Uzunmüddətli planlarımın arasında yerli startaplara investisiya edərək, onlara dəstək olmaq var”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər