• cümə, 29 Mart, 09:57
  • Baku Bakı 5°C

Müstəqillik, iqtisadi güc və neft strategiyası...

09.11.16 14:21 1423
Müstəqillik, iqtisadi güc və neft strategiyası...
Bütün ölkələrin sahib olmağa çalışdığı "Milli Güc Ünsürləri”ndən biri də iqtisadi gücdür. 1991-ci ildə yenicə müstəqillik qazanan Azərbaycanda da bu gücü qazanmaq vacib idi. Çünki qazanılan müstəqillikdən sonra ölkənin təkbaşına ayaqda durması, inkişafı qazanılan azadlıq qədər vacib idi.
İqtisadi gücün lazımi səviyyədə olması üçün şərtlərdən biri də daxili qaynaqların kifayət qədər çox olmasıdır. Buraya həm enerji qaynaqları, həm də digər ünsürləri daxil etmək olar. Dar günündə Azərbaycanın "əlindən tutan” isə neft oldu. Çünki tez bir zamanda daha çox gəlir gətirəcək sektor bu idi. Bu istiqamətdə də fəaliyyət davam etdirildi.
Lakin ölkəmiz bu sərvətindən ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra daha çox bəhrələndi. Belə ki, 1994-cü ildə ölkə iqtisadiyyatında dönüş yaradan, dünyanın diqqətində olan "Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanın müstəqil iqtisadi inkişafına aparan bir yol oldu. Heydər Əliyev ölkəmizin "Əsrin müqaviləsi"ndən sonra çıxdığı yol haqqında deyirdi: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".
Bəs bu strategiya ölkənin iqtisadi bünövrəsində hansı rol oynadı? 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Əsas vəzifəsi isə Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunan vəsaitlərin yığılmasını və səmərəli idarə olunmasını təmin etməkdən ibarət oldu. Fəaliyyət tarixi ərzində fond milli neft strategiyasının tərkib hissəsi kimi hansı əhəmiyyətə malik oldu?
Müstəqilliyin iqtisadi təminatını təşkil edən prosesin bünövrəsi...
Milli Məclisin İqtisadisiyasət,sənayevəsahibkarlıqkomitəsinin üzvü Tahir Mirkişiliqəzetimizə açıqlamasında bildirdi ki, müstəqillik əldə etmək nə qədər çətindirsə, onu saxlamaq və möhkəmləndirmək ondan da çətin sayılır. Millət vəkili qeyd etdi ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini şərtləndirən iqtisadi amillərin kökü 1970-ci illərə gedib çıxırdı: "Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 70-ci illərdə Azərbaycanda iqtisadi yenidənqurmanın uğurla həyata keçirilməsi, neft sənayesinin inkişafı, kənd təsərrüfatı istehsalının bir neçə dəfə artması Azərbaycanın iqtisadi müstəqillik potensialını yaratmışdı. 90-cı illərin əvvəllərində SSRİ və Azərbaycan iqtisadiyyatının acınacaqlı halına baxmayaraq, neft sənayesinin potensialı yüksək idi. Daha əvvəllər kəşf edilmiş neft yataqları, neft sənayesi müəssisələri böyük potensial imkan kimi istifadə olunmalı idi. Və 1994-cü ildə "Əsrin müqaviləsi” imzalanmaqla, müstəqilliyin iqtisadi təminatını təşkil edən prosesin bünövrəsi qoyuldu. Neft strategiyası təkcə neftin xaricə bazarlara çıxarılmasını əhatə etmirdi. Bu müqavilə Azərbaycana etibarlı, formalaşmış, müstəqil qərarlar verən, öz milli maraqları uğrunda mübarizə aparmaq qabiliyyətinə malik ölkə imici qazandırdı. Bu imic sonralar Azərbaycanın bütün sahələrdə sürətli inkişafını təmin edərək, ölkəmizin müstəqilliyini dönməz və möhkəm etdi”.
Millət vəkili Neft Fondunun yaradılmasını Ulu Öndər Heydər Əliyevin neft strategiyasının mühüm uğurlarından biri olduğunu deyir: "Çünki dünyada ən uğurlu təcrübələri öyrənərək, Azərbaycanın öz milli maraqlarına xidmət edəcək belə bir fondun yaradılması uğurlu neft strategiyasının məntiqi sonluğunun iqtisadiyyatının bütün sahələrinə transfer edilməsini nəzərdə tuturdu. Məhz sonrakı inkişaf mərhələlərində fondun ayırmaları hesabına ölkədə həm sosial təminatın yaxşılaşması, həm iqtisadiyyatın qeyri-neft sektoruna dövlət investisiyalarının qoyulması bu uzaqgörən siyasətin nəticəsi idi”.
"... əsas iqtisad gələcək məhz neftlə bağlı idi”
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdiyi gündən əsas iqtisad gələcək məhz neftlə bağlı idi. Buna görə də müstəqillik əldə olunan andan bu istiqamətdə fəaliyyətə start verildi: "Həmin dövrlərdə əsas problemlərdən biri məhz neft yataqlarının işlənməsi ilə bağlı ölkənin maliyyə imkanlarının olmaması idi. Buna görə də əsasən beynəlxalq neft şirkətlərini ölkəyə dəvət edib onların iştirakı ilə neft yataqlarını aktivləşdirib və burada hasilatın pay bölgüsü əsasında gəlirlərin növbəti dövrdə bölüşdürülməsi nəzərdə tutulurdu. Haradasa, 93-cü ilə qədər danışıqlarda müəyyən anlaşılmaz məqamlar var idi. Xüsusilə də neft şirkətlərinin hasilatın pay bölgüsündə tələb etdiyi şərtləri həmin dövrdə Azərbaycan hökuməti qəbul etmirdi və burda daha çox mənfəətin Azərbaycan üçün götürülməsi nəzərdə tutulurdu. Nəhayət, razılıq əldə olundu və "Əsrin müqaviləsi” bağlandı”.
Azərbaycan iqtisadiyyatında neft aparıcı gücə çevrilir
R.Həsənov bildirdi ki, sonrakı dövrdə neft sektoruna investisiya axını başladı, pulun ölkəyə gəlməsi dövlətin gəlirlərini artırdı, neft sektorunda əlavə iş yerlərinin açılmasına və digər sektorların inkişafına təsir göstərdi: "98-ci ildə artıq Azərbaycan da öz neftini dünya bazarlarına çıxarır. Xüsusilə, 2000-ci ildən sonra Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinə start verildi. Rusiyanın nəzarətindən kənar, Azərbaycanın dünya bazarlarına nefti çıxarması, təbii ki, həmin dövrdə Rusiya siyasətinin idarəediciləri tərəfindən qısqanclıqla qarşılanırdı. Bu qısqanclıq və təzyiqlərə baxmayaraq, 2005-ci ildə bu layihə gerçəkləşdi. 2005-ci ildən sonra artıq Azərbaycan iqtisadiyyatında neft bir nömrəli aparıcı gücə çevrildi və əslində Azərbaycan iqtisadiyyatının inkişaf dövrü də məhz bundan sonraya təsadüf edir.
Nefti strategiyasının əsas 3 istiqaməti...
İqtisadçı deyir ki, Azərbaycanın neft strategiyasının əsas 3 istiqaməti vardı: "Birincisi, Rusiyanın nəzarətindən kənar şaxələndirilmiş formada dünya bazarlarına neft məhsullarını çıxarmaq. Bu istiqamətlərdə Azərbaycanın əsasən əməkdaşları Avropa ölkələridir. İkinci istiqamət o idi ki, Azərbaycan neft vəsaitləri hesabına ölkə infrastrukturunu bərpa etsin, qeyri-neft sektorunun inkişafı təmin edilsin. Üçüncü xətt neft vəsaitlərinin demək olar ki, müəyyən bir qisminin gələcək nəsillərə qorunub saxlanması idi. Burada Neft Fondu artıq müəyyən əhəmiyyət kəsb edir. Neft gəlirlərinin toplanması, yığılması və idarə olunmasında fondun fəaliyyətini iki istiqamətli qiymətləndirmək olar. Birincisi, vəsaitlərin müəyyən bir qisminin qorunub saxlanması və ölkə əhəmiyyətli layihələrin maliyyələşdirilməsi məqsədi ilə istifadə olunması idi. İkincisi, Neft Fondunun digər dövlət qurumlarına nisbətən daha şəffaf fəaliyyətinin, neft vəsaitlərinin, həcminə daxilolmalarına, fondun fəaliyyətinə beynəlxalq nəzarət imkanlarının olması burda hesabatlılığın nisbətən daha geniş, şəffaf olmasına, o cümlədən də ictimaiyyətin ölkənin neft gəlirləri ilə bağlı daha geniş məlumatlı olmasına gətirib çıxardı”.
"Bu tədbirlər sayəsində...”
ARDNF-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, yaradılarkən fondun qarşısına ölkədə makroiqtisadi sabitliyin qorunması, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsi, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması kimi bir məqsəd qoyulub. 2001-2016-cı illər ərzində Neft Fonduna ümumilikdə 129 166,4 milyon ABŞ dolları və ya 108 067,3 milyon manat məbləğində vəsait daxil olub, bu dövr ərzində Fondun ümumi xərcləri 93 344,3 milyon ABŞ dolları təşkil edib. 1 oktyabr 2016-cı il tarixinə Fondun vəsaiti 35 822,1 milyon ABŞ dolları təşkil edib. 1 oktyabr tarixinə Neft Fondunun vəsaiti ölkənin strateji valyuta ehtiyatlarının 90%-ə qədərini və yaxud 2015-ci ilin sonunda bu göstərici ÜDM-in 63,4%-ni təşkil edib. Neft Fondunun vəsaiti sosial və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və rekonstruksiya edilməsinə istifadə olunub.
Fonddan bildirildi ki, 2001-ci ildən 2016-cı ilin 1 yanvar tarixinədək Fondun büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 1 981,5 milyon manat vəsait yönəldilib: "Bu tədbirlər sayəsində qaçqın və məcburi köçkünlər arasında yoxsulluq həddi 2003-cü ildəki 75%-dən 2015-ci ildə 12%-ə qədər aşağı düşüb. 67 162 milyon manat vəsait transfert şəklində dövlət büdcəsinə köçürülüb. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin maliyyələşdirilməsinə 297,9 milyon, Oğuz-Qəbələ-Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsinə 779,6 milyon, Azərbaycan İnvestisiya Şirkətinin Nizamnamə kapitalının formalaşdırılmasına 90,0 mln, Türkiyə Respublikasında "STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 723,2 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 1278,7 milyon manat vəsait ayrılıb.
"Fond ən yüksək təhlükəsizlik yastığı olan "instrument”lərlə işləyir”
Neft Araşdırmaları Mərkəzinin rəhbəriİlham Şabanla Neft Fondunun iş prinsipi haqda danışdıq. O bildirdi ki, fond kifayət qədər peşəkar səviyyədə idarə olunur: "Düzdür, fondun idarəetmədən az gəlir götürməsi ilə bağlı fikirlər də səslənir. Hətta birdən də aşağı olan faiz dərəcəsi ilə illik gəlir götürür. Ancaq həmin insanlar bir şeyi unudurlar ki, stabil gəlir təhlükəsizliyini təmin edən bu cür amillər başlıca məsələdir. Fond ən yüksək təhlükəsizlik yastığı olan "instrument”lərlə işləyir. Kredit reytinqi ən yüksək olan banklar, səhmlərə yatırımlar edir. Ona görə də Dövlət Neft Fondu öz üzərinə düşən missiyanı faktiki olaraq yerinə yetirdi. Artıq cari ilin hesabatına baxsaq, doqquz ayda Neft Fondunun idarə edilməsindən əldə edilən gəlir 500 milyon dolları ötüb. Yəni, cari il üçün nəzərdə tutsaq, qarşıdakı üç ayda bu, təqribən 700 milyon səviyyəsində olacaq. Bu heç də pis rəqəm deyil”.
Aygün Əhmədova
Yazı "Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”
banner

Oxşar Xəbərlər