AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağı

Müstəqillik dövründə kəşf edilmiş ilk neft yatağı

Siyasət
11 Avqust 2020, 19:35 11080
"Qarabağ” yatağının istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin gəlirlərinin artmasına böyük töhfə olacaq
 
"Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və "Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. "Qarabağ” yatağındakı ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. Bakıdan 120 km şərqdə yerləşən yatağın ilkin təxmin edilən geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. Avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq bloku dənizə yola salınıb. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku "Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması "Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq. "STB-1” daşıma barjına yüklənən konstruksiyanın hündürlüyü 187 metr, ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. 
 

 
Beynəlxalq şirkətlər üçün logistika təchizatı
 
Bu dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, "Qarabağ” dayaq bloku SOCAR-ın "BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Layihənin həyata keçirilməsi zamanı BOS Şelf tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına tam uyğun olaraq qəzasız 3,2 milyon adam/saat göstəricisinə nail olunub. Layihə üzərində işə cəlb olunan insan resurslarının 95 faizi yerli işçilər olub. "BOS Şelf” şirkəti Azərbaycanın bütün irimiqyaslı və mürəkkəb neft-qaz layihələrinin, o cümlədən Azəri-Çıraq-Günəşli, Şahdəniz-2, Abşeron və digər layihələrin həyata keçirilməsində əsas iştirakçılardan biridir. İri tikinti-quraşdırma layihələri ilə yanaşı, şirkət qazma qurğularının, gəmilərin və nəqliyyat barjalarının modernizasiyası işlərini uğurla həyata keçirir, həmçinin beynəlxalq şirkətlər üçün logistika təchizatı bazalarının fəaliyyətini idarə edir.
 
 
 
Yataqlar uğurla istismar ediləcək
 
Qeyd edək ki, "Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq. "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edən Prezident İlham Əliyev də Azərbaycan Televiziyasına müsahibəsində "Qarabağ” yatağının dəniz işlərinə start verilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Dövlət başçısı bildirib ki, 1990-cı illərdə Heydər Əliyev neft strategiyasının icrası nəticəsində pay bölgüsü haqqında kontrakt imzalanıb və həmin illərdə bu yataqda 3 quyu qazılsa da, xarici tərəfdaşlar "Qarabağ” yatağının səmərəliliyinə inanmayıblar: "Nəticədə kontrakta xitam verilib və "Qarabağ” yatağı tərk edilib. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edildi. Bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. Çünki "Azəri”, "Çıraq”, "Günəşli” yataqları sovet dövründə kəşf edilib. "Şahdəniz” və "Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər ölkəmizin neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə "Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək, ölkəmizə böyük fayda verəcək”.
 

 
Neftçıxarma sənayesində ən müasir texnologiyalar
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması Azərbaycanın neft-qaz sənayesində yeni mühüm hadisədir. Onun sözlərinə görə, dünyada pandemiyanın geniş yayıldığı və əksər ölkələrdə neft-qaz sənayesinə investisiyaların azaldıldığı bir dövrdə Azərbaycanın enerji sektorunda belə bir layihənin icrasına başlanması uğurlu enerji siyasətinin nümunəsi hesab edilər bilər: "Bu, onu göstərir ki, Azərbaycanda nəhəng investisiya layihələri dayanmadan uğurla həyata keçirilir, enerji sektorunda yeni axtarışlar və sərmayə planları əvvəlkitək davam etdirilir. Neft sənayesində xüsusi yerə malik olan "Qarabağ” yatağının dəniz işlərinə başlanılması neft istehsalında yeni bir mərhələyə start verilməsi deməkdir. Bu yataq "Azəri”, "Çıraq”, "Günəşli” "Şahdəniz”, "Abşeron” və digər strukturlar kimi zəngin enerji mənbəyidir. Doğma yurdumuz Qarabağın adını daşıyan bu dayaq blokunun digər mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq neftçıxarma sənayesində ən müasir texnologiyaları, avadanlıqları, dənizdə və quruda yerləşən bütün istehsalat-quraşdırma sahələrində tətbiq edilən qurğuları yerli istehsal hesabına təmin edir”.
 

 
Neft gəlirlərinin artmasına böyük töhfə
 
Millət vəkili deyib ki, Azərbaycan artıq bir neçə ildir neft sənayesindəki ən ağır dayaq bloklarının və platformaların tikintisini özü həyata keçirir: "Bu işlər beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda həyata keçirilir. Bu gün "BOS Shelf” mərkəzləşmiş maddi-texniki və təchizat bazasına malik yerli şirkət kimi  ən yüksək dünya standartlarına uyğun müasir texnologiyalardan istifadə edir, bloklar inşa edir. Bu baxımdan "Qarabağ” dayaq blokunun Bakı dərin özüllər zavodunda tikilməsi neft sənayemizin yüksək inkişafının göstəricisidir. "Qarabağ” layihəsi üzrə hazırlanan bu blok həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır və neft çıxarmada ən müasir texnologiyaların tətbiqinə imkan verəcək. Yeni dayaq blokunun quraşdırılması "Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq. 60 milyon tondan artıq neft ehtiyatına malik olan bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına imkan verəcək. 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılması gözlənilən "Qarabağ” yatağı Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün əhəmiyyət kəsb edir. Bu yataqdan istehsal edilən ehtiyatlar Avropanın enerji təminatında mühüm rol oynayacaq, ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə verəcək”.
 

 
Azərbaycan uzun illər neft və qaz ölkəsi kimi tanınacaq
 
İqtisadçı Pərviz Heydərov hesab edir ki, "Qarabağ” yatağının əhəmiyyəti onun Azərbaycan müstəqillik əldə etdikdən sonra kəşf olunan ilk neft yatağı olmasındadır. O, bu yatağın istismarı ilə Azərbaycanın hələ uzun illər neft və qaz ölkəsi kimi tanınacağına əminliyini ifadə edib: "Hazırda biz "Azəri”, "Çıraq”, "Günəşli” netf yataqlarının istismarı ilə məşğuluq. Yəni, "Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyamıza uyğun olaraq, işlənməkdə və ölkəmizin bugünkü səviyyəyə gəlib çıxmasında mühüm rolu və əhəmiyyəti olan "Azəri”, "Çıraq”, "Günəşli” yataqları indiyədək ölkəmizin həm siyasi, həm də iqtisadi nüfuzunun formalaşmasında həlledici əhəmiyyət kəsb edib. Bu yataqlar hələ sovet dövründən mövcud idi və həmin dövrdə kəşf olunmuşdu. Sadəcə yatağın dərin hissəsi işlənməmiş qalmışdı. Ölkəmiz müstəqillik əldə edəndən sonra ulu öndər Heydər Əliyev tərəfindən sovet dövründən qalan neft yatağının dərin hissəsinin, tam mənada potensialından yararlanması üçün ölkəyə xarici şirkətlər dəvət olundu. "Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən atılan mühüm addımlardan biri oldu. "Qarabağ" yatağı isə məhz 90-cı illərdə ötəri şəkildə nəzərdən keçirilən və xaricilər tərəfindən perspektivsiz elan olunan, istismarı üçün əlavə vəsait sərf olunması məqsədə uyğun hesab edilməyən yataq idi ki, hələ də kəşf olunmamış qalırdı. Lakin bilavasitə Azərbaycan dövlətinin səyi, neftçilərimizin, dövlət neft şirkətinin cəhdləri hesabına, xaricilərin bizə söylədiyi fikirlərə rəğmən, bu yataq Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk neft yatağı kimi reallığa çevrildi. Bu da ölkəmizin neft potensialının, resurslarının heç də qeyd olunduğu kimi, tükənmək üzrə olmadığını, əksinə, Azərbaycanın uzun illər neft və qaz ölkəsi kimi tanınacağını göstərir”.
 

 
Neft hasilatının sabit qalması və qaz hasilatının artırılması
 
Neft-qaz məsələləri üzrə ekspert Firdovsi Ağayev də qəzetimizə açıqlamasında "Qarabağ” yatağının dəniz işlərinə start verilməsini mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, bunun geosiyası və iqtisadı əhəmiyyəti var: "Cənub Qaz Dəhlizinin (CQD) işə salınmasından sonra Azərbaycanı istəməyən bir çox mənbələr bu qaz xəttini doldurmaq üçün ölkəmizin istehsal gücünün çatmayacağına dair iddialar irəli sürürdülər. Lakin "Şahdəniz” qaz yatağının istismarının sürətlə plan göstəricilərinə çatdırılması bu iddiaların əsassız olduğunu sübut etdi. Hazırda Türkiyə qaz ixracında Azərbaycanı önə çəkir. Rusiyadan gələn "Türk axını” və "Cənub axını” xətlərindən biri təmirə dayandığından, o birisi isə rentabelli olmadığından qaz vurulmur. Belə olan halda Türkiyə Azərbaycan qazına və sıxılmış maye qaza üstünlük verir. Azərbaycanın CQD ilə təminatlı qaz ixracını davam etdirməsi üçün "Abşeron” və "Qarabağ” qaz kondensat yataqlarının istismara verməsi şərtdir. "Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Lakin bu rəqəmlər ilk istismar quyusunun qazılıb istismara verilməsindən sonra dəyişəcək. "Qarabağ” yatağı "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının yanında yerləşir və istər qaz, istər neft potensialının tədqiqat işlərindən sonra daha yüksək olacağı gözlənilir. "Qarabağ” neft yatağında olan ehtiyatlar ölkəmizin neft hasilatına böyük dəstək verəcək. Bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil edilməsi gözlənilir. Azərbaycanda neft hasilatının sabit qalması və qaz hasilatının artırılması üçün bunun böyük faydası olacaq”.
 
 

Neftçilərimiz yeni bir parlaq səhifə yazırlar
 
Ekspert bildirib ki, istər "Qarabağ”, istərsə də "Abşeron” qaz-kondensat yatağından çıxarılacaq qaz Cənub Qaz Dəhlizinin ixrac potensialını "Şahdəniz” yatağı ilə birlikdə əhəmiyyəti dərəcədə dəstəkləyəcək: "Bu layihə Azərbaycanın Türkiyə üzərindən Avropaya ixracına da önəmli dəstək verəcək. Artıq bu il işə düşəcək TAP layihəsinin təminatına da bir töhfə olacaq. Digər tərəfdən ilbəil artan daxili tələbatımız da "Qarabağ” yatağının istismarından bəhrələnəcək. Ən əsası, SOCAR-ın bu layihə ilə dənizin dərin qatlarında 16000 ton çəkidə nəhəng platforma qurması çox böyük mühəndis-texniki nailiyyətdir. Bu qurğunun öz gücümüzlə qurulması bizim böyük potensialımızdan xəbər verir. Digər tərəfdən, bu layihədə xarici investisya yoxdur, tam özünümaliyyələşdirmə şəraitində icra olunur. Azərbaycan regionda baş verən mürəkkəb hadisələrin içində yenə də qurmaq, yaratmaq və bəhrələnmək kimi özünəməxsus çəkisini ortaya qoyur. Bunun üçün həm texniki, maddi imkanlar, həm də insanlarımızın fədakarlığı, peşəkarlığı var. Azərbaycan neftçiləri yeni bir parlaq səhifə yazırlar. Bununla fəxr etmək olar”.
 
Rufik İSMAYILOV