“Müstəqilliyim, mənim yaşıdım” - Fotolar

“Müstəqilliyim, mənim yaşıdım” - Fotolar

Təfsilat
19 Oktyabr 2016, 16:49 752
Binəqədi Rayon İcra Hakimiyyətinin,  YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə  təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş "Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Mübariz Qurbanlı, millət vəkilləri Məlahət İbrahimqızı, Madər Musayev, Kamaləddin Qafarov, Kamran Bayramov, Musa Qasımlı, Sevinc Fətəliyeva, Rayon İcra Hakimiyyətinin Aparatı, rayon İctimaiyyəti, ziyallılar, YAP-nın fəalları və gənclər iştirak ediblər.

Tədbir 25 illik tarixə malik olan müstəqil Azərbaycanın dövlətçilik tarixini əks etdirən  qədim bayraqların sərgisi ilə başlayıb. Qonaqlar daha sonra 25 il ərzində dövlətimizin əldə etdiyi uğurları özündə əks etdirən sərgiyə baxış keçirib. Mədəniyyət və multikulturalizm, təhsil, səhiyyə, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları, müdafiə sənayesi, kənd təsərrüfatı, gənclər və idman sahələrini, eləcə də dünyada Azərbaycan brendi olan və müstəqilliyimizin ən böyük nailiyyətlərindən biri olan ASAN Xidmətin fəaliyyətini geniş əhatə edən pavilyonlarla tanışlıq zamanı qonaqlara 25 il müstəqillik dövrü ərzində əldə olunan nailiyyətlər barədə ayrı-ayrılıqda müfəssəl məlumat verilib.    

Tədbirdə ilk olaraq bayram təbriki ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edib. Komitə sədri bildirib ki,  Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir: "Xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşdi. Lakin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində biz bu müstəqilliyi qoruyub saxlaya bildik. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Bunun nəticəsidir ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib”.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərini ifadə edib. O, Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü, ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdırıldığını vurğulayıb. Qeyd edib ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən qorunub saxlanılır. 

Bayram təbriklərindən sonra müxtəlif sahələrdə rayonun ictimai-siyasi proseslərində fəaliyyətləri ilə fərqlənən şəxslərə Fəxri Fərmanlar təqdim olunub.

Tədbir çay süfrəsi ətrafında rayonun yaradıcı kollektivlərinin ifasında bayram konserti ilə davam etdirilib.