“Musiqi danışanda hər kəs susur”

“Musiqi danışanda hər kəs susur”

Mədəniyyət
18 Dekabr 2019, 11:30 396
Elvina Qurbanova: Çörəyi deyil, ürəyi seçdim və ürəyimin səsi məni beynəlxalq arenaya çıxardı

İstedad sonradan qazanılan bir nemət deyil. Ya var, ya da yox. Sonradan nələrisə öyrənmək, kiçik bir işartının belə ardınca getmək, bu yöndə özünü inkişaf etdirmək mümkündür, ancaq istedadı boğmaq mümkünsüzdür.
 
Müsahibimiz Elvina Qurbanova da belə istedadlardandır. O, ABŞ-da diplomat ixtisası üzrə təhsil alsa da, Amerikaya, Avropaya əsasən musiqi yarışlarında öz skripkası ilə səs salır. Bu festivallarda "Azərbaycanın gənc skripkaçısı” kimi qeyd olunan Elvina UNESCO-nun üzvüdür. Rus, türk, italyan, ingilis dillərində danışa bilən ifaçı bir neçə il bundan əvvəl Vyanada keçirilən beynəlxalq skripka müsabiqəsində iştirak edib. Elə həmin ildə Polşada Şopen adına Universitetdə konsert proqramında A.Vivaldinin "İlin fəsilləri”ndən "Yaz fəsli”nin birinci, ikinci, üçüncü hissələrini ifa edib. Hazırda Santa Monika Simfonik orkestrində 1-ci skripkaçı olaraq fəaliyyət göstərən azərbaycanlı ifaçı bu arenada konsert proqramları ilə çıxışlar edir. Elvina Qurbanova, həmçinin Beverly Hills beynəlxalq festivalının qalib olub.
2018-ci ildə Florida Keys beynəlxalq musiqi yarışmasının qalibi və laureatıdır. Həmin il New Yorkda klassik musiqinin ifası üçün dünyanın ən nüfuzlu məkanlarından biri olan Korneqi Holl-da qalib olaraq dəvətlər alıb və konsert proqramı ilə çıxışlar edib. Hazırda Kaliforniya ştatının Los Anceles şəhərində yaşayan musiqiçi hər iki sənətini davam etdirir.

- Musiqinin həyatınızdakı yeri nədən ibarətdir?

- Həqiqətən də yaxşı musiqi və gözəl ifanın dili olmur. Musiqi sərhəd tanımır, dilindən və milliyyətindən asılı olmayaraq hər kəs musiqini, ifanı sevir və böyük sevgi ilə dinləyir. Bəzən bir söz demək üçün insanlar siyasəti deyil də, məhz musiqini seçirlər. Çünki musiqi ilə demək istədiyin hər bir sözü demək gücündə olursan. Çünki musiqi danışanda hər kəs susur. Mən isə musiqi ilə susmağı seçdim. Əslində, biz sənəti seçmirik, sənət bizi seçir. Bu, Allahın verdiyi bir istedaddır. Alimlər sübut ediblər ki, musiqinin insana göstərdiyi təsir təsəvvür etdiyimizdən də artıqdır. Təkcə musiqinin üslubu deyil, onun ritm və tonallığı, musiqi alətinin səsi də insan orqanizminə təsir göstərir. Yəni bu o deməkdir ki, musiqi sadəcə adi bir tonallıq deyil. Bu, ruhla bağlıdır. Düzdür, indi hər cür musiqi növü var. Bizdə bir söz var, deyirlər ki, "musiqi var ürək üçün, musiqi var çörək üçün”. Mən çörəyi deyil, ürəyi seçdim və ürəyimin səsi məni beynəlxalq arenaya çıxardı. Hədəflərim daha böyükdür. Bilirəm ki, ürəyimin səsi məni daha böyük zirvələrə aparacaq.

- Santa Monika Simfonik orkestrində konsert proqramları ilə çıxış edirsiniz. Belə nüfuzlu bir orkestrin bir parçası olmaq necə bir hissdir?

- Açığı, başqa bir məmləkətdə beynəlxalq aləmdə tanınan mahnıları səsləndirmək, burada böyük okeanda bir zərrə olmaq qürurverici bir haldır. Könül istər ki, burada, məhz elə bu salonda Azərbaycan bəstəkarlarının yazdığı mahnılar səsləndirilsin. Ancaq o günlər də uzaqda deyil. Belə dünyaca məşhur, nüfuzlu bir orkestrdə ifa etmək mənim üçün şərəfdir.
 
İlk dəfə bu orkestrə qəbul olmaq üçün sınaqdan keçməli idim. Münsif heyətində Amerikanın tanınmış musiqiçiləri əyləşmişdi. Onlar məndən bir əsər ifa etməyimi istədilər. Mən skripkanı çıxarıb ifa etməyə başlayanda, elə ilk dəqiqələrdən yarımçıq kəsib "kifayətdir” dedilər. Bildirdilər ki, siz artıq simfonik orkestrin üzvüsünüz. Burada Amerikanın ən məşhur və peşəkar musiqiçiləri ilə birlikdə çıxış etməyin məmnunluğunu yaşayıram. İndiyə qədər Amerikada, Avropada beynəlxalq festivallarda çıxış etmişəm və hər dəfə qalib olmuşam. Bunun öz dadı və yeri var. Ancaq simfonik orkestrin bir parçası olmaq, böyük kollektivlə çalışmaq həm riskli, həm də maraqlıdır.
 
Yeni mövsüm başlayandan bəri 2-ci konsert proqramı ilə çıxış etdik. Elizabeth Stoyanoviçin dirijorluq etdiyi Santa Monika Simfonik orkestrində 1-ci skripka olaraq çıxış etməyim sevindirici haldır. Ən maraqlısı odur ki, müəllimlərdən ibarət olan simfonik orkestrdə çox az tələbə var. Müəllimlərlə bərabər, cəmi 4-5 tələbə var ki, onlardan biri də mənəm. Bu çox qürurverici bir haldır.
 
Dekabr 15-də simfonik orkestrlə birlikdə verdiyimiz konsertdə Prokofyevin - Simfonia 1 D minor op25 "The Classical”, Bramsın "Hungarian dances”, Beethovenin "Symphoni”sini ifa etdik. Bu möhtəşəm əsərləri ifa etmək çətindir. Belə məsuliyyətli və şərəfli işi mənə həvalə etdiklərinə görə həm fəxr edirəm, həm də işin məsuliyyətini daha çox dərk edirəm.

- Qarşıda hansı layihələriniz var?

- Mart ayında daha bir konsert proqramı ilə çıxışım olacaq. Ümumiyyətlə, növbəti il daha çox konsertlərim olacaq. Yenə də bir çox beynəlxalq festivallarda və yarışlarda çıxış edərək Azərbaycanı təmsil edəcəm. Eləcə də fevralın 2-də Amerikanın ən böyük televiziya layihələrinin birində çıxışım nəzərdə tutulub.

- Amerikada təhsil almaq sizə nə qazandırdı?

- Çox sevinirəm ki, Amerikada təhsil almaq nəsibim oldu. Bildiyiniz kimi, beynəlxalq əlaqələr və eyni zamanda skripka (kaman) musiqi təhsilini bir arada davam etdirirəm. Bu, çətin olsa da, hər iki sənətdə uğurlu olacağıma inanıram. Bilirəm ki, tutduğum yol doğru yoldur, bu yolun mənə uğur gətirəcəyinə əminəm. Bu yolda ailəm mənim əsas dətsəkçimdir. Əsas hədəfim isə ölkəmi layiqli şəkildə təmsil etməkdir.

- Simfonik orkestrdə çalışmaq necə bir hissdir?

- Simfonik orkestrdə əsasən Amerikada sözünü demiş musiqiçilər çalışır. Burada bizə dərs deyən müəllimlərin ən azı 50 yaşı var. Biz burada möhtəşəm, nüfuzlu bəstəkarların əsərlərini ifa edirik. Bəzən olur ki, bir əsər 50 dəqiqə ərzində ifa olunur.

- Bildiyimiz qədəri ilə, beynəlxalq festivallarda iştirak edən "7 nömrəli mənzil” bədii filminin bəstəkarı sizsiniz. Bu sizin ilk film işinizdir?

- Bəli, filmin ideyası və dramaturji xətti mənə çox təsir etdi. Onun üçün də məhz bu film üçün 4 musiqi bəstələyib, onları aranjeman etmişəm. Onları xüsusi olaraq bu film üçün hazırlamışam. "Tək addım”, "Son nəfəs”, "Mələyin ölümü”, "Qara bulud” mahnılarımı bu filmə həsr etdim. Film hazırda Amerikada və Avropada beynəlxalq festivallarda iştirak edir. Yaxın zamanlarda onun da uğurlarını eşidəcəyimizə əminəm.

Xəyalə Rəis