• cümə axşamı, 28 mart, 20:17
  • Baku Bakı 13°C

“Musiqi onlar üçün müqəddəsdir” - İncəsənət

16.09.17 10:30 2864
“Musiqi onlar üçün müqəddəsdir” - İncəsənət
Müsahibimiz güclü səs imkanlarına sahib, sənətinin vurğunu olan gənc ifaçı Nofəl Aslanovdur. Nofəl İtaliyada "Saint Louis” musiqi kollecində estrada vokalı ixtisası üzrə təhsil alır. O nəinki orada təhsil alır, eyni zamanda dövlət tədbirlərində çıxışlar edərək ölkəmizi də təbliğ edir. Azərbaycanı beynəlxalq festivallarda təmsil edən gənc ifaçı "Kaspi”nin suallarını cavablandırdı.

- Bilirik ki, siz uşaqlıqdan musiqi və basketbolla məşğul olmusunuz. Ancaq müəyyən yaşdan sonra idmanı deyil, musiqini seçdiniz.
- Uşaq vaxtı çox nadinc idim. Ona görə də valideynlərim məni basketbola yönləndirdilər ki, bütün enerjimi ora sərf edim. Mən bu idman növünü çox sevdim, zamanla ona bağlandım. Hətta bütün mərhələləri keçib, milli komandanın üzvlüyünə qədər gəlib çıxmışdım. Həm idmanı, həm də musiqini çox sevirdim. Müəyyən yaşdan sonra seçim etmək anına gələndə isə, idman sahəsi üzrə kifayət qədər uğur qazanmışdım və musiqi sahəsi üzrə getməyə qərar verdim. Uşaq yaşlarımdan səhnəyə meyilli biri olmuşam. Özümə qapanan deyildim.

- Və beləliklə, bu istək sizi İtaliyaya qədər aparıb çıxardı.
- İdmandan artıq qalan vaxtlarımda musiqi dinləyirdim. İtalyan musiqilərinə qarşı məxsusi marağım var idi, onları bəyənərək dinləyirdim. Xüsusilə də italyan sənətkarı Andrea Bocellinin sənətinin vurğunuyam. Mən onun mahnıları ilə böyümüşəm. Ən böyük arzum onunla bir səhnəni bölüşməkdir. Sizin sualınıza gəlincə, mən məhz bu istəyimə görə İtaliyaya getdim. Orada təhsil almaq üçün iki ilə yaxın Bakıda konservatoriyada hazırlıq kurslarına getdim. Burda konservatoriyada məni birbaşa ikinci kursa qəbul edirdilər. Uşaqlıqdan arzum olub ki, İtaliyada təhsil alım. Mən də arzumu həyata keçirdim.

- Oranın təhsil sistemi necədir?
- Hər kəsə bəllidir ki, İtaliya vokal məktəbidir. Orada musiqiyə tamamilə başqa cür yanaşırlar. Bizdə də musiqi güclüdür. Bizim vokal müəllimlərimiz də yetərincə istedadlıdırlar.

- Bəs, dil baxımından çətinlik çəkirsinizmi?
- Bir az. Bakıda iki aya yaxın italyan dili kursuna getdim. Az-çox anlayışım oldu. İtaliyaya getdikdən sonra dil imkanlarım daha da genişləndi. O mühitə öyrəşməyə çalışdım. Dərs prosesində də bir az çətinliklərim olurdu. Sağ olsun müəllimlər, həvəsimi görürlər və mənə köməklik edirlər. Musiqi elə bir sənətdir ki, insanın özündən çox şey asılıdır. Musiqinin sərhədi olmur. Orada ilin sonunda bizim konsert proqramı ilə çıxış etdim. İtaliyada olduğumuz bir il ərzində yekun konserti verdik. Çalışırdım ki, Azərbaycan musiqisini tanısınlar.


- Oradakı müəllimlərin sizin haqqınızdakı fikirləri necədir?
- Kollecə daxil olmaq üçün imtahan verməyə gedəndə məni sual-cavab etdilər. Onlar mənim ifamı dinlədikdə, hansı universitetlərdə təhsil aldığımı soruşdular. Mən musiqi təhsilimin olmadığını deyəndə çox təəccübləndilər. Səs imkanlarım güclü olduğu halda təhsilimin olmadığını inandırıcı saymırdılar. İmtahan verəndən sonra bildirdilər ki, sizi qəbul edirik və istəyirik ki, bizdə təhsil alasınız.Mən oradakı təhsil sistemini çox bəyənirəm. Ancaq istəyirəm ki, bir il Azərbaycanda özümü təkmilləşdirmək üçün kurs keçim. Bir ildən sonra İtaliya konservatoriyasına sənədlərimi yenidən verim. Bir vokalçı üçün o konservatoriya ən yüksək zirvədir. İstəyirəm ki, ora qəbul olum. Bunun üçün məndə hər bir potensial var, sadəcə onu təkmilləşdirmək lazımdır. Bir il ərzində müəyyən olunmuş, seçilmiş musiqi nəzəriyyəsini daha da mükəmməlləşdirib, imtahan verib qəbul olmaq istəyirəm.

- Orada tələbə ifaçıların işləmək imkanları necə, varmı?
- Elə bir imkan var. Orada ifaçıların oxuması üçün səviyyəli klublar var. Ancaq mən gedib gecə klubunda oxuya bilmərəm. Çünki konsert üslubunda oxuyuram.

- Bizdə ifaçıların əsas gəlir yeri toylardır. Bəs İtaliyada necədir?
- Orada ifaçılara xüsusi hörmət bəsləyirlər. Əgər ifaçı peşəkardırsa və musiqi ilə deməyə sözü varsa, böyük şirkətlər onlarla müqavilələr bağlayırlar. İfaçılar müxtəlif ərazilərdə konsert proqramı ilə çıxış edir və buradan da yaxşı gəlir əldə edirlər. Bundan başqa, opera sənətçiləri beynəlxalq festivallarda çıxışlar edirlər. Eyni zamanda konservatoriyada pedaqoq kimi çalışırlar. İnsanın özündən çox şey asılıdır. Musiqi elə bir sahədir ki, peşəkarlıqdan əlavə şans, bəxt də böyük rol oynayır. Elə bir zaman, elə bir məkanda ifa edə bilərsən ki, həyatın bütünlüklə dəyişə bilər. Mən sırf opera ifa etmirəm. Estrada vokal ifaçısıyam.

- İtalyanlar necə insandırlar? Onlarla dil tapmaq çətin deyil ki?
- İtalyanlar çox gülərüz, səmimi, qonaqpərvər və mehribandırlar. Hətta mən deyərdim ki, onların bir çox xüsusiyyətləri azərbaycanlılara oxşayır. Musiqi onlar üçün müqəddəsdir. Sanki musiqi ilə yoğrulublar. Romada getdiyiniz hər yerdə musiqi sədaları eşidə bilərsiniz. İnsanlar çöldə gitara və qarmonda ifa edirlər. İtaliya turizm ölkəsidir. Orda şəhərə çıxanda kifayət qədər turist görmək mümkündür.

- İtalyanlar Azərbaycan haqqında məlumatlıdırlarmı?
- Təbii ki. Orada 400-dən çox azərbaycanlı tələbə var. Biz Azərbaycan vətəndaşı olaraq bacardığımız qədər İtaliyada Azərbaycanı tanıtmağa çalışırıq. Orada dövlət tədbirlərində, bizim səfirliyimizin keçirdiyi bütün tədbirlərdə iştirak etmişik. Onu da qeyd edim ki, İtaliyadakı səfirlik ölkəmizin tanıdılması baxımından əlindən gələni edir. Hər bayram İtaliyadakı səfirliyimiz möhtəşəm tədbirlər keçirir. Təbii ki, biz də orada ifa edirik.

- Siz ötən il "O ses Türkiye” müsabiqəsinə qatıldınız. Bu yarışma sizə nə qazandırdı?
- Hər dəfə bu müsabiqədən söz düşəndə, çalışıram sualdan yan keçim. Ancaq gördüyüm qədəri ilə, bu dəfə sualdan yayına bilməyəcəm (gülürük). Düzdür, bu müsabiqə məni Azərbaycanda, Türkiyədə, elə İtaliyanın özündə də tanıtdırdı. Ancaq daha da çox adam tanıya bilərdi. Əfsuslar olsun ki, mənim və bir çox iştirakçılarımızın videoları müsabiqənin rəsmi səhifələrindən silindi.

- Buna səbəb nə oldu?
- Bunun səbəbi hələ də bizə bəlli deyil. Mənim videom 3 gün ərzində bir milyondan çox baxış sayı qazanmışdı.

- Həmin ərəfədə münsiflərdən birinin azərbaycanlı iştirakçılara qarşı intriqa apardığı söylənildi. Söylənilənlər doğru idimi?
- Sırf azərbaycanlı olduğumuz üçün bizi yarışdan kənarlaşdırmışdılar fikri ilə razılaşmıram. Çünki orada azərbaycanlı olan və finala qədər gedib çıxan ifaçılar da var idi. Əgər Azərbaycana qarşı olsaydılar, onların hamısını çıxarardılar. Ancaq münsif heyəti tərəfindən olan bir oyunun qurbanı olduq.

- İkinci dəfə həmin müsabiqəyə qatılarsınızmı?
- Həyatı boyu ikinci dəfə "O səs Türkiyə” müsabiqəsinə qatılmaram.

- Bəs, digər qonşu ölkələrdə keçirilən musiqi yarışlarına necə?
- Bu barədə düşünürəm. Qarşıda böyük bir layihəmiz olacaq.

- Necə bir layihə?
- Ukraynada bir yarışma üçün sənədlərimi vermişəm. Hazırda cavab gözləyirəm.

- Sizin "Var ol ki, varımsan” adlı yeni mahnınız işıq üzü gördü. Bu sizin özünüzə məxsus olan ilk mahnıdırmı?
- Bəli. Bu mahnı sırf mənim özümə məxsusdur. Müsabiqədən sonra bu mahnını mənə təklif etdilər, mən də bəyənib ifa etdim. Bundan başqa, ikinci bir mahnı üzərində çalışıram. Bu, payıza aid həzin bir musiqidir.

- Bildiyimiz qədər, ötən il beynəlxalq festivalda ölkəmizi təmsil etmişdiniz.
- Ötən il TÜRKSOY-un Türkiyədə keçirdiyi beynəlxalq yarışmada iştirak etdim. Burada türk xalqlarının nümayəndələri təmsil olunurdu. Onların arasında Azərbaycan da var idi. Çox tanınmış və güclü səs imkanlarına malik olan iştirakçıları vardı. Belə ki, neçə ildir ki, səhnədə ad qazanmış ifaçılar da o festivala qatılmışdılar. Həyəcanlı olmağıma baxmayaraq, ifam sevildi və ən yaxşı ifa kimi qiymətləndirildi. Qran Priyə layiq görüldüm. Ümumiyyətlə belə festivalların keçirilməsi çox yaxşıdır. İstərdim ki, Azərbaycanda da belə festivallar keçirilsin.

Xəyalə Rəis




banner

Oxşar Xəbərlər