• cümə, 19 Aprel, 07:20
  • Baku Bakı 13°C

Musiqi sərhədlərini aşan bəstəkar – Gənclərə örnək

27.04.15 05:15 2220
Musiqi sərhədlərini aşan bəstəkar – Gənclərə örnək
Bəstələri sadədir, səmimidir, həzindir, sevgiyə səsləyir… “Bir xumar baxışla”, “Qızlar dünyası”, “Mavi dünyamsan”, “Günəşi gözləyirik”, “Səadət”, “Dalğalar”ı dinləyərkən insanın xəyalları ənginliklərə varır, sevmək, sevilmək, yaşamaq, yaratmaq istəyir… Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Elmira Rəhimova kimi sənətkarlar onun yaradıcılığına müraciət edib. Çox az bəstəkarlardandır ki, həm vətənpərvərlik, sevgi, uşaq mahnıları yazıb, həm də kinofilmlərə, sənədli və cizgi filmlərinə musiqilər bəstələyib. Onun qələmindən simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu, məktəblilər üçün xoreoqrafik şəkillər, dram pyesləri üçün musiqi parçaları da çıxıb. Qəhrəmanımız Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar, professor Ramiz Mirişlidir. “Mən sevməsəm heç vaxt yaza bilmərəm. Mahnı da sevgi kimi azaddır” deyən Ramiz Mirişli...
Tələbə bəstəkar
Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində kamança sinfində oxuyub. Məhz bu illərdə onda bəstəkarlığa həvəs oyanıb. Yaradıcılıq yolunda ilk addımlarını atan Mirişli texnikumda oxuya-oxuya bir sıra mahnılar, fortepiano üçün kiçik pyeslər yazmağa başlayıb.
Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləyir. Bir müddət Naxçıvanda da müəllimlik edir. Lakin bəstəkarlığa olan həvəsi onu Bakıya təhsilini davam etdirməyə səsləyir. 1956-cı ildə paytaxta gələrək sənədlərini Azərbaycan Dövlət Konservatoriyasına verir. 1956–1962-ci illərdə konservatoriyada bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alır. Burada o, C.Hacıyevin sinfində bəstəkarlıq texnikasına yiyələnir. Təhsil illərində o, fortepiano triosu, kvartet, romanslar, diplom işi kimi simfonik poema bəstələyir. Müstəqil yaradıcılıq yoluna qədəm qoyduqdan sonra bəstəkarın qələminə məxsus iki simfonik poema, kamera orkestri üçün “Simfoniya”, tar və simfonik orkestr üçün yazdığı konsert əsəri artıq Mirişlinin böyük istedadından xəbər verir. Bəstəkar başqa janrlarda da qələmini sınayır. Xalq çalğı alətləri üçün süitalar, uvertüralar, musiqi lövhələri, mahnı və rəqs ansamblı üçün süita, məktəblilər üçün xoreoqrafik şəkillər, dram pyesləri üçün musiqi parçaları bu qəbildəndir.
O, 1962-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışır, həmçinin 1987-1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutur.
1978-1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik edir. Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən qəhrəmanımız 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəmir, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə töhfələr verir.
Müxtəlif janrlara müraciət edir
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahür edir.
“Onda cavan oğlan idim”
Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığıdır. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanır. Özünün dediyi kimi, mahnı xalq tərəfindən sevilən janrdır: “Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür”.
Təkcə “Dalğalar” mahnısının 50 ildən çox yaşı var. Mahnının tarixi haqqında söz düşəndə, bəstəkar keçmişə qayıdır: “Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə “Dalğalar” adlı şeirini verdi. Mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu. Mahnı hazır olan kimi ürəyimdən keçdi ki, onu Şövkət Ələkbərova oxusun. Şövkət xanıma zəng etdim, o da böyük məmnuniyyətlə təklifimi qəbul etdi. Mahnı çox xoşuna gəlmişdi. Ancaq o vaxtlar Bədii Şura vardı. Şeirdəki “çalxalanır dalğalar” sözünə görə mahnı birinci Bədii Şuradan keçmədi. Dedilər, bu, mahnı sözü deyil. O sözləri rəhmətlik İslam Səfərli “mirvari dalğalar” sözləri ilə əvəz elədi. Mən həm də ona görə sevinirdim ki, ilk mahnımı Şövkət xanım oxudu”. Qeyd edək ki, bu günə kimi “Dalalar”ı 30-dan çox tanınmış müğənni ifa edib. Bizim müğənnilərlə yanaşı, türk müğənniləri də bu mahnını oxuyublar.
Sərhədləri aşan bəstəkar
Ramiz Mirişlinin musiqisi sərhədləri aşaraq ölkəmizin hüdudlarından kənarda da müəllifinə şöhrət gətirir. Azərbaycanla yanaşı, Türkiyədə, İranda da sevilir. Müsahibələrində bu barədə danışır: “O vaxtlar Türkiyəyə getmək çox çətin idi. Orda Ajda Pekkan “Ay qəlbi kövrək”, Nəşə Qaraböcək “Bir könül sındırmışam” mahnılarımı oxuyurdular. Mənim mahnılarımı İranda da oxuyurdular. Ora ilk dəfə gedəndə məni çox təmtəraqla qarşıladılar. Demək olar ki, sonralar dünyanın xeyli ölkəsini gəzib dolaşmışam”.
İlk dəfə bəstələrə duet gətirir
Qəhrəmanımız Azərbaycanda ilk dəfə olaraq mahnı janrında “Yallı” rəqsi ritminə müraciət edən bəstəkardır. “Bayram axşamları” mahnısı buna gözəl misaldır. Həmçinin bəstəkar musiqisinə ilk dəfə duet ritmini gətirən də Ramiz Mirişli olub. Ondan əvvəl xalq musiqisində duetlər var idi, bəstəkar musiqisində isə bu yeniliyə o, imza atdı. «Həyat söylə, sən kiminsən?», «Səadət», «Günəşi gözləyirik» mahnıları duet tipli mahnılardır”.
Ramiz Mirişli xalq şairi Fikrət Qoca ilə birgə işləyib, onun sözlərinə mahnılar bəstələyib. Fikrət Qoca Ramiz Mirişli haqqında belə deyir: “Hamı bilir ki, Ramizə populyarlığı qazandıran mahnı janrı olub. Bu da əbəs yerə deyil. Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb. Bu kamançanın yanğısı da, milliliyi də həmişə onun ürəyində yaşayıb. Kamança onun bütün musiqilərində iştirak edir, Ramizi kənara qaçmağa qoymur”.
“Xalq musiqisinə sevgini atamdan öyrənmişəm”
Qeyd edək ki, Ramiz Mirişlinin iki övladı da onun yolunu seçib. Ataları kimi bəstəkar olublar. Oğlu Yusif Türkiyədə, Nazim isə Musiqi Akademiyasında çalışır. Nazim Mirişli deyir ki, bir bəstəkar kimi həmişə atasını özünə ilk müəllim hesab edir: “Xalq musiqisinə sevgini atamdan öyrənmişəm. Professionallıq baxımından da xalq musiqisi ilə məşğul olmağı o, mənə öyrədib. İlk dəfə o mənə deyib ki, əsər bəstələyəndə gərək öz muğamlarımızdan, aşıq musiqisindən bəhrələnək. Avropa üslubu ilə xalq musiqimizdən gözəl sintez yaratmaq lazım olduğunu tövsiyə edib. Mən hələ uşaqlıqda, musiqi məktəbində oxuyarkən ilk bəstələrimi yazanda bu sözləri ondan eşitmişəm. İlk dəfə onun kitabxanasından dünya musiqisi haqqında məlumatlar əldə etmişəm. Elə oldu ki, mən konservatoriyaya daxil olanda onun müəllimi olan Cövdət Hacıyevin sinfində oxudum. Bu, mənim üçün böyük şans idi. Atam həmişə yaradıcılıqla bağlı tövsiyələrini verib, mən də həmişə yerinə yetirmişəm. Demək olar ki, həmişə ilk dinləyicim də atam olub».
Dəniz MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər