• cümə axşamı, 28 mart, 14:58
  • Baku Bakı 16°C

Müsəlman ölkənin ərazilərini işğal edən Ermənistanın baş nazirinin Ramazan bayramı təbriki səmimi deyil

26.05.20 19:00 555
Müsəlman ölkənin ərazilərini işğal edən Ermənistanın baş nazirinin Ramazan bayramı təbriki səmimi deyil
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın Ermənistanın baş naziri Nikol Paşinyanın İslam ölkələrinin liderlərinə Ramazan bayramı təbriki göndərməsini ikiüzlülük adlandıran bəyanatı ilə əlaqədar "Aldiplomasy” internet qəzetinin baş redaktoru Əşrəf Əbu Ərəfə geniş məqalə yazıb.
AZƏRTAC-ın verdiyi məlumata görə, misirli jurnalistin şərhində qeyd olunur ki, müsəlman ölkəsi olan Azərbaycanın ərazisini işğal edən, əhalisini qətlə yetirən Ermənistanın baş nazirinin İslam ölkələrinin liderlərinə Ramazan bayramı təbriki səmimi deyil. "Ramazan bayramında İslam ölkələrinin liderlərinin diqqətini cəlb etmək məqsədilə təbrik məktubları göndərən qeyri-müsəlman dövlətin lideri Paşinyanın ölkəsinin illər boyu Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonları işğal altında saxlaması, dinc insanları, o cümlədən qadınları, uşaqları və yaşlı insanları qətlə yetirməsi faktı dünya ictimaiyyətinə, bütün müsəlmanlara məlumdur. Heç şübhəsiz ki, Ermənistanın rəsmi şəxslərinin təbriki Azərbaycan xalqının ədalətli mövqeyi və pozulan hüquqlarının fonunda "balın içində olan zəhər” təəssüratı bağışlayır. İşğalçı ölkənin bu təbriki azərbaycanlıların, eyni zamanda, bütün müsəlmanların hüquqlarının kobud şəkildə pozulduğu bir şəraitdə açıq-aşkar riyakarlıqdır”.
Müəllif qeyd edir ki, Ermənistan öz ərazisində yaşamış müsəlmanlara da zülm edərək, onları öz doğma yurdlarından didərgin salıb. Onun həyata keçirdiyi etnik təmizləmə siyasəti, işğal olunmuş ərazilərdə İslam abidələrinin, məscidlərin dağıdılması və Xocalı soyqırımı kimi ağır qətliamlar bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. "Ermənistan, əslində, bununla İslama qarşı təcavüzkar siyasət aparır. Bu ölkə müsəlmanların hüquqlarını bərpa etməli, işğal etdiyi ərazilərdən tezliklə çıxmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Lakin Nikol Paşinyanın təxribatçı hərəkətləri göstərir ki, o, bu cür yanaşmadan çox uzaqdır”, - deyə baş redaktor vurğulayır.
Məqalənin sonunda qeyd olunur: "Ramazan bayramında təbrik göndərməkdənsə, Ermənistan hakimiyyəti İslam dünyasına və müsəlman əhalisinə hörmətlə yanaşmalı, yalançı çağırışlara son qoymalı, İslam Əməkdaşlıq Təşkilatının işğala son qoymaq haqqında qərarlarını yerinə yetirməlidir”.
Məqalənin tam mətni iləhttps://www.aldiplomasy.com/?p=93709 linkindən tanış olmaq mümkündür.
banner

Oxşar Xəbərlər