AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Müşavirədə səslənən fikirlər göstərdi ki,..."

Cəmiyyət
11 Avqust 2020, 15:15 495
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün sahələrdə proqressiv iş davam etməkdədir. Son dövrlərdə keçirilən müşavirələrdə, əsasən də, idarəetmənin təkmilləşdirilməsi istiqamətinin önəm kəsb etdiyi görürük. Ölkə başçısı tərəfindən müşavirələrdə və görüşlərdə səsləndirilən fikirlər, birmənalı olaraq, yeni və təkmil idarəetmə modellərinin tətbiq edilməsi ilə bağlıdır. İşlək mexanizmin daha yüksək səviyyədə nəticələr əldə etməsi və dayanalıqlı davamlılığın təminatı üçün yeni təcrübə və metodların tətbiqi zəruridir".
 
Bunu millət vəkili Şahin Seyidzadə deyib.

Deputatın sözlərinə görə, dövlət şirkətlərinin idarəetməsində "korporativ idarəetmə” prinsipləri tətbiq olunmalıdır: "Fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz…

Dövlət şirkətləri elə bil ki, sosialist iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır…

Bu fikirlər Prezident İlham Əliyev tərəfindən koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə səsləndirilmişdir. Burada ölkə başçısı tərəfində birmənalı olaraq, məhz yeni metodların tətbiqinin zəruriliyi – mövcud idarəetmə sisteminin dəyişməsi vurğulanmışdır. Artıq dövlət şirkətlərinin mövcud işinin və iş prinsipinin müasirləşdirilməsi, gözlənilən nəticələri verməyən iş mexanizmləri yeni idarəetmə texnikaları ilə işlənməlidir. Bunun nəticəsində isə sözügedən şirkətlər ölkəmizin inkişaf tempi ilə ayaqlaşa biləcəkdir.

Dövlət şirkətlərinin səmərəliliyi "investisiyaların qaytarılması” (ROI) indeksi ilə ölçülməlidir

Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi…Özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq…

Prezidentin müşavirədə səsləndirdiyi fikirlərə əsasən, biz deyə bilərik ki, sözügedən dövlət şirkətlərinin səmərəlilik göstəriciləri mütləq halda "investisiyaların qaytarılması” (ROI) indeksi ilə ölçülməli, nəticələr dəyərləndirilməlidir. Dövlət tərəfindən ayrılan investisiya və yatırımlar səmərəli istifadə edilmədiyi və yaxud düzgün strategiya ilə sərf edilmədiyi üçün bu gün gözlənilən nəticələrin alınmasında problem yaranır. Ölkə başçısının da qeyd etdiyi kimi, özəl sektorda itki olduğu zaman, müflisləşir və yekunda biznes bağlanır. Amma dövlət şirkətlərində bu hal baş verən zaman dövlət tərəfindən dəstəyin olması onlarda bu qüsurları yaradan amillərin aradan qaldırılması üçün yox, olduğu kimi davam etməsinə zəmin yaradır. Dövlət şirkətləri hökumət tərəfindən dəstəyin daimi olmamasını ehtimalını, hər hansı çətinlik dönəmində yeri gəlsə özəl şirkətlərlə bərabər nəticələrlə üzləşəcəyini göz önündə tutmalıdır.

Dövlət şirkətlərinin qısa və uzunmüddətli "əsas effektivlik göstəriciləri” (KPİ – Key Performance Indicators) müəyyən olunmalıdır

Onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək…Eyni zamanda, israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur…

Xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır

"Əsas effektivlik göstəriciləri” (KPİ) öncədən müəyyən edilən zaman təyin edilən işin və idarəetmənin yekununda gözlənilən müsbət nəticənin əldə edilməsi faizi yüksəkdə olur. Hər bir istiqamətdə işin təşkili zamanı sözügedən KPİ müəyyən edilməsi, qısa, orta və uzunmüddətli yoxlama nöqtələri təyin edilərək səmərəlilik artırılmalıdır. Bunun nəticəsində israfçılıq və dövlət tərəfindən öz üzərinə götürülməsi şəraiti yaranan problemlərin olması faizi də getdikcə aşağı düşəcəkdir. Həmçinin, burada Prezident İlham Əliyevin şirkətlər tərəfindən olan xərclərə dövlət nəzarətinin təkmil olması məsələsi də vardır ki, bu sadəcə metodlar və yanaşmalar dəyişdirilərək hökümət tərəfindən gözlənilən ƏEG əldə edilə bilər.

Dövlət şirkətlərin idarəetməsində "Public-Private Partnership” ("PPP” modeli – dövlət-özəl sektor tərəfdaşlığı) modeli tətbiq olunmalıdır.

Burada da dövlət-özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu, var

Dövlət-özəl sektor tərəfdaşlığı gərək daha konkret layihələr əsasında özünü göstərsin. Deyə bilərəm ki, bu, hələ bir çox hallarda niyyət olaraq qalır. Bizdə bir neçə layihədə dövlət və özəl şirkətlər fəaliyyət göstərirlər, sərmayə qoyublar. Amma bu layihələrin sayı çox azdır. Ona görə burada mütləq yeni yanaşma olmalıdır…

Dövlət-özəl sektor tərəfdaşlığı – yəni əsl adı ilə 3P (PPP) modeli tətbiq olunan zaman bu sahədə bir çox istiqamətdə qazanc ədə edilə bilər. Məsələn bu modelin tətbiqi ilə maliyyənin azaldılması, risklərin bölüşdürülməsi, uzunömürlülük və yüksək keyfiyyət nəticələri əldə edilə bilər. Müşavirədə ölkə başçısı tərəfindən səsləndirilən fikirlərdə də bu tərəfdaşlığın mümkünlüyü, beynəlxalq təcrübədə – İEÖ-də bunun mövcudluğu qeyd edilib. Bu istiqamətdə layihələr üzərində iş aparılması, yüksək nəticələrlə hər tərəfli qazancın əldə edilməsi üçün dövlət-özəl sektor arasında olan tərəfdaşlıq münasibətləri sürətli formada inkişaf etməlidir.

Keçirilən bu müşavirədə səslənən fikirlər göstərdi ki, ölkə başçısı tərəfindən su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi kimi, digər sahələrdə də idarəetmənin təkmilləşdirilməsi istiqamətində gözləntilər mövcuddur və bunlar ən yaxın müddətdə artıq həyata keçirilməlidir".